16:29 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın diqqəti yenə Tokiodadır

ANA SƏHİFƏ / İDMAN
00:29 24.08.2021

 

Bu gün XVI Yay Paralimpiya Oyunları başlayır

 

Bu gün dünyanın daha böyük bir mötəbər idman yarışı - XVI Yay Paralimpiya Oyunları başlayır. Sentyabrın 5-dək  Tokio bu dəfə planetin 170 ölkəsindən əlilliyi olan 4 mindən çox idmançının mübarizə aparacağı idman festivalına evsahibliyi edəcək.

Fiziki cəhətdən məhdudiyyətləri olan idmançıların beynəlxalq arenada yarışmaları ingilis neyrocərrahı Lüdviq Quttmanın  adı ilə bağlıdır. O, çoxəsrlik stereotipləri aradan qaldıraraq idmanı  onurğa beyni zədələnmiş insanların səhhətinin bərpası prosesinə daxil etmişdir.

Doktor Quttman əməli surətdə sübuta yetirmişdir ki, idman fiziki qüsurlara malik insanlara uğurlu həyat fəaliyyəti üçün şərait yaradır, onların psixi  tarazlığını bərpa edir, qüsurlarına baxmayaraq, onlara tam dəyərli həyata qayıtmaq imkanı verir. Lüdviq Quttman İkinci Dünya müharibəsi zamanı İngiltərənin Eylsberi şəhərindəki Stok-Mandevil hospitalının bazasında onurğa zədələrinin müalicəsi üçün mərkəz açmışdır. Burada əlil arabalarında oturan  idmançılar üçün oxatma üzrə ilk yarışlar keçirilmişdir. İflic olmuş 16 kişi və qadından, keçmiş hərbi  qulluqçulardan ibarət qrup isə 1948-ci il iyulun 28-də idmanın bütün tarixi ərzində ilk dəfə olaraq əllərinə idman aləti götürmüşdür.

Bunun ardınca - 1952-ci ildə Hollandiyanın keçmiş hərbi qulluqçuları bu hərəkata qoşularaq dayaq-hərəkət aparatı pozulmuş adamların Beynəlxalq İdman Federasiyasını yaratmışlar. 1956-cı ildə isə Lüdviq Quttman idmançıların xartiyasını hazırlamış, əlillər idmanının daha da inkişaf etməsi üçün əsaslar formalaşdırmışdır.

Hərəkat bununla da qurtarmamışdır. 1960-cı ildə Ümumdünya Hərbi Qulluqçular Federasiyasının himayəsi ilə beynəlxalq işçi qrup yaradılmışdır. Elə həmin il Romada əlillərin ilk beynəlxalq yarışları keçirilmiş və yarışlarda 23 ölkədən 400 əlil idmançı iştirak etmişdir.

1964-cü ildə isə əlillərin Beynəlxalq İdman Təşkilatı yaradılmış və 16 ölkə bu təşkilata qoşulmuşdur. 1964-cü ildə Tokioda idmanın 7 növü üzrə keçirilən yarışlarda ilk dəfə olaraq rəsmi surətdə bayraq qaldırılmış, himn çalınmış və oyunların rəsmi emblemi elan edilmişdir. Zəka, möhkəm bədən, yenilməz ruh rəmzi kimi qırmızı, göy və yaşıl yarımkürələr dünya paralimpiya hərəkatının qrafik rəmzi olmuşdur.

1972-ci ildə Kanadanın Toronto şəhərində keçirilən yarışlarda 44 ölkədən gəlmiş 1000-dən çox əlil mübarizə  aparmışdır. Yarışlarda yalnız əlil arabasında oturan idmançılar iştirak edirdilər. 1976-cı ildən isə onurğa zədələri olan idmançılara digər məhdudiyyətləri olan idmançılar - gözdən əlil və ətrafları amputasiya edilmiş adamlar da qoşulmağa başladılar. Beləliklə, hər növbəti oyunlardan sonra iştirakçıların sayı artır, ölkələrin coğrafiyası genişlənir, proqrama yeni-yeni idman növləri daxil edilirdi.

1988-ci ildə başqa bir yenilik oldu. Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş beynəlxalq oyunlarda əlil idmançılara sağlam olimpiyaçıların mübarizə apardıqları yay oyunlarının idman qurğularında yarışmaq hüququ verildi. Məhz həmin vaxtdan yarışlar sağlam olimpiyaçıların mübarizə apardıqları idman qurğularında keçirilməyə başladı. 1992-ci ildə isə təşkil edilən Beynəlxalq Paralimpiya Komitəsi onun hüquqi varisi oldu.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan da hərəkatdan kənarda qalmadı. Paralimpiyaçılarımız iştirak etdikləri 6 paralimpiyadada 38 medal qazandılar və şübhə etmirik ki, paralimpiya yığmamız növbəti dəfə də əldə edəcəkləri mükafatlarla bizi sevindirəcəklər.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunlarının atletika yarışlarına Azərbaycanın 12 idmançısı (9 kişi və 3 qadın) qatılacaq. Kişi idmançılardan Samir Nəbiyev, Elvin Astanov (nüvəitələmə), Oloxan Musayev (nüvə itələmə və disk atma), Səid Nəcəfzadə, Kamil Əliyev, Orxan Aslanov (uzunluğa tullanma), Həmid Heydəri, Orxan Qasımov (nizəatma), Elmir Cəbrayılov (qaçış, 100 m, 400 m), qadın atletlərdən isə Yelena Çebuna (qaçış, 100 m), Yuliya Yanovskaya və Lamiyə Vəliyeva (qaçış 100 m, 400 m) medallar uğrunda mübarizə aparacaqlar.

Cüdo yarışlarında qadınların mübarizəsində Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq) birincilik uğrunda tatami üzərinə çıxacaqlar. Kişilərin yarışında isə ölkəmizi Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) təmsil edəcəklər.

Parataekvondo yarışlarında 4 idmançımız mübarizə aparacaq. Qadınların yarışında Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58 kq), kişilərin mübarizəsində  İmaməddin Xəlilov (61 kq) və Əbülfəz Abuzərli (75 kq) dayanq üzərinə çıxacaqlar.

Üzgüçülük yarışlarında 2 kişi və 1 qadın təmsilçimiz gücünü sınayacaq. Raman Saleh 50 və 100 metr məsafələrə sərbəst, batterflay və arxası üstə üzgüçülük yarışlarına qatılacaq. Vəli İsrafilov isə 100 metr məsafəyə batterflay və brass üsulu ilə üzgüçülük yarışlarında iştirak edəcək. Qadın təmsilçimiz Dana Şandibina da 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında medal qazanmağa çalışacaq.

Pauerliftinq yarışlarında ölkəmizi Pərvin Məmmədov (49 kq), Nurlan Babacanov (97 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) təmsil edəcəklər. Güllə atıcılığı yarışlarında 2 idmançımız mübarizə aparacaq. Yelena Taranova 10, 25, 50, Kamran Zeynalov isə 10 və 50 metr məsafəyə atəşaçma yarışlarında güclərini sınayacaqlar.

Bu arada Tokio Yay Paralimpiya Oyunlarının təşkilatçıları Yaponiyanın 47 prefekturasından gətirilmiş alovun bir məşəldə toplanması mərasimini keçiriblər.

Mərasim zamanı səhnəyə ölkənin 47 prefekturasından toplanan məşəllər gətirilib. Vahid Paralimpiya alovunu isə Olimpiya mükafatçısı, cüdoçu Tadahiro Nomura, Paralimpiya Oyunlarının iştirakçısı Aki Taquçi və aktrisa Satomi İşihara alovlandırıblar.

Təəssüflə qeyd edək ki, XVI Paralimpiya Oyunlarına da koronavirus pandemiyasına görə tamaşaçılar buraxılmayacaqlar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM