Dünyanın ən böyük azərbaycanlısı
Müasir Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur.
Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini bərpa edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Həm SSRİ, həm də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib.
Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, bəşərilik zirvələrini fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.
Ulu Öndər XX əsrin ikinci yarısından etibarən yalnız ona xas olan bənzərsizlik və təkrarsızlıq, spesifik fenomenlik xüsusiyyətləri ilə həm özü dünya diplomatiyasının ön sıralarına ucalaraq bəşərilik qazandı, həm də Azərbaycanın dünyaya günəş kimi parlamasının möhkəm təməlini yaratdı.
Ümummilli Liderin 1969-cu il iyul ayının 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi qədirbilən Azərbaycan xalqını səmimi-qəlbdən məmnun etdi və bu yenilməz xalqın öz dahi liderinə qovuşmasının, onun ətrafında sıx sıralarla birləşməsinin təminatçısına çevrildi. Hələ gələcək möhtəşəm nailiyyətlərin ilk addımları atılan həmin dövrdə Azərbaycanın bütün sahələrində doğma, əməksevər xalqımızda milli dirçəlişə, özünüdərkə inamın, dövlət başçısına olan böyük ehtiramın yaranmasının möhkəm təməlləri qoyuldu. Ümummilli Lider keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf edir, aradan qaldırırdı. Onun düşünən beyni gecəli-gündüzlü istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni-yeni layihələr hazırlayır və dərhal da onların zəruriliyini hiss edib həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və müasir islahatların tətbiqi, həyata keçirilməsi meydanına çevrilmişdi.
XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişi, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirlərin gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbər həmin dövrdə ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi, tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdır.
Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, ozamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovet İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar Tibbi-biologiya fakültəsi və dekanlığı, Hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdır.
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə azərbaycanlı gənc alimin müxtəlif ixtisaslar üzrə keçmiş ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdur. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya, morfologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılıb, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilibdir.
Ulu Öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlayırdı. Həmin illər yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edilmiş, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirilmiş, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başlamışdır. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açılmış, Elmi-Tədqiqat Oftalmologiya, Elmi-Tədqiqat Onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib istifadəyə verilmişdir. Yeni açılan tibb müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulunun sayı artırılmış, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edilmiş, onlar üçün hazırlıq kursu dekanlığı təşkil edilərək fəaliyyətə başlamasına münasib şərait yaradılmışdır.
Bir faktı da xatırlatmaq yerinə düşər: 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi Ulu Öndərin iştirakı ilə keçirilmiş və bu münasibətlə institutun əməkdaşlarının bir qismi fəxri adlara, dövlət təltiflərinə layiq görülmüşdür. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi də Ulu Öndərin səyi nəticəsində mümkün olmuşdur. Azərbaycanın belə görkəmli alimlərinin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması bütövlükdə Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin tanıdılması demək idi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrün tələbə-gənclərindən olduğuma görə onun respublikada gənclərə göstərdiyi qayğıkeşliyindən mənə də pay düşmüş və bunun sayəsində mən 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı olmuşdum. O vaxtlar Moskvanın müxtəlif ali tibb təhsili müəssisələrində mənim kimi gənclər çox idi və Ümummilli Liderin gənclər üçün yaratdığı əlverişli şərait hər birimizin həyatının mənasına çevrilmişdi.
Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmış, əksinə, daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovet İttifaqının yüksəkrütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, səhiyyədə olan problemlərin müzakirəsini aparır, bu problemlərdən irəli gələn məsələlərin həlli yollarını peşəkarcasına göstərirdi.
O vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik N.N.Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru idi və o, hər dəfə Heydər Əliyevin SSRİ səhiyyə idarələri başçılarının iştirakı ilə keçirilən toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək verilən tapşırıqları əməkdaşlara çatdırardı. Akademik N.N.Bloxin adətən ünsiyyətdə olduğu adamlar haqqında tərifli sözlər deməkdə bir qədər “xəsislik” edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən xoş sözləri səmimiliklə söyləməkdən çəkinməzdi. Ulu Öndərin çıxışları akademikdə sözün həqiqi mənasında böyük təəssürat oyatmışdı. Akademik N.N.Bloxin deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram. Vətəndən uzaqlarda yad bir millətin dünya şöhrətli aliminin həkimlər, alimlər, səhiyyə işçiləri qarşısında vətənimin böyük oğlu haqqında ağızdolusu xoş sözlər deməsi məni və mənim kimi azərbaycanlı gəncləri qürurlandırır, fəxarətləndirirdi.
Akademik N.N.Bloxindən sonra Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru vəzifəsində çalışan akademik N.N.Trapeznikov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir neçə dəfə Bakıda olub. Hər dəfə Heydər Əliyev şəxsən tanıdığı akademik N.N.Trapeznikovu qəbul edərkən Azərbaycan onkoloqlarından akademik Cəmil Əliyevi və məni həmin görüşlərə dəvət edər, onunla səhiyyənin problemləri, onkologiya elminin müasir səviyyəsi haqqında söhbətlər keçirərək müzakirələr aparar, təmkinlə bizim təkliflərimizi dinləyər, bu təkliflərə öz lakonik, məntiqli münasibətini bildirərdi.
Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssislərlə də sıx əlaqələr saxlayar, onların diqqətini Azərbaycana cəlb edər, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin inkişafına güclü təkan verilməsinə, möhkəm zəmin yaradardı. Ulu Öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm... Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərinin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi Azərbaycanın aparıcı mütəxəssisləridir. Onun gördüyü bu işin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında da özünü daha dolğun şəkildə göstərir. Tarixi dəlillər sübut edir ki, bu ali tibb təhsili ocağı yarandığı gündən həmişə milli kadr qıtlığından əziyyət çəkib. Lakin indi tam əminliklə deyirəm ki, həm mənim həyatımda, həm ölkəmizin tibb kadrlarının, həm də bütövlükdə Azərbaycan Tibb Universiteti kollektivinin həyatında əsaslı rol oynayan Ulu Öndərin sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili sahəsinin, eləcə də Azərbaycan səhiyyəsinin bütün sahələri üzrə çox sanballı, yüksəksəviyyəli milli kadrlar yetişib və onlar öz məktəblərini yarada biliblər. Tibb elmi və tibb təhsili sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildi. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, demək Heydər Əliyev ideyalarının çiçəklənməsi, xoş bəhrələr verməsi haqqında ağızdolusu danışmağa haqqımız var. İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın aparıcı tibb müəssisələrində də böyük uğurla fəaliyyət göstərirlər. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində tibb mütəxəssislərimizin xaricə ezam olunmasının dünya azərbaycanlılarının maddi və mənəvi dayağının, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaratmasının mənim həyatımda baş verən dəyişikliklərlə sıx əlaqəsi var. Çünki mən də dahi Heydər Əliyevin qayğıkeşliyi ilə qaynaqlanan bu elin, bu millətin, bu vətənin övladlarından, onun zərrələrindən biriyəm.
Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimai və iqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi regionda və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin, dərin islahatlar strategiyasının nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu Öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürübdür. Ümummilli Lider qlobal proseslər fonunda tam fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirib, 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstəribdir.
Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxili və xarici siyasət yeridib, dünyanın güclü dövlətlərini Azərbaycanla hesablaşmaq, onun konsepsiyasına hörmətlə yanaşmaq faktı qarşısında qoyub. Nəticədə yeni dünya sistemində meydan sulamaq cəhdində olan güc mərkəzləri arasında gedən çəkişmələrin pərdəarxası mahiyyətinə müvafiq şəkildə məntiqli xarici siyasət həyata keçirən müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib, ölkəmizin regionda icra edilən bütün transmilli layihələrdə iştirakı təmin olunub. Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi daxili siyasət də ümumən bu prinsiplərə əsaslanıb, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilib. Azərbaycan ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avroatlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diqqətini cəlb edib, Avropa məkanında etibarlı tərəfdaş imici qazanıb. Ölkəmizin beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan Ümummilli Lider bu istiqamətdə mühüm islahatlar həyata keçirib. Böyük rəhbər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulayıb, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış edibdir.
Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoyubdur ki, bu da ölkəmizdə mövcud olan milli ideologiyanın təsir gücünün möhkəmliyinə dəlalət edən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli Liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi.
Ümummilli Lider müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçirib. 1993-cü ilin iyun ayında - mürəkkəb bir dövrdə respublika rəhbərliyinə qayıdan Heydər Əliyev səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparıb. Səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılıb, onun fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilib, habelə Azərbaycan bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürüb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilibdir. Həmin maddədə deyilir: “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”.
1993-2003-cü illərdə Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunlar, eləcə də “Dövlət sığortası haqqında” əsasnamə qəbul olunub. Bundan başqa, 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə “MEKAKAR” proqramlarına qoşulub. 1998-ci il martın 13-də isə Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə verib. 1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırılmaların təşkilində də müsbət dəyişikliklər olub.
Ulu Öndərin tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış təhsil və elm məbədi olan Azərbaycan Tibb Universitetinə diqqət və qayğısını da xatırlatmaq istərdik. Ölkəmizin bütün sahələrində olduğu kimi, Azərbaycan səhiyyə sistemi, o cümlədən Azərbaycan Tibb Universiteti müstəqilliyin ilk illərindən özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il sentyabrın 28-də Ulu Öndərin ATU-nun yeni tədris binasının açılışında şəxsən iştirak etməsi isə bu elm ocağının tarixində ən unudulmaz hadisələrdən biri kimi qalmışdır. Heydər Əliyev 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 400 yerlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə də iştirak etmişdir. Mərasimdə çıxış edən Heydər Əliyev yeni dövrdə tibb təhsilinin qarşısında duran vəzifələrdən söz açmışdır.
Onu da qeyd edək ki, Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alan Ümummilli Liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyətli hərbi-tibb fakültəsi yaradılmışdır. Həmin illərdə Azərbaycan Tibb Universiteti Qara dəniz hövzəsiətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir. Heydər Əliyevin qayğıkeşliyi sayəsində 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində ilk klinika - Stomatoloji klinika təşkil edilmiş, bununla da universitetin klinikalarının yaradılması ənənəsinin bünövrəsi qoyulmuşdur. Bu gün həmin klinika istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanda aparıcı tibb müəssisələri sırasındadır. Tibb Universitetinin stomatoloji kafedraları məhz həmin klinikada yerləşir, orada ən müasir aparat və alətlərdən istifadə edilməklə, müxtəlif əməliyyatlar icra olunur. Əminliklə demək olar ki, maddi-texniki bazasına görə bu klinika MDB məkanında öncül yerlərdən birini tutur.
Məlumdur ki, 2003-cü ilin oktyabrında ölkəmiz üçün zamanın çağırışlarına adekvat olan yeni dövr başlanıb, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə qədəm qoyub, iqtisadi strukturun intensiv formalaşması prosesinə start verilibdir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıbdır. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması prioritetlik təşkil edən məsələlərdəndir. Bu problemlərin həll edilməsi və həyata keçirilməsi Prezidentin qayğıkeşliyi sayəsində Milli Məclisin Səhiyyə Komitəsinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, eləcə də digər tibb müəssisələrinin birgə fəaliyyətləri ilə yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, sürətli inkişaf hər bir ölkə vətəndaşının, ailənin həyatında özünü qabarıq şəkildə büruzə verir.
Beynəlxalq miqyasda da açıq etiraf olunduğu kimi, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütəmadi olaraq artırılıb, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət edilibdir. Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin qarşısını alır.
İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin sosial müdafiə, elm, təhsil, səhiyyə və sair sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi bunun real təsdiqidir. Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısı daim yaxından hiss edilir. Bu siyasətin nəticəsidir ki, son illər ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşib, elmi potensialı daha da güclənib və icbari tibbi sığortanın tətbiqi nəticəsində hər kəs yüksəksəviyyəli tibbi xidmətlə təmin olunub.
Bu istiqamətdə aparılan işlərə müvafiq olaraq Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2007-ci ildə ATU-da daha bir möhtəşəm klinika - Onkoloji Klinika açılıb. Bu da ölkəmizdə onkoloji xidmətin, eləcə də tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verib. İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixində imzaladığı “Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında” sərəncamı da dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını təsdiqləyir. Universitetin cəmiyyətdəki yerini yüksək dəyərləndirən Azərbaycan Prezidenti hələ 2010-cu il aprelin 28-də “Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Universitetin 80 ilik yubileyi ilə əlaqədar dövlət başçısının və ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əlieyvanın iştirakı ilə 2010-cu ilin oktyabr ayında bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılışı olmuşdur. Prezidentin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin Cərrahiyyə Klinikası da inşa edilmiş və 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılış mərasimi keçirilmişdir. 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikası dövlətimizin təkcə bu ali təhsil ocağının deyil, bütövlükdə Azərbaycan Respublikasının səhiyyə sisteminin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş diqqət və qayğısının əyani göstəricisidir.
2011-2012-ci tədris ilində Azərbaycan Tibb Universiteti kollektivin həyatında daha bir yenilik baş verdi - yolunu səbirsizliklə gözlədiyimiz daha bir arzumuz yerinə yetdi. Belə ki, ATU-da diplomdansonrakı hazırlığın rezidentura sisteminə keçidi baş tutdu. Bütün bunlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının doğma vətənimizin, müstəqil Azərbaycan Respublikasının həyatında yaratdığı uğurlu dəyişikliklər Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.
Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişaf edən ölkədir. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə səhiyyə sahəsində uğurlu addımlar atılır, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılır. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir. Ölkəmizdə mərhələli şəkildə həyata keçirilən icbari tibbi sığorta artıq bütün ölkə üzrə tətbiq olunur. İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir.
Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır. Çünki Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır. Dövlət başçısı tərəfindən aparılan islahatlar çərşivəsində qanunvericilik işinin tənzimlənməsi və bu işin əlaqələndirilərək icra olunmasını Milli Məclisin Səhiyyə Komitəsinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentlyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə fəaliyyətləri ilə yerinə yetirilir.
Anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz Ümummilli Lider, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin Səhiyyə Komitəsinin sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!