03:01 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Delta” 60 dəfə daha yoluxucudur və əsas hədəfi gənclərdir

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:37 17.08.2021

 

Ümüd SƏLİMZADƏ: “Pandemiyaya qarşı mübarizədə peyvənddən başqa seçim yoxdur”

 

“Dünyada olan 7,8 milyard əhalidən, təqribən 40 faizi risk qrupu sayılır. Bunlar yaşlılar, yanaşı xəstəliyi olanlar, səhiyyə işçiləri və digərləridir. Buna görə də birmənalı olaraq COVID-19 pandemiyasından qurtulmaq üçün dünya əhalisi peyvəndlənməli və virusa qarşı kütləvi immunitet qazanmalıdır. Belə olmadıqca virus davamlı mutasiyaya uğrayacaq və daha güclü ştamlarla insanları təhdid altında saxlayacaq”.

Bu fikirləri Almaniyada çalışan həmvətənimiz həkim Ümüd Səlimzadə, iki ilə yaxındır dünyanın gündəmindən düşmək bilməyən pandemiya ilə bağlı apardığımız müsahibə zamanı səsləndirdi.

1989-cu ildə Masallı rayonunda anadan olan Ümüd Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini əla qiymətlərlə başa vurub. 2012-ci ildə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (Deutscher Akademischer Austausch Dienst-DAAD) ilə birgə təşkil etdiyi layihə çərçivəsində orada təhsilini davam etdirir, Berlin şəhərində Avropanın ən qədim universitet klinikası hesab olunan “Charite”də burun-boğaz və baş-boyun cərrahiyyə şöbəsində bir il assistent kimi çalışır. 2013-cü ilin dekabrında Thüringen əyalətinin Saalfeld şəhərində eyni adlı klinikada rezident kimi çalışmağa başlayır. Hazırda gənc mütəxəssis Yena şəhərindəki Yena Cərrahiyyə Mərkəzində əl və rekonstruktiv şöbədə asistent həkim işləyir.

Son dövrlərdə Ümüd Səlimzadəni Azərbaycan ictimaiyyəti daha yaxından tanıyır. Ötən bir ildə, ölkə KİV-inə pandemiya ilə bağlı verdiyi 50-dən artıq müsahibədə gənc həkimin əsasən pandemiya ilə bağlı basmaqəlib, standart fikirlər yox, tibb sahəsində pandemiyaya qarşı əldə edilən yeniliklər, innovasiyalar haqqında fərqli mülahizələri diqqət çəkir. Hazırda həmyerlimiz Bakıda ezamiyyətdə olduğuna görə onunla görüşüb söhbətləşmək imkanı qazandıq.

 

Dalğaların fəsadları

 

Ümüd Səlimzadə deyir ki, COVID-19 virusu tarixən zoonoz şəklində bəlli olsa da, ilk dəfə bu infeksiyanın heyvandan insana keçməsi halı 2019-cu ildə Çinin Uhan şəhərində müşahidə edildi. Eyni zamanda dünyada çoxlu şübhələr, spektik fikirlər yarandı ki, necə oldu indiyə qədər virus insana keçmirdi, amma indi bu baş verdi? Buna görə də virusun 570-ə yaxın gen analizi edildi və müəyyən olundu ki, Çində yaranan Alfa variantı əsasən iki mümkün yolla heyvandan - Panqulinlərdən və yarasalardan insana keçə bilər.

Yoluxan insanlarda olan virusların gen analizləri ilə həmin heyvanların gen analizlərinin müqayisəsi bu qənaətə gəlməyə əsas verdi. Yəni, tibb bu halın mümkünlüyünü təsdiqləyir: “İlk zamandan etibarən dünyanın pandemiya ilə mübarizə tədbirləri yetərli idi. Amma həddindən artıq izafi tərdbirlər də görüldü və dünya iqtisadiyyatına böyük zərbə vuruldu. Bu qədər açıq olan dünya birdən-birə sərt qapandı. İnsanlar isə malik olduqları azadlıqlarını məhdudiyyətlə əvəz etmək istəmirdilər. Yəni hətta ən inkişaf etmiş dövlətlər belə ilk başda nə edəcəklərini bilmirdilər. Amma sonrakı mərhələdə məlum oldu ki, bu virusu PZR test 98.7 - 99 faiz dəqiqliklə müəyyən edir. Həmçinin tibbi maskaların COVID-dən qoruduğu bəlli oldu. Son araşdırmalar isə göstərib ki, “N-99” maskaları virusun təxminən 99 faiz ötürülməsinin qarşısını alır. Yəni zaman keçdikcə virusa qarşı effektiv önləmlər alınmağa başlandı və buna görə yoluxmada müəyyən azalmalar oldu. O zaman ölkələr müxtəlif açılmalara getdilər. Ona görə də dünyada birinci kiçik dalğadan sonra payız aylarında böyük dalğa müşahidə etdik. Bu, səhiyyə sistemini 200 illik sosial sığorta sistemi ilə təkmilləşdirilmiş Almaniyada da yaşandı. Orada, həmçinin bir çox Avropa ölkələrində yaşlı əhali çox olduğu üçün ölüm faizləri yüksək idi”.

 

Azərbaycanın mübarizə üsulu

 

Həkim söyləyir ki, Azərbaycan ilk başlarda dünyanın klassik pandemiya planını həyata keçirməyə başladı. Sərt qapanmaya getdi, sms icazə sistemi tətbiq edildi. Elə buna görə də ilk vaxtlar gündəlik 100-ü keçməyən yoluxmalar müşahidə olundu: “Azərbaycanın ikinci atdığı vacib addım isə Türkiyədə uzmanlıq təhsili alan həkimləri ÜST vasitəsilə 3 qrupda Azərbaycana gətirməsi oldu. Onlar elan olunmuş klinikalara yerləşdirildi. O həkimlərin təlimlərindən, tibbi bacarıqlarından istifadə olunmağa başlandı. Eyni zamanda ölkəyə tənəffüs aparatları gətirildi, Təcili Tibbi Yardım maşınlarının sayı artırıldı. Digər uğurlu addım xəstəxanaların sırf pandemiya xəstəxanası elan olunması idi. Bu isə virusun başqa profilli xəstələrə keçməsinin qarşısını aldı. Ölkədə olan bütün koronavirus xəstələrinin müalicəsinin, daşınmasının, onların test olmasının xərclərini dövlət İcbari Tibbi Sığorta sayəsində öz üzərinə götürdü. Yeni qurulan icbari tibbi sığorta və onun nəzarətində olan TƏBİB-in və Səhiyyə Nazirliyinin üçünün bir arada kombinə şəkildə işləməsi səhiyyənin yükünü yüngülləşdirdi. Çünki ev şəraitində müalicə alan xəstələrə poliklinikalardakı sahə həkimləri nəzarət edirdi. 1 il ərzində təxminən 120 min nəfər ev şəraitində müalicə olundu. Bunun özü xəstəxanaların yükünü xeyli azaltdı. Eyni zamanda poliklinikalardakı sahə həkimlərinin xəstələrlə əlaqəsi təmin olundu. Ölkəmizdə İcbari Tibbi Sığorta Sisteminə keçid formalaşıb və həmin həkimlər insanlarımızın ailə həkimi olacaq. Əslində pandemiya fonunda Ailə Həkimi İnstitutunun da əsası qoyulmuş oldu”.

Həkim hazırda respublikamızda xəstəxanaların birləşdirilməsi prosesinin getməsini də yüksək qiymətləndirir. Bunun üstünlüyü odur ki, həmin xəstəxanalarda bütün profilli həkimlər çalışacaq. Yəni ora müraciət edən xəstələr, mütləq ixtisaslı həkimə yönləndiriləcəklər. Bunlarla yanaşı, digər ən önəmli məsələ Azərbaycanın tez bir zamanda COVAX layihəsinə qoşulması, peyvəndin ölkəyə gətirilməsi və istifadəsi oldu.

 

Pandemiya fonunda müharibə

 

Ümüd Səlimzadə vurğulayır ki, Azərbaycanda ötən il yaşanan pandemiyanın payız dalğasında daha çətin mərhələ oldu. Həm pandemiya ilə mübarizə aparırdıq, həm də düşmənlə döyüşürdük: “Real götürsək, bizim ölkədə onsuz da tibb təhsilində hərbi səhra cərrahiyyəsi, hərbi gigiyena fənləri tədris edilirdi. Eyni zamanda ölkənin Hərbi tibb fakültəsi var idi. Yəni Azərbaycan hər zaman buna hazır idi. Ona görə birdən-birə pandemiya ilə yanaşı müharibənin olması, çətin situasiya olsa da, səhiyyə işçiləri üçün ağır olmadı. Çünki səhiyyə sistemi hər zaman forsmajor hallara hazır olmalıdır. Təbii ki, yüklənmə həkimlərin iki cəbhəyə ayrılmasına səbəb oldu. Yanaşı olaraq, insanlarımızın şəhidlərin dəfnində kütləvi iştirak etməsi, ərazilərimizin işğaldan azad edilməsini birgə qeyd etməsi, xəstələrə baş çəkməsi kimi mental məsələlər ölkəmizdə pandemiyanı daha sürətləndirdi. Havanın soyuq keçməsi, qapalı məkanlarda çox olmaq, xarici məkanlarda bir yerə toplanmaq və sair səbəblər də növbəti dalğaya gətirib çıxardı. Təbii ki, o zaman müəyyən mənada tibb müəyyən çətinliklə üzləşdi. Çünki biri var bir həkim 5 xəstəyə baxsın, biri var 15 xəstəyə. Dolayısı ilə bir həkimin xəstəyə ayıra biləcəyi vaxt və görə biləcəyi işin keyfiyyəti aşağı düşdü. Bu gözlənilən idi və dünyanın hər yerində belə idi. Almaniyada da, Türkiyədə də bu hal yaşanırdı”.

 

Xəstəlik, yoxsa peyvənd...

 

COVID-19-a qarşı peyvənd hazırlanandan sonra dünyadakı əksər insanlarda belə bir sual yarandı ki, necə oldu ki, çox qısa, cəmi bir neçə ay ərzində peyvənd ortaya çıxdı? Hətta bu şübhəyə görə hazırda da bəzi insanlar peyvənd vurdurmaqdan imtina edirlər. Bəs məsələnin doğrusu nədir?

Ümüd Səlimzadə Amin Maaloufun belə bir fikrini xatırladır ki, insanlar 5000 il boyunca vərəmə lənət yağdırdılar, ancaq heç nə dəyişmədi, çünki problemin həlli peyvənddə idi. Difteriya, Tetanus, Qızılca, Məxmərək, Rotavirus, İnfluenza B, Rotavirus - bunların hamısı hərəkət məhdudiyyətinə (yeriyə bilməməyimizə) və ölümə səbəb olan xəstəliklərdir. Ancaq peyvəndləri olduğu üçün bu gün uşaqlarımız həyatda qalırlar.

Dünyada RNT tipli iki peyvənd var, biri ABŞ istehsalı “Moderna”, digəri Almaniya istehsalı olan Biontek Pfizerdir. Bu iki peyvəndin istehsal olunması heç də təsadüfi deyildi. Çünki bu peyvəndlərlə məşğul olan firmalar hələ 1971-ci ildən RNT texnikası ilə peyvənd hazırlamaq istəyirdilər. İndiyə kimi dünyada peyvəndlər klassik üsulla hazırlanırdı. Yəni virusun, ya bakteriyanın hər hansı hissəsini götürürdülər və onu sentrfuqadan keçirirdilər, belə deyək, 50 dəfə onun yoluxma ehtimalını aşağı salıb sonra köçürürdülər insan orqanizminə. Buna ölü peyvənd deyirik, hansı ki, Sinovac da bu qaydada hazırlanıb. Ümumiyyətlə, peyvəndin və ya hər hansı dərmanın hazırlanması və ona satış icazəsinin verilməsi illərlə çəkən prosesdir. Amma ÜST-ün təcili hallar üçün icazə vermək səlahiyyəti var. Yəni pandemiya olmasa idi, peyvəndlərin ortaya çıxmasına təcili icazələr verilmirdi. Bu viruslara qarşı peyvəndlər üzərində uzun illərdir araşdırma gedirdi. Pandemiya sürətli hal aldığından tam ideal olmasa da, ideala ən yaxın peyvəndlərə istifadə üçün icazə verildi. Çünki pandemiyanı başqa cür önləmək olmurdu.

Müəyyən qisim əhali peyvəndlərlə bağlı yanlış düşünür. Dünyada peyvəndləmə mexanizmində bunu görürük. Əksər dövlətlərdə 60-65 faiz civarında peyvəndlənmə gedir, sonra proses dayanır. Çünki əhali buna cidd-cəhdlə qarşı çıxır. Amma bu təqdirdə pandemiyanın qarşısını almaq mümkün olmayacaq və biz daim mutasiyaya uğrayan viruslarla mübarizə aparmalı olacağıq.

“Virus mutasiyaları tarixboyu var və bundan sonra da olacaq. Dünyada 10 milyardlarla virus var. Bunun 9110-u elmə məlumdur. 2020-ci ildə 1044-ü tapılıb. Yəni bu pandemiya viruslarını yaxşı araşdırmağa təkan verib”, deyən Ümüd Səlimzadənin fikrincə, Çində yaranan “Alfa” versiyası insanlara yoluxduqca dəyişikliyə uğradı. İngiltərədə “Beta” formasına keçdi. Araşdırmalar zamanı məlum oldu ki, 90 yaşlı bir qadın reanimasiyada yatıb, onu xeyli müalicə ediblər və sağaltmaq istəyərkən virus mutasiyaya uğrayaraq başqa birinə keçib. Yəni xəstəni müalicə etdikcə virus davamiyyət göstərir. Əgər dünyanın risk qrupu peyvəndlənməsə, mutasiyalar yaranmağa davam edəcək.

Hər növbəti mutasiya və ştamm əvvəlkindən daha kəskin olması ilə fərqlənir. Misal üçün “Delta” ştammı “Alfa”dan 30-60 dəfə yoluxucu əmsalının yüksək olması ilə fərqlənir. Bu ştamm əsasən gənc yaş qrupuna təsir göstərir, onlara yoluxur.

Yaranan variantlara qarşı ən təsirli vasitə isə əlimizdə olan peyvəndlərdir. Biontek Pfizer, Sinovac peyvəndləri “Delta”ya qarşı 70-80 faiz təsir göstərir. Amma bu peyvəndlər 50 faiz belə təsir göstərirsə, böyük göstəricidir.

 

Reanimasiyada yatan xəstələrin 99 faizi peyvəndlənməyənlərdir

 

Azərbaycanda peyvəndləmə ilə bağlı mühüm addımlar atıldığını vurğulayan Ümüd Səlimzadə söyləyir ki, hökumət bu il mayın sonlarında çox təqdirəlayiq addım atdı və peyvənd pasportu məsələsini gündəmə gətirdi: “Həmin günə qədər ölkəmizdə vurulan peyvənd dozalarının sayı 2 milyona qədər idi və o müddətdən növbəti brifinqə - iyulun 26-dək vurulan vaksin dozalarının sayı 4,5 milyonu ötdü. Ay ərzində ortalama 1,25 milyon doza vaksin vuruldu. İki aydan sonra peyvəndlənmənin sürəti hökuməti qane etmədiyinə və yoluxmanın tendensiyası artdığına görə, peyvəndlənmə siyasətində növbəti addım atıldı. Bu, gözlənilən idi. Çünki tələbələrin dərslərdə canlı iştirakını təmin etmək istəyiriksə, təhsil işçilərinin və dərsdə iştirak edən tələbələrin vaksinləşməsini görməliyik. Ona görə də hökumət bu addımı atdı. Həmin addımın nəticəsini görürük. Çünki son günlərdə peyvənd vuruduranların sayının artdığını görürük. Bu da onu göstərir ki, əhali öz sağlamlığının təminatı üçün vaksinasiyaya gedir”.

 “Dünyada peyvəndləmə sayı haradasa 4 milyarddır. Bu, aşağı göstəricidir və peyvəndləmə sürətlənməlidir. Müşahidələrimizə əsasən deyə bilərik ki, reanimasiyada yatan xəstələrin 99 faizi peyvəndlənməyənlərdir. Onların hər biri deyir ki, “sosial şəbəkələrə inandım, peyvəndlənmədim”. Yalan məlumatlar insanların əllərində olan peyvənd olmaq imkanından kənarda qalmasına, ən sonda ölməsinə gətirib çıxarır” - Ümüd Səlimzadə bu tendensiyanı böyük sosial bəla hesab edir.

Həkimin fikrincə, yoluxucu xəstəlik yayılan dönəmlərdə insanların cəmiyyət qarşısında müəyyən öhdəlikləri var. Bu cavabdehlik həmrəylik prinsipi əsasında işləyir. Bu prinsipə sadiq qalsaq, bəladan daha tez qurtulacağıq. Pandemiya şərtlərinə əməl edilməlidir. Daha vacibi isə peyvəndlənməkdir. Peyvənd 200 ildir ki, bəşəriyyəti əksər xəstəliklərdən qoruyur. Elə indi də peyvənd dünyanı qurtaran hələki yeganə xilas yoludur. Başqa seçim yoxdur.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM