09 Sentyabr 2011 07:09
455
İQTİSADİYYAT
A- A+

Dövlətin elektroenergetika strategiyası «Bakıelektrikşəbəkə» ASC tərəfindən uğurla həyata keçirilir

 

Bakı şəhərini və ətraf qəsəbələri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, paytaxtın elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Dövlətimizin başçısı dəfələrlə bildirmişdir ki, paytaxtın və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yeni istehsal müəssisələrinin yaradılması, qeyri-neft sektorunun sürətli inkişafı, şəhərdə aparılan genişmiqyaslı sosial-mədəni və yaşayış komplekslərinin inşası, habelə  istehlakçıların sayının dəfələrlə artması elektrik enerjisinə olan tələbatı kəskin surətdə artırır və bu da elektrik şəbəkəsinin normal fəaliyyət göstərməsi üçün daha ciddi tədbirlər görülməsini zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında paytaxtın paylayıcı elektrik şəbəkəsinin kompleks inkişafını nəzərdə tutan dövlət proqramı təsdiqlənmişdir.

Dövlət proqramına uyğun olaraq enerji istehlakçılarına  mütəmadi olaraq, xüsusən də payız-qış mövsümündə yüksək səviyyədə xidmət göstərmək məqsədilə "Bakıelektrikşəbəkə" ASC tərəfindən genişmiqyaslı yenidənqurma və təmir-profilaktiki işlər həyata keçirilir. İstismar müddəti bitmiş və şəbəkənin bugünkü tələbatını ödəməyən avadanlıqlar texniki baxımdan daha müasirləri ilə əvəz olunmaqla, yeni yarımstansiyalar tikilməklə,  elektrik verilişi xətləri çəkilməklə, habelə ən müasir elektrik avadanlıqları tətbiq olunmaqla  şəbəkə yeniləşdirilir və gücləndirilir. 2011-2012-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar "Bakıelektrikşəbəkə" ASC-nin texniki direktoru Sadıq Sadıqov istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində görülmüş işlərlə bağlı əməkdaşımızla söhbətində demişdir:

- Enerji istehlakçılarının il boyu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın icrası məqsədi ilə "Bakıelektrikşəbəkə" ASC üzrə İnvestisiya Proqramı hazırlanıb və bu proqram çərçivəsində paytaxtın enerji təchizatının yaxşılaşdırılması sahəsində müntəzəm olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətinin bərpa edildiyi dövrdən sonra İnvestisiya Proqramı çərçivəsində müasir tipli 14 ədəd 110 kV-luq, 29 ədəd 35 kV-luq yeni yarımstansiyalar, 128 ədəd transformator məntəqəsi inşa edilmiş, 2000 kilometrə yaxın elektrik verilişi xətləri çəkilmişdir. Hazırda 5 ədəd 110 kV-luq, 16 ədəd 35 kV-luq yarımstansiyalarda işlər yekunlaşmaq üzrədir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 70 faiz artmışdır.

Paylayıcı şəbəkə üzrə aparılan yenidənqurma işlərinin, xüsusən də 0,4 kV-luq elektrik şəbəkələrinin özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının, elektrik enerjisi uçotunun aparılmasında müasir texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların məsafədən idarə olunması üçün "SCADA" sisteminin və yarımstansiyalarda müasir rele mühafizəsi və avtomatika sistemlərinin tətbiqinin nəticəsidir ki, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edilənədək istehlakçıların enerji təchizatında uzunmüddətli fasilələrlə müşayiət olunan qəza açılmaları minimuma enmişdir. Texniki itkilərin səviyyəsi 6 faiz azaldılaraq hazırda bu göstərici 10 faizə endirilmiş, ifrat yüklənmə halları aradan qaldırılmışdır. İstehlakçıların fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin olunmasına yönələn tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bu gün də davam etdirilir.

İqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetika sahəsində də aparılan islahatların mərkəzində, şübhəsiz ki, insan amili durur. Məhz bu səbəbdən texniki personalın iş şəraitinin yaxşılaşdırılması səhmdar cəmiyyətinin rəhbərliyinin daim diqqət mərkəzindədir və bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilir. "Bakıelektrikşəbəkə" ASC-nin mərkəzi  idarəetmə aparatı şəhərin memarlıq üslubuna uyğun inşa edilmiş və mərkəzi elektron idarəetmə sistemi ilə təchiz olunmuş yeni binaya köçürülmüşdür. Əvvəllər ərazilərdə yalnız iki inzibati binası olan şəbəkədə bu gün Səbail, Yasamal, Binəqədi, Nəsimi, Nizami və Nərimanov rayonlarının enerji təchizatı və satışı idarələri üçün yeni inzibati binalar, habelə Zirə, Binə, Keşlə, Zabrat, Buzovna və Pirallahı qəsəbələrində xidmət məntəqələri inşa edilmişdir. Ehtiyat hissələrinin saxlanması üçün müasir tipli anbar, habelə elektrik sayğaclarının test və təmiri üçün ən mütərəqqi texnologiyalarla təchiz edilmiş binalar tikilmişdir.

Son illərdə Bakı şəhərində vüsət alan genişmiqyaslı sənaye, sosial-mədəni və yaşayış komplekslərinin inşası, habelə istehlakçıların sayının artması ilə əlaqədar elektrik enerjisinə olan tələbatın dəfələrlə  yüksəlməsinə baxmayaraq, görülmüş tədbirlərin nəticəsidir ki, həmin infrastrukturların və abonentlərin bütün mövsümlərdə fasiləsiz və dayanıqlı  elektrik təchizatı təmin olunur. 2011-2012-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı qeyd etmək istərdim ki, "Bakıelektrikşəbəkə" ASC üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən, şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətdə həyata keçirilir. Bu məqsədlə elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, bina və qurğuların təmiri, maşın və mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda texniki hissələrin, avadanlıqların ehtiyatının yaradılması, kontakt birləşmələrinin və transformatorlarda soyutma sistemlərinin təftişi, rele mühafizəsi və avtomatika vasitələrinin, nəzarət-ölçü cihazlarının profilaktik yoxlanılması, elektrik verilişi xətlərinin təmiri, metal konstruksiyaların təmiri, avadanlıqlarda yanğına qarşı müvafiq tədbirlərin görülməsi və sairə kimi tədbirlər  yerinə yetirilməkdədir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf  strategiyasının müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızın hərtərəfli inkişafına və tərəqqisinə çox böyük təkan vermişdir. Ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, paytaxtın enerji təchizatının yüksək səviyyədə təmini və enerji sektorunda intizamın gücləndirilməsi məqsədilə "Bakıelektrikşəbəkə" ASC-də əsaslı islahatların aparılması bundan sonra da davam etdiriləcəkdir.

 

E.HACIALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video