13 Mart 2016 12:03
826
Oxucu məktubları
A- A+

Dar yollarda hər yüz metrdən bir dayanacaq düzməyə ehtiyac vardımı?

 

Bakı yollarında yaranan tıxac və sıxlığın bir səbəbi də avtobus dayanacaqlarının çoxluğudur. Bəzən isə, ümumiyyətlə, uğursuz yerdə qurulmasıdır. Eyni istiqamətdə ikizolaqlı hərəkət zamanı avtobus dayanacaqda dayananda zolaqlardan biri hərəkətə açıq qalsa da, dar küçələrdə, birzolaqlı yollarda bu, mümkünsüz olur.

Beləcə, bütün hərəkət iştirakçıları avtobusun “yedəyinə” alınır. İriqabaritli avtobuslar yolun tək zolağını bütünlüklə tutduğundan bu, qaçılmazdır. Belə asılılıqdan qurtulmaq üçün dayanmış avtobusu ötmək istəyənlər də, təbii ki, əks yola çıxıb qarşı tərəfdən gələn avtomobillərin keçidini məhdudlaşdırırlar. Beləcə, ara qarışır, tıxac yaranır. Avtobus marşrutlarının keçdiyi və bol dayanacaqlı belə dar küçələr isə şəhərimizdə kifayət qədərdir. Xüsusilə mikrorayonlarda, şəhər qəsəbələrində.

Buna konkret “nümunə” - 8-ci mikrorayondakı İbrahimpaşa Dadaşov küçəsini göstərmək olar. Metronun “Azadlıq prospekti” stansiyasından Heydər Hüseynov küçəsinin tininədək olan bu qısa və dar yolda 4 dayanacaq var: biri, şübhəsiz ki, metronun yanında, digəri oradan 100 metr irəlidə, növbətisi 150-200 metrdə, dördüncüsü isə daha 120 metr sonra - düz yol qovşağının üstündə, işıqforun altında.

Bu mikrorayon 45 ildən çoxdur salınıb. Onillərlə bu küçə ilə cəmi 2-3 marşrut hərəkət edib və təxminən 500-600 metrlik küçədə 2 dayanacaq olub. Biri sonuncu, dispetçer üçün nəzərdə tutulduğundan meydanı da geniş götürülmüşdü. Kommersiya obyektləri ilə sıx “mühasirə”yə alınsa da, meydan hələ ki yerindədir. Amma taksi və digər nəqliyyat vasitələrinin bura doluşması ucbatından nə avtobuslar burada rahat dayana, nə də digər sürücülər  dayanmadan keçə bilirlər. Maraqlıdır ki, əvvəlki dövrdən qalma “klassik” ikinci dayanacaq sonradan yenidən zolaqdan kənara genişləndirməklə müasir və yararlı formada qurulub: avtobuslar dayanacağa yan aldıqları təqdirdə hərəkət zolağı açıq qalır.

Sonradan qondarma digər iki dayanacağın biri küçənin düz başlanğıcında, o biri sonundadır. Beləcə, küçəyə paralel iki binanın hər birinin hər iki yanında dayanacaqlar salınıb. Burada avtobuslar hər iki istiqamətdəki dayanacaqda dayananda yolda hərəkəti tamamilə kəsir. Pik saatlarda bu dayanmalar digər küçələrə də sirayət edir, nəticə də bəlli - tıxac. Bəzən bu tıxaclar saatlarla vaxt alır.

Biz heç də ictimai nəqliyyatdan istifadə edənlərin rahatlığı əleyhinə deyilik. Əslində hər 100-200 metrdən bir avtobusların dayanması onların da maraqlarına ziddir. Bu halda sual olunur: hər binanın iki yanında da dayanacaq qurulması nə dərəcədə doğrudur?

Bir ara şəhərdə dayanacaqlar yenilənəndə əksər belə qanunsuz dayanacaqlar “qanuniləşdirildi” - hər tinə bir dayanacaq “əkildi”. O dövrdə də bu küçənin Heydər Hüseynov küçəsi ilə qovşağında, yolun hər iki tərəfində müasir dayanacaq quruldu. Elə o zamandan bəri  avtobusların bu dayanacaqlarda dayanıb “yol kəsməsi” “rəsmiləşib”.

Problemin həll variantı var: bu yol kifayət qədər ehtiyat zonaya malikdir - yəni istənilsə, rahatlıqla genişləndirmək olar. Nəzərə alsaq ki, bu küçədə Tennis Akademiyası yerləşir və metro stansiyasının üstündə yeni “şəhər” salınır, qısa müddət sonra bu məsələ daha kəskin hal alacaq - bu məhdud imkanlı yola tələbat dəfələrə artacaq.

Nə qədər ki bu “quruculuq” vüsət alıb küçənin ətraflarını da əhatə etməyib, şəhər yol təsərrüfatının başbilənləri bu yolu daha rahat, az məsrəflə genişləndirmək şansına malikdirlər. Sonra bu, gec, hətta imkansız ola bilər...

 

Elxan HƏSRƏTLİ

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video