06 May 2021 01:00
822
SİYASƏT
A- A+

Ermənistan müxalifəti seçkiyə parçalanmış halda gedir

 

Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi qüvvələrlə bağlı daha maraqlı mənzərənin formalaşması müşahidə edilir. Belə görünür ki, budəfəki seçkilərə erməni müxalifəti parçalanmış halda qatılmalı olacaq. Hətta bir vaxtlar vahid qüvvə təsiri bağışlayan Sarkisyan-Koçaryan koalisiyası getdikcə daha çox parçalanır.

Artıq məlumat verildiyi kimi, keçmiş hərbi xuntanın əsas təmsilçiləri olan Robert Koçaryan və Serj Sarkisyan seçkilərə fərqli qüvvələrlə, biri-birinə rəqib kimi qatılırlar. Belə bir vaxtda klanın daha bir üzvü olan sabiq müdafiə naziri Sergey Ohanyan Koçaryanı dəstəklədiyini bildirib. Bu da Sarkisyanın tərəfdarlarının sərt etirazına səbəb olub. Onlar Ohanyanı Sarkisyana xəyanətdə ittiham edirlər.

Ermənistanın “Qraparak” nəşri yazır ki, baş verənlər keçmiş hərbi xunta daxilində qarşıdurmalar mərhələsinin başlandığını təsdiq edir. Qeyd edilir ki, indiki halda koalisiyanın və digər müxalif qüvvələrin parçalanması Nikol Paşinyan iqtidari üçün müstəsna əhəmiyyət kəsb edir: “Ermənistanın ilk üç prezidentinin kütlə qarşısındakı çıxışı müxalifətin parçalandığını göstərir. Sabiq prezidentlərdən birincisi bugünkü gündəmdən, ikincisi əsasən gələcəkdən, üçüncüsü keçmişdən danışıb. Ortaya çıxan mənzərə qarışıqdır, lakin gerçəyi əks etdirir. Birinci prezident  keçmiş mənəvi övladı Nikolu düz yola qaytarmağa çalışır. İkincisi Paşinyanın məcburiyyəti ilə siyasətə qayıtdığını və onu 20 iyunda məğlub edəcəyini təkrarlayır”.

Məqalədə qeyd edilir ki, Levon Ter-Petrosyanın Nikol Paşinyana dair çağırışları cavabsız qalıb və onun adı yalnız hazırkı baş nazirə müəyyən əxlaqi prinsiplər barədə xatırlatmalar etməklə bağlı çəkilir. Nikolu atalıq və ya mənəvi tövsiyələri ilə yetişdirməyə çalışan sabiq prezident bir çoxunun hesab etdiyi kimi Erməni Milli Konqresi ilə birgə keçmişdə qalıb. Seçkilər baxımından rəhbərlik etdiyi konqresin iştirak etmək üçün ərizə təqdim edəcəyi dəqiqləşdirilsə də, partiya qurultayının son qərarı hələ məlum deyil.

Qəzet yazır ki, tərəfdarları ilə görüşən və suallarını cavablandıran ikinci prezident Robert Koçaryan ölkəni uçurumdan çıxarmaqla bağlı mövqeyini təqdim edib. O, 2018-ci ildə Paşinyanın hakimiyyətə gətirilməsi ilə ölkəni saldıqları uçurumdan çıxartmaq yollarından bəhs edir. Görüşün videosunun hissə-hissə yayımlanması təbliğat təzahürünə işarə edir: “Neytral müşahidə vəziyyətində Koçaryan özünü nə istədiyini və istədiyinə necə nail olacağını bilən güclü, özünə güvənən bir siyasətçi kimi təqdim edir. Yeri gəlmişkən, “Daşnaksütyun” və Sünikin sabiq qubernatoru Vahe Hakobyanın “Dirçələn Ermənistan” partiyası Koçaryana Paşinyan hökumətinə qarşı siyasi mübarizədə yardım göstərəcək. Koçaryan blokunun yeganə və ən ağır ciddi problemi isə tamamilə “keçmiş” olmasıdır”.

Ermənistanın üçüncü prezidenti kinorejissor Mher Mkrtçyana müsahibə verərək həmvətənləri ilə səmimi söhbət etməyə çalışmışdı. Ancaq müsahibənin mövzusu keçmiş olduğu üçün və məqsəd yalnız natamam cavabları tamamlamaq olduğundan gələcəyə heç bir şəkildə təsir edə bilməz. Sarkisyanın rəhbərlik etdiyi blokla Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın Vətən Partiyası Ermənistan siyasətində yeni bir anlayışdır. Ancaq köhnə rejimin və yenilərin bu birləşməsi çox şey verə bilməz.  Qeyd edək ki, Paşinyan hüquq mühafizə sistemi daxil olmaqla güclü inzibati nəzarət mexanizminə sahibdir. Düzdür, müharibədəki məğlubiyyət və Sünikdəki hadisələr  adı-çəkilən mexanizmi bir qədər zəiflədib, amma bununla belə, Paşinyanın təzyiq imkanları böyükdür.  Paşinyanın müxalifətə təzyiq imkanlarından biri də seçki qanunvericiliyidir. Bunu nəzərə alan baş nazir zəifləmiş imkanlarını daha da artırmaq, o cümlədən müxalifəti  neytrallaşdırmaq üçün Seçki Məcəlləsində yeni dəyişikliklərin edilməsinə çalışır. Paşinyan düşünür ki, seçki qanunvericiliyinə dəyişiklik edilməzsə, ona bağlı qüvvələr ağır daxili siyasi mübarizədə çətinliklərlə üzləşəcəklər.

Lakin istənilən halda müxalifətin parçalanmış vəziyyətdə olması Paşinyanın digərləri ilə müqayisədə seçkilərdə daha çox səs toplamasına səbəb olacaq. Bu halda onun rəqiblərinə qarşı postseçki dövründə daha amansız təqib siyasəti yürütməsi gözlənilir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video