24 Aprel 2021 00:44
2147
SİYASƏT
A- A+

Dəmir yumruqla alınan Qarabağ dəmir iradə ilə yenidən qurulur

 

İlham Əliyevin strateji əhəmiyyətə malik layihələri bu bölgəni tezliklə Qafqazın ən möhtəşəm məkanlarından birinə çevirəcək

 

İqtisadi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Vətən müharibəsindən sonra qalib ölkə kimi qarşısında yeni perspektivlər açılan Azərbaycan indi yeni bir mərhələnin astanasındadır.

Qarşıya qoyulan birnömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə,  Qarabağı yenidən cənnətməkana çevirməkdir.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair hər 5 il üçün dövlət proqramları təsdiq edilərkən həmin sənədlərdə əlavə bir abzas qeyd edilirdi - Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan inzibati rayonlar işğaldan azad edildikdən sonra bu rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcək.

Şanlı Qələbəmizin yaratdığı bir çox reallıqlar kimi, bundan sonra qəbul ediləcək dövlət proqramlarında da həmin abzasın ləğvini şərtləndirdi. Çünki bu gün qalib Sərkərdə kimi İlham Əliyevin şəxsi nəzarəti ilə həmin prosesə start verilib, işğaldan azad edilən torpaqlarımızda tikinti-quruculuq işlərinə, böyük infrastruktur layihələrinin icrasına başlanılıb.

 

Elektrik təchizatı ilin sonuna qədər başa çatacaq

 

İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıq göz önündədir. Azərbaycan həm dünyanı bürümüş qlobal pandemiya ilə mübarizə tədbirlərini davam etdirir, həm də işğaldan azad edilmiş torpaqlarda müasir infrastrukturların qurulması prosesini həyata keçirir. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də nəzərdə tutulub.

Aprelin 20-də Hacıqabula səfəri çərçivəsində Qarabağda görülən işləri qiymətləndirən və gələcək planlarla bağlı məlumat verən Prezident İlham Əliyev, ilk növbədə, bildirdi ki, azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Hazırda həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir.

Şuşa şəhəri isə elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Əlbəttə ki, hazırkı durumda bunun reallaşdırılması çox çətin bir işdir.

Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və bəllidir ki, bu halda əlverişsiz hava şəraiti işlərə bir qədər mane olur.

Ümumiyyətlə, İlham Əliyevin Qarabağda reallaşdırdığı smart layihələr 4-cü sənaye inqilabının tərkib hissəsi sayılır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağıllı Şəbəkə Konsepsiyası icra olunmaqdadır. Belə ki, hava şəraitinə uyğun olaraq ərazilərdə ikidövrəli xətt izolyasiyalı kabellər çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minumuma enir.

Laçındakı “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi isə tarixi və əlamətdar hadisə idi. Bu, işğaldan azad olunan rayonlarda İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk layihə idi. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Açılış mərasimində çıxış edən Prezident qətiyyətlə vurğuladı ki, Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. İşğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növləri yaradılaraq torpaqlar “yaşıl enerji” zonasına çevriləcək.

Bununla yanaşı, tezliklə işğaldan azad edilən ərazilərimizdə daha iki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları inşa ediləcək. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlinib. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaq.

 

Müasir yol-nəqliyyat, hava limanları və dəmir yolu infrastrukturu

 

Prezident həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər getdiyini də söylədi. Bəlli oldu ki, ilk növbədə, Füzuli-Şuşa magistral yolunun tikintisinin tamamlanması, eyni zamanda yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməlinin qoyulması nəzərdə tutulur.

Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.

Xatırladaq ki, martın 16-da Prezident Qarabağa səfəri çərçivəsində Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoyub. Birinci yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlıdır. Yol boyunca avtomobil körpüləri inşa edilir.

İkinci yol isə başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri də tikiləcək.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə reallığa çevrilməkdə olan yol-nəqliyyat infrastrukturu layihələri genişmiqyaslıdır.

Hazırda həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin, eləcə də Füzuli Beynəlxalq Hava Limanının tikintisi davam etdirilir.

Yanvarın 14-də İlham Əliyev hava limanının, bir ay sonra fevralın 14-də isə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı dəmir yolu xəttinin təməlini qoyub.

Prezidentin söylədiyi kimi, bu il istifadəyə verilməsi nəzərdə tutulan bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu da inşa olunur, belə olan halda xarici qonaqlar bu hava limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək. Üçüncü hava limanı isə Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. Çünki hazırda həmin ərazidə hava şəraiti əlverişli deyil. Yay aylarında bu istiqamətdə işlərə start veriləcək.

Əlbəttə ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilməsi də mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olan bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Digər vacib məsələ isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaranacaq.

 

Bütün şəhərlərin baş planı hazırlanır

 

Prezident həmçinin bütün şəhərlərin baş planlarının hazırlandığını və bunun, ilk növbədə, Ağdam şəhərini əhatə edəcəyini söyləyib. May ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyasının təqdim olunacağı gözlənilir.

Əlavə edək ki, aprelin 19-da İlham Əliyev Azərbaycanda “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb və bu tətbiqin sürətləndirilməsi məqsədilə işçi qrupu da yaradılıb.

Sərəncamda qeyd edilir ki, şəhər və kəndlərimizdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarından, həmçinin innovasiya və biliklərdən istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada tətbiqi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı” şəhər və “Ağıllı” kənd xidmətlərinə keçid üçün zəmin yaradır.

Beləliklə, bəlli olur ki, işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrindən maksimum dərəcədə istifadə ediləcək. Bu layihələrin həyata keçirilməsi sözün əsl mənasında, regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir.

Birinci “Ağıllı” kənd layihəsi isə Zəngilan rayonunda icra ediləcək. Bu layihə üç kəndi - 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək. Yaxın gələcəkdə bu layihənin təməli qoyulacaq.  Prezident gələn il bu ilk pilot layihənin icra ediləcəyini və beləliklə, əvvəlcə keçmiş məcburi köçkünlərin birinci qrupunun öz doğma torpaqlarına qayıdacaqlarını da söyləyib.

Kəndlərin bərpasına gəldikdə İlham Əliyev vurğulayıb ki, burada da işlər mərhələlərə bölünməlidir. İlk növbədə, mövcud infrastruktura yaxın olan kəndlər bərpa edilməlidir. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

Hazırda xaricdən bir çox təkliflər gəlməkdədir. Azərbaycanın bir çox xarici tərəfdaşları Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Bütün təkliflər təhlil edilib müzakirə olunduqdan sonra qərar veriləcək. Çünki dövlət bu işləri maksimum səmərə ilə həyata keçirmək istəyir.

 

Azərbaycan xalqı Zəngəzura qayıdacaq

 

İlham Əliyev həmçinin son günlər Ermənistanı ciddi təşvişə salan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məslələrə də toxunaraq vurğulayıb ki, bu dəhliz milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir.

Bu dəhlizin yaradılması üçtərəfli Bəyanatın müddəlarından biridir. Ancaq Ermənistanın son günlərdəki davranışından hiss olunur ki, bu ölkə yenə də əvvəlki oyunlarını oynamaq fikrinə düşüb. Ancaq İlham Əliyev qətiyyətlə bəyan etdi ki, Zəngəzur dəhlizi icra ediləcək - Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll ediləcək, istəməsə də zorla həll ediləcək: “Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Dəhlizin reallaşmasında əsas rəqib zamandır. Çünki yolların çəkilişi vaxt tələb edir. Bütün güclər bu layihələrin icrasına səfərbər olunub. Bu layihənin icrası ilə Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Beləliklə, görünən odur ki, qarşıdan gələn 3 il ərzində Azərbaycan bütün əsas infrastruktur layihələrini - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracaq. Həmin vaxta qədər Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək.

Bütün bunlar onu göstərir ki, həm ölkəmiz üçün, həm də regionumuzla bu və ya digər şəkildə bağlı olan bir çox ölkələrin inkişafı üçün tamamilə yeni dövr, yeni sıçrayış mərhələsi başlayır. Deməli, qarşıdakı illərdə hər birimiz Azərbaycanın Cənubi Qafqaz regionunda sözün bütün mənalarında lider ölkə statusunun daha da möhkəmlənməsinin şahidi olacağıq.

Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha İlham Əliyevin hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli lider olduğunu görəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video