25 Noyabr 2021 00:49
421
Təhsil
A- A+

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçirilib

 

Noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

AzTU-nun rektoru Vilayət Vəliyev açılış nitqində bildirib ki, konfrans tariximizə qızıl hərflərlə yazılan Zəfərimizin 1 illiyinə təsadüf edir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib. Torpaqlarımızın azad olunmasında iştirak edən qəhrəman oğulların yetişdirilməsində Azərbaycan təhsil sisteminin rolu danılmazdır. Azərbaycan Texniki Universitetinin 300-ə yaxın məzun və tələbəsi Vətən müharibəsində iştirak edib. Onlardan 32 nəfəri şəhidlik zirvəsinə ucalıb.

Vilayət Vəliyev vurğulayıb ki, Qələbə qarşımızda yeni vəzifələr qoyub. İşğaldan azad olunan torpaqlarımızda artıq quruculuq işlərinə başlanılıb. Bu istiqamətdə görülən işlərə öz töhfəsini vermək üçün doktorantlar və gənc tədqiqatçılar səylə çalışmalıdırlar.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu gün Azərbaycan təhsilinin, elminin qarşısında duran əsas məsələ yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bunu dünyada gedən qlobal proseslər, texnologiyaların inkişafı tələb edir. Qloballaşan dünyanın yeni çağırışları doktorantlar və gənc tədqiqatçılar qarşısında yeni tələblər qoyur. Nazir müavini qeyd edib ki, bu tələblərə cavab vermək, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq ikili diplom proqramının icrasına başlanılıb. Hədəf Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Firudin Qurbanov diqqətə çatdırıb ki, ali təhsil və elmi tədqiqatların vəhdətini təmin edən universitetlər insan kapitalının inkişafı və innovasiyalar sahəsində daha çox uğur qazanır. Artıq tədqiqat fəaliyyəti universitetlər üçün davamlı rəqabətin həlledici amilinə çevrilib.

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev qeyd edib ki, akademiyada Azərbaycan iqtisadiyyatının inkişafına, dövlətin müdafiə qüdrətinin artırılmasına töhfə verə biləcək elmi tədqiqatların aparılmasına üstünlük verir. Akademiyanın alimləri ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə elmi layihələr icra edirlər. İnanıram ki, doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı Azərbaycan elminə və təhsilinə öz töhfəsini verəcək.

İstanbul Universitetinin rektoru Mahmud Ak rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, İstanbul Universitetində 54 ölkədən 9 min 769 əcnəbi tələbə təhsil alır. Bu tələbələrdən 1805 nəfəri Azərbaycanın payına düşür. Gələcəkdə onların sayının daha da artırılması nəzərdə tutulur.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının reallaşdırılmasıdır. Bu prioritetlərin həyata keçirilməsi üçün müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait yaratmaq lazımdır. Rektor vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi tərəqqisinin əsasını təşkil edən elm və sənayedəki əsas uğurların hərəkətverici qüvvəsi düşünülmüş, gələcəyə hesablanmış siyasətdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Azərbaycan Texniki Universitetin doktorantı Əmirxan Qəmbərov, Bakı Dövlət Universitetinin doktorantı Raziyyə Həsənova, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Ümid Mehdiyev çıxış ediblər.

Çıxışlardan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Xalq artisti Teyyub Aslanovun iştirakı ilə universitetin doktorant və gənc tədqiqatçılarının ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Tədbirin açılışında Azərbaycanın ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər.

Qeyd edək ki, konfransın məqsədi gəncləri elmi yaradıcılığa yönəltmək və onların elmi tədqiqatlarının nəticələrinin müzakirəsini aparmaqdır. Konfransa 246 məqalə qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video