25 Dekabr 2011 03:12
780
SİYASƏT
A- A+

Dövlət aqrar sektorun inkişafına böyük diqqət yetirir

 

Azərbaycan iqtisadiyyatının mütəmadi artım tempini təmin edən əsas amillərdən biri onun çoxşaxəli

xarakter daşıması, əsas iqtisadi sahələrinin paralel şəkildə inkişaf etdirilməsidir. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı təkcə enerji yox, digər mühüm sahələr üzrə də dinamik inkişaf edir. Belə sahələr sırasında əldə olunan göstəricilər baxımından xüsusilə seçilən sektorlardan biri kənd təsərrüfatıdır.

Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları, o cümlədən taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə bu, olduqca mühüm nailiyyət hesab edilir.

Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz aqrar sektorun inkişafı istiqamətində bütün imkanlarımızı səfərbər etməklə yanaşı, kənd təsərrüfatı istehsalçılarından da keyfiyyətli məhsul, mütərəqqi təsərrüfatçılıq vərdişləri, yüksək işgüzarlıq və təşəbbüskarlıq gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü deyil. O həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaratdığı təsərrüfatçılıq ənənəsidir".

Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatının inkişaf etdirilməsi də asan olmayıb. İndiki uğurlar gərgin zəhmət, dəqiq düşünülmüş iqtisadi siyasət sayəsində əldə edilib. 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan qüvvələrin iqtisadiyyatda islahatlar aparılmasında ardıcıl, sistemli siyasət və konkert fəaliyyət proqramlarına malik olmaması onlara mərkəzləşdirilmiş planlaşdırma və bölgü sistemini bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan keyfiyyətcə yeni istiqamətə yönəltmək imkanı vermirdi. Bu dövrdə sosial gərginliyi aradan qaldırmaq üçün əməkhaqqının vaxtaşırı 2-3 dəfə artırılması, minimum əməkhaqqı səviyyəsinin müəyyən edilməsi, çoxsaylı güzəştlərin tətbiqi və digər tədbirlər respublikanın real imkanları ilə uzlaşmadığından, inflyasiya getdikcə artırdı. Real əsaslara söykənməyən maliyyə-kredit siyasəti ucbatından bank və xarici ticarət fəaliyyəti sahələrində ciddi problemlər meydana çıxmışdı. Büdcə kəsirinin artması, pulun sürətlə dəyərdən düşməsi və bu qəbildən olan digər amillər Azərbaycanı dərin sosial-iqtsiadi böhrana sürükləməkdə idi. Belə vəziyyət kənd təsərrüfatına da təsirsiz ö\tüşmür və bir vaxtlar Azərbaycanı SSRİ məkanında daha yaxşı tanıtdıran bu sahənin dərin tənəzzül yaşamasına gətirib çıxarırdı. Artıq istifadəyə yararlı torpaqların böyük hissəsi becərilmir, müvafiq olaraq kənd təsərrüfatı məhsullarının istehsal həcmi sürətlə azalırdı.

Ölkə iqtisadiyyatının, eləcə də onun tərkib hissəsi kimi kənd təsərrüfatının idarəolunmaz hala düşdüyü bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı iqtisadi sferada da mövcud anarxiyanın aradan qaldırılması ilə nəticələndi. Azərbaycan iqtisadiyyatında başlanan yeni inkişaf mərhələsi fonunda ulu öndərin diqqət yetirdiyi əsas sahələrdən biri də kənd təsərrüfatı oldu\. Burada məşğulluq səviyyəsinin artırılması üçün bütün qüvvələr səfərbər edildi. Aqrar sahədə başlanan islahatlar kənd təsərrüfatında tənəzzülün qarşısını almaqla bərabər, onu yeni inkişaf yoluna çıxardı.

Qeyd edək ki, əslində, Azərbaycanda aqrar islahatın həyata keçirilməsi istiqamətində ilk addımlar Naxçıvan Muxtar Respublikasında atılıb. Belə ki, Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən 1992-ci ilin aprel ayında muxtar respublikanın  qanunverici orqanının sessiysında aqrar islahatlara dair xüsusi qərarlar qəbul olunmuşdu. İkinci dəfə hakimiyyətə gəldikdən sonra isə Heydər Əliyev bildirirdi ki, müstəqil inkişaf yoluna qədəm qoyan respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməli, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır. Ulu öndər qeyd edirdi ki, təsərrüfat sahəsində iqtisadi islahatlar Azərbaycanın yeganə yoludur və respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində, mülkiyyət formalarının dəyişdirilməsində, sahibkarlıq üçün şərait yaradılmasında və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində aqrar bölmənin ehtiyat mənbələri böyük əhəmiyyət kəsb edir. Bütün bunların məntiqi nəticəsi olaraq Heydər Əliyev ölkə əhalisinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini ilk plana çəkirdi.

Bundan başqa, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 1993-cü ildən başlayaraq hər il azı iki və ya üç dəfə kənd təsərrüfatının, aqrar bölmənin problemlərinə dair müşavirələr keçirilməsinə başlandı. 1993-2000-ci illərdə belə müşavirələrin tez-tez keçirilməsi həm də ölkədə özəlləşdirmə və torpaq islahatları aparmaq üçün daha əlverişli qərarların qəbul edilməsinə, qanunverici bazanın təkmilləşdirilməsinə, icra strukturları arasında düzgün koordinasiyaya nail olmağa xidmət edirdi.

1994-cü il dekabrın 23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində diqqəti aqrar islahatların vacibliyinə yönəldən ulu öndər demişdi: "Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir". Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradılması istiqamətində tarixi addımlar atıldı. 1995-ci il fevralın 18-də "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında", 1996-cı il iyulun 16-da "Torpaq islahatı haqqında" mühüm qanunlar qəbul edildi. Bundan başqa, torpaq islahatlarının aparılması istiqamətində "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Torpaq Məcəlləsi", "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu aqrar sektorda islahatların aparılması baxımından mühüm rol oynamışdı. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar 100-dən çox normativ-hüquqi akt qəbul olunmuşdur.

"Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı. Sözügedən islahatların sürətlə getməsi və uyğun nəticələrə gətirib çıxarmasını şərtləndirən mühüm amillərdən biri də Heydər Əliyevin hələ SSRİ dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxt aqrar sahənin inkişafı üçün gördüyü işlər idi. Belə ki, 1969-1982-ci illərdə kənd təsərrüfatının da inkişaf etdirilməsinə xüsusi diqqət yetirən ulu öndər ölkənin aqrar potensialından və torpaq resurslarından səmərəli istifadə edilməsi, su meliorasiya təsərrüfatı yaradılması istiqamətində vacib addımlar atmışdı. Bütün bunlar həmin dövrdə Azərbaycanın SSRİ məkanında kənd təsərrüfatının inkişaf səviyyəsinə görə birincilər cərgəsinə çıxmasını təmin etməklə yanaşı, müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar üçün müvafiq bazanın olması baxımından da böyük əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki, həyata keçirilən torpaq islahatları 1969-1982-ci illərdə kənd təsərrüfatı sektorunda formalaşdırılmış təməl üzərində aparılırdı.

Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərin ortalarından başlanan aqrar islahatlar kənd təsərrüfatının inkişafında əsas təkanverici amillərdən birinə çevrildi. O da xüsusi olaraq qeyd edilməlidir ki, ulu öndərin rəhbərliyi altında başlanan islahatlar bir çox mühüm xüsusiyyətlərinə görə digər postsovet ölkələrində həyata keçirilən analoji islahatlardan əsaslı surətdə fərqlənirdi. Belə ki, islahatlar çərçivəsində ulu öndər ilk olaraq Azərbaycan vətəndaşının mövqeyini, maddi durumunu nəzərə alır və onların bu islahatlardan maksimum dərəcədə faydalana bilməsini təmin etmək üçün konkret addımlar atırdı. Belə addımlardan biri məhz Heydər Əliyevin təşəbbüsü ilə torpaqların  pulsuz və ya digər şəkildə əvəz ödənilmədən vətəndaşlara paylanması idi. Bu, torpaq islahatlarından hər bir vətəndaşın eyni dərəcədə və bərabər hüquq əsasında faydalana bilməsini təmin edən əsas amillərdən birini təşkil edirdi. Heydər Əliyevin uzaqgörənliyi sayəsində həyata keçirilən torpaq islahatları nəticəsində 3 milyon 500 minə nədər insan torpaq mülkiyyətçisinə çevrildi ki, bu da Azərbaycanda mülkiyyətçilər sinfinin yaranmasının əsasını təşkil etdi. Mülkiyyət sahibi olanlar isə torpaqdan səmərəli və məhsuldar istifadə etməyə can atmaqla yanaşı, ona artıq xüsusi qayğı göstərməyə başladılar. Beləliklə, kənd təsərrüfatında istehsal göstəriciləri 1990-cı illərin əvvəlləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artmağa başladı.

Aqrar islahatlar zamanı ulu öndərin diqqət yetirdiyi ən vacib məqamlardan biri də daha keyfiyyətli və əkin-biçinə yararlı olan torpaqların mülkiyyətçilərin  ixtiyarına verilməsi idi. Bu məqsədlə mülkiyyətçilərə əsas etibarilə kolxoz və sovxozların ləğvindən sonra onların balansında olan yararlı və münbit torpaqlar verilirdi və qeyd edilən məqam da aqrar islahatlar baxımından Azərbaycanı MDB məkanının bir çox digər ölkələrindən əhəmiyyətli dərəcədə fərqləndirirdi.

Aparılan islahatlar çərçivəsində Azərbaycan üçün daha bir xarakterik xüsusiyyət ölkə ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq, torpaqlardan istifadə və icarə hüququ verilməsi idi. Bundan başqa, Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla əlaqədar müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququna malik idi. Bu isə o demək idi ki, torpaq mülkiyyətçisi olan 3 milyon 500 min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq-vətəndaş münasibətlərindən kənarda qalmır və istədikləri təqdirdə sözügedən prosesdə bütün hüquqlarının gözlənilməsi və təmin olunması şərtilə iştirak edə bilər. Elə buna görə də təkcə kənd yerlərində yaşayanlar yox, rayon və şəhərdə yaşayan, torpaq islahatlarından yaranlanmaq istəyən şəxslər də yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı kimi çıxış etməyə başladılar. Aqrar sahədə həyata keçirilən islahatlarda vətəndaşların hüquqlarının maksimal təmininə yol açan mühüm amillərdən biri də fiziki və hüquqi şəxslərə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna səlahiyyətlər verilməsi idi. Yəni belə şəxslər malik olduqları torpaqlarda alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girovqoyma və digər əməliyyatlar həyata keçirmək hüquqlarına malik idi. Onu da qeyd edək ki, hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, dövlət aktları ilə rəsmiləşdirilərək naturada sahiblərinə tanıdılırdı.

Bütün bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə torpaq islahatlarının nə dərəcədə əsaslı xarakter daşıdığını, fundamental özülə malik olduğunu, vətəndaşların hüquq və mövqelərinin ən yüksək səviyyədə gözlənilməsinə xidmət etdiyini, sosial ədalət prinsipinin bu prosesdə tam gözləndiyini bir daha əyani surətdə təsdiq edirdi.

Beləliklə, aparılan islahatlar nəticəsində sovetlər dönəmində mövcud olan iri təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradıldı, genişmiqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi mülkiyyətlə əvəz edildi. Bütün bunlar kənd əhalisinin şəhərlərə axınının qarşısının alınmasında müstəsna rol oynadı. Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının əsasən yerli istehsal hesabına ödənilməsinin əsasını qoydu, məşğulluq səviyyəsini artırdı, aqrar sahədə sabit inkişafı təmin etdi.

Həyata keçirilən torpaq islahatları nəticəsində Azərbaycanda mövcud olmuş iki mindən artıq kolxoz və sovxoz ləğv edilib. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 6 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanılıb, 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verilib, 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrılıb. Burada bir məqama da xüsusi toxunmaq lazım gəlir ki, mövcud qanunvericilik dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan hər bir Azərbaycan vətəndaşının istifadəsinə, icarəsinə imkan verir. Həmçinin bələdiyyə mülkiyyətində olan torpaqlardan alqı-satqı məqsədilə də istifadə etmək mümkündür. Belə vəziyyət Azərbaycan vətəndaşını torpağa daha çox bağlamağa xidmət etməklə yanaşı, onun elə bu torpaq sayəsində maddi rifah halının yüksəlməsində də əvəzsiz rol oynayır.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də aqrar sahənin inkişafına və islahatların mütəmadi şəkildə davam etməsinə daim xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, 2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərman və sərəncamlarda aqrar sahənin inkişafı da mühüm yer alırdı. Bununla bağlı  Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinə başlanmasına start vermişdir. Fərmanda bununla əlaqədar lazımi tədbirlərin görülməsini sürətləndirmək xüsusi olaraq göstərilmişdir. Bütövlükdə fərman aqrar sahənin inkişafına böyük təkan vermiş, bu bölmədə çalışan insanlara əlverişli şəraitin yaradılmasına səbəb olmuşdur.

Həmin fərmanın məntiqi davamı olan 11 fevral 2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi aqrar sahədə köklü dəyişikliklərin aparılmasına və bu sahədə sahibkarlıq fəaliyyətinin geniş inkişaf etməsinə əlavə imkanlar yaradır. Dövlət proqramında digər tədbirlərlə yanaşı, aqrar sahədə fəaliyyət göstərmiş emal müəssisələrinin fəaliyyətinin bərpa olunması, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması və inkişaf etdirilməsi, aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, bunun üçün regionlarda texniki xidmət mərkəzləri yaratmaq, toxumçuluq bazasını genişləndirmək və digər zəruri tədbirlər həyata keçirmək nəzərdə tutulurdu.

Aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edildi və onun yanında yeni qurumlar yaradıldı.

Prezident İlham Əliyevin aqrar bölmənin inkişafı istiqamətində atdığı ən mühüm addımlardan biri də 23 oktyabr 2004-cü il tarixli digər sərəncamı ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılması və aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər müəyyən edilməsidir. Məhz bu səhmdar cəmiyyət hesabına fermerlərin texnikaya olan tələbatı ödənildi. Bununla bağlı Prezident İlham Əliyev deyib: "Əgər biz "Aqrolizinq"i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər? Bu gün Azərbaycanda istehsal olunan traktorlar iş yerlərinin açılmasına, yeni sənaye sahəsinin yaranmasına xidmət göstərir. Beləliklə, Azərbaycan sənayesi üçün yeni sahə yaradılır. "Aqrolizinq"in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir".

Qeyd edək ki, fəaliyyətə başladığı 2005-ci ildən 2009-cu ilin sonlarına kimi "Aqrolizinq" ASC tərəfindən 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.

Aqrar sahədə istehsalı stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı da xüsusi əhəmiyyət kəsb edir. Həmin sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulurdu və bu istiqamətdə görülən tədbirlər kifayət qədər yüksək nəticələr əldə olunmasına gətirib çıxarıb. Belə ki, görülən tədbirlər sayəsində 2008-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2007-ci ildəkinə nisbətən 6,1 faiz, o cümlədən bitkiçilik məhsulları 7,2 faiz, heyvandarlıq məhsulları 4,1 faiz artıb. Onu da qeyd edək ki, 2007-ci ildə ölkədə aqrar sahənin inkişafına kömək məqsədilə dövlət büdcəsindən 80 milyon manat məbləğində dotasiya ayrılıb. Bu vəsait hesabına kəndli-fermer təsərrüfatları aqrotexnika ilə, ehtiyacı olanlar aqrokreditlərlə təmin edilib və fermerlərə becərilən hər hektar üçün 40 manat həcmində nağd pul formasında verilib. 2008, 2009 və 2010-cu illərdə analoji məqsədlə dövlət büdcəsindən böyük həcmdə dotasiyalar ayrılıb.

Aqrar sahədə aparılan uğurlu siyasətin ən mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara, o cümlədən taxıla olan tələbatının yerli istehsal hesabına tam ödənilməsidir. Artıq ötən il 3 milyon ton taxıl istehsal olunub ki, bu da kifayət qədər böyük göstəricidir. O da xüsusi olaraq qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımlar, texnika və gübrə alınmasına edilən güzəştlər nəticəsində 2009-cu ildə taxıl əkinlərinin sahəsi 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırıldı. Bu sırada isə əsas yeri strateji məhsul sayılan buğda əkin sahəsi təşkil etdi. Belə ki, buğda əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektara çatdırıldı.

Keçən il isə qarğıdalı da nəzərə alınmaqla 2000,9 min ton taxıl istehsal olundu. Hektarın orta məhsuldarlığı 20,7 sentner təşkil etdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2455,9 min ton taxıl toplanıb. Keçən ilin eyni dövrünə nisbətən bu ilin 10 ayı ərzində bitkiçilik məhsulları istehsalı 9,9, heyvandarlıq məhsulları isə 3,5 faiz artıb.

Torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası, aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi yenə də aqrar sahənin prioritet istiqamətləri sayılır. Buraya eyni zamanda rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, elmi-metodiki təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi də aiddir.

Bundan başqa, 2009-2013-cü illəri əhatə edən və regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramında aqrar sahənin miqyaslı inkişafını təmin etmək üçün də konkret tədbirlər nəzərdə tutulub.

Bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırmaqla yanaşı, Azərbaycanın həm də belə məhsulların əsas ixracatçılarından birinə çevrilməsinə şərait yaradır. Həmçinin aqrar sektora ayrılan diqqət onun ölkə iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olur.

 

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video