07 May 2019 15:00
3728
Səfərlər
A- A+

Ən yüksək standartlara cavab verən müasir tibb ocağı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Laboratoriyada müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir tibb müəssisələrinin yaradılması, mövcud tibb ocaqlarının yüksək səviyyədə yenidən qurulması istiqamətində olduqca vacib layihələr icra edilir. Bütün bu işlər səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.

Xəstəxananın kollektivini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Şadam ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir.

Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.

Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.

Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır.

Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.

Tibb işçiləri: Təşəkkür edirik. Çox sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video