31 May 2019 01:06
1390
SİYASƏT
A- A+

Donald Trampdan İlham Əliyevə növbəti dəstək


ABŞ Prezidentinin Azərbaycan liderinə beş gün ərzində ikinci məktubu respublikamızın yüksək beynəlxalq nüfuzundan xəbər verir


Sürətli inkişafı və milli maraqlarını təmin edən siyasət yürütməsi Azərbaycanı yerləşdiyi bölgədə fərqləndirən əsas keyfiyyətlərdir. Respublikamız dünyanı düşündürən aktual, qlobal narahatlıq doğuran bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur, malik olduğu resurs və potensialdan düzgün istifadə ilə inkişaf edir.


Donald Trampdan İlham Əliyevə: "Sizin liderliyinizi dəyərləndirirəm”


Təsadüfi deyil ki, inkişaf etmiş və beynəlxalq siyasi arenada xüsusi çəkisi olan aparıcı Qərb dövlətlərinin rəhbərləri Azərbaycanın regiondakı və beynəlxalq məsələlərdəki aparıcı rolunu yüksək qiymətləndirirlər. Onların siyasi-iqtisadi və hərbi dairələri enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, terrorçuluqla mübarizə və digər bu kimi məsələlərdə Azərbaycanın mövqeyini bölüşür, ölkəmizlə tərəfdaşlığa önəm verirlər. Ən əsası isə ondan ibarətdir ki, Qərb dünyası Azərbaycan Prezidentinin siyasi-iqtisadi kursunun, beynəlxalq məsələlərə münasibətdə mövqeyinin nə qədər mütərəqqi olduğunu görür, İlham Əliyevin liderliyini xüsusi vurğulayırlar.

Məsələn, ABŞ Prezidenti Donald Tramp 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda iki ölkə arasındakı güclü əməkdaşlığı qeyd edərək yazır: "Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur.

Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm”.

Prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələri var. Yuxarıdakı fikirlər də təsdiq edir ki, ABŞ Prezidenti İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir. Donald Trampın sözləri həm də ondan xəbər verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin edərək dünya miqyasında böyük ehtiramla izlənilir. ABŞ Pezidenti Azərbaycanla əvvəlki dönəmdə formalaşmış əməkdaşlıqdan təkcə məmnunluğunu ifadə etməklə kifayətlənmir. Həm də tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayır. Bu da səbəbsiz deyil. Çünki ABŞ rəhbərliyi Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edir, olduqca strateji və beynəlxalq maraqların toqquşduğu bir coğrafiyada yerləşən ölkəmizin yeritdiyi müstəqil siyasəti görür.


ABŞ Azərbaycanın qlobal və regional miqyaslarda sabitləşdirici rolunu etiraf edir


Mayın 29-da Donald Tramp İlham Əliyevə növbəti - 5 gün ərzində ikinci təbrik məktubu ünvanladı. Bu dəfə ABŞ Prezidenti Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularını çatdırdı. Məktubda deyilir: "Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. "Cənub qaz dəhlizi” daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir. Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolunu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır. Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”.

Beləliklə, ABŞ Prezidentinin növbəti məktubunda yer alan fikirlər Azərbaycanın inkişafının, beynəlxalq enerji məsələrindəki aparıcı mövqeyinin və ölkəmizin bu sahədəki liderliyini dünyanın fövqəldövlətinin rəhbərliyi səviyyəsində dəyərləndirilməsidir. Eyni zamanda, ABŞ Prezidenti məhz Azərbaycanın bölgədəki sabitləşdirici rolunu da etiraf edir. Bu o deməkdir ki, Azərbaycanın yürütdüyü siyasət ABŞ tərəfindən dəstəklənir.

Bütövlükdə Donald Trampın məktubları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlarını artıraraq beynəlxalq miqyasda söz sahibinə çevrilməsinin beynəlxalq səviyyədə etirafıdır. Bəli, Prezident İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Azərbaycan özünün müstəqil siyasi kursuna müvafiq olaraq yaxın qonşu və uzaq dövlətlərlə səmərəli əlaqələrə, qarşılıqlı faydalı münasibətlərə malikdir. Bu münasibətlər bəzi ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mayasında milli və dövlət maraqlarımızın təmin olunması, ölkənin inkişafı və mövqelərinin dünyada möhkəmləndirilməsi dayanır. Azərbaycanın hazırkı vəziyyəti göstərir ki, bu siyasət öz məqsədinə inamla çatır. Bu siyasətin nəticəsində əldə olunan uğurlu nəticələr isə ABŞ-ın timsalında dünyanın böyük güclərinin etiraf etdiyi reallıqdır. ABŞ rəhbərliyi Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edir, olduqca strateji və beynəlxalq maraqların toqquşduğu coğrafiyada yerləşən ölkəmizin yeritdiyi müstəqil siyasəti görür. Donald Tramp həm də onu qəbul edir ki, bu ərazilərdə iqtisadi maraqları olan dövlətlər özlərinin bütün addımlarını Azərbaycanın maraqlarını nəzərə almaq şərti ilə atırlar.

ABŞ Prezidentinin Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması respublikamızın bölgədəki üstün mövqeyini göstərir. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video