18 Noyabr 2021 00:47
1141
SİYASƏT
A- A+

“Dəmir yumruq” yerindədir

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənin hərbi təxribatını qətiyyətlə iflasa uğratdı

 

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribatlar törədiblər.

Azərbaycan Ordusunun döyüş postlarına hücum edən erməni hərbi birləşməsinə qarşı təxirəsalınmaz əməliyyat həyata keçirilib. Darmadağın edilərək geri otuzdurulan düşmənin təxribat planı iflasa uğrayıb. Erməni hərbçiləri tərk-silah edilərək saxlanılıb, ordumuz tərəfindən xeyli sayda silah və sursat qənimət götürülüb.

 

Ermənistan üçtərəfli Bəyanatı sabotaj etməyə cəhd göstərir

 

Dövlət sərhədində baş verən bu hadisə bəzi məsələlərə yeni aydınlıq gətirdi. Belə ki, ilk növbədə bir daha aydın oldu ki, ötən ilin 44 günlük müharibəsində darmadağın edilən Ermənistan hələ də məğlubiyyətindən ibrət götürmək və ya işğal siyasətindən əl çəkmək istəmir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıqlar yaranıb. Bu reallıqlar həm də Ermənistanın özünə qonşuları ilə münasibətləri normallaşdırmaq, yeni iqtisadi əlaqələr yaratmaq imkanı verir. Üçtərəfli Bəyanatda da bu barədə müddəalar yetərincə öz əksini tapıb. Amma görünən odur ki, ermənilər onilliklər boyu daşıdıqları xəstə təxəyyülü kənara qoymaq istəmirlər.

Elə bu səbəbdəndir ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesə Ermənistan tərəfindən davamlı şəkildə maneçiliklər yaradılır. Bu ölkənin rəsmi dairələri sərhədlərin dəqiqləşdirilməsi proseslərinə üzdə tərəfdar olduqlarını bildirsələr də, reallıq bunun əksini göstərir. Elə noyabrın 16-da dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində baş verənlər də Ermənistanın delimitasiya və demarkasiya proseslərinin qarşısını almaq niyyətindən xəbər verir. Lakin buna baxmayaraq, Azərbaycan dövləti öz sərhədlərinin tam bərpa prosesini inamla davam etdirir və ötən ilin noyabrından bəri bununla bağlı ciddi uğurlar əldə olunub.

Xatırladaq ki, Ermənistan tərəfi artıq buna qədər davamlı şəkildə dövlət sərhədinin müxtəlif istiqamətlərində atəşkəsi pozmaqla və təxribatlar törətməklə məşğul idi. Bütün bunlar isə Ermənistanın ötən ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın bəndlərini sabotaj etmək cəhdlərindən irəli gəlir. Hələ bir neçə gün əvvəl Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbçilərimizə qarşı terror aktı törədilmişdi.

Noyabrın 9-da isə Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışmışdı.

Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınmış, onların bütün hərəkətləri məhdudlaşdırılmış, Ermənistanın hərbi təxribatının qarşısı qətiyyətlə alınmışdır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dəfələrlə sülhsevər və ədalətli mövqe nümayiş etdirsə də, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Həmin vaxt Azərbaycan Müdafiə Nazirliyi bəyan etmişdi ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq.

 

Şəhidlərimizin qanı yerdə qalmadı

 

Azərbaycanın səbri tükənməz deyil. Prezident İlham Əliyev müharibədən sonra Ermənistana bu barədə sərt xəbərdarlıqlarını edib. Vaxtilə bu xəbərdarlıqlardan nəticə çıxarmayan Ermənistan 44 günlük müharibədə güc yolu ilə cəzalandırılmışdı.

Bu il sentyabrın 27-də Anım günü ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq edərək demişdi: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Noyabrın 16-da baş verənlər bunu təsdiq etdi. Xəbərdarlıqlardan nəticə çıxarmaq istəmyən Ermənistanın təxribatının qarşısının qətiyyətlə alınması, hücum edən silahlı bölməsinin geri otuzdurulması, onun şəxsi heyətinin və texnikalarının məhv edilməsi göstərdi ki, “dəmir yumruq” istənilən an düşmənin başını əzməyə hazır və qadirdir. Döyüşlərdə məğlubiyyətlərinin qaçılmaz olduğunu görən Ermənistan tərəfi 44 günlük müharibədəki taktikasını işə salaraq dərhal yalan informasiyalar yaymağa başladı. Ölkənin rəhbərliyi isə yenə də telefonlardan sallandı, ordan-burdan kömək istəməyə başladı. Amma bütün bunlar Azərbaycanın Ermənistanı cəzalandırma tədbirlərinin qarşısını ala bilməzdi. Necə ki, 44 günlük müharibədə Azərbaycan Ordusu işğalçılara döyüş meydanında divan tutmuşdu. Bu dəfə də Ermənistan üz tutduğu dövlətlərdən və təşkilatlardan heç bir dəstək ala bilmədi.

Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olublar. Lakin onların qanı yerdə qalmadı. Düşmən çoxsaylı canlı itkiyə məruz qaldı. O cümlədən döyüşlərdə iştirak edən erməni hərbçilərin bir neçəsi Azərbaycan Ordusu tərəfindən saxlanıldı. Erməni hərbçilərin bir qisminin isə taleyindən xəbər yoxdur. Dünən Ermənistanda hemotologiya mərkəzinin qan üçün donorlara müraciət etməsi də döyüşlərdə çoxsaylı yaralıların olmasından xəbər verir.

Müzəffər Ali Baş Komandan Ermənistanın növbəti hərbi təxribatının qarşısını qətiyyətlə aldı. Noyabrın 16-da baş verən döyüşlərdə Ermənistan bir daha Azərbaycanın “dəmir yumruğ”u qarşısında aciz vəziyyətə düşdü. Respublikamızın ərazi bütövlüyünə qarşı istənilən təhdid və təxribat Ermənistana baha başa gələcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video