30 May 2014 10:05
372
Elm və texnika
A- A+

Dünya gənc alimlərinin Beynəlxalq Bakı forumunun iştirakçıları Naxçıvanın füsunkar təbiətinə, möhtəşəm tarixinə, sosial-iqtisadi inkişafına və yüksək elmi potensialına heyran qalmışlar

Mayın 30-da dünya gənc alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçıları Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar.

AzərTAc xəbər verir ki, forum çərçivəsində keçirilmiş səkkiz paralel sessiyadan biri olan “Texniki elmlər” sessiyasının 80 nəfərədək iştirakçısının Naxçıvan ilə tanışlığı Batabat Astrofizika Rəsədxanasından başlanmışdır. Qonaqlara məlumat verilmişdir ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılmışdır. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak etmişlər. Muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometaları, asteroidləri, ulduzları və yaxın qalatikaları müşahidə və tədqiq etmək mümkündür. Alimlər Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinləmişlər.
Gənc alimlər Batabat yaylağının füsunkar gözəlliyini də hədsiz maraqla seyr etmişlər. Müxtəlif torpaq tiplərinin təşəkkül tapdığı ərazidə 2900-dək bitki növünün yayıldığı, 285 növ faunanın məskunlaşdığı barədə məlumatları dinləyən qonaqlar Naxçıvanın ecazkar təbiətinə heyranlıqlarını gizlətməmişlər.
Naxçıvan Dövlət Universiteti (NDU) ilə tanış olan alimlərə bildirilmişdir ki, hazırda NDU-nun 11 fakültəsində 47 ixtisas üzrə 5 min nəfərədək tələbə təhsil alır. Universitetdə ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. On ölkədən 200 nəfərdən çox xarici tələbənin təhsil aldığı NDU ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Türkiyə və digər ölkələrin universitetləri ilə geniş əlaqələrə malikdir.
Alimlər Naxçıvan şəhərindən 14 kilometr aralıda yerləşən Duzdağ Fizioterapiya Mərkəzində də olmuşlar. Qonaqların diqqətinə çatdırılmışdır ki, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən mərkəzin yeraltı şöbəsi duz mədənində, 110 metr dərinlikdəki 9 işlənmiş ştrixdə yerləşir. Burada duz layları arasında oksigen 20 faiz təşkil edir. Həmçinin duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər orqanizmə şəfaverici təsir göstərir. Duzdağ Fizioterapiya Mərkəzində əsasən allergik xəstəliklərdən, xüsusilə də bronxial astmadan əziyyət çəkənlər müalicə olunur. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeydə alınır.
Naxçıvan Gənclər Mərkəzində olan qonaqlar burada naxçıvanlı alimlərlə görüş keçirmiş, diskussiyalar aparmışlar. Onlara Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilmişdir.
Daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olan alimlərə bildirilmişdir ki, XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə 2013-cü ildə burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilmişdir. Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.
Buradakı eksponatlarla maraqlanan alimlərə məlumat verilmişdir ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V-III minilliyə aid təsərrüfat küpü, müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Muzeydə, həmçinin xalçalar və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.
Muxtar respublikanın ərazisindəki 600-dək abidənin dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olması faktı alimlərin böyük marağına səbəb olmuşdur. Qeyd edilmişdir ki, bu diyarın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh peyğəmbərin məzarının olmasıdır. Eramızdan əvvəl I əsrdə yəhudi tarixçisi İosif Flavi və eramızın II əsrində yunan coğrafiyaşünası Klavdi Ptolemey Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, rus tədqiqatçısı K.A.Nikitin isə 1882-ci ildə nəşr etdirdiyi məqaləsində Naxçıvan şəhərinin əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğunu qeyd etmişdir.
Bununla da dünya gənc alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçılarının Naxçıvana səfəri başa çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video