30 Aprel 2021 00:37
1742
SİYASƏT
A- A+

Düşmənin dağıtdıqlarını dostlarla birlikdə qururuq

 

Prezident İlham Əliyev  Cəbrayıl və Zəngilan rayonlarına  növbəti   səfəri  zamanı ənənəsinə sadiq qalaraq  yeni layihələrə  xeyir-dua verib. Bunların sırasında   Zəngilan rayonunun Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsi də mühüm əhəmiyyət kəsb edir. Bu, işğaldan azad edilmiş ərazilərimizdə  həyata keçirilən ilk pilot layihədir.

Erməni faşistlərinin yerlə yeksan etdiyi  şəhər və kəndlərimizi yenidən qurmağa Azərbaycanın həm maddi vəsaiti ,  həm siyasi iradəsi var. Vətən müharibəsindəki  Qələbəmizdən sonra  Prezident dəfələrlə qeyd edib  ki, düşmənin dağıtdığı   evlərin  və genişmiqyaslı infrastrukturun bərpası   işlərinə   dost ölkələrdən  də şirkətlər  dəvət olunacaq. Dövlət başçısı  bu dəfə Zəngilanda bir daha  bildirib ki,  layihələrimizə  Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər qoşulub. Bizim artıq azad edilmiş ərazilərin  yenidən qurulması sahəsində də beynəlxalq əməkdaşlığımız var.  Bu, ilk addımdır və “Ağıllı kənd” layihəsinin uğurlu icrası sözsüz  imkan verəcək ki, həmin təcrübədən Qarabağın digər yerlərində istifadə olunsun. Çünki biz, Prezidentimizin  vurğuladığı kimi, yüzlərlə kənd, qəsəbə və şəhəri bərpa etməliyik.

Birinci “Ağıllı kənd”  layihəsinin  icrası əsasən  5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə  ilk olaraq  200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də “ağıllı texnologiyalar” əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. 

Prezident İlham Əliyevin layihənin icrasında  çalışan Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri ilə videoformatda söhbəti əsnasında  “Ağıllı kənd”in  gələcək  gözəl siması və xoş güzəranı haqqında daha aydın təsəvvür yaranır. Beləliklə, erməni faşistlərinin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanıb.

Türkiyə şirkətinin əməkdaşı yaradılacaq “Ağıllı kənd”də  dünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu “Arximed”dən istifadə ediləcəyini deyib:  “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və hotelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradır”.

“Huayvei-Azərbaycan” şirkətinin baş meneceri Deyvid də dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti kimi  ən son qabaqcıl texnologiyalarını Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazır olduqlarını bildirib: “Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik.  Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəyik”.

Azərbaycanın Çindən olan etibarlı tərəfdaşı “Huayvei”nin təqdim etdiyi bu qurğu yüz meqabitə qədər kabelsiz internet paylayacaq.

 

Telefon antenası quraşdırılandan sonra kənd internetlə təmin oluna bilər.

Düşmənin dağıtdığı ərazilərin yenidən qurulmasında italiyalı dostlarımız da bizimlədir. İtaliya şirkətinin əməkdaşı Prezidentlə söhbətində kənddə qurulacaq süd ferması haqqında məlumat verib: “Bizim evlər və fermalar üçün birgə modelimiz də var. Beləliklə, Siz insanları kənddə evlərlə təmin etməzdən əvvəl onları fermada işləmələri üçün tez bir şəkildə yerləşdirə bilərsiniz”.

İsrail Zəngilanda əvvəlcə 300-400 başlıq camış ferması tikəcək, sonra isə camışların sayı 1000-ə çatdırılacaq. “Ağıllı ferma”lar  texnologiyası ilə işləyən İsrail şirkətinin əməkdaşı deyib: “Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da  mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu o deməkdir ki, sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq”.

Fermaya camışlar İtaliyadan idxal olunacaq. Camış sağmalçılığı ilə bağlı layihə meneceri Cüzeppe Grisoliya Prezident İlham Əliyevə  İtaliya məhsulları və xidmətləri barədə məlumat verməkdən həqiqətən şərəf duyduğunu deyib. Bildirib ki, onların biznes ideyası strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır.

Xatırladaq  ki, camış “motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. İtaliyalı mütəxəssis də  istehsal prosesinə  məhz öz təcrübə və biliklərini gətirəcəklərini deyib: “Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək”. 

Lakin məqsəd təkcə keyfiyyətli camış pendirinin istehsal olunması deyil. Dostlarımızın hədəfi yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun.

Prezident İlham Əliyev “Ağıllı kənd”in  nümunəvi kənd olacağını, bu kənddə tətbiq ediləcək texnologiyaların ən müasir standartlara  cavab verdiyini  bir daha vuğulayıb: “Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir”.

Dövlət başçısı Zəngilanın təbiətinin və təbii sərvətlərinin bu bölgəmizi Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirməyə  imkan verəcəyini söyləyib. Bu sözlər, təbii ki, Zəngilanın timsalında Qarabağdakı bütün bölgələrimizə şamil edilir. Bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq. Çünki  Qarabağ Azərbaycandır!

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video