17 Oktyabr 2021 00:34
2402
SİYASƏT
A- A+

“Dəmir yumruğ”un Füzuli salnaməsi

 

Bir il öncə işğaldan azad olunan “Qarabağın Şərq qapısı” bu gün sürətlə dirçəlir

 

44 günlük Vətən müharibəsinin 22-ci günü...

Qanlı döyüşlərin aparıldığı ötən günlərdə 30 ilə yaxın erməni işğalı altında olan Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Xocavənd, Cəbrayıl, Füzuli rayonunun bir çox kəndləri artıq azad edilib...

Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun bu şəhərin işğalçılardan azad edilməsi imkanını artırıb...

Cənub cəbhəsi boyunca daim irəliləyən Azərbaycan Ordusunun qanlı döyüşlər hesabına əldə etdiyi qələbələrin nəticəsidir ki, çətin olmasına baxmayaraq, artıq hər kəs Füzulinin də erməni işğalından azad olunacağına inanır və Ali Baş Komandanından bu şad xəbəri gözləyir...

Nəhayət, oktyabrın 17-də səhər saatlarında Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevdən “Bu gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğalçılardan azad edilib” müjdəsini alır.

Füzuli sakinlərinin 27 illik yurd həsrətinə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulur.

Və bununla da tarix yenilənir...

Həmin günün nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacağını deyən dövlət başçısı 2020-ci il oktyabrın 17-də etdiyi müraciətində xalqımızın ən parlaq səhifəsinin yazıldığını bəyan edib: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib”.

 

Füzuli erməni faşizminin vəhşətini yaşayıb

 

İlkin adı Qarabulaq olan Füzuli inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılıb. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli qoyulub.

Füzuli rayonunun ərazisində müxtəlif dövrlərdə aparılan tədqiqatlar zamanı buranın qədim Azərbaycan torpağı olduğu sübuta yetirilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamın alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmiş Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir çox abidələr olsa da, onların hamısı işğalçılar tərəfindən məhv edilib. Füzuli işğal dövründə erməni vandalizminin ən sərt üzünü görən rayonlardan biri olub. Buradakı evlər, tarixi, mədəniyyət və memarlıq nümunələri, qəbirüstü abidələr yerlə-yeksan edilib. Ermənilər hətta qəbiristanlıqlardakı məzarları texnikalarla qazaraq onların izini itiriblər. Bir sözlə, Füzuli tamamilə dağıdılıb, viran qoyulub.

İşğaldan azad edildikdən sonra Füzulini ilk dəfə görən insanda sanki burada əvvəllər heç bir şəhərin, kəndin olmadığı təəssüratı yaranır. Erməni barbarları şəhəri o dərəcədə dağıdıblar ki, Azərbaycan Ordusu bu şəhəri azad etdikdən sonra orada dövlət bayrağını dalğalandırmaq üçün bir salamat bina tapa bilməyib.

Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldıran zaman etdiyi çıxışında dağıdılmış Füzuli şəhərini erməni faşizminin canlı şahidi adlandırıb: “Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi”.

Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm də Qarabağdakı erməni vəhşiliyinin misli-bərabərinin olmadığını deyib: “Merdinli kəndində müsəlmanların ibadət yerini-məscidi tövlə kimi istifadə ediblər. Bu, əsl vandalizm aktıdır. Mən məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər gördüm. Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Nəhayət ki, haqq öz yerini tapdı, Azərbaycan torpaqları işğaldan azad olundu. Mən bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardım etməyə dəvət edirəm”.

Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhak qeyd edib ki, dağılmış Füzuli şəhəri uzun illər davam edən münaqişənin acı nəticələrini özündə əks etdirir. Bu şəhər həmin nəticələri görə bilmələri üçün öz qapılarını beynəlxalq müşahidəçilərin üzünə açıb.

 

Füzuli əməliyyatı həm Azərbaycan, həm də dünya hərb tarixi üçün nümunədir

 

Füzuli Vətən müharibəsinin ilk günündən son gününədək ərazisi uğrunda döyüşlərin gərgin aparıldığı rayonlardandır. Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası nəticəsində 44 gün ərzində Füzulinin şəhər mərkəzi ilə yanaşı, 53 kəndi erməni işğalından azad edilib. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi isə Azərbaycan Ordusunun cəbhənin cənub istiqamətləri üzrə irəliləməsi üçün daha geniş imkanlar yaratdı.

Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa müraciəti zamanı Füzulinin böyük hərbi peşəkarlıq nəticəsində işğalçılardan azad edildiyini açıqladı: “Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik...Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da”.

Dövlət başçısı deyib ki, düşmən 30 il ərzində təmas xəttində çox möhkəm istehkam qurduğu üçün bəziləri Füzuli şəhərinin işğaldan azad edilməsini mümkünsüz sayırdı: “Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək, hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Hərbi ekspert Ruslan İmanquliyev bildirir ki, düşmən şimaldan cənuba doğru bütün cəbhə boyu istiqamətlər üzrə müdafiəyə çox ciddi hazırlaşmışdı. Düşmənin istər Tərtər, istərsə Füzuli istiqamətində müdafiə üçün çox ciddi, tam mütəşəkkil hazırlığı olub və onlar ard-arda olan müdafiə xətlərinin hər birini xüsusi olaraq qoruyublar. Belə olan halda həmin xətləri keçərək hədəfə yaxınlaşmaq həqiqətən çox çətin idi. Hakim ərazilərdə olan düşmənin tank əleyhinə xəndəklərinin, dirəklərinin, minalanmış sahələrin, metal kirpilərin, piyada əleyhinə bir sıra əngəllərin olması döyüşün müqəddəratını dəyişə bilərdi. Ancaq ordumuzun Cəbrayıl istiqamətində yarma əməliyyatını uğurla icra etməsi, dərinliklərə doğru irəliləməsi, bununla yanaşı, xüsusi təyinatlılarımızın düşmənin arxasında əməliyyatlar həyata keçirməsi və bu əməliyyatların hərbi hava qüvvələri, o cümlədən raket və artilleriya qoşunları tərəfindən mütəşəkkil şəkildə dəstəklənməsi döyüşün müqəddəratını həll etdi. Digər tərəfdən, Cəbrayıl rayonunda irəliləyən qoşunlarımızın istiqaməti dəyişərək Hadrutu azad etməsi düşmənin mənəvi-psixoloji vəziyyətini darmadağın etdi.

Ekspert bildirir ki, məhz Hadrutun azad edilməsi ilə Füzuli istiqamətindəki düşmən qüvvələri mühasirə vəziyyətinə düşdülər: “Düşmənin bir çoxu ya olduğu yerdə məhv edildi, ya da geri çəkildi. Ümumi olaraq, döyüş sahəsinə baxdıqda görmək olar ki, burada bir xətt üzrə əks-hücum əməliyyatları aparılmayıb. Əməliyyatlar bütün sədd üzrə həyata keçirilib. Bu da bizim yüksək ali rütbəli komandirlərimizdən başlamış ən kiçik rütbəli komandirlərimizədək - hər kəsin hərb məharətinin, döyüş əzminin çox yüksək olduğunu göstərir. Düşmənin 30 illik hazırlığını nəzərə alsaq, Füzuli əməliyyatı həm Azərbaycan hərb tarixi, həm də dünya hərb tarixi üçün nümunə ola biləcək bir döyüş idi”.

 

On illərlə ürəyimizdə yaşatdığımız arzumuza çatmışıq

 

1990-cı illərin əvvəllərində Azərbaycan Ordusunun ardıcıl davam edən məğlubiyyətlərindən sonra ilk qələbə məhz Füzuli rayonunda həyata keçirilən hərbi əməliyyatlar nəticəsində qazanılıb. Bu baxımdan Füzuli rayonunun Horadiz qəsəbəsinin adı ilə adlandırılan Horadiz əməliyyatı hərb tariximizdə özünəməxsus yer tutur. 1993-cü ilin dekabr-1994-cü ilin yanvar ayından başlayan uğurlu Horadiz əməliyyatı Füzuli istiqamətində strateji əhəmiyyətli yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilməsinə imkan verdi. Bu əməliyyat zamanı Horadiz qəsəbəsi də daxil olmaqla, 22 yaşayış məntəqəsi Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Həmin dövr haqqında danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova bildirir ki, hələ ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında Ermənistan üçün bir dövlət yaradılsa da, onlar tərəfindən ölkəmizə qarşı yeni ərazi iddiaları davam etdi və bu, əsrin sonunda daha açıq xarakter aldı. Yaxın-uzaq havadarlarının açıq-gizli dəstəyi ilə Ermənistan bu iddialarını reallaşdırmaq üçün Dağlıq Qarabağın əvvəl Ermənistana birləşdirilməsi, daha sonra isə taktikanı dəyişərək onun müstəqilliyinə nail olmaq adı altında “mübarizəsini” elan etdi. Separatçılar “xalqların öz müqəddəratını təyin etməsi” prinsipini istismar edərək Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılması naminə faşist ideologiyasına əsaslanan təcavüzkar əməllərini genişləndirdi. Azərbaycanda ictimai-siyasi qüvvələrin hakimiyyət iddiaları, sabitliyin pozulması, ölkənin və ordunun vahid rəhbərliyinin olmaması və separatçı bölücülük cəhdlərinin geniş miqyas alması səbəbindən ölkəmiz ikinci dəfə öz müstəqilliyinin təhlükə altında qalması kimi aqibətlə üzləşdi. Azərbaycan əraziləri bir-birinin ardınca Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qaldı.

Bahar Muradova qeyd edir ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə müsbətə doğru dəyişikliklər Qarabağ məsələsi ilə əlaqədar vəziyyətə də təsirsiz ötüşmədi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən 1994-cü il Horadiz əməliyyatı və onun nəticələri münaqişənin tarixində dönüş mərhələsi kimi dəyərləndirilir. O zaman üçün məhdud olan imkanların səfərbər edilərək, Füzuli istiqamətində bir çox kəndlərin və Horadiz qəsəbəsinin işğalçılardan təmizləndiyini görən düşmən artıq Heydər Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu ilə döyüşməyin mümkünsüzlüyünü nəzərə alıb 1994-cü ilin may ayında atəşkəsə razı oldu. Bundan sonra Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin uzun və üzücü danışıqlar mərhələsinə qədəm qoydu. Bu, öz-özlüyündə Azərbaycanı qane etməsə də, ölkənin bütün potensialını səfərbər edərək problemin kökündən, birdəfəlik həlli üçün imkan pəncərəsi idi. Və Azərbaycan bu imkandan maksimum istifadə etməyə nail oldu.

B.Muradova deyir ki, o zaman azad edilmiş ərazilərin qısa müddət işğal altında olmasına baxmayaraq, bütün yaşayış məntəqələri ciddi dağıntılara məruz qalmışdı: “Həmin kəndlər 44 günlük müharibədə azad edilmiş ərazilər kimi, yaşayışa tam yararsız vəziyyətdə idi. Sanki buralardan bir vəhşi qəbilə keçmişdi”.

B.Muradova əlavə edir ki, Azərbaycanda azad edilmiş ərazilərə qayıdış sözü məhz ilk dəfə o zamanlar işlədildi: “Doğrudur, o zaman bunun böyük qayıdışa çevriləcəyinə inananların sayı o qədər də çox deyildi. İnsanların ümidsizliyə qapılması üçün beynəlxalq proseslərdə erməni məsələsinə dəstək verən dairələrin fəallığı və Azərbaycan həqiqətlərinin eşidilməməsi kimi ciddi səbəblər var idi. Amma Heydər Əliyevin hakimiyyətə qayıtması bu məsələdə də düşüncələrin dəyişməsinə, Azərbaycanın region ölkələri, güc mərkəzləri, beynəlxalq təşkilatlarla sosial-iqtisadi, hərbi, humanitar sahədə əlaqələrinin inkişafına, ölkədəki tənəzzülün dayanmasına imkan yaratdı. Heydər Əliyevin hakimiyyəti dövründə artıq hər kəs Azərbaycanın müstəqilliyinə təhdid təşkil edəcək hər hansı cəhdin baş tutmayacağını, daha artıq ərazilərin işğalının mümkünsüzlüyünü, hətta həmin ərazilərin geriyə qaytarılması imkanlarının güclənəcəyini anlamağa başladı”.

B.Muradova bildirir ki, müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan və onun havadarlarının, erməni diasporunun gücü, erməni birliyi barədə yaradılmış mifi darmadağın etdi: “Azərbaycan inkişafının bir sıra parametrləri üzrə nəinki Ermənistanı, postsovet ölkələrinin hamısını, eləcə də bir sıra inkişaf etmiş ölkələri qabaqladı. Bütün bunlar, ilk növbədə, Qarabağ münaqişəsinin həllinə yönəlmişdi. Bir necə lokal döyüşlərin olması Ermənistana qarşısında necə bir güclü Azərbaycanın dayandığını dərk etməyə imkan verdi. Həmin döyüşlər kifayət etdi ki, Ermənistanı bu məsələdə dəstəkləyən beynəlxalq dairələr ona artıq açıq şəkildə yardım etməkdən vaz keçsinlər. Odur ki, indi Ermənistan Azərbaycanın razılığı olmadan bölgənin çiçəklənməsinə xidmət edən hər hansı layihəyə qoşulmaq imkanından məhrumdur”.

B.Muradova nəzərə çarpdırır ki, münaqişənin həlli üçün Azərbaycan dəfələrlə hərbi gücdən istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Lakin Ermənistan bu prosesləri son vaxtlar özü sürətləndirdi. Daxili ictimai-siyasi vəziyyət hərbi-siyasi rəhbərliyin daha artıq səhvlər etməsinə və sentyabrın

27-də əks-hücum əməliyyatlarının başlamasına təkan verdi. Qısa müddət ərzində Azərbaycanın işğal altında olan əraziləri, o cümlədən Füzuli azad edildi: “Artıq Füzulinin azad edilməsindən 1 il ötür. Bu bir ildə Azərbaycan 100 illərə bərabər inkişaf və təkamül prosesi keçdi. Bu bir ilin hər günü dinamikada oldu və hər bir azərbaycanlı bu inkişafın bir hissəsi olmağı, tam olaraq birləşməyi bacardı”.

B.Muradova füzulililərin azad edilmiş kəndlərinə qayıdaraq orada yaşayacaqları günü səbirsizliklə gözlədiklərini də söyləyir: “İşğal insanların həyatını tar-mar etdi, onları ev-eşiklərindən didərgin saldı. Fiziki və mənəvi itkilərimiz oldu. Bu günü gözləyib, amma onu görməyərək dünyadan köçənlərimiz çox oldu. Mən özüm bu həyatın içində olmuşam. Ailəm, yaxınlarım köçkünlük həyatı yaşayıblar. Onlar artıq keçmiş məcburi köçkün hesab olunmalarına baxmayaraq, bu gün də çətin həyatın içindədirlər və öz yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. İndi Füzulinin və digər azad olunmuş ərazilərin dağılmış evləri, uçuq binaları bizim hamımız üçün əzizdir. On illərlə ürəyimizdə yaşatdığımız arzumuza çatmışıq. Dünyaya göz açdığımız, uşaqlığımızın, gəncliyimizin keçdiyi ana yurdumuz işğaldan azad olub və bizim hər birimiz oranı yenidən görmək, gələcəkdə isə doğma yurdumuzda yenidən yaşamaq imkanı əldə edəcəyik. Ümid edirəm ki, qısa müddətdə Azərbaycan dövləti Füzulini də dirçəldəcək. Artıq bunun üçün ilk layihələr həyata keçirilir. Bu layihələr sayəsində Füzuli nəinki Azərbaycan üçün, dünya üçün yenidən açılır”.

 

Füzulinin əlverişli iqtisadi imkanları var

 

Azərbaycanın xüsusi iqtisadi potensiala malik olan rayonlarından olan Füzuli hələ işğaldan əvvəl bir sıra məhsulların, xüsusilə pambıq və üzümün istehsalına görə respublikada ilk yerlərdən birini tutub. Bu rayonda yalnız kənd təsərrüfatı üçün deyil, sənayenin də inkişafı üçün əlverişli imkanlar var.

Füzuli həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk yenidənqurma işlərinin aparıldığı məkandır. Yenidənqurma layihələri çərçivəsində Füzilidə istifadəyə verilən Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” adlandıran Prezident İlham Əliyev bu şəhər hələ işğaldan yenicə azad edildiyi zaman rayonun, onun kəndlərinin abadlaşdırılacağını, buraya həyatın qayıdacağını söyləyib.

AMEA-nın İqtisadiyyat İnstitutunun Postkonflikt ərazilərin bərpası elmi mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev bildirir ki, Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə yaradılmış Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Füzuli rayonunda iqtisadiyyatın ənənəvi kənd təsərrüfatı sahəsinin, əkinçilik və maldarlıqla yanaşı, aqrar məhsulların ilkin emalı sənayesinin, tikinti, nəqliyyat, ticarət, xidmət sahələrinin inikişafı üçün geniş şərait var. Ümimi ərazisi 67,6 min hektar olan Füzulinin 60,8 min hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir: “Rayonun çox bərəkətli və məhsuldar torpaqları var. Füzuli rayonu istər əhali sayı, istər əkinəyararlı münbit torpaq ehtiyatı, istərsə də məhsul istehsalına görə Qarabağ iqtisadi rayonunun ən böyük rayonlarından biridir. Rayonun işğalaqədərki əhali sayı 98,6 min nəfər, torpaq balansı (ümumi ərazi) 67,649 min ha, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahələri 60,848 ha, əkin sahəsi 33,804 ha, örüş-otlaq və biçənək sahəsi 25,985 ha, həyətyanı sahələr 1,059 min ha təşkil edirdi. 1980-ci illərdə əkin sahələri cəmi 28,239 ha təşkil edib, o cümlədən taxıl 13,214 ha, üzüm 14,148, pambıq 600, tərəvəz, bostan, meyvə və giləmeyvə sahəsi 287 ha olub. İldə 31,9 min ton taxıl, 1,5 min ton pambıq, 100,8 min ton üzüm, 1,6 min ton tərəvəz, bostan, meyvə və giləmeyvə istehsal olunub. Füzuli rayonunun bütün əkin sahələrinin 97 faizə qədəri taxılın (46,8 faiz) və üzümün (50,1 faiz) payına düşüb. Müqayisə etdikdə aydın olur ki, 1980-ci illərdə olduğu kimi son illərdə, məsələn, 2019-cu ildə də rayonda kənd təsərrüfatında ənənəvi bitkiçilik sahələri ilə yanaşı, digər sahələr də inkişaf edib”.

A.Musayev əlavə edir ki, Füzulidə dənli və dənli paxlalılar, pambıq, tərəvəz, şəkər çuğunduru, kartof, bostan bitkiləri, meyvə və giləmeyvə, üzüm yetişdirilib. 2019-cu ildə bitkiçilik məhsullarının istehsalına dair statistikaya görə, Füzulidə 118,1 min ton dənli və dənli paxlalılar, 1,6 min ton pambıq, 960 ton üzüm, 1,872 min ton kartof, 5,5 min ton tərəvəz, 3,169 min ton bostan məhsulları, 1,4 min ton meyvə və giləmeyvə istehsal olunub. Biktiçilikdə yeni sahə kimi 17,134 min ton şəkər çuğunduru yetişdirilib.

44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib. Cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.

1980-ci illərdə heyvanların baş sayına dair statistikaya görə, Füzuli rayonunda iribuynuzlu heyvanların cəmi 37,8 min baş, o cümlədən ondan inək və camışlar 13,4, xırdabuynuzlu heyvanlar 149,0 min baş olub. Habelə 2,8 min ton ət, 20 min ton süd, 11,8 mln. ədəd yumurta istehsal olunmuşdur. Postkonflikt rayonlar üzrə iribuynuzlu mal qaranın (2019-cu ildə) 23,6 faizi Füzuli rayonunun payına düşür.

Füzuli rayonunda emala əsaslanan aqrar sənaye müəssisələrinin yaradılması, eyni zamanda arxeoloji və etnoqrafik turizmi inkişaf etdirmək, onların bazasında yerli turizm marşrutları yaratmaq üçün potensial imkanlar var.

A.Musayev bildirir ki, Füzuli rayonu Qarabağın Şərq qapısı olmaqla, işğala qədər bütövlükdə regionun inkişafında xüsusi rol oynayıb. Əlverişli coğrafi mövqeyi, münbit torpaq fondu, su ehtiyatı, dəmir və avtomobil nəqliyyatı yollarının qovşağına malik olması Füzulini regionun ənənəvi olaraq təchizat və tədarük bazasına çevirib. İşğaldan azad edildikdən sonra postkonflikt ərazilərin hər yerində olduğu kimi, Füzulidə də böyük miqyasda bərpa və quruculuq işləri aparılır. Şərqi Zəngəzur iqtisadi zonasına aparan dəmir və avtomobil yollarının tikintisi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Zəfər yolu”nun, ikinci Füzuli-Şuşa avtomobil yolunun tikilməsi Füzulini Azərbaycan iqtisadiyyatı üçün ən müasir daşıma imkanları olan rayona çevirir. Zəngəzur dəhlizi açılacağı təqdirdə Füzuli rayonu həm də regional və beynəlxalq bazarlara çıxış baxımından rəqabətqabiliyyətli nəqliyyat qovşağına çevriləcək.

Professor hesab edir ki, formalaşmış nəqliyyat infrastrukturu iqtisadi inkişafın hərəkətverici qüvvəsi olmaqla, regionun mövcud resurs və istehsal potensialını hərəkətə gətirəcək, bu regionun ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası prosesini sürətləndirəcək. Yeni innovativ aqrotexnologiyaların tətbiqi ilə Füzuli rayonu üçün taxılçılıq, üzümçülük, heyvandarlıq və s. kimi ənənəvi sahələrdə yüksək məhsuldarlığa nail olmaq imkanları kifayət qədər yüksəkdir. Eyni zamanda iqtisadiyyatının tamamilə yenidən qurulacağını nəzərə alaraq, rayon üçün qeyri-ənənəvi olan sahələrin də inkişaf perspektivləri nəzərdən keçirilməlidir. Bunun üçün dövlət, özəl və elmi tədqiqat mərkəzlərinin birgə fəaliyyətinə böyük ehtiyac var.

Azərbaycanı sürətli iqtisadi inkişaf tendensiyası olan ölkə sayan professorun qənaətincə, tək Füzulidə deyil, Qarabağın digər bölgələrində də təhlükəsizliyin təmini və infrastrukturun qurulması ilə iqtisadiyyatı dirçətlmək, onu tədricən ölkənin ümumi iqtisadi inkişaf səviyyəsinə çatdırmaq mümkün olacaq. Malik olduğu iqtisadi potensial nəzərə alınaraq, Füzuli rayonunda aqrar sektorun yenidən qurulması və inkişafı ən müasir texnologiyaların tədbiqi ilə həyata keçirilməli, bura raqabətqabiliyyətli və ixracyönümlü bir kənd təsərrüfatı rayonuna çevrilməlidir.

Dağıdılmış Füzulidə həyat 30 il əvvəlki axarına qayıdaraq yenidən canlanacaq. Prezident İlham Əliyevin də dediyi kimi, “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir”.

Bu gün təkcə Füzulidə deyil, azad edilmiş digər ərazilərdə də yenidənqurma işləri aparılır. Yenidənqurma layihələrinin, düşmənin viran qoyduğu rayonların, şəhərlərin, kəndlərin abadlaşdırılmasının şahidi ola bildiyimiz üçün özümüzü şanslı vətəndaş saymalıyıq.

Biz əslində şanslı insan olmaqdan daha çox xoşbəxt insanlarıq. Çünki bu möhtəşəm tarixin şahidi olduq. 44 günlük Vətən müharibəsinin Zəfər salnaməsini kitablardan oxumadıq. Zəfərin səsini öz qulaqlarımızla eşidə, onun möhtəşəmliyini öz gözümüzlə görə bildik. Füzuli zəfəri isə bu zəfərlərdən yalnız biri idi...

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video