19 Noyabr 2021 00:47
1067
SİYASƏT
A- A+

Cıdır düzündən görünən gələcək

 

Xalqımız Vətən müharibəsində qazandığımız Zəfərin birinci ildönümünü təntənə ilə qeyd etdi. Milli dövlətçilik tariximizin şərəf salnaməsi olan bu böyük hadisə əlamətdar bir tarixə çevrildi. Azad Şuşada üçrəngli bayrağımızın ucaldıldığı 8 Noyabr Zəfər Günümüz Azərbaycanın özü qədər əbədiyyətə qovuşdu. Nə qədər ki, Azərbaycan xalqı var, bu Zəfər böyük coşqu ilə qeyd ediləcək. Milli qürurumuzun təntənəsi kimi nəsilləri Vətənə sevgi ruhunda tərbiyələndirəcək.

 

“Zəfər” yolunun hekayəsi

 

Şuşa tarixən qeyrət qalamız sayılıb. Ruhumuzun şəhəri, mədəniyyət paytaxtımız olan Şuşa qələbəmizin də rəmzinə çevrildi. 8 Noyabr günü xalqımızın zəfəri Azərbaycanın hər yerində və əslində dünyanın azərbaycanlılar yaşayan bütün məkanlarında qeyd edilirdi. Bu münasibətlə müxtəlif mərasimlər təşkil olunmuşdu. Hər kəs fəxarət hissini, qürurunu, sevincini fərqli formada ifadə edirdi. Bu tədbirlərin, ümumxalq sevincinin ifadə formalarının hər biri doğma, əziz və dəyərli idi. Şuşada keçirilən Zəfər bayramının isə hüsnü tamam bambaşqa idi. Həmin gün nəbzimiz Şuşada döyünürdü. Bütün dünya azərbaycanlılarının gözü Şuşada idi. Əslində regiondakı proseslərə maraq göstərən hər kəsin nəzərləri Şuşaya yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti, qalib Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyev də ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva ilə birgə Zəfər bayramını Şuşada keçirirdi.

Bu gözəl məkana və ümumən işğaldan azad edilmiş yurdlarımıza bütün əvvəlki səfərləri kimi Azərbaycan Prezidenti indi də torpaqlarımıza abadlıq gətirmişdi. Bu səfəri ilə də quruculuğun, inkişafın, rifahın müjdələrini verirdi. Prezident İlham Əliyev Şuşaya gedərkən Qələbəmizin simvollarından olan “Zəfər” yolunun açılışını etdi. Bir il öncə qəhrəman əsgər və zabitlərimiz bu keçilməz yollarla gecə-gündüz irəliləyərək Şuşanın azadlığına nail olmuşdular. Onların misilsiz igidliyinin şahidinə çevrilən cığırların yerindən indi dağların qoynuna gümüş kəmər kimi dolanan rahat asfalt yol uzanıb gedir. Əsgər və zabitlərimizin qəhrəmanlıq yolunu indi qurucu insanlarımız davam etdirir.  Bu, Azərbaycanın “Zəfər” yoludur, inkişaf yoludur. Bu yol qəhrəman övladlarımızın, qurucu insanlarımızın torpağın köksünə nəqş olunmuş əbədi imzasıdır. Bundan sonra minillər boyu hər dəfə o yoldan keçdikcə “Zəfər” yolunun hekayəsi xalqımıza böyüklüyümüzü, yenilməzliyimizi, qarşımızdakı hədəfləri xatırladacaq və yeni nəsillərimizə milli hədəflərə qovuşmaq üçün böyük mənəvi güc bəxş edəcək.   

 

Cıdır düzündə əkilən fidanlar

 

Azərbaycan Prezidenti Şuşada Zəfər bayramı ərəfəsində Daşaltı məscidinin, Şuşa Radio Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu. Şuşadakı Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondunun apardığı bərpa işləri ilə tanış oldu. VIII Qlobal Bakı Forumunun Şuşaya səfər etmiş iştirakçıları ilə görüşərək səmimi söhbət etdi. Azad yurdlarımızda aparılan quruculuq tədbirləri barədə onlara məlumat verdi. Cıdır düzündə ağaclar əkdi. Şuşada basdırdığı fidanlarla bu torpaqların əsl sahibinin qayıtdığını, bundan sonra Azərbaycan xalqının bu torpaqlarda əbədi yaşayacağını və onun hər daşını, ağacını, çiçəyini göz bəbəyi kimi qoruyacağını, onlara yağı əlinin dəyməsinə bir daha imkan verməyəcəyini ana təbiətə müjdələdi. Xatırladaq ki, ermənilərin Azərbaycan xalqına qarşı mənfur əməlləri, separatçılıq fəaliyyəti 1988-ci ildə Şuşadakı Topxana meşəsində ağacların kəsilməsi ilə başlamışdı. Ermənilər bununla öz vandal xislətlərini büruzə vermişdilər. Növbəti onilliklərdə Azərbaycan torpaqlarında törədəcəkləri genişmiqyaslı vandalizm fəaliyyətinin ismarışını yetirmişdilər. Əfsuslar olsun ki, o zaman Azərbaycana rəhbərlik edənlərin qətiyyətsizliyi mənfur qonşularımızın bu əməllərinin qarşısını almağa, o vaxt yeni-yeni baş qaldıran erməni faşizminin əfi ilan kimi başını əzməyə imkan vermədi. Erməni faşistləri havadarlarının dəstəyi ilə fəaliyyətlərini genişləndirdilər. Təxminən 30 il ərzində başımıza olmazın müsibətlər açdılar. İşğal etdikləri yurdlarımızdakı qurulu evlərimiz, şəhər, kənd və qəsəbələrimiz, tarixi abidələrimiz, müqəddəs məkanlarımız kimi hətta ağaclara, çaylara, dağa-daşa da qənim kəsildilər. Vəhşi qəbilə sürüsü kimi gözlərinə görünən, gücləri çatan nə varsa, qırıb-çatdılar, dağıdıb tökdülər.

Vətən müharibəsindəki Zəfərimizdən sonra artıq təbiət də nəfəs almağa başlayıb. Prezident İlham Əliyevin həmin gün Cıdır düzündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə əkdiyi fidanlar bu yerlərə həyatın qayıtmasının rəmzidir. O fidanlar tezliklə böyüyəcək, pərli-budaqlı ağaclar kimi boy göstərəcək. Zəfərimizi, qurucu əllərin gücünü hər kəsə xatırladacaq, Şuşadan, bu müqəddəs məkandan Yer üzünün ciyərlərinə azadlıq, inkişaf, xoşbəxtlik havası bəxş edəcək.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video