06 May 2021 00:51
967
SİYASƏT
A- A+

Əbədiyaşar lider

 

Dövlətlərin və xalqların tarixinin yazılmasından başlamış, dünya birliyində özünə layiqli yer tutmasının və tanınmasının zamanın süzgəcindən keçərək özünü doğruldan aydın şərtləri var. Tarix həmin şərtləri dönə-dönə sübut edərək göstərir ki, dövlətlərin və xalqların inkişafı, yüksəlişi üçün onun malik olduğu maddi və mənəvi zənginliklər vacib olsa da, yetərli sayıla bilməz. Bu baxımdan xalqların və dövlətlərin taleyində lider amilinin bütün şərtlərin fövqündə dayanması ən mühüm siyasi reallıqdır.

 

Xalq və dövlət üçün yaşanan ömür

 

Çox tarixi ənginlliklərə getmədən, Türkiyədə Atatürkün, Böyük Britaniyada Uinston Çörçilin, Fransada Şarl de Qollun fəaliyyəti göstərir ki, dövlətin dövlət olması, dünya səhnəsinə çıxması, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə tənzimləyən fenomen şəxsiyyətlərdən asılıdır. XX əsr Azərbaycan tarixi isə Heydər Əliyevin timsalında hələ ötən əsrin 70-80-ci illərindən lider amilinin dövlətin və xalqın tarixində, onun gələcəyinin formalaşmasında, inkişafında, beynəlxalq aləmdə özünü təsdiq etməsində ən vacib faktor olduğunu təsdiq edir.

Anadan olmasının 98-ci ildönümü ərəfəsində  Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik və ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar, əldə olunan inkişaf həm də  Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini daha dərindən anlamağa imkan verir. Tale elə gətirib ki, mənə Heydər Əliyevin rəhbərliyi altında uzun müddət fəaliyyət göstərmək xoşbəxtliyi, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarından seçilən deputat kimi qanun yaradıcılığı ilə məşğul olmaq nəsib olub.  Bu dövrdə özüm üçün yəqin etdiyim ən böyük həqiqət odur ki, Heydər Əliyev sözün bütün mənalarında xalq üçün yaşayan, xalqla nəfəs alan böyük şəxsiyyət, əsl lider idi.

 

Ulu Öndər mükəmməl konsepsiya müəyyənləşdirdi

 

Bütün mənalı həyatını, şərəfli ömrünü xalqa bağlayan Heydər Əliyev barədə həmişə danışmağa ehtiyac duyulur. Çünki Heydər Əliyev irsi bugünkü və gələcək nəsillər üçün mayak olduğundan necə var o cür də çatdırılmalı, təbliğ edilməlidir.  Ancaq düşünürəm ki, insan daxilindən gələn səmimi  bir istəklə Heydər Əliyevlə bağlı fikirlərini nə qədər bölüşsə də, Ulu Öndər şəxsiyyətinin ucalığını tam əhatə edə bilməz. Ona görə bu yazıda Heydər Əliyevin sosial siyasət konsepsiyası barədə bəzi məqamlara toxunmaq istəyirəm.

Azərbaycanın müstəqilliyinin ilk illərində respublikada səmərəli dövlət idarəçiliyinin olmaması bütün sahələrdə böhranın dərinləşməsini labüdləşdirmişdi. İqtisadi sahədə yaranmış çətinliklər, maliyyə çatışmazlığı ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün real addımların atılmasını tamamilə məhdudlaşdırmış, sosial müdafiəni nəzərdə tutan proqramlar həyata keçirilməmiş, beləliklə də, sosial təbəqələr arasındakı uçurum getdikcə böyümüşdü. Bu isə sağlam, demokratik və inkişaf edən cəmiyyətin təməl prinsipi olan orta təbəqəni dağıtmışdı. Ona görə də, həmin ərəfədə siyasi səriştəsizliyini pərdələmək məqsədilə ozamankı hakimiyyət populist “sosial müdafiə siyasəti” həyata keçirməyə başlamışdı. Əlbəttə ki, bu fəaliyyət öz səmərəsini verməyəcəkdi və vermədi də.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da vəziyyət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü şəkildə dəyişdi. Ulu Öndərin respublikaya yenidən rəhbərlik etməyə başlamasından sonra insanların sosial problemlərinin həlli prioritet elan olundu və bununla da, sosial müdafiənin gücləndirilməsi sahəsində ölkədə yeni səhifə açıldı.

 

Bütün vətəndaşların sosial təminatı prioritet elan edildi

 

Öncə onu qeyd edim ki, yeni sosial siyasətin formalaşması dövlətin kompleks inkişafının və yeni iqtisadi sistemə keçidinin tərkib hissəsi kimi nəzərdən keçirildi. Bu zaman Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi və bunu əhalinin bütün təbəqələri üçün bərabər sosial təminatı fəaliyyətinin başlıca məqsədi kimi elan etdi. Ulu Öndərin ölkənin böyük perspektivlərinə hesablanmış strateji proqramının başlıca məqsədlərindən biri xalqın rifahının yüksəlməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi idi.

Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq, ilk növbədə, sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bunu Ulu Öndərin 1994-cü ildə imzaladığı fərmanlar da göstərir. Bunlardan biri “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” 1994-cü il 15 iyun tarixli fərmandır. Bu sənədin əsas məqsədlərindən biri mövcud olan inflyasiyanın qarşısının alınmasına yönəlmişdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Bu sənəddən gələn vəzifələrin daha effektiv yerinə yetirilməsinə nail olmaq və yol verilən bəzi qüsurları aradan qaldırmaq üçün Heydər Əliyev “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli növbəti sənəd imzaladı. Yeni fərman bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət etdi.

Heydər Əliyevin müəllifi olduğu sosial siyasətin inkişaf tarixinə nəzər yetirsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində əhəmiyyətli addımlar atıldı. Ayrı-ayrı kateqoriyaya aid olan şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və s. qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.

Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət edən 60-dan artıq sənəd imzalanıb. Bu da ondan xəbər verir ki, Heydər Əliyevin həyata keçirdiyi sosial siyasət əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinə xidmət etməklə Azərbaycanda dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil edib.

 

Qaçqın və məcburi köçkünlər Heydər Əliyevin xüsusi diqqətində idi

 

Ulu Öndərin elan etdiyi sosial prioritetlər içərisində qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının  göstərilməsi xüsusi yer tuturdu. Doğma yurd-yuvalarından ayrı düşmüş soydaşlarımızın mənzil və sosial problemlərinin həlli, Ermənistanla aparılan müharibədə şəhid olanların ailələrinin, əlil olmuş vətəndaşlarımızın yüksək diqqət və qayğı ilə əhatə olunması Ulu Öndərin hər zaman həssaslıqla yanaşdığı sosial məsələlər idi. 

1994-cü ildə Heydər Əliyev demişdi: “Çadırlarda yaşayan məcburi köçkünlərin üzərinə yağan yağış, qar belə hesab edirəm ki, mənim üzərimə yağır”. Heydər Əliyevin ürək ağrısı ilə dediyi bu sözlər məcburi köçkünlər üçün sabaha inam yaradan bir stimul oldu, onların dözümlülüyünə dözüm qatdı. Heydər Əliyevin bu problemi ölkənin bir nömrəli problemi adlandırması təsadüfi deyildi. Məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da Ümummilli Liderə məxsus idi. Ümummilli Liderin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə verdiyi diqqətin nə dərəcədə böyük olduğunu sadə rəqəmlərlə də ifadə etmək olar. Belə ki, 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırılmışdı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər həm də zamanın çağırışlarına cavab verən pensiya islahatlarının həyata keçirilməsi ilə yadda qaldı. Həmin illərdə kommunal və nəqliyyat sahəsində mövcud olan güzəştlərin monetarizasiyası həyata keçirildi. Güzəştlərin müavinətlərlə əvəz olunması bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına şərait yaratdı.

 

Sosial siyasətin mərkəzində insan amili dayanır

 

Azərbaycanın son 18 ildə qazandığı uğurlar fonunda bu reallığı bir daha təsdiq etmiş oluruq ki, möhkəm təmələ əsaslanan siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətini hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və yeni keyfiyyət göstəriciləri ilə zənginləşdirilməsi nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli uğurlara imza ataraq regionun lider dövlətinə çevrilib. Milli inkişafda varisliyi təmin edən Prezdent İlham Əliyevin həyata keçirdiyi siyasət həm də novatorluğu və dinamizmi ilə fərqlənir.

Ötən ay möhtərəm İlham Əliyevin növbəti müddətə prezidentlik fəaliyyətinin 3 ili tamam oldu. Təkcə bu 3 ilin yekunlarına nəzər salmaqla sosial siyasət qarşısında dayanan priorietlərin inamla və sürətlə reallaşmasını görmək mümkündür. Bu 3 ili müstəqillik tariximizin ən sürətli islahatlar dövrü kimi də xarakterizə etmək olar. İlham Əliyevin cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklərə, yüksəlişə nail olmaq, Azərbaycanı inkişaf etmiş dövlətlərin cərgəsinə çıxarmaq üçün həyata keçirdiyi islahatlar məhdud sfera ilə yekunlaşmayaraq, kompleks xarakter daşıdı.

Son dövrlər Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdardır. Bunlardan biri qlobal pandemiya ilə əlaqədar respublikamızın müəyyən etdiyi uğurlu mübarizə modeli, digəri isə ikinci Qarabağ müharibəsində xalqımızın qazandığı möhtəşəm Qələbədir. Bu hadisələrin hər biri, ilk növbədə, İlham Əliyevin mütərəqqi idarəçiliyinin, lider kimi qətiyyətinin, siyasi müdrikliyinin təcəssümüdür. Eyni zamanda bu hadisələr həm də Azərbaycanın mükəmməl sosial siyasət konsepsiyasının təntənəsi oldu.

Vətən müharibəsindəki Qələbədən sonra isə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərinə göstərilən yüksək dövlət qayğısı sübut etdi ki, respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri, sağlamlığını itirən övladlarımız daim dövlətin diqqət mərkəzindədir.  Cəmi bir neçə ay ərzində onların bir qisminin mənzillərlə təminatı, o cümlədən fiziki sağlamlıqlarını itirən əsgər və zabitlərin yüksək keyfiyyətli protezlərlə təminatı, onların müalicə məqsədilə xarici ölkələrə göndərilmələri, reabilitasiya kurslarına cəlb edilmələri,  həmçinin xarici ölkələrdən həkimlərin respublikamıza dəvət olunması Prezident İlham Əliyevin vətəndaş maraqlarına xidmət edən sosial siyasətinin dərin məzmunundan xəbər verir.

 

Mütərəqqi sosial siyasətin nümunəsi

 

Qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış proqramları da ölkəmizdə sosial siyasətin ən ağrılı problemlərindən birinin uğurlu həllinə yönəlmişdir. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı” kənd layihəsinin təməlini qoymasını hər birimiz qürur hissi ilə izlədik. Bu Vətən müharibəsindəki Qələbə nəticəsində işğaldan azad olunmuş rayonlarımızda kəndlərin yenidən qurulması istiqamətində həyata keçirilən ilk layihədir.

Ermənistanın işğal dövründə viran qoyduğu, dağıtdığı kənd və şəhərlərin, qəsəbələrin yenidən qurulması möhtərəm İlham Əliyevin çevik və mütərəqqi sosial siyasətinin növbəti nümunəsidir. Xüsusilə qeyd etməliyik ki, bərpa və yenidənqurma işləri yalnız sakinlər üçün mənzillərin tikintisi ilə kifayətlənməyəcək. Həmçinin öz doğma yerlərinə qayıdacaq insanların məşğuliyyətinin, təhsilinin və digər qayğılarının təmin edilməsi kimi sosial məsələlər kompleks şəkildə həll olunacaq.

Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-inkişaf strategiyası son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Respublikamızın iqtisadi göstərcilərinin yüksəlməsi vətəndaşların sosial təminatının güclənməsi ilə müşayiət olunur. Azərbaycan dövlətinin bugünkü reallıqları onu göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, dövlətin inkişafına, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycanın bugünkü və gələcək inkişafına,  modernləşdirilməsinə hədəflənmiş bu siyasət Prezident İlham Əliyev tərəfindən ötən dövrdə daha da zənginləşib və dövlətimizin, xalqımızın maraqlarını layiqincə ifadə edib.

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin, islahatların, Qarabağın dirçəlişinin fonunda respublikamızın gələcəyə gedən yolunun konturları aydındır. Bugünkü uğurlarımız və gələcəyə doğru atılan hər bir addım bizə perspektivə daha inamla və daha nikbin baxmağa imkan verir. 

 

Hadi RƏCƏBLİ,

siyasi elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video