19 Avqust 2021 00:24
874
DÜNYA
A- A+

Əfqanıstan: dünənlə sabah arasında

 

ABŞ bu ölkənin valyuta ehtiyatlarını bloklayıb, Avropa İttifaqı isə “Taliban”ın qələbəsini etiraf edir

 

Avropa İttifaqı (Aİ) “Taliban” hərəkatının müharibədə qalib gəldiyini qəbul edir, humanitar və miqrasiya böhranlarının qarşısını almaq üçün Əfqanıstanın yeni hakimiyyəti ilə dialoqa başlamağı zəruri sayır.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel demişdir: “Taliban” müharibədə qələbə qazandı, buna görə də miqrasiya və humanitar böhranların qarşısını almaq üçün Kabildəki yeni hakimiyyətlə danışmalıyıq”. O bildirib ki, Aİ Əfqanıstandan qaçqın axını ilə üzləşən bölgə ölkələrini dəstəkləyəcək. Həmçinin Avropa İttifaqı heç bir şərt olmadan Əfqanıstana humanitar yardım göstərməyə hazırdır.

BMT-nin İnsan Hüquqları Şurası avqustun 24-ü Cenevrədə Əfqanıstanla bağlı xüsusi iclas keçirəcək. Bu barədə şuranın mətbuat xidməti xəbər verir. Məlumata əsasən, xüsusi sessiya “Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi narahatlıq”la bağlı olaraq Əfqanıstan, Pakistan və İslam Əməkdaşlıq Təşkilatının əlaqələndiricisinin tələbi ilə keçirilir. Bildirilir ki, iclasın keçirilməsini 89 dövlət dəstəkləyib.

ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub. Bu barədə Ağ evin Mətbuat xidmətindən bildiriblər. Məlumata əsasən, tərəflər G7 liderlərinin onlayn görüşünü keçirməyə razılaşıblar: “Onlar G7 liderlərinin ümumi strategiya və yanaşmanı müzakirə etmək üçün gələn həftə virtual görüş keçirəcəkləri barədə razılığa gəliblər”. Həmçinin qeyd edilir ki, ölkə liderləri öz diplomatlarını və Əfqanıstan vətəndaşlarını təxliyə etmək üçün Kabildə çiyin-çiyinə çalışan hərbçilərin və mülki işçilərin cəsarətini və peşəkarlığını yüksək qiymətləndiriblər.

Bu arada Düşənbə yaxınlığındakı Ramit dərəsində dağ şəraitində terrorizmlə mübarizə tədbirləri çərçivəsində Tacikistan-Çin birgə hərbi təlimləri keçirilir. Tacikistan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirir ki, qurumun Ramit dərəsindəki tədris mərkəzində və ətrafda keçirilən təlimlərdə Tacikistan Daxili İşlər Nazirliyinin və Çin İctimai Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlıları iştirak edirlər. Avqustun 20-dək keçiriləcək təlimlərdə dağ şəraitində şərti olaraq ölkə ərazisinə qanunsuz keçən silahlı dəstələrin tapılması və zərərsizləşdirilməsi planlaşdırılır. Söz düşmüşkən, qeyd edək ki, Tacikistan-Əfqanıstan dövlət sərhədinin uzunluğu 1400 kilometrdir. Bu günlərdə iki hərbi təyyarə və helikopterlə taliblərdən qaçan 143 əfqan hərbçisi bu ölkədə sığınacaq tapıb.

Əfqanıstanla bağlı başqa bir xəbərdə isə bildirilir ki, son günlər Kabil Beynəlxalq Hava limanında baş verən izdiham və atışma nəticəsində azı 40 nəfər ölüb. Bu barədə “TOLO News” telekanalı hava limanında olan “Taliban” hərəkatının komandirinə istinadən məlumat yayıb.

Bu arada Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh prezidentin  olmadığına görə özünü müvəqqəti dövlət başçısı elan edib: “Əfqanıstan Konstitusiyasına görə, prezidentin olmaması, qaçması, istefası və ya ölməsi halında birinci vitse-prezident müvəqqəti prezident olur. Hazırda mən öz ölkəmdəyəm və qanuni müvəqqəti prezidentəm. Onların dəstəyini və razılığını qazanmaq üçün bütün liderlərlə əlaqə saxlayıram”. Əmrulla Saleh  həmvətənlərini “Taliban”a qarşı müqavimətə çağırıb: “ABŞ və NATO-dan fərqli olaraq, biz ruhumuzu itirməmişik və qarşıda çox böyük imkanlar görürük. Faydasız xəbərdarlıqlar bitdi. Müqavimətə qoşulun”.

“Taliban” rəsmisi  Məhəmməd Naim isə bildirib ki, 20 il davam edən müharibə başa çatıb və yaxın zamanlarda yeni idarəçilik forması aydınlaşacaq.

Bütün bunların fonunda Vaşinqton “Taliban” hərəkatının ABŞ-ın Federal Ehtiyat Sistemi və digər maliyyə təşkilatları tərəfindən idarə olunan Əfqanıstan hökumətinin hesablarına girişini əngəlləmək qərarına gəlib. “Əfqanıstan hökumətinin ABŞ-da malik olduğu Mərkəzi Bankın istənilən aktivləri “Taliban”a təqdim edilməyəcək”, - deyə ABŞ administrasiyasının nümayəndəsi qeyd edib. Əfqanıstanın Mərkəzi Bankının rəhbəri Əcmal Əhmədi jurnalistlərə bildirib ki, ölkənin valyuta ehtiyatları 9 milyard avroya yaxındır və həmin vəsaitin demək olar ki, hamısı xaricdə yerləşir. Onun dediyinə görə, ABŞ-ın həmin ehtiyatlara girişin bloklanması üzrə tədbirlər görməsindən sonra taliblərin əlinə bu məbləğin yalnız 0,1 faizindən də az hissəsinin keçməsi mümkündür.

Bundan başqa, Vaşinqton taliblərin Beynəlxalq Valyuta Fondunun təxminən 500 milyon dollar məbləğində ehtiyatlarına çıxışını bağlamaq üçün çalışır. Ümumiyyətlə, avqustun ortalarında “Taliban”ın bir sıra qələbələrindən sonra ABŞ Maliyyə Nazirliyi Əfqanıstana nağd pul tədarükünün dayandırılması haqqında qərar qəbul etmiş, bununla yüz milyonlarla dolları qoruya bilmişdir.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video