24 Dekabr 2011 02:12
416
SİYASƏT
A- A+

Demokratiyanın əsas meyarlarından olan söz azadlığı təmin edilib

 

Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının təminatıdır. Bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı göstərməklə yanaşı, beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş insan hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən amillərdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

 

"Azad söz"ün narahat dövrü

 

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Lakin müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmadı. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasinin dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidarlar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 1992-ci ildə zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün bir illik fəaliyyəti dövründə isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşmişdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi. O zaman nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də təminat yox idi. Jurnalistlər daha ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı təndiqi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi.

 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı söz azadlığını da təmin etdi

 

Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatının inkişafında birinci intibah dövrü başlandı. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-nin fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı. Konstitusiyanın 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ("Qlavlit") iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixində imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olundu. Fərmanla həmçinin Azərbaycan Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardan oldu. Eləcə də sonrakı mərhələdə 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında", 2005-ci il 19 dekabr tarixli "İnformasiya azadlığı haqqında" qanunlar qəbul edildi, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alındı.

2000-ci il 6 mart tarixli fərmanla isə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiq olundu. Proqram jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə əlaqələndirmə şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Bu fərmandan sonra ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxdı. Şura 2003-cü ilin martında jurnalistlərin I qurultayında azad şəkildə formalaşaraq fəaliyyətə başladı, mətbuatın özünütənzimləməsi prosesini uğurla həyata keçirdi.

Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi süni əngəllər də tam aradan qaldırıldı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etmiş, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır.

18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2002-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

 

Mətbuata qayğı siyasəti yeni keyfiyyət müstəvisinə qədəm qoyub

 

Son 8 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.

Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları məbləgində borcu dövlət büdcəsindən ödənilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla həmçinin "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" təsdiq edilmişdir. Həmçinin hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədilə müvafiq vəsaitin ayrılması təmin edilmişdir.

Dövlət başçısı İlham Əliyev milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 10 iyun tarixli "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən Prezident Administrasiyasında Tədbirlər Planı hazırlanmış, Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfranslar keçirilmiş, mətbuat işçiləri mükafatlandırılmışlar. Ümumilikdə, Azərbaycan mətbuatının 135 illik yubileyinin "Gülüstan" sarayında yüksək səviyyədə qeyd edilməsi, jurnalistikamızın inkişafında rolu olmuş qələm sahiblərinin mükafatlandırılması, 40-dək qəzetə və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binaların tikintisi üçün Bakıda torpaq sahəsinin ayrılması da Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir. 

Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, ifrat siyasiləşmə meyillərindən qaçmalı, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyuktur maraqlardan öndə dayanmalıdır. 2010-cu il 22 iyul tarixdə Mətbuat Şurasının yeni müasir binasında - şuranın idarə heyətinin üzvləri ilə görüşdə dövlət başçısı bu və digər məsələlərə xüsusi toxunmuş, mətbuatın cəmiyyətdəki missiyasını yüksək dəyərləndirməklə yanaşı, onun qarşısında duran başlıca vəzifələrdən də söz açmışdır. Prezident İlham Əliyev hazırkı inkişaf mərhələsində mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələrini vermişdir. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycan mətbuatının birmənalı mövqedən çıxış etdiyini də razılıqla bildirmişdir: "Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə, olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə, sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq"

Prezident İlham Əliyevin qurumun idarə heyətinin üzvləri ilə görüşündə mətbuatın mövcud durumu, problemləri, inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələrini verməsi bir daha göstərdi ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını və rolunu yüksək dəyərləndirir. Qəzetlərin fəaliyyətindəki çatışmazlıqları, üstün cəhətləri incəliklərinə qədər diqqətə çatdıran dövlət başçısı ölkədə jurnalist peşəkarlığının artırılması, KİV-nin iqtisadi müstəqilliyinin təmini üçün reklam bazarının inkişaf etdirilməsi, peşə etikasına ciddiliklə riayət edilməsi, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının gücləndirilməsi ilə bağlı da fikirlərini açıqlamışdır.

Həyata keçirilən tədbirlər ölkə jurnalistlərinin böyük razılığı, minnətdarlığı ilə qarşılanır. "RUH" Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin yekunlarına görə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi də bu razılığın təzahürüdür. "Jurnalistlərin dostu" mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Qaliblər "RUH"un kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğu vasitəsilə müəyyənləşdirilir. 2010-cu il üzrə qalibi müəyyən etmək üçün bu il dekabrın 1-dən 20-dək keçirilmiş sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 13 jurnalist təşkilatı, 11 informasiya agentliyi, 8 xəbər portalı, 7 telekanal, 3 radio və 2 jurnal iştirak etmişdir. Bütövlükdə, sorğu 30 minə yaxın media nümayəndəsinin rəyini ümumiləşdirmişdir. Nəticələrə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə, kütləvi informasiya vasitələrinə diqqətə görə Prezident İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülmüşdür. Cənab İlham Əliyev yalnız ötən il mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərlə bu mükafata tam layiq olduğunu nümayiş etdirmişdir.

Mükafatın təqdimetmə mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev mətbuatın inkişafı istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin həyata keçiriləcəyini demişdir: "Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz, sözün əsl mənasında, azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq".

Dövlət başçısı İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimindəki dərin məzmunlu nitqi - mətbuatın bu günü və gələcək perspektivləri ilə bağlı söylədiyi dəyərli fikir və tövsiyələr ümumən bu sahənin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Ümumilikdə, son proseslər göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir.

Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da haqlı olaraq ölkə Prezidentini özünün dostu sayır.

 

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video