24 Iyun 2020 00:12
1337
Səhiyyə
A- A+

Dünya yenidən karantində


Yer kürəsinin hər yerində tüğyan edən yeni tip koronavirusun, COVID-19-un yayılmasının qarşısının alınması üçün aylardır mübarizə aparılır. Ölkələr çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması məqsədilə lazımi addımlar atır. Lakin hələlik bu virusu tam ram etmək mümkün olmayıb. Əksinə, artıq bəzi ölkələrdə koronavirus epidemiyasının ikinci dalğasının başlandığı bildirilir. Halbuki daha əvvəl mütəxəssislər yoluxmanın ikinci dalğasının payızda və ya qışda başlayacağını proqnozlaşdırırdılar. Hətta bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin rəsmisi Hans Kluge yeni növ koronavirusun ikinci dalğasının payızda meydana gələ biləcəyi ilə bağlı xəbərdarlıq edərək, bütün ölkələrdə yoluxma sayının artımı ilə bağlı dərhal ciddi tədbirlərin görülməsinin vacibliyini bildirmişdi.


Epidemiyanın ikinci dalğası başlayıb


Lakin reallıq proqnozları üstələdi. Ötən gün İsrailin Səhiyyə Nazirliyi və Hərbi Kəşfiyyat İdarəsi nəzdində fəaliyyət göstərən Koronavirusa Qarşı Mübarizə Mərkəzinin birgə hesabatında epidemiyanın ikinci dalğasının başlandığı, iyulda minlərlə yeni yoluxmaya və yüzlərlə ölüm hallarına səbəb olacağı bildirilib: "Yeni dalğa əvvəlkindən xüsusiyyətlərinə görə fərqlənəcək, lakin bu o qədər də ciddi olmayacaq. Mövcud vəziyyətlə bağlı ciddi karantin rejimi yenidən tətbiq edilə bilər”.

Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadə və koronavirusun qarşısını almaq üçün digər tədbirləri ciddiyə almamasından narahatlığını bildirib, həmçinin xəstələrin qəbulu üçün ixtisaslaşdırılmış şöbələri açmağa hazır olduğunu bəyan edib.

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Çon İn Gyon paytaxt Seulda və ətraf bölgələrdə koronavirus infeksiyasına yoluxmanın ikinci dalğasının başladığını və payızadək davam edə biləcəyini deyib. Bundan başqa, Seul şəhər rəhbərliyi növbəti 3 gün ərzində yoluxanların sayının 30 nəfərdən çox olacağı təqdirdə məhdudiyyətlərin yenidən tətbiq olunacağını bildirib.


Ölkələr karantin tədbirlərini bərpa edirlər


Avropanın bir sıra bölgələrində koronavirus pandemiyasının ikinci dalğası ilə əlaqədar karantin tədbirlərinin bərpasına zərurət yaranıb.

İspaniya hökuməti Araqon bölgəsində, Uesk əyalətində koronavirus infeksiyası aşkarlandığından yenidən karantin tədbirlərinə start verib. Bu, Avropa İttifaqına üzv ölkədə izolyasiyanın ləğvindən dərhal sonra yeni məhudiyyətlərin tətbiq olunduğu ilk haldır. Mütəxəssislər hesab edirlər ki, infeksiya meyvə-tərəvəz yığımında iştirak edən işçilər arasında yayılmağa başlayıb.

Bundan başqa, paytaxt Madrid və Barselonada da infeksiya ocaqları aşkarlanıb.

Qonşu Portuqaliyada da iyunun 23-dən karantin rejimi yenidən sərtləşdirilib. Məhdudiyyətlər hələlik paytaxt Lissabon və şəhərə yaxın bölgələrə şamil olunub. Hökumət profilaktika tədbirləri qismində komendant saatı da tətbiq edib. Mağaza, kafe və barların işi axşam saat 8-ə kimi məhdudlaşdırılıb.

Portuqaliyada son bir ay ərzində koronavirusa yoluxanların sayı 9 min nəfəri keçib. Ümumilikdə ölkədə bu günədək 40 minədək yoluxma, 1,5 min ölüm qeydə alınıb.

Özbəkistan hökuməti koronavirusa yoluxma faktının artdığı Daşkənd məhəllələrində karantin rejimini sərtləşdirib. Bu barədə Özbəkistanın Nazirlər Kabinetinin Operativ Qərargahı məlumat yayıb. Bildirilir ki, binaların girişlərində postlar qurulacaq və 24 saatlıq növbətçilik sistemi əsasında vəziyyətə nəzarət olunacaq. Hazırda Daşkənd "sarı zona” elan edilib. Paytaxtın 71 məhəlləsi iyunun 17-dən "qırmızı zona”ya daxil olunub. Karantin rejimi avqustun 1-dək uzadılıb.

Qazaxıstanın Almatı şəhərində də koronavirus infeksiyası ilə bağlı vəziyyət pisləşdiyindən əlavə məhdudlaşdırıcı tədbirlər görülüb. Bu barədə ölkənin baş sanitar həkimi Jandarbek Bekşin Qazaxıstan KİV-nə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyət sakinlərin özünənəzarətindən asılıdır: "Sirr deyil ki, koronavirusa yoluxmanın baş verdiyi əsas yerlər insanların kütləvi toplaşdığı məkanlar və ictimai nəqliyyatdır. Məhz buna görə həftəsonu ictimai yerlərə giriş məhdudlaşdırılır və kütləvi dezinfeksiya tədbirləri görülür. Dezinfeksiya koronavirusa qarşı əsas profilaktika hesab edilir və bu səbəbdən şəxsi gigiyena qaydalarını gözləmək, əlləri yumaq, evlərdə dezinfeksiyaedici vasitələrdən istifadə etmək lazımdır”.


Tibbi maska taxmağın həyati əhəmiyyəti var


Türkiyədə pandemiya ilə əlaqədar maska taxmayan vətəndaşlara cərimə tətbiq edilməsinə başlanılıb. Cərimənin 900 türk lirəsi (təxminən 130 ABŞ dolları) olacağı qeyd olunur. İyunun 22-dən ölkənin bütün vilayətlərində tibbi maskaların taxılması məcburidir. Belə ki, 48 vilayətdə bütün yerlərdə, 33 vilayətdə isə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, kafelərdə və izdihamın müşahidə olunduğu digər yerlərdə maska taxılması mütləqdir.

Bolqarıstan hökuməti isə qapalı ictimai məkanlarda qoruyucu maska taxmaq rejimini təkrar tətbiq edib. Yeni qərara əsasən teatr, kinoteatr və digər qapalı məkanlarda maska taxmaq məcburi olacaq. Bolqarıstanda iyunun əvvəlində xüsusi karantin yumşaldılsa da, son iki həftə ərzində yoluxma sayı yenidən artdığından rejim bu ayın sonuna kimi uzadılıb.

Almaniyada karantin qaydalarının yumşaldılması koronavirusa yoluxma faktlarını artırıb. Robert Kox İnstitutunun hesablamalarına görə, Almaniyada hər 100 koronaviruslu şəxs virusu 288 nəfərə yoluxdurur. Yoluxdurma 0,89-dan 2,3 dəfəyə qədər artıb. Mütəxəssislərin fikrincə, buna səbəb böyük şəhərlərdə insanların maska və gigiyenik məhsullardan istifadə etməməsi, ictimai nəqliyyat, park və xiyabanlarda sosial məsafəni gözləməməsidir.

Artıq Köln şəhər bələdiyyəsi koronavirusa yoluxma hallarının artması ilə bağlı narahatlığını əyalət parlamentinə yazılı şəkildə bildirib.

Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün yanvar ayından zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Kütləvi tədbirlərin, insanların qrup şəklində bir arada olmasının qadağan edilməsi, təhsil müəssisələrinin və sərhədlərin bağlanması uğurlu tədbirlərdəndir. Bu tədbirlər, eləcə də karantin rejimi həyata keçirilməsəydi, ölkədə yoluxma və ölüm hallarının sayı fantastik rəqəmlərlə müşahidə olunardı. Təəssüf ki, atılan addımlara baxmayaraq, ölkədə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra virusa yoluxanların və ölənlərin sayı artdı. Bu da vətəndaşların laqeyd münasibəti və etinasızlığının, təcrid qaydalarına riayət olunmamasının acı nəticəsidir. Əgər insanlar məsuliyyətdən yayınıb şəxsi gigiyena qaydalarına əməl etməsələr, məsafə saxlamasalar, tibbi maskadan istifadə etməsələr, o zaman COVID-19-un yayılma sürəti həyata keçirilən istənilən qabaqlayıcı tədbiri üstələyəcək. Dövlətin infeksiyanın qarşısının alınmasına qarşı gördüyü işlərə cəmiyyət tərəfindən lazımi dəstək verilərsə, bu zaman virusun yayılma sürəti kifayət qədər azalar. Hər kəs bilməlidir ki, hökumətin atdığı addımlar yalnız vətəndaşların sağlamlığının qorunması üçündür. Vətəndaşlar isə öz növbəsində məsuliyyətli davranıb bu tədbirlərin effektli olmasına dəstək verməlidirlər. Sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatandan sonra da insanlar qaydalara əməl etməyi, bunu özlərinin yeni həyat tərzinə çevirməyi bacarmalıdırlar. Artıq şəxsi məsuliyyət ən yüksək səviyyədə dərk edilməlidir. Biz bu xəstəliyin qarşısını almaq, yoluxma faizini endirmək üçün nə etmək lazım olduğunu bilirik - ictimai məkanlardan, insanların toplaşdığı yerlərdən mümkün qədər uzaq durmaq, sosial məsafəni qorumaq, maska taxmaq. Bu qaydalara nə qədər çox riayət edilərsə, yoluxma halı da bir o qədər az olar.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video