03:33 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət qayğısı Ağsunu gülüstana döndərib
ANA SƏHİFƏ / SİYASƏT
02:12 24.12.2011

 

Başa çatmaqda olan 2011-ci il də ölkəmizin, o cümlədən regionların inkişafı üçün çox uğurlu olmuşdur. Nəzərə alsaq ki, əksər ölkələrdə tənəzzül müşahidə olunub, onda Azərbaycanda qazanılan uğurların əhəmiyyəti daha da artır. Respublikanın regionlarının inkişafına gəldikdə isə bununla bağlı Prezident İlham Əliyev demişdir: "Mən tez-tez regionlarda oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır".

Ağsu rayonunda da regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramından irəli gələn vəzifələr, sosial-infrastruktur layihələri uğurla yerinə yetirilir. Həyata keçirilən tədbirlərdə, aparılan abadlıq-quruculuq işlərində milli memarlıq xüsusiyyətləri müasirliklə ahəngdar şəkildə uyğunlaşdırılır. Ağsunun son illər qazandığı ən böyük uğurlardan biri də rayonda kifayət qədər iş yerlərinin açılmasıdır. Son 7 il ərzində 4145-i daimi olmaqla 8031 iş yeri açılıb. 2011-ci ilin 9 ayında isə açılan 618 yeni iş yerinin 193-ü daimi olub.

Rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2010-cu ildə 3,7 dəfə artaraq 90,1 milyon manata, sənaye məhsulunun həcmi 28 dəfə artaraq 1,7 milyon manata, kənd təsərrüfatı məhsulunun həcmi 2,5 dəfə artaraq 44,7 milyon manata çatıb. Əsas kapitala yönəldilən investisiya 72,8 dəfə artaraq 20,4 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 78,3 dəfə artaraq 18,7 milyon manat təşkil edib.

Regional Dövlət Proqramında Ağsu ilə bağlı nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcına səbəb olub. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev söhbət əsnasında qeyd etdi ki, bütün uğurların və nailiyyətlərin təməlində dövlətin və ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı dayanır. Bu qayğı bizim üzərimizə daha böyük məsuliyyət qoyur, çalışırıq ki, cənab Prezidentin bütün tapşırıq və tövsiyələrini vaxtında, məsuliyyətlə yerinə yetirək.

Hələ 2009-cu il oktyabrın 29-da Ağsu rayonuna səfəri zamanı bir çox yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edən Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşündə Ağsuda görülən işlərdən razılığını bildirmişdir: "Mən rayonda gedən proseslərlə bu gün yaxından tanış olmuşam və sizi bütün bu gözəl nailiyyətlər münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Rayon rəhbərliyi çox səmərəli işləyir, şərait də çox işgüzardır və nəticələr də göz qabağındadır. Bu nəticələri nə gizlətmək, nə də danmaq olar, hər şey göz qabağındadır. İş olan yerdə nəticə də vardır. 4 il bundan əvvəl Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu gün Ağsu, deyə bilərəm ki, Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. Çox böyük işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır".

Dövlət başçısının Ağsuda görülən işlərlə bağlı söylədiyi xoş sözlərdən, verdiyi tapşırıq və tövsiyələrdən ötən müddət ərzində reallaşan çoxsaylı layihələr, görülən abadlıq - quruculuq işləri rayonu tamamilə dəyişən və müasirləşən bir diyara çevirib. Rayonda ulu öndərin zəngin irsinin gənc nəslə çatdırılmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi istifadəyə verilib, Heydər Parkının ərazisi genişləndirilərək müasir layihəyə uyğun əsaslı şəkildə yenidən qurulub.  Böyük Vətən və Qarabağ müharibələrinin, 20 Yanvar şəhidlərinin rəmzlərini özündə birləşdirən "Qəhrəmanlar parkı" xatirə kompleksi, turistlərin və rayon sakinlərinin mənalı istirahət yerinə çevrilən Heydər  Əliyev seyrəngahı son üç ilin tikintilərindəndir.

2004-2010-cu illərdə Avtovağzal kompleksi, Azərbaycan Respublikasının Dövlət Bayrağı tikinti kompleksi, rayon icra hakimiyyəti, prokurorluq və məhkəmə, maliyyə idarəsi, DSMF rayon şöbəsi, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin Seçki Komissiyası, 3 saylı rayonlararası Qeydiyyat-İmtahan bölməsi, su kanal idarəsi, kənd yaşayış məntəqələrində 4 poçt şöbəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Fövqəladə Hallar nazirliklərinin rayonda fəaliyyət göstərən şöbələri üçün müasir dizaynda yeni inzibati binalar inşa edilib. Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət sarayı, Poçtamt və Telekommunikasiya Qovşağı, Statistika İdarəsi, Suvarma Sistemləri İdarəsi, bir çox digər müəssisə, idarə, təşkilatlara məxsus binalarda əsaslı bərpa və təmir işləri görülüb.

Ötən müddətdə təhsil və səhiyyə obyektlərinin maddi-texniki bazası daha da möhkəmləndirilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, keçmiş sovetlər ittifaqı dövründə 20-25 ildə bir yeni məktəb binası tikilirdisə, son 7 il ərzində rayonun 15 ümumtəhsil məktəbi üçün dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana - yeni məktəblər" layihəsi çərçivəsində ümumi şagird yerlərinin sayı 3364 olan, kompyuter texnikası ilə təchiz edilmiş yeni binalar  inşa olunub. Bu dövrdə 13 əlavə sinif korpusu tikilərək 4 məktəbdə genişləndirmə işləri aparılıb. Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayılıq yeni bina inşa olunub. Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində rayonun Ərəbmehdibəy kəndində tibb məntəqəsi yerləşən bina əsaslı təmir edilib.

RİH başçısı Ənvər Seyidəliyev deyir: - Hələ 2007-ci ildə Ağsu rayonunun inkişafı ilə bağlı proqram hazırlanarkən iqtisadiyyatda kənd təsərrüfatı üstün sahə olduğu üçün ilk növbədə mövcud potensialdan - yerli xammaldan səmərəli istifadə olunmaqla fəaliyyət göstərən emal müəssisələrinin yaradılmasını nəzərdə tutduq. Cənubi Qafqazda ən böyük istehsal müəssisələrindən olan, ildə 5 min ton məhsul qəbul etmək gücünə malik "Az Qranata" MMC-nin Şirə və şərab emalı zavodunun tikintisi başa çatdırıldı. 30 oktyabr 2011-ci ildə ölkə rəhbəri İlham Əliyevin iştirakı ilə bu müəssisənin açılışı oldu.

Rayonda sənayenin digər sahələri də inkişaf etdirilir. Sovet dövründə fəaliyyət göstərən çörək zavodu əhalinin tələbatını tam ödəyə bilmirdi, çörək məmulatının keyfiyyəti isə aşağı idi. Odur ki, yeni müəssisənin açılması ciddi şəkildə qarşımızda dururdu. Görülən məqsədyönlü tədbirlər nəticəsində bu məsələ də həll olundu. Müasir avadanlıqlarla təchiz olunmuş, sutkada 5 ton çörək və çörək məmulatları istehsal edən zavod da istifadəyə verildi. Yeri gəlmişkən deyim ki, Ağsu şəhərində yeni texnologiya əsasında gün ərzində 20 ton un istehsal edən dəyirman və ərazidən keçən çayların ehtiyatlarından istifadə hesabına 3 qum-çınqıl karxanası açılıb. Əhali boru və plastik qapı-pəncərə hazırlayan sexlərin məhsullarından da geniş istifadə edir.

Dövlət başçısı İlham Əliyev bütün bölgələrə qayğı ilə yanaşır, hər səfərindən sonra regionlarda olan çətinliklərin aradan qaldırılması ilə bağlı vəsait ayrılması, yardım göstərilməsi barədə sərəncamlar imzalayır. Uzun illər idi ki, Ağsuda əhali içməli su sarıdan ciddi korluq çəkirdi, əkin sahələrinin suvarma suyu ilə təminatında böyük rolu olan Yuxarı Şirvan Kanalının Ağsu qolu istifadəsiz qalmışdı. Məhz ölkə Prezidentinin 2006-cı və 2009-cu illərdə Ağsuya səfərlərindən sonra imzaladığı sərəncamlarla hər iki problem həll edilib. Kanalda və ona xidmət edən nasos stansiyasında 1 milyon manatlıq əsaslı təmir işləri görülüb. Ötən il isə 3,7 milyon manat dəyəri olan layihə əsasında dağlıq ərazilərdəki bulaq sularının gətirilməsi üçün polad borularla 25 kilometr uzunluğunda yeni kəmər çəkilib və digər zəruri tədbirlər həyata keçirilib. Kənd yerlərində də içməli suyun keyfiyyətinin müəyyən edilmiş tələblərə cavab verməsi üçün Kəndoba və Ağabəyli kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Rayonda elektrik, qaz, yol infrastrukturları onillər bundan əvvəl istifadəyə verilmiş və çoxdan idi ki, təzələnmirdi. Bu məsələlər də həllini tapıb. Ağsu şəhərində respublikada birincilər sırasında elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunub və Smart-Kart tipli sayğaclar quraşdırılıb. Başa çatmaqda olan 2011-ci ildə 16 yaşayış məntəqəsi təbii qazdan istifadə edib, bu yaxınlarda daha 2 kəndə - Ərəbsarvan və Hacıqədirli kəndlərinə qaz verilişi bərpa edilib. Qalan kəndlərin qazlaşdırılması 2013-cü ilədək başa çatdırılmalıdır. Ağsu şəhərində qaz abonentlərinin Smart-Kart sayğacları ilə təmin olunmaları istiqamətində də işlər aparılır.

Son illərin ən böyük uğurlarından biri də kənd yaşayış məntəqələrinin inkişafı ilə bağlıdır. Rayonun Çiyni kəndində  irimiqyaslı tikinti və infrastruktur proqramı həyata keçirilir.  Yollar asfatlaşdırılıb, kəndə təbii qaz verilişi bərpa olunub, elektrik təsərrüfatı tamamilə yenidən qurulub. Müasir məktəb binası, yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsi üçün ikimərtəbəli inzibati bina, 100 yerlik Mədəniyyət evi inşa olunub və kənd stadionu istifadəyə verilib.

Son illərə qədər Ağsuda idmanın kütləviliyi ilə bağlı işlər lazımi səviyyədə deyildi. Bunun bir səbəbi də müasir idman-sağlamlıq ocaqlarının olmaması idi. Hazırda Ağsu şəhərində 3 min yerlik stadion, gənclərin və yeniyetmələrin yaradıcılığının səmərəli təşkili üçün Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Ağsuya sonuncu səfəri zamanı Prezident İlham Əliyev bu obyektlərin açılışında da iştirak edib. Səfər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısı demişdir: "Yenidən Ağsuda olmağımdan çox məmnunam. Mən çox şadam ki, Ağsu rayonunda işlər yaxşı gedir, rayon gözəlləşir, abadlaşır. İki il bundan əvvəl gəlmişdim, o vaxtdan bu günə qədər görülən işlər məni çox sevindirir.

Deyə bilərəm ki, Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu, məni çox sevindirir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir.

...Mən görülən işləri qiymətləndirirəm. Yenə də demək istəyirəm, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, qabağa getməliyik, sürətlə getməliyik ki, Azərbaycan bütün dövrlərdə inkişaf etsin, güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın".

Dövlət başçısının görülən işlərə verdiyi yüksək qiymət, Ağsunun bugünkü inkişafı rayon sakinlərində haqlı olaraq qürur doğurur. Səfərdən az sonra Ağsuda yeni xəstəxana binasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq üç milyon manat vəsait ayrılması barədə dövlət başçısının sərəncam imzalaması  bir daha onu göstərdi ki, insanların heç bir arzusu, təklifi və ya çətinliyi ölkə rəhbərinin diqqətindən kənarda qalmır.

Ağsuda yol tikintisi və təmiri işləri də hər il ciddi nəzarətdə saxlanılır. Dövlət Neft Şirkətindən ayrılmış 500 min manat və hər il üçün rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Ağsu şəhərinin yeni salınan məhəllə və küçələri asfatlaşdırılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 12 kənddə ümumi uzunluğu 75,4 kilometr olan yolların təmir olunmasına 735,1 min manat vəsait xərclənib. Ağır yükgötürmə qabiliyyətinə malik nəqliyyat vasitələrinin Ağsu şəhərinin küçə və meydanlarına daxil olaraq hərəkətdə çətinliklər yaratmasının qarşısını almaq üçün Ağsu-Kürdəmir və Bakı-Şamaxı-Yevlax magistrallarını birləşdirən dairəvi yolun tikintisinin birinci hissəsi başa çatıb, uzunluğu 2,5 kilometr olan çınqıl yol istifadəyə verilib. Yolun asfaltlaşdırılması işləri də başa çatmaq üzrədir.

Hələ ötən illərdə Ağsuda turizmin imkanlarından istifadə etmək nəzərdə tutulmuşdu. Azərbaycan Milli Elmlər Akademiyası  Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Ağsu rayonu ərazisində arxeoloji qazıntı işlərinə başlanılıb. Məqsəd Azərbaycanın turizm marşrutlarından kənarda qalmış Ağsu rayonunun tarixi  abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə cəlb etməkdir. Ağsuda aparılan tədqiqatlar nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin geniş və hərtərəfli tədqiqi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Arxeoloji qazıntılar rayonun tarixinin daha qədimə - XII əsrə aid olmasını sübut edir. Bu istiqamətdə görülən işlər və bu il fevral ayının 5-də açılmış "Orta əsr Ağsu şəhəri: sənətkarlıq məhəlləsi" sərgi kompleksi turistlərin qəbulu üçün hər cür şəraitin olduğunu göstərdi.

Bəli, son illər Ağsu şəhərinin və kəndlərin siması tanınmaz dərəcədə dəyişib. Geniş həcmdə abadlaşdırma və quruculuq işləri görülüb. Rayon əhalisinin bir çox problemləri aradan qaldırılıb, elektrik enerjisi, təbii qaz, su və digər xidmətlərə ehtiyacı etibarlı şəkildə ödənilib. İnsanların yaşayış tərzi yaxşılaşıb, yeni, hər cür rahatlığı olan mənzillər tikilib istifadəyə verilib. Son 7 il ərzində orta aylıq əməkhaqqı 5,7 dəfə artaraq 188 manata çatıb.

Ümummilli lider Heydər Əliyev hələ 1981-ci ildə Ağsuda olarkən "Ağsu respublikanın qabaqcıl rayonları səviyyəsinə çıxmalıdır. Bunun üçün imkan və şərait vardır" demişdir. Ulu öndərin həmin arzusu bu gün bir reallığa, həqiqətə çevrilib. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev Ağsunu Azərbaycanın ən qabaqcıl rayonlarından biri adlandırıb. Başa çatmaqda olan 2011-ci ili ağsulular məhz belə bir yüksək ovqat və işgüzarlıqla, daha böyük uğurlara nail olmaq arzusu ilə yola salırlar.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM