21 Sentyabr 2012 01:09
508
PARLAMENT
A- A+

Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib

 

"Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. İnanırıq ki, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvündən biri kimi Çin dövləti bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əlindən gələni edəcək" - bu fikirləri dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici İşlər üzrə Komitəsinin sədri Li Caosinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib.

Ziyafət Əsgərov bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Keçən il isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Çin müsbət rəy verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Ziyafət Əsgərov  diqqətə çatdırıb ki, Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalıb və 20 faiz torpaqlarımız işğal olunub. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına baxmayaraq, işğalçı Ermənistan tərəfindən həmin qətnamələrin icrası həyata keçirilmir və buna məhəl qoyulmur. Onun sözlərinə görə, Ermənistan nəinki işğalçı və təcavüzkar dövlətdir, o, həm də terrorizmi himayə edən bir ölkədir. Bu gün terrorizm, ekstremizm, separatizm Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Z.Əsgərov vurğulayıb ki, Azərbaycan da Çinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Li Caosin isə qeyd edib ki, hər iki ölkə bu gün inkişaf edən dövlətlərdir və Azərbaycanın 20 il müddətində böyük uğurlar qazanması sevindirici haldır: "Münasibətlər yeni başlayanda ticarət dövriyyəmiz 1 milyon dollar idisə, indi bu rəqəm 700 dəfə artıb. Bu baxımdan hər iki ölkə qarşılıqlı münasibətlərin və əlaqələrin inkişafına çox böyük önəm verir. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və tanıyır".

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

*  *  *

Ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici İşlər üzrə Komitəsinin sədri Li Caosinin başçılıq etdiyi nümayəndə heyəti dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüş keçiriblər.

Görüş zamanı adıçəkilən komitənin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan çox qədim və böyük tarixi keçmişə malikdir. İlk dəfə Şərq dünyasında qadınlara seçmək və seçilmək hüququ Azərbaycanda verilib. Eyni zamanda Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan ötən 20 illik müstəqillik tarixində özü üçün xeyli dostlar əldə edib. Bu dostlar arasında Çinin xüsusi yeri var. Çünki bu iki ölkəni və xalqı uzun tarixi keçmiş bir-birinə bağlayır: "Bu gün xalqlarımızın və dövlətlərimizin məqsədləri də, dəyərləri də eynidir. Hər iki dövlət Böyük İpək yolunun halqalarıdır". Deputat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Li Caosin isə qeyd edib ki, Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib: "Xalqlarımız və dövlətlərimiz Böyük İpək yolu vasitəsilə bir-birinə sıx tellərlə bağlıdır. Məhz bunun nəticəsində ötən illər ərzində iki ölkə arasında böyük əlaqələr qurulub, münasibətlər yaranıb. Ancaq bununla belə, hesab edirəm ki, iki ölkənin parlamentləri arasında əlaqələrin bundan sonra da genişlənməsinə və dərinləşməsinə ehtiyac var. Çox güman ki, səfərimiz buna öz töhfəsini verəcək".

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video