28 Sentyabr 2011 12:09
514
Təhsil
A- A+

Dövlət İqtisad Universitetinin 80 illik yubileyi qeyd olunmuşdur

 

Sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə universitetin əsas korpusunun girişində ümummilli lider Heydər Əliyevin bu binada təhsil almasını əks etdirən xatirə lövhəsinin açılışı olmuşdur. Sonra mərasim iştirakçıları ulu öndərin universitetin foyesindəki abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri düzmüşlər.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, xarici ölkə səfirlərinin, Azərbaycan və bir sıra xarici ölkələrin ali məktəb rektorlarının,  ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncaqda təhsil naziri Misir Mərdanov respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə universitetin 3 əməkdaşının "Şöhrət" ordeni,  33 nəfərin "Tərəqqi" medalı ilə təltif olunması və 19 nəfərə "Əməkdar müəllim" fəxri adı verilməsi  barədə dövlətimizin başçısı İlham Əliyevin sentyabrın  26-da imzaladığı sərəncamlarını oxumuşdur. Bundan əlavə, bir qrup əməkdaş Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına və fəxri fərmanlara layiq görülmüşdür. 

M.Mərdanov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilimizin inkişafında, dünya təhsil sisteminə inteqrasiya olunmasında misilsiz xidmətlərini xatırlatmış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Nazir universitetin müəllim və tələbələrini yubiley münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.    

Universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin   sədri, professor Şəmsəddin Hacıyev təhsilimizə göstərdiyi diqqət və qayğıya  görə kollektiv adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Rektor rəhbərlik etdiyi ali məktəbin tarixindən danışaraq demişdir ki, 1930-cu ildə əsası qoyulmuş təhsil ocağının sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, vergi sistemi və s. sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rolu olmuşdur. ADİU indiyədək 120 mindən çox müxtəlif profilli iqtisadçı hazırlamışdır.

Xüsusi vurğulanmışdır ki, ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan ADİU-nun  80 illik tarixinin  ən yaddaqalan  illləri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il  tarixli  fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb - Azərbaycan Dövlət  İqtisad Universiteti yaradılmışdır. Beləliklə, 1930-cu ildə əsası qoyulmuş universitet kiçik bir fakültədən bu gün Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilmişdir. Universitet ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur.

Son illər universitetin maddi-texniki bazası xeyli möhkəmlənmiş, respublikanın Avropa təhsil məkanına qoşulması ilə əlaqədar tədris planları və proqramları müasir tələblərə uyğunlaşdırılmışdır. ADİU-da informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunur. Ölkəmizdə ilk dəfə burada "Magistr hazırlığı mərkəzi", elmi-tədqiqat institutu  yaradılmışdır.

Ş.Hacıyev bildirmişdir ki, 2002-ci il iyunun  13-də  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ADİU-nun 70 illik yubiley mərasimində iştirakı universitet kollektivinin xatirində əbədiyaşar hadisəyə çevrilmişdir. Onun tövsiyələri universitetdə təhsil-tərbiyənin səmərə və keyfiyyətinin yüksəlməsində, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli   kadr hazırlığında həlledici rol oynamışdır. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur.

Universitetdə son zamanlar aparılan köklü keyfiyyət dəyişikliklərinə ən yüksək qiymətin Prezident İlham Əliyev tərəfindən verildiyi diqqətə çatdırılmışdır. 2007-ci ilin oktyabrında dövlətimizin başçısı ADİU-nun yeni korpusunun açılış mərasimində iştirak etmiş  və proqram xarakterli nitq söyləmişdir. O, universitetdə həyata keçirilən islahatlara çox yüksək qiymət vermiş, kollektivə ən xoş arzularını yetirmiş,  uğurlar arzulamışdır.

Bildirilmişdir ki, Azərbaycan  Prezidentinin göstərişi ilə başlanmış ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksinin tikintisi başa çatmaqdadır. Muasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil alması üçün hər cür imkan yaradılacaqdır.  Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey daxildir.

Qeyd olunmuşdur ki, Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biri sayılan  ADİU-da hazırda  11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 16 mindən çox, o cümlədən  dünyanın 14 ölkəsindən   850-dən çox tələbə və magistrant təhsil alır,  120 professor, 600 dosent çalışır. Təkcə bu il İqtisad Universitetinə 2 min 986 tələbə qəbul olunmuşdur. Onlardan 102 nəfəri 600-dən çox bal toplamış, üç nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür. 

Kollektivin əsas strateji hədəfinin  Azərbaycan Dövlət İqtisad Universitetini elmi-innovasiya universitetinə çevirmək olduğunu qeyd edən Ş.Hacıyev təhsilə göstərilən dövlət qayğısından, ölkəmizdə gənclərin biliklərə yiyələnməsi üçün yaradılan əlverişli şəraitdən danışmış, yüksək ixtisaslı mütəxəssislər hazırlayan professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirmişdir. Vurğulanmışdır ki, 80 yaşlı  ADİU müstəqil ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatını müasir səviyyəli  kadrlarla təmin etmək məqsədi ilə öz fəaliyyətini təkmilləşdirir, Avropa təhsil sisteminə inteqrasiya olunur.

Təntənəli yığıncaqda  AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov,  Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Yeni Azərbaycan Partiyası  sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, iqtisadiyyat üzrə Nobel mükafatı laureatları  Erik Maskin, Finn Kidland, Kristofer Pissarides və başqaları çıxış edərək  ölkəmizdə  həyata keçirilən təhsil islahatlarının əhəmiyyətindən bəhs etmişlər. Natiqlər universitetin tarixi, fəaliyyəti və keçdiyi şərəfli yoldan söz açmış, yeni iqtisadçılar nəslinin yetişməsində  ADİU-nun xüsusi rolunu vurğulamış, kollektivi yubiley münasibətilə təbrik etmişlər.

Sonda yığıncaq iştirakçıları universitetin müasir tələblərə cavab verən tədris şəraiti ilə tanış olmuşlar.

Tədbirdə Alfred Nobelin nəticəsi Filip Nobel iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video