31 Dekabr 2011 12:12
406
Mədəniyyət
A- A+

Dağlarda çaxan şimşək

 

Dağların əzəməti, vüqarı, əyilməzliyi də məhz  şimşəklərin burada daha çox çaxmasında, igidlərinin qorxmazlığındadır. Azərbaycan torpaqlarının zirvələri də daim şimşəklərin çaxdığı, igidlərin əyilmədiyi, düşmənlə üz-üzə, göz-gözə qaldığı əlçatmazlıqdır.

Ötən əsrin sonlarından erməni daşnakla rının vandalizm siyasəti dağlarımızı və dağürəkli igidlərimizi məkrli düşmənlə üzbəüz qoyandan qəhrəman oğullar  zirvələrimizdə düşmən üstünə şimşək kimi çaxdılar. Belə oğullardan biri də 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda anadan olmuş  İsgəndər Söhrab oğlu Aznaurov idi. Ömür yolunun səhifələrindən boylanan qəhrəman İsgəndər Aznaurovun adı bu gün fəxrlə çəkilir.

Keçdiyi döyüş yoluna nəzər saldıqda bir daha türk oğlunun torpaq uğrunda təkcə  qaziliyi, şəhidliyi deyil, düşmənə nifrətinin, Vətənə məhəbbətinin nə qədər güclü olduğunun şahidinə çevrilirsən. Uşaqlıq çağlarından ömrünün son anlarınadək İsgəndər Aznaurov yurdsuzluğun, yuvasızlığın ağrı-acısını yaşayıb. Bu hisslər onun düşmənə nifrətini birə-on artırıb.

1963-1973-cü illərdə Daşkənd Vilayətinin Akkurqan rayonundakı Lomonosov adına 1 saylı orta məktəbdə təhsil alan İsgəndər elə o zamanlardan əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə Daşkənd İrriqasiya İnstitutunu bitirərək təyinatla Axanqaran rayonunun Qalyakudur sovxozuna göndərilən İsgəndər burada 1990-cı ilə kimi yaşayıb. Bundan sonra sığınacaq tapmaq üçün Azərbaycana üz tutan İsgəndər Aznaurov Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşaraq əsl topçu olduğunu erməni silahlı quldur dəstələrinə göstərmək üçün ön cəbhəyə yollandı. Bu, həmin günlər idi ki, onda daşnaklar sovet qoşun birləşmələri ilə birgə Xocalıda dəhşətli qırğınlar, qətliamlar törədir, günahsız körpələri, qocaları diri-diri yandırır, süngüyə keçirir, vandalizmin görünməmiş formasını tətbiq edirdilər. Döyüşlərə Gədəbəy rayonunun Şınıx bölgəsindən başladı. Az vaxt ərzində İsgəndərin adı erməni vandallarının dilinə düşdü. Çünki o, sərrast topçu kimi düşmənə ağır zərbələr endirir, qəlbindəki nifrəti onların üstünə güllə yağışına çevirirdi.

Məshəti türkləri ikinci dəfə idi ki, tərki-vətən olmuşdular. İlk dəfə 1960-cı ildə bu ağrını yaşayan məshəti türkləri doğma yurddan qovulanda Rusiyanın müxtəlif vilayətlərində məskunlaşa bilərdi, didərginlər minlərlə soydaşlar kimi, Azərbaycanı özlərinə ikinci Vətən bilmişdilər.

İsgəndər Aznaurovun adı qısa müddətdə cəbhə boyu yayılanda  ermənilər artıq onun fiziki məhvi üçün müxtəlif üsullardan istifadə edirdilər.

Mahir atıcılıq qabiliyyətinə malik olan İsgəndər bölmədə qulluq etdiyi qısa vaxt ərzində sərrast topçular yetişdirmişdi. Hərbi texnikanın əsl sənətkarı kimi tanınmışdı, ona görə də gidər cəbhə bölgələrindən dəfələrlə dəvətlər, çağırışlar alsa da, səngərini və mövqeni dəyişmədi, çünki azğınlaşmış düşmən hər an həmin istiqamətdən hücuma keçə bilərdi.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov və Sahib Rüstəmov kimi döyüş yoldaşlarını itirdikcə düşmənə qarşı daha  amansızlaşmışdı. Hər dəfə ona ehtiyatlı olmasını xahiş etsələr də,  Xocalıda törədilən qətliamı xatırladır və qisası qiyamətə qoymayacağına and içirdi.

"Keçəldağ" yüksəkliyindən  Göyəmli kəndi  hücuma məruz qalanda ona edilən  xəbərdarlığa baxmayaraq, atəşi dayandırmamışdı. Strateji məntəqə olan həmin yüksəklik düşmən nəzarətində olduğundan, hər an ciddi təhlükə yarana bilərdi. Yüksəkliyi ələ keçirmək üçün 1993-cü il aprelin 18-də İsgəndərin komandiri olduğu topçu dəstəsi hücuma keçdi. Ölüm-dirim savaşı yüksəkliyin düşməndən azad edilməsi ilə başa çatsa da, həmin döyüşlərdə verilən ən ağır itki baş leytenant İsgəndər Aznaurovun qəhrəmancasına həlak olması idi. Daim pusquda olan,  döyüşlərdə üz-üzə gəlməkdən çəkinən erməni quldurları bu dəfə də səngərə yatmayan İsgəndəri hədəf seçmişdi. Düşmən toplarını qənimət kimi ələ keçirməyə can atan İsgəndər Aznaurov  səngərdə gizlədilmiş düşmən tankından açılan atəşdən yayına bilmədi. Ana bilib sığındığı Azərbaycan torpağını yaralı-yaralı bağrına basan İsgəndər Aznaurov o gündən xalqımızın, sadəcə, şəhid  balasına deyil, həm də qəhrəman oğluna  çevrildi. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə baş leytenant İsgəndər Aznaurov şəhidliyinin 2-ci ildönümündə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

Bakıdakı Şəhidlər xiyabanında dəfn edilən İsgəndər Aznaurovun adı yalnız ürəklərdə və bu müqəddəs məkanda əbədiləşmədi. Uğrunda şəhid olduğu Şınıx bölgəsində bir əlçatmaz zirvə də var - "İsgəndər qalası". Alınmaz, basılmaz bu qala igid, cəsur, qorxmaz, düşmənə  bir vaxtlar qan udduran qəhrəman İsgəndərin adını şərəflə daşıyır. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı orta məktəbə İsgəndərin adı  verilib və qarşısında qoyulmuş büstü gənc nəslin and yerinə çevrilib. Hərbi xidmətə yola düşən gənclər bu abidə önündə dayanıb fəxrlə Şınıxdakı "İsgəndər qalası"nda heykəlləşən qəhrəman kimi Vətənə sədaqətlə xidmət edəcəklərinə, işğal olunmuş torpaqlarımızı düşmən əsarətindən qurtaracaqlarına and içirlər.

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun  şəhidliyindən ötən müddət ərzində o, daim anılıb, örnəyə çevrilmiş ömür yolu vərəqlənib, döyüş  dostlarının  onunla bağlı acılı-şirinli xatirələri dinlənilib. Bu xatirələrdə yaşayan İsgəndər Aznaurov adi bir vətəndaş, yürddaş deyil, Vətənə layiqli xidmət göstərmiş oğulun obrazı kimi canladırılır.

Qələmə alınan xatirələrdən hiss olunur ki, alay komandiri,  polkovnik Cahangir Rüstəmov İsgəndərə daha çox güvənirmiş. Növbəti dəfə kəşfiyyatın gətirdiyi məlumatın ürəkaçan olmadığını İsgəndərə bildirəndə o, "komandir, narahat olmayın, ermənilərə necə döyüşməyi öyrədərik", - demişdi. Komandir yaxşı bilirdi ki, İsgəndərin topçu dəstəsi düşməni susduracaq. "Örükdaş" və "Keçəldağ" yüksəklikləri uğrunda gedən qanlı döyüşlərdə onun nəyə qadir olduğunu dəfələrlə görmüşdülər. Ona görə də güvənc yerinə çevrilmişdi. Göyəlli kəndi istiqamətində azğınlaşmış düşmənin qarşısını cəsarət və mətanətlə kəsmiş və  xeyli itkiyə  məruz qoymuşdu.  Həmin döyüşlərdən qalib çıxan dəstə növbəti uğurlu əməliyyatın əsasını qoymuşdu, çünki İsgəndərin topçuları strateji yüksəkliyi ələ keçirmişdi. Son döyüşü də məhz bu istiqamətdə oldu.

O gündən Şınıx ellərində İsgəndərin adı daha fəxr və şərafətlə çəkildi. Hörmət və ehtiram əlaməti olaraq dünyaya yenicə göz açan oğlan uşaqlarına İsgəndər adının verilməsi isə onun əbədiyaşarlığını təsdiqləyirdi...

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video