21:24 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ən nəhəng layihə də uğur qazanır - onu İlham Əliyev dəstəkləyirsə!

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:00 07.05.2021

 

Azərbaycanın və Türkmənistanın birgə işlədikləri “Dostluq” yatağı hər iki ölkəyə xeyir-bərəkət gətirəcək

 

Son 10 ilin ən mühüm hadisələrindən biri Xəzər dənizinin hüquqi stasusu barədə konvensiyanın imzalanmasıdır. 2018-ci il avqustun 12-də beş sahilyanı dövlətin rəhbərlərinin bu sənədə imza atması çoxtərəfli birgə işin uğurlu nəticəsi idi. Bu gün həmin konvensiya Xəzərdə təhlükəsizliyə və sabitliyə çox kömək edir. Yəni Xəzəryanı ölkələrin sıx qarşılıqlı iqtisadi fəaliyyəti, burada yaşayan xalqların həyat səviyyəsinin getdikcə daha da yüksəlməsi üçün geniş perspektivlər açılır.

Azərbaycan öz Prezidentinin rəhbərliyi ilə konvensiyanın hazırlanmasının bütün mərhələlərində konstruktiv işləmiş, digər Xəzəryanı ölkələrlə yanaşı, onun imzalanmasına töhfəsini vermişdir. Yeri gəlmişkən, hələ 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı bölgədə əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm dəstək olmuşdur. Ümumiyyətlə, Azərbaycan Xəzəryanı dövlətlərin hamısı ilə sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bu da Prezident İlham Əliyevin apardığı düzgün, uğurlu siyasətin nəticələrindən biridir.

Sözügedən konvensiya Xəzərdə həmçinin enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində Azərbaycan və Türkmənistan arasında məzmunlu və faydalı danışıqlar aparıldı, bir sıra mühüm razılaşmalar əldə edildi. Ümumiyyətlə, son illər ərzində bu iki ölkə arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir. Ali səviyyədə qarşılıqlı səfərlərin xronologiyası da bunu təsdiqləyir. Belə ki, son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyək ki, qarşılıqlı münasibətlərin bütün tarixi ərzində imzalanan sənədlərin sayı 100-dən çoxdur. Yəni onların yarısı son 3 ilin payına düşür. Ən önəmlisi də odur ki, bütün bu sənədlərdə nəzərdə tutulanlar, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə edilən razılaşmalar müvəffəqiyyətlə yerinə yetirilir.

Bu il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması da bunu təsdiqləyir. Həmin mühüm hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi.

Azərbaycan və Türkmənistan tərəflərinin bu yatağı “Dostluq” adlandırmaq barədə ümumi qərarı dərin rəmzi məna daşıyır. Çünki Anlaşma Memorandumunun imzalanması iki ölkənin energetika sahəsində prinsipcə yeni mərhələnin, möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə işin başlanğıcını qoyur, regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaradır.

Həm Azərbaycanın, həm də Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə yeni təkan verilir.

Prezident İlham Əliyev Azərbaycanın və Türkmənistanın ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlandığını vurğulayaraq belə demişdir: “Bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək... Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da enerji sahəsindəki əməkdaşlığı yüksək dəyərləndirir: “Bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər”.

Hər iki ölkənin həyatında əlamətdar olan bu tarixi hadisə, qeyd edildiyi kimi, dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə istiqamətlənib. Başqa sözlə, imzalanan sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığının getdikcə genişlənməsinə xidmət edir ki, bunun üçün də zəruri olan bütün şərtlər mövcuddur. Yəni həm siyasi iradə, həm yüksəksəviyyəli texniki və texnoloji təchizat, peşəkar kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni isə Azərbaycan və türkmən xalqlarının çoxəsrlik möhkəm qardaşlıq telləridir.

İki ölkə digər sahələrdə də əməkdaşlığı və tərəfdaşlığı davam etdirirlər. Tərəfdaşlığın mühüm bir sahəsi nəqliyyat sferasıdır. Belə ki, Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində ardıcıl iş aparırlar. Azərbaycan və Türkmənistan həm də Xəzər dənizi-Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarları sırasındadırlar.

Nəqliyyat sahəsində əməkdaşlıq həm bu iki ölkə, həm də onların qonşuları üçün böyük perspektivlər açır. Prezident İlham Əliyevin dediyi kimi: “Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq”.

Nəqliyyat sferası da enerji sferası kimi ölkələri birləşdirir. Azərbaycan və Türkmənistan Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasında xüsusi səylər göstərir və töhfələr verirlər.

İki ölkə arasında bütün səviyyələrdə, ilk növbədə prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bütün bunlar mümkün olmazdı. Odur ki, Prezident İlham Əliyevin bunu vurğulaması təsadüfi deyil: “Səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz prezidentlərin onlara göstərdiyi kimi - əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər”. Ona görə də “Dostluq” çox uğurlar gətirəcək və Prezident İlham Əliyev buna tam inanır.

Prezident Qurbanqulu Berdiməhəmmədov də əmindir ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. Çünki bu işi İlham Əliyev dəstəkləyir!

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM