19:13 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Delta” nədən əmələ gəlib

ANA SƏHİFƏ / SƏHIYYƏ
02:00 18.07.2021

 

Alimlər sübut ediblər ki, bu ştammdan da qorunmağın yeganə yolu peyvəndlənmədir

 

Son vaxtlar dünyada şayiə dolanır ki, COVID-19-un “Delta” variantı və koronavirusun digər mutasiyaları vaksinasiya nəticəsində əmələ gəlib. Bəs mütəxəssislərin bununla bağlı fikirləri nədir?

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artır və yoluxma hallarının 95 faizində söhbət “Delta” ştammından gedir. Amma məsələ bundadır ki, Böyük Britaniya əhalisinin üçdə ikisi artıq vaksin olunmuşdur. Elə isə bunun necə baş verdiyi sualı yaranır. Vaksinasiya əleyhdarları məhz bu faktdan istifadə edirlər və sosial şəbəkələrdə şayiələr yayırlar ki, koronavirusun mutasiyası və onun “Delta” variantının peyda olması peyvəndlənmənin nəticəsidir.

Bəs əslində yeni variantlar necə əmələ gəlir?

Deməli, viruslar çoxalmaq üçün öz genetik informasiyalarını hüceyrəyə ötürürlər. Hər bir reproduksiya zamanı cüzi səhvlər baş verir və bu səhvlər virusun genetik kodunu dəyişir. Beləliklə, o, daim mutasiyaya uğrayır. Bu, normaldır. Bəzi mutasiyalar virusu vaksinə qarşı daha dayanıqlı edir, digərləri isə, əksinə, zəiflədir. Lakin təkamül prosesində ən güclü variant qalib gəlir. Koronavirusla bağlı ən çox yoluxdurucu variantlar, məsələn,  “Delta” daha az təhlükəli formaları sıxıb çıxarır.

Söz ki, yenidən “Delta”dan düşdü, bildirək ki, koronavirusun bu variantının dəqiq funksiyaları elmi cəhətdən hələ öyrənilməmişdir. Ancaq o məlumdur ki, mutasiyalar virusa insan hüceyrələrinə daha asan yapışmağa və bəzən immun reaksiyalarını “aldatmağa” imkan yaradır.

Bu barədə Londondakı Kraliça Mariya Universitetinin klinik epidemioloqu Deyepti Qurdanazi məlumat verir. Onun dediyinə görə, “Delta” ştammının bir çox mutasiyaları mövcuddur.

Gelmqolts Mərkəzində yoluxucu xəstəliklərin tədqiqatı ilə məşğul olan alim Peggi Rize isə bildirir ki, “Delta” variantı virus yükünü, yəni konsentrasiyanı daha da artırır. Məsələn, bu, boğaz nahiyəsində baş verir. Bunu digər ekspertlər də təsdiq edirlər.

Sağalmış və peyvənd almış adamlarda əmələ gələn anticisimlər ilkin virusa qarşı effektiv olsa da, onun mutasiyalarına qarşı zəif hərəkət edirlər. Bu hal İmmune Escape - immun qaçışı adlanır. Bu, faktiki olaraq virusun insanın immun sistemi tərəfindən aşkar olunmasından qaçmaq qabiliyyətidir. Yekunda həm vaksin almış, həm də xəstəliyi keçirmiş adamlar yenidən yoluxa bilərlər.

“Delta” variantı həm də ona görə sürətlə yayılır ki, o, digər mutasiyalarla müqayisədə daha yoluxucudur və insanın immun sistemindən “gizlənə” bilir. Hannoverdəki Ali Tibb Məktəbinin professoru, immunologiya və  revmatologiya klinikasının eksperti Georq Berens hesab edir ki, mutasiya anticisimlərin təsirini zəiflətməklə immun sistemi tərəfindən virusun tanınmasını çətinləşdirir.

Lakin immun qaçışı o dərəcədə güclü deyil ki, ona qarşı mövcud vaksinlər faydasız olsun. Əksinə, tədqiqatların ilk nəticələri göstərmişdir ki, tam vaksinasiya  “Delta” ştammına yoluxmadan etibarlı müdafiə edir. Buna baxmayaraq, vaksin istehsalçıları, məsələn, BioNtech/Pfizer artıq “Delta”ya da qarşı daha effektiv olacaq yeni preparat üzərində işləyirlər.

Qayıdaq əvvəlki suala: peyvəndlənmə virusun mutasiyasına səbəb olurmu?

Almaniyanın Gissen şəhərindəki Yustus Libiq Universitetinin virusoloqu Frideman Veberin fikrincə, əksinə, vaksin almayanlar koronavirusun mutasiyaya uğramış variantının yayılmasına yardımçı olurlar. Bu, Hindistan, Braziliya və Cənubi Afrikanın timsalında görünür. Məhz bu ölkələrdə peyvənd almış adamların faizi çox aşağı olduğu üçün yeni mutasiyalar orada meydana gəlmişdir. Öz növbəsində Peggi Rize izah edir ki, vaksinlər virusun mutasiyaya uğraması ehtimalını artırsaydı, İsrail və Böyük Britaniya kimi ölkələrdə (bu ölkələrdə əhalinin böyük hissəsi vaksin almışdır) koronavirusun yeni variantları peyda olardı.

Beləliklə, daha çox ehtimal budur ki, təhlükəli mutasiyalar məhz virusun maneəsiz və sürətlə yayıla biləcəyi yerlərdə əmələ gəlir. Bu isə o deməkdir ki, “Delta” ştammının koronavirusa qarşı peyvəndlər nəticəsində əmələ gəlməsi tamamilə istisna olunur.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM