28 Noyabr 2021 00:23
625
CƏMİYYƏT
A- A+

Dağların qıy vuran qartalları

 

Onlar düşməni “dumanda-çəndə” azdırıb qələbə qazandılar

 

Bakıda doğulsa da, əslən göyçəli hesab edirdi özünü. Çünki ata-anasının ulu məskəni Göyçə mahalının Daşkənd obası idi. Ona görə də Göyçə həsrəti ilə boy atırdı…

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri kimi adını tarixə əbədi həkk etdirən baş leytenant Hümbətov Azad Arif oğlu 24 yanvar 1996-cı ildə anadan olmuşdu. 291 nömrəli ekologiya liseyini bitirdikdən sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuşdu. 2017-ci ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirmişdi. Təyinatla həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki “N” saylı hərbi hissədə xidmətə başlamışdı.

O, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda ön sırada bayraqdar vəzifəsini daşıyıb və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Peşəkarlığını artırmaq üçün Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 gün müddətində zabit heyətini təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi alan, ötən il Vətən müharibəsi başlayandan ön cəbhədə olan Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.Tank taqımı komandiri olan Azad Hümbətov həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib və dəfələrlə döyüş yoldaşlarını mühasirədən yaralı halda çıxarıb.

Müharibənin yeni başladığı  günlərdə komandirlik etdiyi tankı ilə minaya düşərək ayağından yaralanıb. Tankı idarə edən mexanikin daha ağır xəsarətlər aldığını gördükdə onu yaralı halda 25 km meşə ərazisində belində apararaq, iki gündən sonra öz döyüş mövqelərinə gətirib çıxarıb. Bundan sonra Azadı müalicə üçün Beyləqana, hospitala göndəriblər. Tank komandiri müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına atılıb...

Adını tarixə əbədi yazdıran Azad Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. İkinci Fəxri xiyabanda dəfn edilib. Baş leytenant Azad Arif oğlu Hümbətov şəhid olandan sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə baş leytenant, cəsur döyüşçü “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilib.

Azad Hümbətov Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirib. Buna görə də  25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Maraqlıdır ki, vaxtilə orta məktəb şagirdi kimi Şəhidlər xiyabanını ziyarət edərkən kiçik yaşlı Azad əlindəki qərənfilləri  məzarların üstünə qoyanda sinif müəlliməsinə deyib: “...onlar yatıblar, ölməyiblər”...

 

Samir MUSTAFAYEV,
“Aşıq Şəmşir Mədəniyyət Ocağı”
İctimai Birliyinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video