19 Aprel 2012 02:04
521
Təhsil
A- A+

Ənənələrini yaşadan məbədgah

 

"Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir".

 

Heydər ƏLİYEV

 

Azərbaycan müəllimləri çox şərəfli bir yol keçmiş, müstəqil respublikamızın intellektual potensialının formalaşmasında böyük əmək sərf etmişlər. Yüksək ixtisaslı pedaqoji kadr hazırlığında 90 illik yubileyini keçirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professor-müəllim heyətinin və onun məzunlarının isə xüsusi payı vardır. Bu illər ərzində ADPU daim tərəqqi yolunda olmuş, zəngin ənənələrə malik şöhrətli elm və tədris ocağına çevrilmişdir. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali təhsil ocağında təşəkkül tapmış, inkişaf edərək indiki yüksək səviyyəsinə çatmışdır.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın ən mühüm pedaqoji problemlərindən biri milli müəllim kadrlarının hazırlanması ilə bağlı idi. Azərbaycanlı müəllimlər o zaman əsasən Qori Müəllimlər Seminariyasında və Tiflis Müəllimlər İnstitutunda hazırlanırdı. XIX əsrin 80-ci illərindən 1918-ci ilə kimi həmin təhsil müəssisələrini cəmi 262 nəfər azərbaycanlı bitirmişdi.

Millətin tərəqqisinin məktəbdən, məktəbin tərəqqisinin isə müəllimdən asılı olduğunu söyləyən Nəriman Nərimanov və onun həmfikirləri F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyli, A.Səhhət, A.Çernyayevski, S.Əlibəyov, M.Mahmudbəyov, F.Ağazadə, C.Məmmədquluzadə ana dilində dərs deyə biləcək müəllimlərin hazırlanmasını dövrün zəruri tələbi kimi önə çəkirdilər. O dövrdə mətbuat səhifələrində Azərbaycanda müəllimlər seminariyasının açılması, Qori Müəllimlər Seminariyasının Güney Qafqazın müsəlman şəhərlərinin birinə köçürülməsi barədə qızğın müzakirələr gedirdi. Xalqın təhsillə bağlı böyük istək və arzularını Azərbaycan Xalq Cümhuriyyəti rellaşdırdı. Bu illərdə cümhuriyyət hökumətinin maliyyə yardımı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürüldü, Şərqdə ilk dünyəvi təhsil ocağı olan Bakı Dövlət Universiteti yaradıldı, mövcud məktəblərin böyük əksəriyyəti yeniləşdirildi, çox sayda ibtidai və orta məktəblər açıldı, milli dərsliklər nəşr edildi. Ölkədə təhsil sistemini nizama salmaq, milli təhsilin möhkəm bünövrəsini yaratmaq məqsədilə həmin dövrdə Azərbaycan Xalq Maarif Nazirliyi təşkil edildi. Nazirlik bir sıra ali və orta ixtisas müəssisələrinin açılmasını planlaşdırsa da, onu reallaşdıra bilmədi. Lakin  demokratik ruhlu ziyalılar, qabaqcıl maarif və mədəniyyət xadimləri ölkədə təhsilin təşkili məsələlərinə biganə qalmadılar. Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, H.Mahmudbəyov, R.Əfəndiyev, A.Şaiq, S.Axundov, M.Quliyev, M.Mirqasımov, F.Rzabəyli, M.Qiyasbəyli, S.Hüseynov, İ.Əfəndiyev, Ə.Nəzmi, R.Cəfərov, Q.Mirzəzadə, Ş.Əfəndiyeva, B.Bünyadov və başqaları ilk günlərdən respublikanın mədəni həyatında fəallıq göstərməyə başladılar. 1920-ci ilin yayında Bakı, Şamaxı, Qusar və respublikanın digər beş yaşayış məntəqəsində ibtidai məktəblər üçün müəllimlər hazırlayan qısamüddətli kurslar və texnikumlar açıldı. Lakin həmin təhsil ocaqları ölkənin birinci və ikinci dərəcəli məktəblərinin müəllimlərə olan ehtiyacını təmin edə bilmirdi. Bakıda 1920-ci il sentyabrın 19-da maarif və mədəniyyət işçilərinin qurultayı çağırıldı. Azərbaycan hökumətinin başçısı N.Nərimanov ziyalılar qarşısında çıxış edərək məktəbin yenidən qurulması, uşaqların tərbiyəsinin əsaslı şəkildə dəyişdirilməsi zərurətini ortaya qoydu. Burada göstərildi ki, yeni təhsil sisteminə keçilməsi ilə əlaqədar 40 min müəllimə ehtiyac vardır.

Azərbaycan hökuməti 1920-ci ilin payızında Bakı, Gəncə, Qazax müəllimlər seminariyalarını yenidən təşkil etməklə yanaşı, Şəki və Şuşada da belə seminariyaların açılmasına sərəncam verdi. Ölkənin ikinci dərəcəli məkəbləri və orta ixtisas təhsili ocaqları üçün pedaqoji kadrlar hazırlamaq məqsədilə Azərbaycan Xalq Maarif Komissarlığının 1920-ci il 17 noyabr tarixli qərarı ilə Bakıda birillik ali pedaqoji kurslar fəaliyyətə başladı. Təbiyyat-coğrafiya, fizika-riyaziyyat və tarix-filologiya şöbələrindən ibarət olan həmin kurslarda tədris xüsusi proqram üzrə Azərbaycan və rus dillərində aparılırdı. Beləliklə, həmin pedaqoji kursların səmərəli fəaliyyətindən və müsbət iş təcrübəsindən istifadə olunaraq Ali Pedaqoji İnstitut təşkil edildi. Bu təhsil ocağı Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli "Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təşkili haqqında" dekret əsasında yaradıldı. Altı nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan birinci və ikinci dərəcəli məktəbləri yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edirdi. Fəaliyyəti dövründə institut öz missiyasını şərəflə yerinə yetirdi, 150 minə yaxın müəllim kadrları yetişdirdi, bir çox ixtisaslar üzrə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrildi.

İnstitut müxtəlif illərdə tədris və elmi-pedaqoji fəaliyyətində bir çox çətinliklərlə qarşılaşmışdı: iki dəfə (1927-1929 və 1941-1943-cü illərdə) öz fəaliyyətini dayandırmışdı, Azərbaycan Dövlət Universitetinə birləşdirilmişdi. Lakin təhsil ocağı bütün çətinliklərdən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin və maarifin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə millətin mənəvi potensialının formalaşmasında mühüm rol oynamışdı. O zaman Azərbaycan hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün görkəmli ziyalıları M.Quliyev, Ü.Hacıbəyli, V.Xuluflu, Ə.Übeydullin, B.Çobanzadə və başqaları təhsil ocağına yaxından kömək göstərmişdilər. Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli institutun direktoru, Tiflis Müəllimlər İnstitutunu bitirmiş Həbib bəy Mahmudbəyov direktor müavini vəzifəsinə təyin olunmuşdular. Sonralar direktor vəzifəsində çalışan M.Əfəndiyev, H.Mahmudbəyov, Ş.Manafov və C.Məmmədzadə Pedaqoji İnstitutun təşkilatca möhkəmlənməsinə, kollektivin tədris və elmi fəaliyyətinin tənzimlənməsinə xeyli səy göstərmişdilər. Onların həyata keçirdikləri əməli tədbirlər yeni ali təhsil müəssisəsinin maddi-texniki bazasının qurulub möhkəmlənməsinə, fakültə və şöbələrin elmi-pedaqoji kadrlarla təmin edilməsinə, fəhlə və kəndli gənclərin ali təhsil almalarına geniş şərait yaratmışdı. Qərbi Avropa, Rusiya, Türkiyə və Şərqin bir sıra tədris və elm mərkəzlərində təhsil alan yüksək ixtisaslı milli kadrlar burada pedaqoji fəaliyyətə cəlb edilmişdilər.

Azərbaycanda pedaqoji kadrların hazırlanmasını yaxşılaşdırmaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan XKS 1926-cı il iyun ayının 16-da "Ali pedaqoji institutların yenidən təşkili haqqında" qərar qəbul etdi. Həmin qərara uyğun olaraq Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın institutları Bakı Universitetinin pedaqoji fakültəsinə birləşdirildi. BDU-nun pedaqoji fakültəsi səmərəli fəaliyyət göstərməsinə baxmayaraq, alitəhsilli pedaqoji kadrlara olan ehtiyacı ödəyə bilmirdi. Ona görə də həmin pedaqoji fakültənin bazasında müstəqil ali təhsil ocağının - APİ-nin yenidən yaradılması planlaşdırıldı. P.Qasımov instituta direktor, professor B.Komarovski direktor müavini təyin edildilər. BDU-nun pedaqoji fakültəsində çalışan tanınmış alimlərin əksəriyyəti bu ali təhsil ocağına müəllimliyə cəlb olundular.

Ötən əsrin 30-cu illərində və 40-cı illərinin əvvəllərində APİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışan P.Qasımovun, M.Bayramovun, B.Bünyadovun, M.Məmmədovun, D.Rəsulzadənin böyük xidmətləri oldu. Onların fəaliyyət göstərdikləri dövr tariximizin ən mürəkkəb, ziddiyyətli və faciələrlə dolu bir mərhələsi idi. Sərt və ciddi qanunların tətbiqi ilə səciyyələnən həmin dövrdə pedaqoji institutda təhsilin tamamilə siyasiləşdirilməsi, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin təlimi ali pedaqoji təhsilin demokratik ənənələrinin inkişafını ləngitməklə yanaşı, yeni, arzuolunmaz istiqamətin formalaşmasına zəmin yaratdı. 30-cu illərdə başlanan repressiya dalğası bir çox Azərbaycan ziyalıları kimi bu institutun da ən yaxşı müəllimlərinin məhvinə və ya sürgünə göndərilməsinə gətirib çıxardı.

İkinci Dünya müharibəsinin ilk illərində APİ-nin maliyyə imkanları tükəndi, tələbə və müəllim heyətinin vəziyyəti ağırlaşdı. Ona görə də Azərbaycan XKS və Azərbaycan K(b)P MK-nın qərarı ilə institut ADU ilə birləşdirildi. Müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra Pedaqoji İnstitut yenidən müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başladı. Bu dövrdə ali təhsil ocağına rəhbərlik ardıcıl olaraq A.Abdullayevə, M.Ələkbərliyə və Ə.Seyidova həvalə edildi.

1950-1970-ci illərdə tanınmış elm və maarif xadimləri - C.Hacıyev, M.Mehdizadə, H.Qədirov, C.Ələsgərov, M.Vəkilov, M.Əliyev, Ş.Ağayev APİ-nin rektoru vəzifəsində çalışmışdılar. Bu dövrdə M.Muradxanova, Ə.Zəkuzadəyə və Ə.Əbdülrəhmanova professor elmi adının verilməsi, professor A.Abbaszadənin RSFSR PEA-nın müxbir üzvü, M.Mehdizadənin SSRİ PEA-nın həqiqi üzvü seçilməsi fərəhli fakt və hadisə kimi gənc kadrların inkişafına təkan verən əsas amilə çevrildi. Bir faktı qeyd edək ki, SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilən azərbaycanlı alimlərin hamısı - Mehdi Mehdizadə, Abbasqulu Abbaszadə, Hüseyn Əhmədov, Sədi İmanov ADPU-nun əməkdaşları olmuşlar.

Ali pedaqoji təhsilin bayraqdarı sa

yılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik tarixinin bütöv bir mərhələsində (1969-1987 və 1993-2003-cü illər) qazanılan uğurlar bilavasitə ulu öndər Heydər Əliyevin adı və gərgin fəaliyyəti ilə bağlıdır. Ümummilli lider bir neçə dəfə Pedaqoji Universitetdə olmuş, professor-müəllim və tələbə kollektivinə dəyərli tövsiyələr, məsləhətlər və göstərişlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanmışdır. Ulu öndərin tövsiyələri universitetdə təhsil və tərbiyənin səmərəsinin və keyfiyyətinin yüksəlməsində, qəbul imtahanlarında obyektivlik və ədalətin bərqərar edilməsində, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli elmi və pedaqoji kadr hazırlığında həlledici rol oynamışdır.

1970-1980-ci illərdə institutda tədris və elmi fəaliyyətin səviyyəsinin yüksəldilməsi, yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi, yeni tədris korpusları və tələbə yataqxanalarının inşası istiqamətində konkret tədbirlər həyata keçirildi. Haşım Ağayev, sonra Afad Qurbanov instituta rektor təyin edildilər.

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkədə baş verən ictimai-siyasi şərait, hakimiyyət uğrunda gedən savaşlar, bədnam qonşularımızın işğalçılıq siyasəti bütün ali təhsil müəssisələrində, eyni zamanda, Pedaqoji Universitetin tədris prosesində və elmi-tədqiqat işlərində də geriləməyə səbəb oldu. Görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə yenidən qayıdışı ölkədə daxili sabitliyi təmin etdi, irimiqyaslı sosial-iqtisadi problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Cəmiyyətin bütün intellektual potensialı mənəvi-psixoloji, sosial-iqtisadi mühitin sağlamlaşmasına, millətin tərəqqisinə, intibahına yönəldi. Bütün bunlar

ADPU-nun da səmərəli fəaliyyəti üçün geniş imkanlar açdı.

Azərbaycan Dövlət Pedaqoji Universiteti 90-cı illərdən sonra ölkədə gedən bütün ictimai-siyasi proseslərin mərkəzində olmuş, sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında, dövlətin və dövlətçiliyin möhkəmləndirilməsində vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağı olmuşdu.

Ali məktəbə 1989-1994-cü illərdə professor Səlvər Aslanov, 1994-1996-cı illərdə professor Nizami Xudiyev, 1996-2006-cı illərdə Bəhlul Ağayev rəhbərlik etmişlər.

Hazırda universitetdə aparılan işlər Bolonya prosesinin prinsiplərinə uyğun olaraq ali pedaqoji təhsilin məzmununun zamanın tələblərinə uyğun qurulmasına, keyfiyyətin yüksəldilməsinə, şəffaflılıq və ədalətlilik prinsiplərinin təmin olunmasına, maliyyələşdirmə və idarəolunmanın təkmilləşdirilməsi, əməkdaşlığın və beynəlxalq əlaqələrin genişləndirilməsi, pedaqoji kadr hazırlığında yeni modellərin tətbiqi sahələrinə yönəldilmişdir və bu istiqamətdə təhsil ocağında diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, sosial-iqtisadi, hüquqi islahatların həyata keçirilməsində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və Avropa dəyərlərinin bərqərar edilməsində, insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, bazar iqtisadiyyatına keçid prosesində əldə edilən nailiyyətlərin mühüm bir hissəsi təhsilin payına düşür. Hazırda təhsillə bağlı 16 inkişafyönümlü dövlət proqramı uğurla həyata keçirilir. Bu proqramların reallaşdırılması nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulmuş, məzmunu yeniləşdirilmiş, "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum)" təsdiq olunmuş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı və s. sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, insan kapitalının inkişafına xüsusi diqqət ayrılmışdır. Təhsil, səhiyyə, elm və mədəniyyət sahəsində inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun, onun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır.

2006-2007-ci tədris ilində universitetin kimya və filologiya, 2007-2008-ci tədris ilində biologiya və fizika, 2008-2009-cu tədris ilində pedaqoji, tarix, riyaziyyat, 2009-2010-cu tədris ilində pedaqogika və psixologiya, coğrafiya və çağırışaqədər hazırlıq, mühəndis-pedaqoji və bədii qrafika fakültələrində kredit transfer sisteminin tətbiqinə başlanılmış, bu tələblərə cavab verən yeni tədris planları, fənlərin reyestri, sillabuslar, fənlərin semestrlər üzrə bölgüsünü göstərən sənədlər hazırlanmış, 40 nəfər tyutor hazırlanaraq tədris prosesinə cəlb olunmuşdur.

2007-2008-ci tədris ilində universitetdə kompyuter mərkəzi təşkil edilmişdir. Həmin mərkəzin təşkili kollokviumların və imtahanların elektron-test üsulu ilə keçirilməsinə şərait yaratmışdır. Belə ki, tələbələrin biliklərinin qiymətləndirilməsində bir çox qabaqcıl dünya universitetlərində uğurla tətbiq edilən "Elektron test sistemi" layihəsi hazırlanıb müvəffəqiyyətlə sınaqdan çıxarılmışdır. Bundan başqa, elektron dərsliklərin yaradılması, tədris resurslarının hazırlanması, elektron kitabxananın, universitetin avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması istiqamətində xeyli işlər görülmüşdür.

Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun nəzəri irsini öyrənmək, təbliğ etmək, gələcəyin müəllimlərini dövlətçiliyə sədaqət və azərbaycançılıq ruhunda tərbiyə etmək ADPU-nun professor-müəllim heyətinin ən ümdə vəzifələrindəndir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq nadir eksponatlarla təchiz edilən, professor-müəllimlərin, tələbələrin, qonaqlarımızın ziyarət məkanına çevrilən "Heydər Əliyev xatirə muzeyi" yaradılmış, dahi rəhbərin zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə "Heydər Əliyev məktəbinin lektoriyası" təşkil edilmişdir.

Hazırda universitetin 12 fakültəsində ali təhsilin bakalavr pilləsində 23 ixtisas üzrə 8 mindən artıq tələbə, magistratura pilləsində 11 istiqamət, 39 ixtisas üzrə 802 nəfər magistr təhsil alır. Onların təlim-tərbiyəsi ilə 69 elmlər doktoru, professor, 380 nəfər elmlər namizədi, dosent, 330 nəfər müəllim və baş müəllim məşğul olur. Universitetdə fəlsəfə doktoru proqramı üzrə 28 nəfər doktorant, 42 dissertant, elmlər doktoru proqramı üzrə isə 30 nəfər doktorluq dissertasiyası üzərində çalışır.

Bu gün ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, ali pedaqoji təhsilin məzmununun təkmilləşdirilməsi, professor-müəllim və tələbə kollektivi arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparılır. Təhsil ocağında müxtəlif ölkələrlə tələbə mübadiləsi və birgə elmi-tədqiqatlar aparmaq, konfrans, konqres, simpozium keçirmək, beynəlxalq və regional təhsil proqramlarına qoşulmaq və onlarda fəal iştirak etmək istiqamətində uğurlu işlər görülür. Fərəhli haldır ki, dünyanın tanınmış elm və təhsil ocaqları ilə əməkdaşlığımız günbəgün genişlənir. Elə bunun nəticəsidir ki, universitetdə fransız və ingilis dili müəllimlərinin hazırlığına xüsusi diqqət verilir.

Əməkdaşlarımızın elmi- tədqiqatlarının nəticələri Avropanın, Rusiyanın və Türkiyənin ən nüfuzlu elmi nəşrlərində çap edilir. Onların elmi yaradıcılıq nümunələrinin işıq üzü görməsində üç seriyada nəşr olunan ADPU-nun "Xəbərlər"i və "Təhsildə İKT" elmi-nəzəri jurnallarının mühüm rolu vardır.

1958-ci ildən indiyədək nəşr olunan "Gənc müəllim" qəzeti universitetin elmi-mədəni həyatında baş verən hadisələrin iştirakçısı və şərhçisi kimi fəaliyyətini davam etdirir. 1948-ci ildə yaradılan və zəruri avadanlıqlarla təchiz edilən nəşriyyat şöbəsi proqram, metodik göstəriş, dərs vəsaitləri nəşr etməklə tələbələrin tədris ədəbiyyatına olan tələbatını ödəməyə çalışır.

Hazırda universitetimiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, elmi fəaliyyətin həm strukturu, həm də məzmununda əhəmiyyətli keyfiyyət dəyişiklikləri aparılmışdır. Mövcud elmi-tədqiqat laboratoriyalarının maddi-texniki bazası gücləndirilmiş, zəruri avadanlıqla təchiz edilmiş, tədqiqat mövzuları müasir dövrün tələblərinə uyğunlaşdırılmış, "Türk odası" və "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının strukturunda əsaslı dəyişikliklər edilmiş, yeni elmi-tədqiqat laboratoriyaları - "Pedaqoji təhsilin problemləri", "Bioinformatika" yaradılmışdır. Ali təhsil ocağında professor-müəllimlərin, magistr və doktorantların apardıqları elmi-tədqitqat işləri daha çox pedaqoji təhsilin məzmununun yeniləşdirilməsinə, pedaqoji kadr hazırlığının nəzəri və praktik məsələlərinin araşdırılmasına, yeni dərslik, dərs vəsaiti və metodik tövsiyələrin hazırlanmasına istiqamətlənmişdir. Elmi-tədqiqatların metodoloji bazasının məqsədyönlü şəkildə təkmilləşdirilməsi son illərdə elmi potensialın kəmiyyət və keyfiyyət artımına səbəb olmuşdur.

1990-cı illərin əvvəllərindən başlayaraq əməkdaşlarımız xarici ölkələrdə müxtəlif konfrans və simpoziumlarda iştirak etmişlər. Əgər 1991-2000-ci illərdə bu tədbirlərdə 79 nəfər iştirak etmişdirsə, 2001-2010-cu illərdə onların sayı 200 nəfərə yaxın olmuşdur.

Son illərdə ADPU-nun beynəlxalq əlaqələri xeyli genişlənmişdir. Müxtəlif ölkələrlə müəllim-tələbə mübadiləsi aparmaq, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulmaq və onların işində fəal iştirak etmək kimi istiqamətlərdə həyata keçirilən tədbirlərdə xüsusi fəallıq göstərilir. Bu baxımdan ADPU ilə Türkiyənin Hacəttəpə Universiteti arasında yaradılmış pedaqoji və elmi istiqamətlərə söykənən əlaqələr gündən-günə genişlənir. 2007-ci ilin mayında Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş "Müəllim hazırlama siyasəti və problemləri" mövzusunda keçirilən beynəlxalq elmi konfransda Türkiyənin, Şimali Kiprin, Almaniyanın, Qazaxıstanın, Amerikanın 29 universitetindən 175 tədqiqatçı və Azərbaycanın 21 ali məktəbindən çoxsaylı nümayəndələr iştirak etmişlər. Həmin konfransda 11 bölmə üzrə 300-dən artıq məruzə dinlənilmişdir. Konfransın materialları Türkiyədə iki cilddə nəfis şəkildə çap edilmişdir.

Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının üzvü olan ADPU 2009-cu ildən Avropa Müəllim Hazırlığı Birliyinə (ETEN) üzv seçilmişdir. Burada BMT-nin İnkişaf Proqramı, ADPU və Lider Qadın İctimai Birliyi tərəfindən Gender Təhsili Araşdırma Mərkəzi, UNİSEF tərəfindən "Müasir təlim texnologiyaları, təlim və resurs mərkəzi" təşkil edilmişdir.

Bütün bunlar Azərbaycan Dövlət Pedaqoji Universitetində elmin və təhsilin real göstəriciləridir. ADPU-da aparılan islahatlara ən yüksək qiymət ali məktəbimizin 85 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilmişdir. Ölkə rəhbərinin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə iki nəfərə "Şöhrət" ordeni, 16 nəfərə "Tərəqqi" medalı, 2 nəfərə "Əməkdar elm xadimi", 19 nəfərə "Əməkdar müəllim" fəxri adı və üç nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Yubileydən sonra iki nəfər "Şöhrət" ordeninə layiq görülmüşdür. "Əməkdar elm xadimi", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar bədən tərbiyəsi və idman xadimi" adlarını alanlar da olmuşdur. Universitetin iki nəfər professoru AMEA-nın müxbir üzvü, bir professoru isə Rusiya Təhsil Akademiyasının əcnəbi üzvüdür.

Fəaliyyəti dövründə

ADPU təkcə respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və başqa ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadrlar hazırlamış, son illərdə ABŞ, İngiltərə, Fransa, Rumıniya, Almaniya, İtaliya, Türkiyə, İran və Yəmən Ərəb Respublikasının ali pedaqoji təhsil ocaqları, elm mərkəzləri ilə əməkdaşlığa başlamışdır.

Pedaqoji Universitet Azərbaycanda elmin və təhsilin inkişafına dəyərli töhfələr verən çoxsaylı alimləri ilə qürur duymuş, fəaliyyəti ərzində elmi mərkəz kimi inkişaf etmişdir. Bu ali təhsil və elm məbədində pedaqogika və psixologiya (Ə.Seyidov, M.Mehdizadə, Ə.Zəkuzadə, M.Muradxanov, Ş.Ağayev, H.Əhmədov, Ə.Əlizadə), riyaziyyat (M.Əfəndiyev, M.Ə.Cavadov, İ.İbrahimov, M.N.Cavadov), fizika (A.Abbaszadə, S.İmanov, M.Murquzov), kimya (H.Şahtaxtinski, Ş.Məmmədov, A.Verdizadə), biologiya (Z.Şahtaxtinskaya, A.Qarayev), tarix (Z.İbrahimov, Y.Yusifov), filologiya (B.Çobanzadə, M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Rəfili, Ə.Sultanlı, H.Araslı, F.Qasımzadə, A.Qurbanov, H.Mirzəyev), fəlsəfə (H.Hüseynov) və başqa sahələr üzrə elmi məktəblər və istiqamətlər yaradılıb inikişaf etdirilmişdir.

Xalqımızın fəxr etdiyi yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışlar. Universitetin məzunlarından - Y.Məmmədəliyev, H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev, M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev, Ə.Sumbatzadə, M.Dadaşzadə, M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev, İ.Şıxlı, H.Əmirxanov kimi tanınmış elm və mədəniyyət xadimləri xalqımızın şöhrət simvoluna çevrilmişlər. Fəxrlə qeyd etməliyəm ki, AMEA-ya rəhbərlik etmiş 9  prezidentdən üç nəfəri - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev Pedaqoji Universitetin məzunları olmuşlar.

Bu günlərdə ADPU-nun 90 illik tarixinin yeni səhifələri yazılır. Universitet kollektivi Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir, təhsildə daha böyük uğurlar qazanmaq üçün yaradıcılıq axtarışlarını inamla davam etdirir, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik müəllim kadrları hazırlamaq işini özlərinin ən ümdə məqsəd və vəzifəsi bilirlər.

 

Yusif MƏMMƏDOV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video