02 Iyul 2021 00:59
1505
Səhiyyə
A- A+

Dünyanın yeni qorxusu - “Delta” ştammı...

 

Koronavirus bəlasının biri bitməmiş digəri başlayır. İndi də dünya bu təhlükəli virusun yeni növü - “Delta” ştammından danışır.

Bu ştammın simptomlarının test və izolyasiya tədbirlərindən kənarda qalmağa səbəb olması həyəcanverici xəbərlərdəndir. Mütəxəssislərin fikrincə, bu, indiyədək yayılan ən təsirli mutasiyadır. Digər mutasiyalarla müqayisədə 60 faiz daha sürətlə yoluxur.

Qripə bənzəyən bu ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir. “Delta” ştammında eşitmənin itməsi əlamətinin də olması barədə alimlər məlumat veriblər. Bildirilib ki, bu ştamm xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır.

“Delta” ştammının əsas xarakterik xüsusiyyətlərindən biri də hüceyrələrə sürətlə nüfuz etməsidir. Vaksinasiyadan keçmiş şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.

Ancaq bu ştamm yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Belə ki, ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə olunur.

Narahatlıq doğuran məlumatlardan birini də Çinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzinin əməkdaşı Fen Szıszyan CCTV telekanalının efirində söyləyib. O, bildirib ki, koronavirusun “Delta” ştammı dünyada dominantlıq edə və bir çox ölkələrə yayıla bilər. Mərkəzin əməkdaşı diqqətə çatdırıb ki, bu ştammın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətlə yayılmasına səbəb olur.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Çinin cənubundakı Quandun əyalətinin Şençjen şəhərində “Delta” ştammına bir neçə yoluxma hadisəsi qeydə alınıb.

Artıq bu ştamm sərhədləri aşmaqda davam edir. “Delta” ştammının dünyanın 90-dan çox ölkəsində yayıldığı barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. Azərbaycanla həmsərhəd olan ölkələr də bu sıradadır. Ən qorxulu vəziyyət isə hazırda Rusiyada müşahidə olunur.

Qeyd edək ki, ilk dəfə Hindistanda aşkar edilən COVID-19 infeksiyasının “Hindistan ştammı” bu ölkədə ötən ilin oktyabrında aşkarlanıb. Sonradan onun yeni növləri müəyyən olunub. “Delta” ştammının mutasiyaya uğraması davam edib. Nəticədə “Delta plyus” növü də yaranıb. Mütəxəssislər bildiriblər ki, “Delta plyus” “Delta” ilə bənzərdir. Amma onunla müqayisədə yoluxma qabiliyyəti daha yüksəkdir. Rusiyada da koronavirusun “Delta plyus” ştammına yoluxma faktı qeydə alınıb. Bu barədə Qrip üzrə Smorodintsev Elmi-Tədqiqat İnstitutu direktorunun araşdırma üzrə müavini Daria Danilenko məlumat verib. Mütəxəssis bildirib ki, yeni növə yoluxma faktı hələ ki, ölkədə ilk və təkdir. Onun sözlərinə görə, bu növün təhlükə dərəcəsindən danışmaq hələ tezdir.

Danilenkonun bu məlumatından öncə Rospotrebnadzorun “Vektor” Viroloji və Biotexnoloji Tədqiqat Mərkəzinin baş direktoru Rinat Maksyutov açıqlamışdı ki, Rusiyada 16 mindən çox potensial COVID-19 mutasiyası aşkarlanıb.

Koronavirusun “Delta” ştammı aşkarlanan digər qonşu ölkə İrandır. Həmin ölkədə 10-dan çox şəxsdə həmin ştamm tapılıb. Bu məlumatı ISNA-ya açıqlamasında Məşhəd Tibb Elmləri Universitetinin rektor müavini Mehdi Kelyan söyləyib. O, deyib: “Təəssüf ki, dünən axşam Məşhəddə 10-dan çox “Delta” ştammına yoluxma müəyyənləşdirildi”. Mehdi Kelyan testlərin təhlil üçün paytaxt Tehrana göndərildiyini açıqlayıb: “Sözügedən yoluxmaların “Delta” ştammı olduğundan əminik, ancaq yekun rəy Tehran tərəfindən verilməlidir”.

Azərbaycana yaxın qonşu olan daha bir ölkədə - Gürcüstanda da COVID-19-un yeni ştammı aşkarlanıb. Hər gün bu xəstəliyə yoluxanların sayı artmaqda davam edir.

Qardaş ölkə Türkiyəyə gəlincə, COVID-19-un “Delta” ştammı bu ölkədən də yan keçməyib. Ölkədə “Delta plyus” ştammı isə aşkarlanmayıb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Delta” ştammının ölkənin 26 vilayətində göründüyünü bildirib. Nazir deyib: “Hələ “Delta plyus” ştammı yoxdur, amma “Delta” variantı artmaqdadır. “Delta” mutasiyasına 138 nəfərin yoluxduğundan bəhs etdim, indi 224-ə yüksəldi. 16 vilayətdə görülən “Delta” variantı hazırda 26 vilayətdə görünür.  Xəstələrin əksəriyyəti isə (134) İstanbuldadır”.

Fahrettin Koca “Twitter” hesabından etdiyi  paylaşımda bildirib: “Hər 4 nəfərdən birinə vaksin vuruldu. İkiqat dozada peyvənd alanların sayı bu gün (29 iyun) günorta saatlarında 15 milyona çatıb. 18 yaşdan yuxarı əhalimizin 25 faizi artıq peyvənd olunub. Epidemiyaya qarşı gücümüzün artması vaksin vurduranların sayının artmasından asılıdır. Növbəsi gələnlər vaksin vurdursunlar”.

Azərbaycanda koronavirusla mübarizə davam edir, lazımi tibbi, sosial, iqtisadi tədbirlər görülür. Sevindirici haldır ki, Azərbaycanda “Delta” ştammına yoluxma ilə bağlı fakt qeydə alınmayıb. Ancaq ştammın sürətlə yayılması, həmçinin qonşu ölkələrdə də aşkar olunması real təhlükədir və ciddi narahatlıq doğurur.

Mütəxəssislər bu fikirdədirlər ki, ştammın təsirini azaltmağın əsas yolu vaksinasiyadır. Bəlanın qarşısına sədd çəkmək, daha yaxşı epidemioloji vəziyyətə nail olmaq üçün ən effektiv vasitə budur. Azərbaycanda bu ilin yanvarından başlayaraq vaksinasiya prosesi uğurla həyata keçirilir. Mütəxəssislər prosesin müsbət nəticələri barədə danışırlar. Son günlər koronavirusa yoluxma və ölüm sayında ciddi azalmanın olması, bir sıra sərt karantin qaydalarının aradan qaldırılması da ümidləri artırıb. Təəssüf ki, koronavirusun “Delta” ştammının sürətlə yayılması bir daha göstərir ki, təhlükə hələ sovuşmayıb. Odur ki, qorxulu infeksiyadan özünü və yaxınlarını qorumaq üçün qaydalara əməl etmək, ehtiyatı əldən verməmək vacibdir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video