07 Aprel 2021 00:57
545
İQTİSADİYYAT
A- A+

Dünya Bankı Azərbaycanda aparılan islahatlara dəstək verir

 

Azərbaycan Dünya Bankı ilə uzun illərdir bir çox istiqamətlərdə geniş əməkdaşlıq edir. Qarşılıqlı əlaqələr getdikcə dərinləşir, vacib məsələlər üzrə fikir mübadiləsi aparılır, birgə qərarlar və fəaliyyət planları qəbul olunur.

Dünya Bankının regional direktoru Sebastian Molineusun ölkəmizə növbəti səfəri, müvafiq qurumların rəhbərləri ilə görüşləri, ən başlıcası, Prezident İlham Əliyevin onu  qəbul etməsi ölkə iqtisadiyyatının inkişafı üçün vacib olan  birgə layihələr üçün geniş imkanlar yaradır. Prezident

İlham Əliyev qəbulda bu münasibətləri belə dəyərləndirmişdir: “Bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir”.

Dövlət başçısı belə hesab edir ki, Dünya Bankının ölkə iqtisadiyyatının çox vacib sahələrinə, o cümlədən infrastrukturun inkişafına verdiyi dəstək faydalıdır. Bu sırada TANAP-ın maliyyələşdirilməsi və digər maliyyə institutlarına göstərilən kömək xüsusi əhəmiyyət daşıyır. Məsələn, TANAP-ın da daxil olduğu  “Cənub qaz dəhlizi” artıq  tam sistem olaraq fəaliyyət göstərir.

Belə dərin beynəlxalq əməkdaşlıq Azərbaycanın mövqeyinin güclənməsinə də təsir edir. “Doing Business” proqramında ölkəmiz 191 ölkə arasında

28-cidir. Bu o deməkdir ki, islahatlar dərinləşdikcə ölkə iqtisadiyyatının daha uğurlu inkişafı üçün münbit zəmin yaranır.

Dövlət başçısı sözügedən qəbulda onu da bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun inkişafına böyük ehtiyac var: “Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz, əlbəttə ki, minalardan təmizləmə, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”.

Xəbər verildiyi kimi, Sebastian Molineus Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla da görüşüb. E.Rüstəmov ölkəmizin maliyyə sektorunda görülən işlərdən danışarkən bildirib ki,  qlobal bazarlarda baş verən mürəkkəb proseslərə, neftin qiymətindəki volatilliyə, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklərə, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq, 2020-ci il bizim üçün bütövlükdə uğurlu keçmiş, makroiqtisadi sabitlik qorunmuş və iqtisadi azalma minimal olmuşdur.

S.Molineus Azərbaycanın yeni iqtisadi inkişaf strategiyasının hazırlanmasını olduqca mühüm addım saydığını və islahatların həyata keçirilməsində təmsil etdiyi bankın lazımi dəstəyi verməyə hazır olduğunu bildirmişdir. Görüşdə həmçinin Azərbaycanın Mərkəzi Bankı ilə Dünya Bankı arasında mövcud əməkdaşlıq istiqamətləri, maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılmışdır.

 İqtisadiyyat Nazirliyi də Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir. Bu iki qurum arasında əlaqələr çoxşaxəlidir. Dünya Bankı ilə özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.

Təsadüfi deyil ki, S.Molineus Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nəsil islahatlara start verilmiş, növbəti 10 il üçün milli prioritetlər müəyyən edilmişdir. İslahatların geniş spektri məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına, Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəlmişdir. Dövlətin belə dəqiq perspektivlərə hədəflənməsi beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı ilə əməkdaşlığın məzmununu dərinləşdirir. Bu qurum strateji tərəfdaş kimi sözügedən islahatlarda da Azərbaycana dəstək vermək niyyətindədir.

Ekspertlər iqtisadiyyat naziri Mikayıl Cabbarovun  Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşü də iki qurumun qarşılıqlı əməkdaşlığının dərinləşməsinə xidmət edən amil kimi dəyərləndirirlər. Belə ki, İqtisadiyyat Nazirliyi Dünya Bankının ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyini yüksək qiymətləndirir. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Dünya Bankı tərəfindən bəyənilir, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilir.

 Sonda onu da qeyd edək ki, Dünya Bankı ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün öz maliyyə resurslarından, yüksəkixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir. Bu qurum digər banklardan fərqli olaraq dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişafında əvəzsiz rola malikdir. Qurumun fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan və inkişaf edən, eləcə də yoxsul ölkələrə kreditlər vasitəsilə yardım göstərmək, yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv dövlətlərin inkişafını təmin etməkdir. Bankın fəaliyyəti  insani inkişaf (təhsil, sağlamlıq və s.), kənd təsərrüfatı və kəndlərin inkişafı, ətraf mühitin qorunması, infrastruktur, idarəetmə və s. sahələri əhatə edir. Bu baxımdan da Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığı çoxşaxəli xarakter daşıyır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video