06 May 2021 01:02
1064
SİYASƏT
A- A+

Dəmir iradə ilə Zəngəzura doğru...

 

İlham Əliyevin qətiyyətli siyasəti bu dəhlizi tezliklə reallığa çevirəcək

 

İstənilən xalq və onun yaratdığı dövlət siyasi, iqtisadi və digər cəhətlərdən nə qədər möhkəm, qüdrətli olarsa, onun həyata keçirdiyi siyasətin müstəqillik elementləri də o dərəcədə güclü olar.

Bu mənada İlham Əliyevin son 17 ildə həyata keçirdiyi tam müstəqil siyasət nəticəsində Azərbaycanın əhəmiyyətli dərəcədə gücləndiyi dünyada heç kimdə şübhə doğurmur. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfər isə, ilk növbədə, ölkənin hərbi qüdrətinin hansı səviyyədə olduğunu göstərdi. İndi Azərbaycan müharibədən sonra yaranmış yeni reallıqlara uyğun addım atmaqla bir daha dünyaya gücünü, qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirir.   

 

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunacaq

 

Bu gün Qarabağda böyük tikinti bumu yaşanır. İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında həyata keçirilən proseslər çox sürətlə davam edir.

Məğlub Ermənistan hərdən bəzi prosesləri ləngitmək istəməsi fonunda təxribatlara da əl atır. Amma Prezident İlham Əliyev düşünülmüş siyasəti və hesablanmış addımlarla prosesi davam etdirir. Təxribat törədənlərə isə hələ ki xəbərdarlıq etməklə kifayətlənir. Artıq Ermənistandakı revanşist qüvvələrə də bəllidir ki, İlham Əliyev qarşısına qoyduğu məqsədə çatmaq üçün prinsipial, qətiyyətli addımlar atır. Dövlət başçısı lazım gələndə sözünü deyir və onun icrasını da reallaşdırır. 

Ötən ilin 10 noyabrında İlham Əliyevin şərtlərinə uyğun kapitulyasiya sənədinə qol çəkmək məcburiyyətində qalan Ermənistan Bəyanatın 9-cu bəndinin icra prosesi ilə bağlı hərdən sərsəm fikirlər səsləndirir. Həmin bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.

Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir.

Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Lakin Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən ritorikanı sərtləşdirməyə cəhd edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan öz çıxışlarının birində 10 noyabr Bəyanatı haqqında danışarkən bu razılaşmada hər hansı “Zəngəzur dəhlizi”nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edib.

Ermənistanın bu iddiasına cavab olaraq İlham Əliyev YAP-ın VII qurultayında bəyan etdi ki, üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması Azərbaycanın böyük siyasi qələbəsidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. Amma bu gün Ermənistan əməkdaşlıqdan boyun qaçırır: “İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasi iradəsini qəbul etməkdən başqa yolu qalmayacaq. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”. 

 

Ermənistan Azərbaycanla hesablaşmalıdır, əks təqdirdə...

 

İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də yükdaşımalarla bağlı rəqabət üzərində deyil. Qalib Sərkərdə öz nitqində bəyan edir ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir və Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Bu, ilk növbədə lider qətiyyətinin nümayişi idi. Artıq hər kəs əmindir ki, bu proses də tezliklə reallığa çevriləcək. Çünki İlham Əliyev indiyədək səsləndirdiyi bütün bəyanatları gerçəkləşdirib. Ermənistanda da yaxşı başa düşürlər ki, Azərbaycanın lideri bu dəhlizin açılacağını qətiyyətlə vurğulayırsa, demək, tezliklə bu prosesə start veriləcək.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanatın bütün bəndləri icra ediləcək. Əks təqdirdə, müharibədə ağır zərbə almış ölkə daha da acınacaqlı duruma düşəcək. Seçim imkanları o qədər də böyük deyil. Ona görə də Ermənistan yeni reallıqlarla barışmalı, Azərbaycanın irəli sürdüyü təkliflərlə hesablaşmalıdır.

İlham Əliyev də bu prosesdə Ermənistanın seçim imkanlarının olmadığını bildirir: “Biz yeni reallıqlar yaratmışıq. Bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistan qarşısında indi bir neçə seçim var. Və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər”.

Bu gün baş verən proseslər göstərir ki, Azərbaycan Qarabağda nəqliyyat-kommunikasiya sisteminin qurulması istiqamətində çox önəmli addımlar atmaqdadır. Hazırda yeni avtomobil və dəmir yollarının, hava limanlarının tikintisi davam etdir. Bu proseslər yekunlaşdıqdan sonra Zəngəzur dəhlizinin bərpasına start veriləcək. Çünki xarici ölkələrlə logistik əlaqələrin daha da şaxələndirilməsi Zəngəzur dəhlizindən asılıdır. Bu, həm də Ermənistanın düşdüyü acınacaqlı iqtisadi durumdan qurtuluşuna da təsir göstərə bilər.

Zəngəzur dəhlizi nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq. Azərbaycan imzalanan bəyanata əsasən, yaradılacaq bu dəhlizdən dəmir yolu və avtomobil yolu məqsədilə istifadə edəcək. Bu yol həm Azərbaycanın əsas hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmir yolu və avtomobil yolu ilə əlaqə quracaq.

Göründüyü kimi, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mütəşəkkil və düşünülmüş qaydada addımlar atır və 10 noyabr Bəyanatının bütün bəndlərinin reallaşması istiqamətində qətiyyət nümayiş etdirir. Bu da Azərbaycanın dünya düzənindəki siyasi çəkisini gündən-günə daha da gücləndirir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video