19 Iyun 2019 02:31
1639
SİYASƏT
A- A+

Dünyaya nümunə olan Azərbaycan reallığı


Azərbaycan xalqının milli-mənəvi dəyərləri dedikdə bizi bir-birimizə doğmalaşdıran, bütövləşdirən və mədəniyyətimizi zənginləşdirən amillər - dilimiz, dini inancımız, adət-ənənələrimiz, eyni zamanda tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərimiz nəzərdə tutulur.

Xalqımız yüzillər boyu məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından üzüağ çıxıb. Öz milli varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti də məhz əsrlər ərzində formalaşmış həmin dəyərlər üzərində bərqərardır. Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən, mədəni irsimizi ucaldan dəyərlərimizi qoruyub saxlamaq hər bir dünya azərbaycanlısının müqəddəs borcudur. Bu dəyərləri yaşatmaq, təbliğ etmək, gələcək nəsillərə sevdirmək doğma vətənin dünəni, bugünü və gələcəyinə xidmət deməkdir.


Milli-tarixi yaddaş


Xalqın malik olduğu mədəni irsə düzgün münasibətinin formalaşmasında, bütün bunlardan cəmiyyətin inkişafı üçün məqsədyönlü şəkildə istifadə edilməsində liderlər müstəsna rol oynayırlar. Bu qanunauyğunluq ulu öndər Heydər Əliyevin dövlətçilik irsində də aydın şəkildə əks olunur, fəaliyyətində xüsusi yer tuturdu. Hələ ötən əsrin 70-ci illərində Sovet Azərbaycanına rəhbərliyi dövründə ümummilli lider xalqımızın milli-mənəvi dəyərlərini varlığında yaşadaraq onlara münasibətilə özü cəmiyyət üçün bir nümunə yaratmışdı. Bacardığı hər məqamda sovet quruluşunun sərt ideoloji-siyasi maneələrini aradan qaldıraraq xalqımızın milli şüurunu oyatmış, özünüdərk, milli heysiyyət duyğularının gücləndirilməsi, milli yaddaşın bərpası məramı ilə sistemli tədbirlər həyata keçirmişdir. Azərbaycan mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin yaşadılması, ana dilimizin qorunması və inkişafı, şəxsiyyətlərimizin təbliği yönündə Heydər Əliyevin həmin illərdə gördüyü işlərin hədəfi keçmişimizə, soykökə qayıdış, bu xalqın ucalığının bütün dünyada görünməsi demək idi.

Dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək vəzifəsini də o çətin məqamlarda yenə məhz Heydər Əliyev üzərinə götürmüş və bu missiyanı uğurla həyata keçirmişdi.

Ulu öndər Heydər Əliyev milli-tarixi yaddaşımızın bərpasını demokratik, hüquqi dövlət quruculuğu prosesi ilə həmahəng həyata keçirirdi. Azərbaycan mədəniyyəti, mənəvi dəyərlərimiz Heydər Əliyevin dövlətçilik irsində təkcə milli varlığımızın ifadəsi deyil, həm də dövlət quruculuğu prosesinin mühüm atributu rolunda çıxış edirdi. Xalqımızın tarixi keçmişinə, mənəvi irsinə dərindən bağlılığı, mənəvi-əxlaqi, dini dəyərlərimizin, adət-ənənələrimizin zənginliyinin, tərbiyəvi əhəmiyyətinin fərqində olması və bu misilsiz xəzinədən məqsədyönlü şəkildə istifadə etməyi bacarması Heydər Əliyevin böyüklüyü idi. Ulu öndər deyirdi: "Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.


Din və dövlət bir-birinin yanındadır


Bu münasibət müasir tarixi mərhələdə də həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətini təşkil edir. Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, adət-ənənələrimizin qloballaşmanın mənfi təsirlərindən qorunmasına, onların bütün dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət sayəsində ölkədə insanların etiqad azadlığı qorunur, bu azadlıqların təmin olunması üçün tam şərait yaradılır. Dini dəyərlərə, ibadət yerlərinə, din xadimlərinə xüsusi qayğı göstərilir. Dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq güclənib. Dünyəvi dövlət prinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin də özünəməxsus modeli formalaşıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı və himayədarı rolunda çıxış edir. Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasətinin əsasını təşkil edərək sülhə, milli vəhdətə, mədəniyyətlərin dialoquna xidmət göstərir.

Bu il mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində Prezident İlham Əliyev bunu nəzərdə tutaraq dedi: "Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Konstitusiyaya görə, din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır”.

Məhz bu münasibət, həyata keçirilən bu siyasət sayəsində Azərbaycanda dini durumun sabitliyi, dini tolerantlıq mühiti qorunur. Ölkəmizin uğurlarını gözü götürməyən qüvvələrin dini müstəvidə pozuculuq niyyətlərinin qarşısı alınır. Azərbaycan bu sahədə apardığı dövlət siyasəti ilə bir çox müsəlman ölkələri üçün də parlaq nümunə yaradır. Dünyada mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq ideyalarının təşviqinə xidmət göstərir. Ölkəmizdə vaxtaşırı olaraq dini mövzularda beynəlxalq konfranslar, görüşlər təşkil olunur.

Dini icmaların fəaliyyəti qanunvericiliyə uyğun qurulur, vətəndaşlar arasında dini maarifləndirmə işləri aparılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli-mənəvi irsimizin təbliğində, mədəniyyətlərarası dialoq, multikulturalizm kimi qlobal təşəbbüslərin təşviqində tanınmış din xadimlərimiz də yaxından iştirak edir. 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili”, 2017-ci ilin isə "İslam həmrəyliyi ili” elan olunması da Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, fərqli mədəniyyətlər arasında təmasa verdiyi önəmin ifadəsidir. Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallığı görür və bundan nümunə götürməyə çalışır.

Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər, qlobal humanitar forumlar Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilir.


Əsl islam


Azərbaycan dövləti bu istiqamətdə həyata keçirdiyi siyasətlə islam dinini də dünyaya öz məzmununda təqdim edir. Onu məkrli qüvvələrin hücumlarından, islami dəyərlərə qarşı yönələn təhdidlərdən qorumağa çalışır. İslamın sülh, inkişaf, sevgi, mərhəmət dini olduğunu Azərbaycan dövlətinin nümunəsində dünyaya təqdim edir. Prezident İlham Əliyevin bununla bağlı mövqeyi birmənalıdır: "Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik”.

Böyük tarixə malik məbədlərimizin bərpası sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl tədbirlər həyata keçirilir. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək ölkədə dövlətin dəstəyi ilə 250-dən çox məscid tikilmiş və ya bərpa edilmişdir. Xalqımız üçün böyük dəyər kəsb edən, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi, Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə "İmamzadə” Dini Kompleksi və s. kimi abidələrimiz bu sıraya daxildir.

Azərbaycan Ordusunun 2016-cı ildəki Aprel zəfəri sayəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası zamanı kənddə Şuşadakı Gövhər Ağa məscidinin bənzəri olan məscidin inşası da ölkə başçısının milli-mənəvi dəyərlərimizə yüksək ehtiramının təcəssümüdür. Təsadüfi deyil ki, 2018-ci ilin aprelində xalqımızın yekdil dəstəyi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin iştirak etdiyi ilk rəsmi tədbir də dövlət rəhbərimizin təşəbbüsü ilə inşa edilmiş Hacı Cavad məscidinin açılışı olmuşdu. Mayın 23-də iftar mərasimindəki çıxışı zamanı Azərbaycan Prezidenti bu faktı xüsusi xatırlatdı: "Bildiyiniz kimi, keçən il prezident seçkilərindən sonra iştirak etdiyim birinci tədbir Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur. Bu da təsadüfi deyil. Mən seçkilərdən sonra istənilən yerə gedə bilərdim. Məhz Hacı Cavad məscidinin yeni binasının açılışını birinci növbədə qeyd etməyimiz dövlət-din münasibətlərimizə, islam dininə göstərdiyimiz hörmətdir”.


Tolerantlıq ünvanı


Tolerantlıq ta qədim zamanlardan bu günədək insanlarda bir-birinin fərqli baxışlarına, fikir və düşüncələrinə dözümlü yanaşma mədəniyyəti kimi formalaşmağa başlamış, zaman keçdikcə hər bir cəmiyyətdə sivil harmoniyanın təmin olunmasında həlledici amilə çevrilmişdir. Bir qayda olaraq təkcə mənəvi deyil, həm də siyasi və hüquqi tələbat kimi özünü göstərən tolerantlıq insan hüquq və azadlıqlarının etirafı əsasında formalaşmış düşüncə sərbəstliyidir. O, insanın təbii - başlanğıc və sonradan qazanılmış hüquqlarının pozulmasına heç bir halda bəraət qazandırmır, eyni zamanda hər kəsin qanun qarşısında bərabərliyi prinsipini inkar etmir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır.

Qloballaşan dünyada tolerantlıq bir tərəfdən bütün insanların qanun qarşısında bərabərliyini və məsuliyyətini önə çəkməklə hüquqi, digər tərəfdən yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət, dözümlülük, geniş savad və dünyagörüş aspektlərini də ifadə etməklə mənəvi məzmun daşıyır. Lakin təəssüf ki, dərisinin rənginə, irqinə, cinsinə, dilinə, dininə, siyasi əqidəsinə, milli, sosial mənşəyinə görə diskriminasiya hallarına müasir dövrdə də geniş rast gəlinir.

Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşamalı olsa da, bu dövrdə mərkəzin qondarma "vahid sovet xalqı” formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi, Azərbaycanda da etnik tolerantlığın güclənməsinə təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə qarşı dözümsüzlük nümayiş etdirmişdir. Həmin illərdə respublikada məscidlər bağlanmış, din xadimləri sıxışdırılmış, islami dəyərlərin yayılmasına qarşı sərt tədbirlər həyata keçirilmişdir. Bununla belə, 70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə bilməmiş, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, istər 1970-1980-ci illərdə, istərsə də müstəqillik illərində məhz ulu öndər Heydər Əliyevin himayəsi altında onlarla məscid tarixi abidə adı altında qorunub saxlanılmış, əsaslı təmir edilmiş, xalqa qaytarılmışdır.

Bu gün Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan din xadimləri ilə mütəmadi görüşləri, onların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, müxtəlif dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində mühüm rol oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Hazırda respublikamızda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Əslində, bu gün dünyada mövcud olan problemlərin böyük əksəriyyəti də məhz tolerantlıq prinsipinə riayət olunmamasından irəli gəlir. Bəzi hallarda terrora, qarşıdurmalara, münaqişələrə rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Ölkə başçısı bütün beynəlxalq forumlardakı çıxışlarında bu məsələni hər dəfə xüsusi vurğulayır.

Roma Papası Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkəmizdə dini tolerantlıq sahəsində mövcud olan vəziyyəti yüksək dəyərləndirmişdir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasındakı münasibətlərin çox yaxşı olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir. Respublikamızda rusların, yəhudilərin və digər milli azlıqların öz ana dillərində təhsil alması üçün çoxsaylı məktəblərin mövcudluğu da tolerantlığın əyani göstəricisidir. Bütün bunların nəticəsi olaraq respublikamız bu gün regionda iqtisadi əməkdaşlıq, dialoq və dini tolerantlıq mərkəzi kimi tanınır.

Milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və gələcək nəsillərə çatdırılmasında Heydər Əliyev Fondu da tarixi xidmətlər göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Fondun həyata keçirdiyi çoxsaylı layihələrdən olan "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində bir çox dini, tarixi abidələrin yenidən qurulması və bərpası Mehriban xanımın keçmişimizə, bugünümüzə və gələcəyimizə dəyərli töhfələridir.

Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində sistemli iş aparılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir. Ölkəmizdə mükəmməl dini təhsil üçün lazımi imkanlar yaradılır, müvafiq təhsil sistemi təkmilləşdirilir. Bütün bunların isə bir məqsədi var: dəyərlərimizi qorumaq, onları gələcək nəsillərə düzgün çatdırmaq və ölkəmizin bu dəyərlər işığında daha da möhkəmlənməsinə, inkişafına nail olmaq.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video