01:43 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın sonu, yoxsa ucuz sensasiya
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:11 07.11.2012

 

Ötən əsrin sonlarından başlayaraq qiyamət günü ilə bağlı vaxtaşırı verilən proqnozlar və bununla əlaqəli xəbərlər (mülahizələr) anında dünyanı dolaşır, ciddi rezonans, qızğın müzakirələr doğurur. Ötən ildən bəri isə 21.12.12 tarixdə dünyanın sonu gələcəyi ilə bağlı yeni cəfəng iddialar səslənməkdədir. Dünyanın tamamən, yaxud da qismən dağılacağına müxtəlif astrofiziki səbəblər göstərilsə də, ən mötəbər elm mərkəzlərinin məsələyə münasibət bildirməsi ilə iddiaların absurdluğu dəfələrlə sübut və təkzib olunub. Bununla belə, eyni mövzuda möhtəkirlik davam etməkdədir. İndi də cari il dekabr ayının 21-də Yer kürəsində baş verəcək hadisələrin "məğzi" və "təfsilatı" tibetli rahib tərəfindən "dünyəviləşdirilir".

Varlığı şübhə doğuran rahib adından uydurulan, elmi ifadə və anlayışlarla "bəzədilmiş" mülahizələr tamamilə cəfəngiyatdan ibarətdir. Bunu anlamaq üçünsə təbiət elmlərindən bir qədər xəbərdar olmaq kifayətdir.

Qondarma tibetli adından deyilir ki, guya "dekabrın 21-də Günəş sistemi, həmçinin Yer kürəsi qalaktikanın sıfır zolağından keçəcək və bu zaman mütləq qaranlıq və sükunət çökəcək"...

Fərz edək ki, elmə bəlli olmasa da, belə bir zolaq mövcuddur və həqiqətən də Günəş sistemi oradan keçəcək. Amma bu zaman baş verəcəklər haqqında söylənənlər ağıla-zəkaya sığmayacaq qədər absurddur. Tibetli isə şərh edir: "Bu, fəzanın elə bir halıdır ki, bütün enerji növləri sönür və yayılmır, bütün obyektlərin elektromaqnit sahəsi yox olur". Bunun ardınca da hadisənin 3-4 gün sürəcəyini bildirib şam və ərzaq tədarükü görməyi tövsiyə edir.

Əvvəla, bir kəlmə ilə bu iddianın əsassızlığını sübut etmək olar: Kvant fizikasına, nüvə quruluşuna görə enerjinin daşınması və ya elektromaqnit sahəsinin yoxa çıxması mikro və makroanlamda hər şeyin təməldən məhvi deməkdir. Yəni, belə bir halın nəzəri cəhətdən mümkünlüyü şəraitində heç nə var ola bilməz. Bu anlayışları (enerji hərəkətini, elektromaqnit sahəni) muncuq düzülmüş sapa bənzətmək olar - sap qırıldısa, muncuqlar mütləq dağılmalıdır. Kosmik obyektlər arasında bütün növ enerji təsiri kəsiləcəyi təqdirdə, bu, qarşılıqlı qravitasiya qüvvəsi sayəsində "sapa düzülmüş" planetar sistemlərin dağılaraq ayrı-ayrılıqda (əlaqəsiz) kainat "yarğan"ına yuvarlanmasına səbəb olardı. Bəs bu enerji hərəkətini dayandıracaq güvvə özü fəzada necə yayılacaq? Axı bu təsirin özü üçün də enerji daşınmalıdır.

Bunu da qoyaq bir kənara. Əgər heç bir enerji yayılmayacaqsa, deməli, nə kənardan Günəşin enerjisi, nə də Yerin öz istiliyi planetdə yayılmayacaq. Belə halda - tam enerji boşluğunda isə mütləq sıfır temperaturu hökm sürür. Mütləq sıfır isə mənfi 273,15 dərəcədir. Bu temperaturda nəinki canlı həyat, heç maddənin normal halı mümkün deyil - belə ki, maddə atom səviyyəsində  amorflaşır...

"Dahiyanə" mülahizə müəllifinin şam tədarükü görülməsi məsləhəti də  onun söylədiyi "elm"ə  ziddir: əgər hər növ enerji hərəkəti dayanacaqsa, bəs şamdan ayrılan işıq kvantları fəzada necə yayılacaq?!

Günəş sisteminin guya qalaktikanın müəmmalı sıfır zolağından keçəcəyi haqda deyilənlər mistik təsirə malik olsa da, mahiyyətcə aldatmacadır. Günəş planetar sistemi Süd Yolu qalaktikasının tərkib hissəsidir və onunla bərabər kainatın mərkəzi ətrafında hərəkətdədir. Yəni, bizim sistem müstəqil qaydada qalaktika üzərindən deyil, onun tərkib strukturu olaraq birgə hərəkətdədir və burada astrofizika qanunlarından kənar heç bir yerdəyişmədən - keçiddən söhbət gedə bilməz. Əgər kainatın özü belə bir zolaqdan keçirsə, deyilən formada olmasa da, qalaktikanın digər obyektlərinin (hərəkət marşrutuna görə bizdən qabaq olanların) oradan keçidi zamanı baş verən anomaliyanı astronomik müşahidələrlə qeydə almaq olardı. Belə hal isə indiyə kimi görünməyib.

Tibetli rahib adından uydurulanlar heç bir elmi (istər praktik, istərsə də nəzəri) tənqidə davam gətirəcək qəbildən deyil və bunu daha xırda nüanslar üzərindən də sübut etmək mümkündür. Buna ehtiyac duymayaraq nə üçün vaxtaşırı bu sayaq cəfəngiyatlarla dünya ictimaiyyətinin diqqətinin məşğul edildiyini aydınlaşdırmağın daha faydalı olacağı qənaətindəyik.

Əvvəla, bu, siyasi-iqtisadi motivlərlə izah oluna bilər. Şübhəsiz ki, dünyanın sonunun gələcəyi vahiməsi ilə yaşayıb, vədə yetişəndə xətanın sovuşduğunu görərək sevinəcək kütlə dünyada siyasi ambisiyalar ucbatından baş verən (və ya planlaşdırılan) bir sıra qanlı olaylara min kərə "şükür" eləyib onlara bir qədər də loyal və laqeyd yanaşacaq.

Bundan başqa, kütlə psixologiyasına hesablanmış təhriklərlə istehlak bazarında (şərti olaraq) şam satışını canlandırmaq istəyənlər də var.

Digər tərəfdən, nəzərə alsaq ki, kütləvi psixoz həm də kütləvi maraq yaradacaq, qiyamət günü mövzusunda yeni kinofilmlərin çəkiləcəyini, yaxud kütləvi satış üçün nəzərdə tutulan digər şou-məhsullarının istehsal olunacağını proqnozlaşdırmaq çətin deyil. Qeyd edək ki, analoji üsulla bir neçə dəfə belə filmlər çəkilərək bazara çıxarılıb və arzulanan biznes uğuru qazanılıb.

Hər halda, dünyanın sonu mövzusuna elmi-texniki "ilmələrlə" bəzəklər vuraraq cəhalət donu geyindirilməsinin başqa izahı yoxdur. Yaxşı olardı ki, bizim yerli kütləvi informasiya vasitələri deyilənlərlə bağlı xəbər hazırlayarkən şərh və ya münasibət bildirmək üçün, eyni tərzi təqlid etmədən, ilk növbədə, ruhanilərə deyil, elm xadimlərinə müraciət etsinlər. Hərçənd, ən orta texniki bilik tibetli rahibin cəfəng "elmini" kökündən çözməyə yetir...

21.12.12 tarixdə isə heç bir dünyəvi fövqəladə hadisə baş verməyəcək - olsa-olsa, həmişəki kimi (bəzən 1-2 gün fərq edir), ilin ən qısa günü (uzun gecəsi) olacaq. Planetlər "paradı" da qeyri-adi və nadir astronomik hadisə deyil.

 

Elxan QƏNBƏRLİ,                                                                                         

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM