26 May 2021 02:09
1465
Mədəniyyət
A- A+

Ən sadiq tamaşaçıları uşaqlar olan teatr

 

Bir vaxtlar bu mədəniyyət ocağı da gəlimli-gedimli günlərini yaşayırdı. Yer kürəsinin digər ölkələri kimi, Azərbaycanın da COVID-19 bəlasından uzaq olduğu vaxtlarda burada - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında əsərlər səhnəyə qoyulurdu. Həmin tamaşalar həm uşaqlar, həm də valideynlər tərəfindən çox maraqla qarşılanırdı.

Həmin günlərədək isə teatrın kollektivi xeyli zəhmətə qatlaşmalı olurdu. Belə ki, müxtəlif nağıl personajlarını və xarakterləri canlandırmaq üçün səhnə geyimləri, kuklalar lazım gəlir. Bütün bunlar isə göründüyü qədər sadə deyil...

 

Sevimli uşaqların sevdikləri qəhrəmanlar

 

Hər kəsin uşaq olanda sevimli oyuncaqları olur. Kimisi gəlinciyi, kimisi maşını ilə oynamağı sevir. Öz tay-tuşları ilə bəzən tək səhnəciklər qurur, personajlarla oynayırlar. Kukla teatrına gələn balacalar isə səhnədə öz qəhrəman kuklaları ilə görüşürlər. Odur ki, teatrın tamaşalarında nümayiş olunan kuklaları hazırlayanların uşaq dünyasına yaxşı bələd olması vacibdir. Eyni zamanda tamaşaya hazırlanan əsərin mahiyyətini, bəhs olunduğu dövrün tarixini, mədəniyyətini, məişətini öyrənmək mütləqdir. Odur ki, rəssamlar bütün incəlikləri nəzərə alırlar. Hətta rəng seçiminədək bütün məsələlərə həssaslıqla yanaşırlar. Kuklaların rənglərinin, geyimlərinin seçimində nağıllardan bəhrələnirlər. Uşaq tamaşası olduğu üçün kuklalarda rəngarəngliyə üstünlük verirlər.

Kuklalar kukla sexində hazırlanır. Burada səhnəyə çıxarılacaq hər kuklanın həm görkəmi, həm geyimi ilə uşaqların diqqətini cəlb etməsi üçün xüsusi diqqət və səy göstərilir. Amma bunlar hələ məsələnin başlanğıcıdır. Uşaqların maraqla izlədiyi tamaşalarda iştirak edən kuklalar aktyorlar tərəfindən idarə edilir. İlk baxışdan sadə və adi görünən bu iş əslində çətin və zəhmət tələb edən sənətdir.

Kuklalar sexdə hazırlandıqdan sonra üz cizgilərinə uyğun səs müəyyən edilir. Aktyorlar kukla tamaşalarının qəhrəmanlarını həmin səslərə uyğun səsləndirirlər. Bir də onların hamısı səhnədə oyun zamanı eyni vəhdət təşkil etməlidir ki, bir-birini tamamlasınlar. Kukla aktyorları balaca tamaşaçıları inandırmağı, onlarla ünsiyyət qurmağı bacarmalıdırlar. Teatrda aktyorlar qəhrəmanları elə canlandırmalıdırlar ki, uşaqlar yorulub sıxılmasınlar. Çünki tamaşa onlara maraqlı görünməyəndə səs-küy salır, baxmaq istəmirlər.

 

Azərbaycan Dövlət Kukla Teatrının tarixi

 

Azərbaycanda milli xalq oyun-tamaşalarına bütün dövrlərdə maraq yüksək olub. Onlardan biri də kukla tamaşalarıdır. Kukla teatrının tarixi kökləri orta əsrlərdən çox-çox əvvəllərə gedib çıxır. Şərq mədəniyyətinin mütəfəkkirləri İbn Əl Əsr, A.Mokovelski, M.Kolankatvatsi, A.Xodzko, Biruni, S.Marr və başqaları Azərbaycan xalq oyun-tamaşalarından, teatr elementli mərasim şənliklərdən söhbət açanda kukla teatrının mənşəli və xarakterli göstərmələrini də xüsusi vurğulayıblar.

1931-ci ildə Bakıda uşaqlar üçün teatr yaradılıb. Həmin teatrın əsasını Mollağa Bəbirli qoyub. Azərbaycan Dövlət Kukla Teatrının “Sirk” adlı ilk tamaşası 1932-ci ildə təqdim olunub. Ayrı-ayrı vaxtlarda - 1931-1941-ci illərdə və 1946-1950-ci illərdə müstəqil teatr kimi, 1941-1946-cı illərdə Azərbaycan Gənc Tamaşaçılar Teatrının, 1950-ci ildə isə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərib. 1964-ci il aprelin 15-də teatra dövlət statusu verilib. Azərbaycan Dövlət Kukla Teatrının Azərbaycan dili və rus dili bölmələri var.

İndiki Kukla teatrının kökləri Kilimarası və Maral oyunlarından qaynaqlanıb. İlk dövrlərdə teatrda sadələşdirilmiş şəkildə Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri, Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər səhnələşdirilib. Teatrda tamaşaya qoyulan “Hacı Qara”, “Zorən təbib”, “Almas”, “Böyük İvan”, “İsgəndər və Çoban”, “Cırtdan”, “Nərgiz” bu qəbildəndir.

1960-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun şəkildə qurur. 1975-ci ildən burada böyüklər üçün tamaşalar da göstərilir.

Kukla teatrının yerləşdiyi bina polşalı mülki mühəndis İosif Ploşko tərəfindən 1908-1910-cu illərdə inşa edilib, “Fenomen” kinoteatrı kimi istifadəyə verilib. Müxtəlif illərdə bu binada kazino, Satirogit teatrı, Musiqili komediya teatrı və Kənd təsərrüfatı nailiyyətləri muzeyi fəaliyyət göstərib.

Yarandığı gündən teatrda yüzlərlə tamaşa hazırlanıb. Əsası xalq oyunları, dastanlar, nağılların, dünya klassikləri və müasir dramaturgiyamızın üzərində köklənmiş müasir tamaşalar təqdim olunur. “Üç nağıl”, “Göyçək Fatma”, “Artıq tamah baş yarar”, “Keçinin qisası”, “Əkiz qardaşlar”, “Bu kimin evidir?”, “Meşə nağılı”, “Balaca qızcığaz Tino”, “Gözəl Vasilisa”, “Qaravəlli”, “Üç gombul”, “Pəri cadu”, “Qarınqulu Zürafə”, “Qar qız” teatrın ən sevilən tamaşalarındandır.

Teatrın kollektivi pandemiyadan əvvəlki vaxtlarda, müxtəlif illərdə Hindistan, Yəmən, İran, Türkiyə, Hollandiya, Rusiya, Türkmənistan, Gürcüstan və başqa ölkələrdə, eləcə də respublikamızın ayrı-ayrı bölgələrində dönə-dönə qastrol səfərlərində olub, dəfələrlə beynəlxalq teatr festivallarında iştirak edib. Bir çox festivalların qalibi və laureatı olub.

 

Tamaşaçılarının yolunu gözləyən teatr

 

Pandemiya digər teatrlarımız kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da qapılarını tamaşaçıların üzünə bağlayıb. Ancaq teatrın kollektivi sevimli tamaşaçılarını unutmayıb.

Elə uşaqlar da öz sevimli teatrlarının tamaşaları üçün qəribsəyiblər. Doğrudur, indi uşaqlar istədikləri cizgi filminə internetdən rahatlıqla baxa bilirlər. Amma etiraf etmək lazımdır ki, heç bir internet tamaşası, onlayn tamaşa teatr zalında əyləşib səhnədə nümayiş olunan tamaşanı izləməyi əvəz edə bilməz. Kukla teatrı da ən sadiq tamaşaçıları olan uşaqların yolunu gözləyir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video