26 Noyabr 2021 00:38
1581
SİYASƏT
A- A+

Dövlətin etibarlı sosial müdafiə siyasəti

 

İlham Əliyevin yeni inkişaf strategiyası postmüharibə dövrünün şərtlərinə uyğun hazırlanıb

 

Dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosialyönümlüyünün ön planda saxlanılmasıdır.

Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan uğurla çıxaran Prezident İlham Əliyev ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman ciddi addımlar atır. Bunu qlobal pandemiya ilə mübarizə dövründə Prezidentin hazırladığı sosial-iqtisadi dəstək paketi də bir daha təsdiqlədi.

 

Böhran şəraitində ən böyük iqtisadi dəstək proqramı

 

Son 18 ildə Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti göz önündədir. İlham Əliyev məhz pandemiya ilə mübarizə zamanı, yəni dünya iqtisadiyyatının tənəzzülü dövründə də xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı.

Böhran şəraitində əhalinin sosial rifah halının yüksəldilməsi - vətəndaşların əməkhaqları və pensiya təminatının yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, paytaxtda və bölgələrdə müasir sosial infrastrukturun yaradılması prioritet olaraq qaldı. Heç bir sosial layihə təxirə salınmadı.

Maliyyə həcmi 3 milyard manat olan bu sənəd müstəqillik tariximizin ən böyük iqtisadi dəstək proqramı adlandırıldı. Prezidentin ən böyük sosial-iqtisadi paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramlarına əsasən, karantin dövründə əhalinin sosial müdafiəsinin təminatı sahəsində mühüm addımlar atıldı. Məhz bu proqramlarda nəzərdə tutulan məşğulluq və sosial rifaha dəstək tədbirləri 5 milyon nəfəri əhatə etdi. Dövlət sektorunda çalışan 900 min nəfərin, özəl sekorda isə 760 min nəfərin iş yeri və əməkhaqları qorundu. Sahibkarlıq subyektlərinə böyük güzəştlər edildi.

İşsiz vətəndaşlara hər ay ödənilən 190 manatlıq birdəfəlik müavinətlər, ümumilikdə, 333 milyon manat təşkil etdi. 85 min ailəyə, aylıq orta məbləği 225 manat olmaqla ünvanlı sosial yardım verildi. Beləliklə iqtisadiyyatdakı tənəzzülə baxmayaraq, cənab İlham Əliyevin təxirə salmadan reallaşdırdığı sosial layihələr bir daha Azərbaycanın həm də sosial dövlət olduğunu təsdiqlədi.

 

Büdcədə sosial xərclərin payı 46,5 faizə çatdırılır

 

Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosial yönümlü xərclər artırılır. 2022-ci ilin büdcəsi də Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb. Bu büdcənin sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır.

Milli Məclisdə gələn ili dövlət büdcəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılıb. Məlum olub ki, “Zəfər büdcəsi” adlandırılan dövlətin ali maliyyə sənədi müstəqillik tariximizin ən böyük büdcəsidir.

Hər zaman olduğu kimi, 2022-ci ilin dövlət büdcəsi də sosialyönümlüdür. Sosialyönümlü büdcə o büdcədir ki, onda sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur. Dünya praktikasında sosial xərclərin payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, sosial xərclər dedikdə bura təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və digər sosial əhəmiyyətli sahələr daxildir.

Bir tərəfdən, qlobal pandemiya ilə mübarizə tədbirlərinin davam etməsi, digər tərəfdən, İkinci Qarabağ müharibəsinin yaratdığl sosial-iqtisadi çətinliklərə baxmayaraq, büdcədə sosial xərclərin payı 46,5 faizə catdırılacaq və bu 2021-ci ilə nisbətən 13,5 faiz və ya 1 milyard 650 milyon manat artım deməkdir. Təhsil sahəsinə 3 milyard 884 milyon, səhiyyəyə icbari sığorta öhdəlikləri də nəzərə alınmaqla 1 milyard 789 milyon manatın ayrılması proqnozlaşdırılır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin dövlət büdcəsində gələn il yanvarın 1-dən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı yaradılıb.

Növbəti ildə büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 25 faiz, qeyri-büdcə sektorunda isə 14,5 faiz təşkil edəcək. Gəlirlərin artımı orta aylıq əməkhaqqının artımı ilə şərtləndirilir. Orta aylıq əməkhaqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat və ya 8,7 faiz artaraq 807 manat olacağı proqnozlaşdırılır.

Göründüyü kimi, dövlət qlobal pandemiya ilə mübarizə dövründə də üzərinə düşən vəzifələri layiqincə həyata keçirir, heç bir sosal layihənin icrasını təxirə salmır. Bütün bunları Azərbaycan hökuməti öz hesabına, heç bir təşkilatdan borc almadan həyata keçirir. Əlbəttə ki, Azərbaycanın pandemiya ilə mübarizə planlarını, sosial layihələrini öz hesabına reallaşdırması Prezident İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətli, cəsarətli qərarlarının göstəricisidir.

Bütün bunlar onu deməyə əsas verir ki, bu siyasət davamlıdır. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var. Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyev postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video