11 Avqust 2021 01:18
1212
Səhiyyə
A- A+

Ən effektiv xilas yolu peyvənd olunmaqdır

 

Dünyada və olkəmizdə pandemiya şəraiti hələ də davam edir. Nə vaxta qədər davam edəcəyi haqqında isə dəqiq məlumat, yaxud hər hansı proqnoz yoxdur. Mütəxəssislərin fikrincə, virus mutasiyaya uğradığı üçün konkret fikir söyləmək çətindir.

Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi tətbiq edilib ki, bunun da müddəti 1 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

 

Pandemiya qaydalarına əməl edilməlidir

 

Dünyanı bürüyən pandemiya (COVID-19) artma-azalma tendensiyası ilə davam edir. 2020-ci ilin martından bu günə qədər, yəni ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) koronavirusun yayılmasını pandemiya elan etməsindən ötən vaxt ərzində dünyada virusa yoluxanların sayı milyonlarladır.

Qonşu Rusiyada artıq yoluxma rekord həddə çatıb. İranda da yoluxmanın sayı yüksək həddədir.

Dünyada yoluxmanın çoxluğuna görə hələ də ABŞ lider ölkədir. Bu ölkədə infeksiyadan yoluxanların sayı milyonlarladır.

Sağalanlar olsa da, minlərlə insan virusdan dünyasını dəyişib. Sıralamanın ardıcıllığına görə ikinci yerdə Hindistandır. Ondan sonrakı yerdə Braziliya gəlir. Hər iki ölkədə milyonlarla yoluxan və minlərlə dünyasını dəyişən var. Bütün dünya üzrə sağalmalardakı göstəricilər yoluxmada olan rəqəmləri üstələmir. İnsanlardan tələb olunan yalnız pandemiya şəraitində qoyulan qaydalara ciddi əməl etməkdir.

Azərbaycanda vəziyyət sadalanan ölkələrlə müqayisədə yaxşıdır. Bununla belə, koronavirusa yoluxanların sayının artması davam edir.

İnsanlar virusla mübarizədə daha məsuliyyətli olmalıdırlar. Hələ də bəzən ictimai yerlərdə və nəqliyyatda maskasız insanlara rast gəlinir. Pandemiya dövründə ictimai yerlərdə maskasız hərəkət etmək, qoyulan qaydalara əməl etməmək özünün və ətrafındakıların həyatını riskə atmaqdır. Bir halda ki, bu virus insanın həyatına son qoyur, demək, insanlığı ondan xilas etmək vacibdir. Bunun üçün isə daha məsuliyyətli olub maska taxmalıyıq. Maska taxıb sağlam gəzmək, xəstəxanaya düşüb süni nəfəs aparatına qoşulmaqdan daha yaxşıdır.

Qoyulan qaydalara riayət etməklə yanaşı, peyvəndlənməyə də diqqət artırılmalıdır. Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir. Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb. Peyvənd olunanların sayı nə qədər çox olarsa, bir o qədər tez bu virus bəlasından xilas olarıq. Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda deyilir: “Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara da riayət olunmalıdır”.

 

Virus dünyanı ağuşuna almaqda davam edir

 

Ölüm sayı Azərbaycanda qonşu ölkələrdən, hətta Avropadan azdır. Ölkəmizdə bu sahədə görülən tədbirlər sayəsində yoluxma və ölüm sayı dünya statistikasına görə aşağı rəqəmlərlə ölçülür. Amma narahatlıq hələ də davam etməkdədir, çünki son günlər ölüm sayında artan tendensiya müşahidə edilir.

Virus hələ də var və dünyanı ağuşuna almaqda davam edir. Virusa yoluxma ilə peyvəndləmənin sürəti arasında mübarizə gedir. Hansı o birini üstələyəcəksə qalib də o olacaq. İnsanlığın virusa qalib gəlməsi üçün yol isə hələ ki yalnız vaksinasiyadan keçir. Mütəxəssislərin dediyinə görə, müşahidə edilən odur ki, virusdan ölənlərin 99 faizi peyvənd olunmayan insanlardır. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov da bildirib.

İnsanlar peyvənd olunmağı sabaha saxlamasalar qapanmalara getmək məcburiyyətində də qalmarıq. Hətta kinoteatrlar və teatrlar da qapılarını tamaşaçıların üzünə açar və əvvəlki karantinsiz, normal həyatımıza qayıdarıq.

Azərbaycanda vaksinasiya prosesesinə bu ilin yanvar ayından start verilib. İndiyə qədər ciddi əks göstəriş faktı qeydə alınmayıb. Vaksinasiya olunanlar normal, adi həyatlarına, iş prosesinə davam edirlər. Əhali arasında peyvəndin əks göstərişi ilə bağlı gəzən şayiələrin heç bir əsası yoxdur.

Qarşıdan yeni tədris ili gəlir. İki tədris ilinin onlayn rejimdə keçməsi dünyada, o cümlədən ölkəmizdə təhsil prosesinə təsir etməmiş deyil. Uşaqlarımızın normal, ənənəvi təhsil prosesinə qayıtmaları üçün olduğumuz hər yerdə ara məsafəsini qorumalı, maska taxmalıyıq. Bununla yanaşı, peyvənd olunmaq da vacibdir.

Problemə məsuliyyətlə yanaşıb özümüzü və yaxınlarımızı xəstəlikdən qorumalıyıq. Qarşıdan həm də payız ayları gəlir. Fəslin gətirəcəyi təbiət gözəlliklərindən, çal-çağırlı payız şənliklərindən, dadlı-ləzzətli payız meyvələrindən zövq alıb yaşamağımız üçün COVID-19-a qalib gəlməyimiz vacibdir. Qalib gəlmək üçün isə vətəndaşların böyük əksəriyyəti peyvənd olunmalıdır.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video