18 May 2012 01:05
856
Təhsil
A- A+

Elmi saxtakarlıq hallarına qarşı mübarizə güclənir

 

Müasir dövrdə Azərbaycanda elmin ümumi inkişafı və bu sahədə mövcud problemlərin həlli baxımından elmi-tədqiqat əsərlərinin, xüsusən də elmi dərəcə iddiaçılarının ərsəyə gətirdikləri dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi zəruri məsələlərdən biri kimi qarşıda dayanır. Müdafiə edilmiş elmi işlərin yeni dünya nizamının aktual çağırışlarına cavab verməsi və innovasiya xarakteri daşıması, cəmiyyət üçün faydalılıq əmsalının yüksəldilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.
Komissiyanın sədri, akademik Arif MEHDİYEV qəzetimizə verdiyi müsahibəsində bu və digər məsələlərlə bağlı fikirlərini bölüşmüşdür.
- Arif müəllim, Azərbaycan elminin müasir durumu və inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər elmi təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcəyini təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür. Bu siyasət iqtisadi inkişafın elmi sütunlar üzərində aparılmasını, innovasiya yeniliklərinin  idarəçilikdə tətbiqini, elmlə iqtisadiyyatın üzvi vəhdətinin təmin olunmasını, informasiya texnologiyalarının inkişaf etdirilməsini, elektron hökumətin formalaşdırılmasını, ölkənin gələcək tərəqqisi naminə əsaslı elmi proqnozların irəli sürülməsini və digər məsələləri aktual tələb kimi önə çəkir.
Hesab edirəm ki, müasir mərhələdə ölkədə həyata keçirilən fundamental islahatların elmi bazası möhkəmləndirilməli, iqtisadiyyatla elmin vəhdəti innovasiya yeniliklərinin əsasına çevrilməlidir. Dövlət qurumları ilə elm və ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, xüsusən də informasiya və kommunikasiya texnologiyaları, ekologiya və iqtisadi inkişaf sahələrində elmi potensiala geniş istinad olunması respublikanın ümumi inkişaf strategiyasının mahiyyətindən irəli gələn tələbdir. Elmdə islahatlar prosesinin son illərdə daha geniş vüsət alması isə təsadüfi olmayıb, ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir.
Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün, ilk növbədə, onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Xatırlatmaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin hələ 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında elmin qarşısında duran vəzifələrdən söz açılmışdır. Həmin sənəd əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", habelə 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 11 iyun 2011-ci il tarixli "2011-2013-cü illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında", 21 oktyabr 2009-cu il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" sərəncamlar növbəti  illərdə elm və ali təhsil müəssisələrinin qarşısında duran vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdir.
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi, elmimizin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə uyğun şəkildə təşkili, respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir.
Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" sərəncamı da məhz bu məqsədə xidmət edir. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır.
Qərbin bir sıra inkişaf etmiş ölkələrində elm bütün sahələr üzrə proqnozlar verir, səmərəli istehsal üsul və vasitələrini müəyyənləşdirir, mühüm siyasi qərarların qəbulu prosesinə təsir göstərir. Yəni, elmi tədqiqatlar gələcək barədə real proqnozlar vermək funksiyası ilə də mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanda da müxtəlif elm sahələrinin qarşısında duran əsas vəzifələrdən biri elmlə idarəçiliyin əlaqələndirilməsidir. Dövlət başçısı İlham Əliyev beynəlxalq təcrübəni və ilk növbədə respublikamızın hazırkı sosial-iqtisadi inkişaf tempini nəzərə alaraq 2007-ci il 12 noyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar vermişdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 21 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil və elm müəssisələrinin rəhbərlərinin iştirakı ilə ictimai və humanitar elmlərin vəziyyəti ilə bağlı keçirdiyi müşavirə, habelə görkəmli akademikin "Azərbaycan" qəzetinin 8 dekabr 2009-cu il tarixli nömrəsində "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" mövzusunda dərc olunmuş geniş həcmli və dərin məzmunlu məqaləsi elmin inkişafı üçün strateji əhəmiyyət kəsb edir, dövlətimizin elm və təhsil sahəsində apardığı prioritet siyasətin əsas istiqamətlərini göstərir.
Prezident İlham Əliyev öz çıxışlarında iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elitanın ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəyini daim vurğulayır. Milli inkişaf  strategiyasını düzgün müəyyənləşdirən dövlət başçısı ölkənin gələcək tərəqqisi prosesində elmin rolunu yüksək dəyərləndirdiyi üçün bu sahəyə davamlı diqqət və qayğı göstərir.
Bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən biri də milli ideya, milli ideologiya, düşüncə sistemi, azərbaycançılıq məfkurəsi və bu kimi digər fəlsəfi-siyasi mövzularda sanballı araşdırmalar aparmaq, milli özünüdərkin güclənməsinə yardımçı olmaqdır. Doğrudur, bu istiqamətlərdə müəyyən araşdırmalar aparılmışdır. Lakin onların keyfiyyətinin aşağı olması da açıq etiraf olunmalıdır. Bu qəbildən olan araşdırmalar ilk növbədə gənc nəslin azərbaycançılıq məfkurəsini dərindən dərk edərək milli ruhda yetişməsi baxımından aktuallıq kəsb edir. Milli ruhlu, kreativ düşüncəli gəncliyin yetişməsi isə qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi bir zamanda ümumi müqavimətin təşkili baxımından vacibdir. Bu nöqteyi-nəzərdən ictimai və humanitar elm sahələrində tədqiqatlar aparan alimlərin üzərinə xüsusən ciddi vəzifələr düşür.
Ümumilikdə, hesab edirəm ki, Azərbaycan elmi son illərdə ətalətdən çıxaraq ölkənin müasir inkişaf meyillərinə cavab verməyə çalışır. Hələlik bəzi problemlər mövcud olsa da, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində bu problemlərin həlli üçün  ildən-ilə daha yaxşı imkanlar açılır. 
- Azərbaycan elminin səviyyəsinin yüksəlməsində Ali Attestasiya Komissiyası da mühüm rol oynayır. Bu prosesin həyata keçirilməsində komissiyanın fəaliyyətini necə dəyərləndirərdiniz?
- Əvvəla qeyd etmək istərdim ki, Azərbaycan Respublikasında Ali Attestasiya Komissiyası kimi bir qurumun yaradılması məhz dövlət müstəqilliyimizin bilavasitə bəhrəsidir. AAK 1992-ci il aprelin 23-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır.
AAK-ın müstəqil dövlətimizdəki rolunu düzgün dəyərləndirən ümummilli lider Heydər Əliyev bu qurumun statusunu yüksəltmək məqsədilə 1994-cü il yanvarın 6-da xüsusi fərman imzalamış və bu qurum Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası adlandırılmışdır. Ulu öndər 21 fevral 2003-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında  AAK-ın fəaliyyətini tənzimləyən yeni normativ hüquqi aktları - "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında" və "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında" əsasnamələri təsdiq etmişdir. Beləliklə, müstəqillik qazanmış respublikamızda yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikamızın tələbatına uyğun olaraq hazırlanmasında və səmərəli istifadə olunmasında iştirak edən AAK-ın fəaliyyəti elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişafının müasir tələblərinə cavab verməklə daha ciddi və məqsədyönlü xarakter almışdır.
Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində  ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasını sürətləndirmək və nüfuzunu yüksəltmək, elmi nəticələrin praktikaya tətbiqini təmin etmək, biliklərə əsaslanan yeni tipli iqtisadiyyat formalaşdırmaq məqsədi elmi tədqiqatlara, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasına, o cümlədən ictimai və humanitar elmlərin mövcud vəziyyətinə və dissertasiya işlərinə verilən tələblərə yenidən baxılmasını zərurət kimi ortaya qoymuşdur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2008-ci il tarixli 769 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında" və "Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında" əsasnamələrə edilən əlavə və dəyişikliklər yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində çox mühüm əhəmiyyətə malikdir.
Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan keçən 20 il müddətində Azərbaycan xalqı çox çətin və eyni zamanda şərəfli yol keçmişdir. Yaşadığımız 90-cı illərlə ölkədəki bugünkü vəziyyəti tutuşdursaq, müqayisəyəgəlməz fərqi aydın görə bilərik. Ölkəmiz iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə yolu ilə inamla irəliləyir, sürətlə inkişaf edir, cəmiyyətdə həllini gözləyən bir çox məsələlər aradan qalxır. İnsanların həyat səviyyəsi yüksəlir, sosial-mədəni tərəqqi ictimai həyatın bütün sahələrində özünü qabarıq göstərir. Şübhəsiz ki, hər bir sahədə olduğu kimi, elmdə də inkişaf labüddür. Bunun da bir göstəricisi gənclərin elmə maraq və meyillərinin artmasıdır.
Xatırladaq ki, 90-cı illərin əvvəllərində aspiranturaya qəbul planı yerinə yetirilmirdi, bir çox yerlər boş qalırdı. Elmin nüfuzu olduqca aşağı səviyyəyə düşmüşdü. Bu gün isə bu sahədə böyük rəqabət vardır. Yüzlərlə gənc doktorantura və dissertantura yolu ilə elmə qovuşmağa çalışır, onların sayı ildən-ilə artır. 2000-ci ildə AAK-a daxil olmuş işlərin sayı 557 olduğu halda, 2010-cu ildə onların sayı 1155, 2011-ci ildə isə 1236 olmuşdur. Bu halda, Komissiyanın üzərinə çox məsuliyyətli və çətin vəzifə düşür. Məsuliyyətli ona görə ki, müdafiə olunmuş işlərin sayı artdığı halda, onların sıralarında zəif işlərin olmasının ehtimalı da artır və AAK tərəfindən bunları aşkar etmək lazım gəlir. Çətinlik onunla izah olunur ki, işlərin sayı artır, nəticədə isə AAK-ın işçilərinin üzərinə düşən iş də çoxalır.
- Komissiya dissertasiya işlərinin qiymətləndirilməsi prosesində obyektivliyi təmin etmək üçün hansı tədbirləri həyata keçirir və bu işdə AAK-ın ekspert şuralarının fəaliyyəti necədir?
- Məlumdur ki, alimlər ordusu bu və ya başqa şəkildə müdafiə prosesində iştirak edir. Kimisi elmi rəhbər və ya elmi məsləhətçi, mövzunu təsdiq edən elmi şuranın üzvü, mövzunu qeydiyyatdan keçirən Problem Şurasının üzvü,  doktorantların və dissertantların illik attestasiya prosesində bir iştirakçı və ya komissiya üzvü, kimisi jurnal redaksiyalarının üzvü, dissertasiya şurasının, doktorluq imtahanlarını götürən komissiyaların üzvü, opponent kimi və sair. Buradan görünür ki, elmi və elmi-pedaqoji kadrların attestasiya işləri hələ AAK-a gəlib çıxana qədər çoxsaylı iclaslardan, alimlər ordusunun uzun müzakirələrindən və yazılı rəylərindən keçir. Bu məsələlərdə biz respublika alimlərinin fədakar və gərgin əməyini yüksək dəyərləndiririk. Elmi kadrların attestasiyasına gətirib çıxaran yolda şəffaflığın təmin olunması artıq yüksək vətənpərvərlik, dövlətə sədaqət, məsuliyyət, vicdan, obyektivlik, ədalət kimi mənəvi dəyərlərlə müəyyən edilir. Bu yüksək insani dəyərlərdən hər hansı birinin, yaxud bir neçəsinin olmaması attestasiya sahəsində obyektivliyin pozulması üçün qapılar açır. Yəni attestasiya işləri ilə təkcə AAK deyil, bütün elmi ictimaiyyət ciddi məşğul olsaydı, onlar daha obyektiv qiymətləndirilərdi. Başqa sözlə, yüksək ixtisaslı elmi kadrların attestasiyasına gətirib çıxaran prosesin keyfiyyəti və şəffaflığı respublika elmi ictimaiyyətinin və onun alimlər ordusunun hər bir nümayəndəsinin bu ümumdövlət və ümumxalq işinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, respublika elmi ictimaiyyətinin və onun alimlər ordusunun sıralarında insani dəyərlərdən uzaq olan və çirkin əməllərlə məşğul olan "alimlər" də var. Burada, həmçinin, bu ümumdövlət və ümumxalq işində laqeydlik göstərən alimlər böyük məsuliyyət daşıyırlar. Eyni zamanda, həmin şəxslərin nəzərinə çatdırıram ki, Ali Attestasiya Komissiyası elmi saxtakarlıq hallarına qarşı ciddi mübarizə aparır.
AAK-ın attestasiya sistemində ekspert şuraları mühüm yer tuturlar. Onların üzərinə böyük məsuliyyət düşür: onlar təqdim olunan işlərin elmi ekspertizasını keçirirlər. AAK-ın ekspert şuraları attestasiya sisteminin işinin mühüm istiqamətləri, habelə elmi və elmi-pedaqoji kadrlara elmi dərəcələr və elmi adlar verilməsi məsələləri üzrə tövsiyələr hazırlayan ictimai elmi orqandır. Komissiyanın ekspert şuralarının tərkibi görkəmli alim və mütəxəssislərdən ibarətdir. Ekspert şuralarının tərkibi iki ildən bir yenilənir.
Hazırda AAK-da 14 ekspert şurası fəaliyyət göstərir. Ekspert şuralarının tövsiyələri nadir hallarda Komissiyanın rəyasət heyəti və ya kollegiyası tərəfindən qəbul olunmur. Lakin onu da qeyd etmək lazımdır ki, bəzən ekspert şuraları naməlum səbəblərdən zəif dissertasiya işlərinin təsdiq olunmasını tövsiyə edirlər. Bu da AAK-ın rəyasət heyətinin və kollegiyasının işlərini xeyli çətinləşdirir. Belə halda, dissertasiya işini qapalı rəyə göndərmək lazım gəlir. Maraqlıdır ki, bəzi hallarda qapalı rəy də müsbət olur və onda yalnız təəccüblənməyə yer qalır: belə bir zəif işin necə güclü "müdafiəçiləri" var?!   
- İndiyədək Komissiyaya daxil olmuş bir sıra dissertasiya işlərinin təsdiqindən imtina edilmişdir. Bunun səbəbləri barədə məlumat verməyinizi xahiş edərdik...
- 2012-ci ilin may ayına qədər olan dövr ərzində Komissiya tərəfindən 1265 iddiaçıya elmlər doktoru elmi dərəcəsi, 7286 iddiaçıya fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi, 1064 iddiaçıya professor, 3984 iddiaçıya isə dosent elmi adı verilmişdir. AAK-ın uyğun əsasnamələrinin tələbləri kobud şəkildə pozulduğuna görə həmin dövr ərzində Komissiya tərəfindən 73 doktorluq və 562 fəlsəfə doktoru (namizədlik) dissertasiyası üzrə attestasiya işindən, 151 professor və 709 dosent elmi adları almaq üçün təqdim edilmiş attestasiya işindən imtina olunmuşdur. 
Bəzən əsassız olaraq qərəzli mətbuat orqanlarında respublikamızda elmi dərəcə və elmi ad alanların sayının son dərəcə artması və elmin "ucuzlaşması" qeyd olunur. Lakin statistik təhlillər və digər ölkələrdəki uyğun rəqəmlərlə müqayisələr faktlara və rəqəmlərə söykənməyən bu əsassız fikirləri tam təkzib edir. Məsələn, 2005-2009-cu illəri əhatə edən dövr üzrə əhalinin hər milyon nəfərinə düşən elmlər doktoru elmi dərəcəsi almış iddiaçıların illik orta sayı Azərbaycan Respublikasında 10,5, fəlsəfə doktoru elmi dərəcəsi almış iddiaçıların illik orta sayı isə 56,5 olduğu halda, Rusiya Federasiyasında müvafiq dövr üçün uyğun rəqəmlər 24,7 (elmlər doktoru), 194,2 (elmlər namizədi) olmuşdur.
Məlumdur ki, dissertasiya şuraları elmi və elmi-pedaqoji kadrların attestasiyası sisteminin əsasını təşkil edir. İddiaçılar üçün müdafiə prosesini asanlaşdırmaq məqsədilə ölkədə AMEA-nın institutlarının, nüfuzlu dövlət universitetlərinin və sahə elmi-tədqiqat institutlarının nəzdində 57 dissertasiya şurası yaradılıb. Hər bir dissertasiya şurasında dördə qədər ixtisas üzrə müdafiə keçirmək olar. Demək olar ki, ixtisas nomenklaturasındakı ixtisasların 90 faizi bu şuralarda təmsil olunubdur. Bu da o deməkdir ki, iddiaçıların əksər  hissəsi dissertasiya işlərini AAK-a yox, bilavasitə dissertasiya şuralarına təqdim edirlər.
Bəzi ixtisaslar üzrə respublikada elmlər doktorlarının sayı az olduğuna görə həmin ixtisaslar üzrə daimi dissertasiya şuraları yaradıla bilmir. Bu halda AAK-ın əmri ilə müvəqqəti birdəfəlik dissertasiya şuraları təşkil edilir, yaxud birdəfəlik müdafiələr keçirilir. Bəzi hallarda xarici ölkə alimləri də  həmin şuralara üzv kimi dəvət olunurlar.
- AAK tərəfindən bəzi dissertasiya şuralarının fəaliyyətinin vaxtından əvvəl dayandırılması və ya həmin şuralarda təşkil olunmuş ayrı-ayrı dissertasiya müdafiələrinin saxlanılması hallarına rast gəlinir. Bu hansı hallarda  baş verir?
- Ümumiyyətlə, dissertasiya şuralarının AAK tərəfindən yaradılması çox mühüm bir prosesdir. Dissertasiya şuralarının sədrlərinin və üzvlərinin tanınmış alimlərdən təşkil olunmasına xüsusi diqqət yetirilir. Narahatlıq doğuran hallardan biri də odur ki, dissertasiya müdafiələri elmi müzakirə xarakteri daşımır, bu zaman yüksək tələbkarlıq, prinsipiallıq göstərilmir və ya elmi etikaya riayət edilmir. Elə hallar da olur ki, dissertasiyada olan bütün nəticələrin, elmi və praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması hərtərəfli müzakirə edilmir. Dissertasiya müdafiələrinin gedişini əks etdirən stenoqramların və videoçəkilişlərin təhlili göstərir ki, müdafiə zamanı iddiaçının verilən suala cavabı konkret olmur və bəzən cavab əvəzinə müzakirə və ya çıxış xarakterli danışıqlara yol verilir. Bu prosesin müdafiə adlandırılmasının səbəbi odur ki, burada iddiaçının opponentlərdən və dissertasiya şurasının üzvlərindən "müdafiə" olunması nəzərdə tutulur. Yəni opponentlər "hücum" edirlər, iddiaçı isə "müdaifə" olunur. Təəssüflər olsun ki, çox vaxt, bəlkə də əksər hallarda, nə "hücum", nə də "müdafiə" müşahidə olunur. Nəticədə 100 faiz səs toplanır. Nadir hallarda  bir-iki səs əleyhinə verilir. O da sonradan məlum olur ki, əleyhinə səs verənlər ya iddiaçı, ya da onun elmi rəhbəri (məsləhətçisi) ilə ədavət aparır. Bir sözlə, obyektivlikdən xeyli uzaq səsvermə baş verir. Məhz belə halların qarşısını almaq məqsədilə Komissiya dissertasiya müdafiəsinin gedişinin videoçəkilişi yazılmış kompakt diskləri digər zəruri sənədlərlə birgə tələb edir.
Dissertasiya şuralarının nəzdində yaradılmış elmi seminarlarda iddiaçının işinin müzakirəsi çox vacib və mühüm əhəmiyyət kəsb edir. Bu mərhələdə dissertasiya işində olan nöqsanları üzə çıxarmaq tələb olunur, lazım gələrsə, əlavə tədqiqatlar aparılmasına, müvafiq duzəlişlər edilməsinə və sonradan müdafiə şurasına təqdim olunmasına dair tövsiyələr verilir. Təəssüflər olsun ki, çox vaxt seminarlarda dissertasiyaların müzakirəsi zamanı AAK-ın dissertasiyalara dair bir sıra tələbləri ödənilmir, dissertasiyaların elmi səviyyələrinin uyğun tələblərə cavab verməsinə ciddi əməl olunmur. Həmin elmi seminarlarda bir çox hallarda dissertasiyaların özü deyil, yazılmış rəylər müzakirə olunur, bunlar da formal və səthi keçirilir. 
Şuraların müddəti iki ildir. Onların fəaliyyəti qənaətbəxş hesab olunmazsa, AAK-ın əmri ilə həmin şuraların fəaliyyəti vaxtından əvvəl dayandırılır. Məsələn, müdafiə olunmuş dissertasiyaların səviyyəsinin aşağı olduğu, müdafiə prosesində prosedur pozuntularına yol verildiyi, sənədlərin tərtibində nöqsanlar olduğu nəzərə alınaraq, AAK Rəyasət Heyətinin qərarları ilə Bakı Dövlət Universiteti nəzdindəki N.02.013 və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki D.02.041 dissertasiya şuralarının fəaliyyəti dayandırılmışdır. Bəzi dissertasiya şuralarında ayrı-ayrı dissertasiya işlərinin müdafiəsi ilə bağlı prosedur pozuntularına yol verildiyinə və AAK-ın müvafiq əsasnamələrinin digər tələbləri kobud şəkildə pozulduğuna görə həmin şuralarda təşkil olunmuş dissertasiya müdafiələri dayandırılmışdır. 
- Elmi dərəcə  iddiaçılarının xaricdə dərc etdirdikləri elmi məqalələr də bəzən AAK tərəfindən qəbul edilmir. Bunun səbəblərini necə izah edərdiniz?
- Burada əsas tələb dissertasiya mövzusuna dair dərc olunmuş elmi işlərin Komissiyanın tələblərinə nə dərəcədə cavab verməsidir. Hər bir elmi-tədqiqat işinin göstəricisi onun müəllifinin dərc olunmuş elmi məqalələri, simpoziumlarda, elmi konfranslarda və digər nüfuzlu elmi tədbirlərdə iştirakıdır. Təəssüflər olsun ki, elmi işin bu tərəfinə iddiaçılar, onların elmi məsləhətçiləri və elmi rəhbərləri çox da diqqət yetirmirlər. AAK-ın Əsasnaməsində qeyd olunur: "Dissertasiyanın əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində dərc olunmalıdır. Azərbaycan Respublikasının müvafiq  elmi nəşrlərinin siyahısı Komissiya tərəfindən müəyyən edilir".
AAK Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı müəyyən edilmişdir. Əsasnamədə daha sonra göstərilir ki, iddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, elmlər doktoru dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq nüfuzlu hesab edilən jurnallarda məqalələrin dərci üçün yüksək səviyyədə elmi kriteriyalar qoyulur. Bu cür kriteriyaları ödəməyən iddiaçılar çox aşağı elmi səviyyəli, kommersiya məqsədilə nəşr olunan jurnallarda məqalələr dərc etdirirlər və bunlar da AAK tərəfindən qəbul olunmur. Çox vaxt soruşurlar: hansı xarici elmi jurnallar nüfuzlu hesab edilir? Əlbəttə, əsl alim özünün çalışdığı elm sahəsində hansı jurnalın nüfuzlu olduğunu yaxşı bilməlidir. AAK Web of Science bazasının üç sitatgətirmə sistemindən hər hansı birinə daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir: Sience Citation Index Expanded (dəqiq, təbiət və texniki elmlər üzrə baza), Social Sience Citation Index (sosial elmlər üzrə baza), Arts and Humanities Citation Index (incəsənət və humanitar elmlər üzrə baza). Bu barədə uyğun məlumat AAK-ın rəsmi internet saytında (www.aak.ab.az) yerləşdirilmiş və "Elm" qəzetinin 26 may 2010-cu il tarixli 20 saylı buraxılışında dərc olunmuşdur. Təəssüflər olsun ki, dissertasiyaların ilkin müzakirəsini həyata keçirən bir çox elmi müəssisələr və ali təhsil müəssisələri, dissertasiya müdafiələrini keçirən dissertasiya şuraları və bəzi iddiaçıların özləri bu tələbləri kobud şəkildə pozurlar.
Müdafiə olunmuş dissertasiyaların qarşısına qoyulan tələblərdən biri də ondan ibarətdir ki, elmi işdə alınmış nəticələr aprobasiyadan keçməlidir. Dissertasiya işlərinin elmi nəticələri haqqında ümumrespublika və beynəlxalq konfrans və simpoziumlarda məruzə edilməsi işin aprobasiyası üçün ən mühüm tələblərdəndir. Bu işlər görülmədikdə və avtoreferatlarda öz əksini tapmadıqda dissertasiya işlərinin ilkin müzakirəsi və açıq müdafiəsinin keçirilməsi yolverilməzdir. 
- Son illər AAK bəzi dissertasiya işlərinin plagiat olduğunu aşkarlayaraq onların "müəlliflərini" uyğun elmi dərəcələrdən məhrum etmişdir. Bu cür saxtakarlıq hallarının qarşısının alınması üçün hansı  tədbirlər həyata keçirilir?
- AAK tərəfindən aparılmış araşdırmalar, aşkar olunmuş faktlar və təhlillər göstərir ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin bəziləri MDB ölkələrinin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən, əsərlərindən, müxtəlif internet materiallarından eynilə tərcümə olunaraq və ya tərcümə edilmədən birbaşa köçürülərək dissertasiya şuralarına müdafiə üçün təqdim olunur. Narahatçılıq doğuran hal odur ki, elmə gəlmək istəyən belə təsadüfi şəxslər üçün doktorant və dissertant olduqları elmi müəssisələrdə və ali məktəblərdə çalışan, "elmin keşiyində duran" bəzi alimlər məqsədli surətdə və bilərəkdən əlverişli şərait yaradırlar. Qeyd etmək lazımdır ki, belə yararsız dissertasiya işlərinin bu vəziyyətə gəlib çatmasında elmi rəhbərlər və elmi məsləhətçilər böyük məsuliyyət daşıyırlar.
Digər tərəfdən, iddiaçıların təhkim olunduğu ali təhsil müəssisələrində və elmi müəssisələrdə, o cümlədən uyğun şöbə, kafedra və laboratoriyalarda dissertasiya işlərinin ilkin müzakirəsi zamanı lazımi səviyyədə prinsipiallıq və tələbkarlıq göstərilmir, dərindən araşdırmalar aparılmır. Nəticədə səviyyəsiz və keyfiyyətsiz dissertasiya işlərinin qarşısı vaxtında alınmır. Burada dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün yazılı rəy təqdim etmiş mütəxəssis alimlərin, dissertasiyaya dair elmi məqalə və tezisləri dərc etmiş jurnal və məcmuələrin redaksiya heyətlərinin və uyğun rəyçilərin üzərinə böyük məsuliyyət düşür. Misal olaraq göstərmək olar ki, 2010-cu ildə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən N.06.011 dissertasiya şurasında (sədr: hüquq elmləri doktoru İbrahim Quliyev) aparılmış araşdırmalar və təhlillər nəticəsində məlum olmuşdur ki, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) yerinə yetirilmiş və hüquq üzrə müdafiə üçün Şuraya təqdim olunmuş altı dissertasiya işi açıq-aşkar Rusiya Federasiyasında müdafiə olunmuş dissertasiyalardan köçürmədir.
Meydana çıxan bu plagiatlıq faktları ilə bağlı AAK Rəyasət Heyətinin iclasında geniş müzakirə aparılmış, ciddi narahatçılıq doğuran bu cür neqativ halların qarşısını almaq məqsədilə müvafiq qərarlar qəbul edilmişdir. Belə ki,  AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun plagiatlıq faktları ilə əlaqəsi olan dissertantlarına həmin mövzular üzrə təkrar müdafiə etmək hüququnun, o cümlədən üç il müddətinə digər hər hansı bir mövzu üzrə dissertasiya müdafiə etmək hüququnun verilməməsi qərara alınmışdır. Eyni zamanda həmin dissertantların elmi rəhbərlərinə (hüquq elmləri doktoru Mais Əliyevə və hüquq elmləri doktoru, professor İbrahim İsmayılova) beş il müddətinə elmi rəhbər olmaq icazəsi verilməməsi və həmin elmi rəhbərlər tərəfindən bu cür faktların bir daha təkrarlanacağı halda, onların doktorluq elmi dərəcəsinin geri alınması məsələsinin AAK rəyasət heyətinin iclasında baxılması qərara alınmışdır.
Aşkar olunmuş plagiatlıq faktlarının qarşısını almaq məqsədilə AAK rəyasət heyətinin qəbul etdiyi qərar elm və təhsil müəssisələrinin və dissertasiya şuralarının rəhbərlərinin nəzərinə çatdırılmışdır. Bu fakt dissertasiya işlərinin  obyektiv qiymətləndirilməsində elmi ictimaiyyətin köməyinə ehtiyac duyulduğunu  təsdiqləyən yaxşı bir nümunədir. Elmi ictimaiyyət əyri yollarla elmi dərəcələr alan üzdəniraq "alimlərdən" öz sıralarını qorumalıdır.
Dissertasiyalarda plagiatlıq faktlarının olub-olmamasını müəyyən etmək məqsədilə son vaxtlar AAK - da "Antiplagiat" adlanan axtarış proqramından istifadə olunur.
- Ümumiyyətlə, AAK  öz fəaliyyətində şəffaflığın artırılması və neqativ hallara qarşı mübarizədə hansı metodlardan istifadə edir? 
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin   sədrliyi ilə 2011-ci ilin yanvarın 27-də keçirilmiş Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının geniş iclasında verilmiş tapşırıqların icrası ilə əlaqədar həmin ilin fevralında AAK-da geniş tərkibdə və struktur rəhbərlərinin iştirakı ilə kollegiya iclası keçirilmiş, korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilmiş, tədbirlər planı təsdiq edilmişdir. 2011-ci ilin fevral ayından AAK-ın rəsmi internet saytında "Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə müraciətlər" xanası, uyğun elektron poçt ünvanı (anticorr@ aak.ab.az) və telefon nömrəsi fəaliyyət göstərir.
İnformasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən, normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərin yaradılmasının zəruriliyi ilə əlaqədar  AAK-ın rəsmi internet saytının baş səhifəsinin əsas sətrində "Məktub yazmaq", "AAK rəhbərliyinin qəbul günləri", "Əlaqə" xanaları yaradılmış və hazırda bu xanalar işlək vəziyyətdədir. Bundan əlavə Azərbaycan Respublikası üzrə müdafiəyə təqdim edilən dissertasiyaların avtoreferatlarının elektron versiyaları müdafiəyə qədərki bir ay ərzində operativ şəkildə AAK-ın internet saytında yerləşdirilir. Bu isə geniş elmi ictimaiyyətə müdafiə olunacaq dissertasiyaların avtoreferatları ilə vaxtında tanış olmaq imkanı verir və dissertasiya müdafiələri ilə bağlı şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, AAK-ın internet saytında son illərdə Azərbaycan Respublikasında müdafiə olunmuş dissertasiyaların avtoreferatlarının elektron versiyaları da yerləşdirilmişdir.     
Son illərdə Azərbaycan Respublikasında sosial-iqtisadi və mədəni-mənəvi inkişaf sahəsində qazanılmış uğurlar və elm sahəsində aparılan ardıcıl islahatlar AAK qarşısında yeni vəzifələr qoyur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsilə bağlı Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planında "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə alimlik dərəcələri verilməsi üzrə ixtisasların Nomenklaturası"nın YUNESKO-nun və digər beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması göstərilmişdir. AAK Nomenklaturanın YUNESKO-nun və digər beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılmış yeni variantını müvafiq dövlət qurumları ilə birgə işləyib hazırlamış və yeni Nomenklatura Ali Attestasiya Komissiyası rəyasət heyətinin 13 aprel 2012-ci il tarixli iclasında təsdiq olunmuşdur.  Təsdiq edilmiş bu Nomenklaturaya yeni ixtisasların daxil edilməsi ilə bağlı uyğun ixtisas pasportlarının aidiyyəti elmi müəssisələr və ali təhsil müəssisələrinin iştirakı ilə AAK tərəfindən hazırlanması qarşıda duran mühüm vəzifələrdən biridir. 
AAK rəyasət heyətinin 4 mart 2011-ci il tarixli qərarı ilə "Dissertasiya şuraları haqqında" Əsasnaməyə edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq dissertasiya müdafiələrinin gedişində şəffaflığı təmin etmək məqsədilə müdafiələrin keçirildiyi iclas zallarında nəzarət kameralarının qurulması vacib şərt kimi tələb olunur. Bu işin həyata keçməsi AAK ilə dissertasiya şuralarının fəaliyyət göstərdiyi elmi müəssisələr və ali təhsil müəssisələrinin birgə səmərəli və operativ fəaliyyətindən asılıdır. Ümid edirik ki, dissertasiya müdafiələrinin keçirildiyi iclas zallarında nəzarət kameralarının qurulması yaxın zamanlarda gerçəkləşəcək, bu isə öz növbəsində dissertasiya müdafiələrinin gedişində şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
- Dəqiq elmlər, təbiət, texnika, kənd təsərrüfatı və yer elmləri sahələrində dissertasiya müdafiələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin humanitar və ictimai elmlər sahəsindəki uyğun göstəricilərlə müqayisəsi barədə nə deyə bilərsiniz?
- Həqiqətən də təhlillər göstərir ki, dəqiq elmlər, təbiət, texnika, kənd təsərrüfatı və yer elmləri sahəsində dissertasiya müdafiə edənlərin sayı digər elm sahələrindəki uyğun saydan azdır. Halbuki ölkənin iqtisadi inkişafı üçün bu sahələrdə yüksək ixtisaslı elmi kadrlara daha çox ehtiyac duyulur. Bu isə öz növbəsində müvafiq elmi müəssisələr və ali təhsil müəssisələri qarşısında, eyni zamanda AAK qarşısında mühüm vəzifələr qoyur. Təhlillər göstərir ki, dəqiq elmlər, təbiət, texnika, kənd təsərrüfatı və yer elmləri sahəsində təqdim olunan dissertasiyaların elmi səviyyəsi daha yüksək olur və bu elmlər sahəsində  müdafiə olunan dissertasiyalarda əldə olunmuş elmi nəticələrə dair nüfuzlu beynəlxalq elmi  jurnallarda digər elmlərlə müqayisədə daha çox məqalələr dərc olunur. Onu da qeyd etmək lazımdır ki, plagiatlıq faktlarına ictimai və humanitar elmlər üzrə müdafiə olunan dissertasiyalarda daha çox rast gəlinir.
Bir dövlət qurumu kimi Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyası tərəfindən qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün atılan addımlar ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasını sürətləndirməyə, onun respublikamızda və bütün dünyada nüfuzunun yüksəlməsinə, elmin və cəmiyyətin növbəti inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir. 
Müsahibəni apardı:

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video