16:17 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Elmin inkişafına mühüm töhfə
ANA SƏHİFƏ / SİYASƏT
02:12 24.12.2011

 

Arxada qoyduğumuz 18 ildə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitlik, müstəqilliyimizin bizə bəxş etidyi iqtisadi azadlıq nəticə etibarilə ölkəmizdə iri infrastruktur layihələrinin gerçəkləşməsinə, o sıradan, tikinti sektorunun inkişafına təkan verdi, şəhərlərimizin siması gözəlləşdi, yeni və möhtəşəm binalar inşa edildi. Bu binalar sonradan dövlət strukturlarının, mədəniyyət və incəsənət ocaqlarının, sağlamlıq və idman mərkəzlərinin və ən nəhayət, insanlarımızın yeni ünvanına çevrildi.

Yeni kitabxana binalarının inşası isə son dövrlərdə aktuallaşmağa başlayan məsələlərdən biridir. Bu o demək deyil ki, indiyə qədər ölkəmizdə kitabxana işi sahəsinə diqqət ayrılmayıb, əksinə, bu sahə də maraq dairəsindədir. Sadəcə olaraq kitabxana elə bir fenomendir ki, əsasən ənənənin, məkan nöqteyi-nəzərindən dəyişməzliyin, daşınılmazlığın qorunub saxlanılması ilə assosiasiya olunur. Belə olan halda hər hansı bir iri kitabxananın yerini dəyişmək, fondlarını bir yerdən başqa yerə aparmaq, onun düzənini və az qala bütün sosial-mədəni taleyini dəyişməyə bərabər tutulur.

Amma elə məqam, elə dövr gəlir ki, bu və ya digər kitabxananın taleyi məhz onun bərqərar olduğu məkana görə müəyyənləşir, onun yenilənməsinə ehtiyac duyulur. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası respublikada ən iri elmi kitabxana kimi son 30 ildə məhz belə bir ehtiyacla üz-üzə idi.  MEK-nın fondları genişləndikcə, oxucularının sayı artdıqca, yeni texnologiyaların tətbiqi sürətləndikcə kitabxanada yeni infrastruktura, yeni oxucu və ədəbiyyat yerlərinə olan zərurət də çoxalırdı. Bu məsələ illərdən bəri dəfələrlə müzakirə olunsa da, yekun nəticə əldə edilmirdi. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam və "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə kitabxana işinin inkişafı və kitabxanalarımızın müasirləşdirilməsi üçün real imkanlar yaratdı. Eyni zamanda, MEK üçün yeni binanın inşası qarşıya məqsəd qoyuldu.

Bu il noyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə mərkəzi elmi kitabxana üçün yeni binanın təməli qoyuldu. Kitabxana üçün 0,9 hektar torpaq sahəsi ayrıldı. Binanın ümumi tikinti sahəsi isə 24 min 180 kvadratmetrdir. Əlbəttə, bütün bunlar məsələnin inşaat-texniki tərəfləridir və kitabxanamızın yeni binada, yeni mərhələdə hansı elmi, sosial, mədəni funksiyaları yerinə yetirəcəyini bilmək geniş oxucu kütləsi üçün də maraqlıdır. Əslində, Prezident İlham Əliyevin təməlqoyma mərasimindəki tapşırıq və tövsiyələri yeni mərhələdə MEK-nın necə bir kitabxanaya çevriləcəyini müəyyənləşdirir. Belə ki, dövlət başçısı kitabxananı ən müasir standartlara cavab verən bir informasiya mərkəzi kimi görmək istəyir. Bütün bunlar sübut edir ki, Azərbaycan Prezidenti, sözün əsl mənasında, elmin hamisidir.

MEK-nın yeni binası 2013-cü ildə istifadəyə veriləcək. Kitabxanada yaradılacaq qapalı və xüsusi şəraitli fondlarda 3 milyon 500 min nüsxə ədəbiyyatın saxlanılması mümkün olacaq və həmin fondlar xüsusi havalandırma sistemləri ilə təchiz olunacaq. Məlumdur ki, kitabxanalarda ədəbiyyatın, sənəd kütləsinin çeşidi kifayət qədər müxtəlif olur. Təzə binada yeni və nisbətən yeni ədəbiyyat, həmçinin davamlı materiala malik köhnə nəşrlər qapalı fondlarda, xüsusi əhəmiyyət daşıyan, mühafizəsinə daha çox ehtiyac duyulan qədim və nadir nəşrlər isə xüsusi şəraitli fondlarda saxlanılacaq. Bu isə bizə qiymətli nəşrləri, əlyazma və digər maddi mədəniyyət nümunələrini qorumağa imkan yaradacaq. Yeni binada respublikamızda ilk dəfə olaraq ümumilikdə bir milyonadək nüsxə ədəbiyyatı saxlamağa şəraiti olan açıq kitab fondları da istifadəyə veriləcək. Həmin fondlar mərtəbələr üzrə mövzulara uyğun yerləşdiriləcək.  Fonda açıq şəkildə əlyetərlik, yəni, açıq fond üsulu oxucuya müstəqil şəkildə (kitabxanaçının müdaxiləsi olmadan) axtarış aparmağa imkan verən kitabxana xidməti formasıdır. Bəzi Qərb kitabxanaşünasları hesab edirlər ki, bu üsul yeni dövrdə oxucularda mütaliəyə həvəsi daha da stimullaşdıra bilər, başqa sözlə, bütün fondların açıq olması mütləqdir. Doğrudur, oxucuların hüquqları və rahatlığı nöqteyi-nəzərindən bütün fondların açıq olması başadüşüləndir. Sadəcə, nəzərə almaq lazımdır ki, fondların hamısını açıq şəkildə istifadəyə vermək, nəticədə böyük problemlərə səbəb olar. Belə ki, tez bir zamanda böyük sənəd kütlələri deformasiyaya uğraya, nadir və qiymətli nəşrlər isə tamamilə məhv ola bilər. Odur ki, MEK-nın yeni binasında 1 milyonadək ədəbiyyatı açıq rəf üsulu ilə oxucuların ixtiyarına vermək artıq mütərəqqi addımdır. Kitabxanada həmçinin elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çertyojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaq.

Yeni binada müxtəlif oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcək. Məqsədimiz həmin oxu zallarındakı hər bir oxucu yerini internetə çıxışı olan kompyuterlə də təmin etməkdir. Bu kompyuterlər vasitəsilə oxucular birbaşa elektron kataloqa və elektron kitabxanaya, eləcə də elektron elmi məlumat bazalarına da çıxış əldə edəcəklər. Yeni binada abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanıb. Binanın birinci mərtəbəsində muzey, gözləmə zalları və kafeteriya olacaq.

Kitabxana yeni binaya köçdükdən sonra xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları ilə də təmin olunacaq. Həmçinin burada elektron axtarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, mini mətbəə, kitab və sənədlərin çeşidlənməsi və dəstləşirilməsi otaqları, kartoteka, arxiv yerləşəcək.

Mütəxəssislərə yaxşı məlumdur ki, yeni infrastrukturda kitabxana mühiti də xeyli dəyişikliklərə məruz qalır. Kitabxana mühiti dedikdə, informasiya sferasında kitabxanaçı və oxucu arasında yaranan münasibətlər şəbəkəsi başa düşülür. Bu şəbəkə kitabxanaçı-oxucu, kitabxanaçı-kitabxana, oxucu-kitabxana münasibətlərindəki informasiya tərkibini, emosional-psixoloji, mədəni, ekoloji yanaşmaları da özündə ehtiva edir. Beləliklə, kitabxana mühiti bütövlükdə kitabxanaçı və oxucunu əhatə edən tam bir infrastrukturun təqdimatıdır, aynasıdır.  Burdan belə nəticəyə gəlirik ki, MEK-nın yeni infrastrukturu oxucuya xidmət işində yeni meyarların yaranmasına bilavasitə təsir göstərəcək. 2013-cü ildən başlayaraq MEK-nın yeni binaya köçməsilə kitabxanadaxili mikromühit tərkib etibarilə dəyişəcək. Alman sosioloqu Maks Veber hesab edirdi ki, sosial həyatın əsasını insanların əks reaksiyaya olan ümidi təşkil edir.  Oxucu da belədir. O, kitabxanaya müraciət edərkən ona lazım olan informasiyanı lazımi formada alacağına ümid edir.  Məhz bu gözləntinin müsbət nəticəsi kitabxananın sosial funksiyasını təmin edir. Yeni binada kitabxananın mikromühiti - yəni, bilavasitə oxucu üçün yaradılan daxili şərait elə qurulacaq ki, oxucular tədricən özünəxidmət mərhələsinə keçəcəklər. Oxucular birbaşa kompyuter vasitəsilə elektron kataloqda axtarış aparmaqla və onlara lazım olan ədəbiyyatın elektron variantını əldə etməklə, əslində, kitabxanaçının peşəkar yardımından imtina etmiş olacaqlar.

Buradan başqa bir sual meydana gəlir: əgər yeni infrastrukturlu kitabxanada oxucu özü-özünə xidmət göstərirsə, o zaman  kitabxanaçılara nə ehtiyac var? Hələ 1935-ci ildə Parisdə Dünya Kitabxanaçılarının Konqresində filosof X.Orteqa-y-Qasset "Kitabxanaçıların yeni missiyası" adlı məruzə ilə çıxış etmişdi. Alim qeyd edirdi: "Bizim dövrümüzdə bəşər informasiya bolluğundan əziyyət çəkir. İnsanlar bəzən əllərinə düşən bütün informasiyanı mənimsəyirlər. Kitablarda, qəzet və jurnallarda dərc olunan materiallar oxucularımızı sərbəst düşünmə imkanından məhrum edir. Onlar həmin yazıların müəllifləri kimi düşünməyə məcbur olurlar. Sonradan məlum olur ki, heç də bütün informasiyalar faydalı deyilmiş. Belə olan təqdirdə "mütaliə gigiyenası"na ehtiyac yaranır. Kitabxanaçılar məhz bu funksiyanı yerinə yetirməli, oxucu ilə informasiya arasında filtr rolunu oynamalıdırlar".  İllər ötdükdən sonra aydın olur ki, bu, bir həqiqətdir. Bəli, müasir informasiya axınında kitabxanalar informasiya bankıdırsa, kitabxanaçılar da informasiya ilə oxucu arasında bir körpüdür. Müasir kitabxananın səviyyəsi, həmin kitabxananın oxucularının səviyyəsi ilə ölçülür. Əgər yeni binada biz oxucuların böyük əksəriyyətinin özünə xidmət etməsini reallaşdıra bilsək, bu, uğurumuz hesab olunacaq.  Çünki yalnız hazırlıqlı oxucu-kompyuter bilikləri, internet-sörfinq imkanları, dil bilikləri olan istifadəçilər kitabxanaçı əməyini minimuma endirə bilər. Kitabxanaçının oxucuya bilavasitə xidmət işində iştirakı azaldıqca onun fondları elektronlaşdırma imkanları genişlənir ki, bu da nəticədə elektron sənəd kütləsinin həcmini artırır.

Yeni binanın ikinci mərtəbəsində kitab

satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqlarının yaradılması da nəzərdə tutulur. Digər mərtəbələrdə konfrans, dissertasiya, elektron nəşrlər və oxu zalları istifadəçilərin ixtiyarına veriləcəkdir. Bütün bunlar kitabxanamızda mikromühitlə yanaşı, makromühitin formalaşması imkanlarını genişləndirir.

Kitabxanamızda yaradılan informasiya mühiti genişləndikcə linqvistik mərkəzə də ehtiyac duyulacaq ki, bu da yeni binamızda yaradılan sturktur vahidlərindən biri kimi nəzərdə tutulur. Hazırlıqlı müasir oxucular, istifadəçilər, xüsusilə də, elmi fəaliyyətin müxtəlif sferalarını təmsil edən mütəxəssislər, elmi işçilər kitabxanadaxili resursların istifadəsində ən son informasiya və kommunikasiya texnologiyalarının imkanlarından maksimum yararlanmaq niyyətindədirlər. Biz də öz növbəmizdə bütün gücümüzü məhz belə bir interaktiv, ekspressiv, daim yenilənən oxucu-kitabxana münasibətlərinin yeni standartlar səviyyəsinə qaldırılması üçün səfərbər edir və AMEA-nın MEK-sı üçün  yaradılacaq müasir və möhtəşəm binada dünya kitabxana işinin ən qabaqcıl nailiyyətlərini tətbiq etməyi planlaşdırırıq.

 

Aybəniz ƏLİYEVA - KƏNGƏRLİ,

filologiya elmləri doktoru, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM