04 Oktyabr 2020 02:10
779
Təhsil
A- A+

Cəmiyyətin gələcəyini nurlandıran işıq


Hər bir dövrdə cəmiyyət təhsilin inkişafına böyük ehtiyac duyur və ümidlər bəsləyir. Çünki təhsil işıqdır. Gur yandıqca cəmiyyəti, onun gələcəyə yolunu aydınladır. Bu işıqdan nur alanlara ziyalı deyirlər.


Təhsilin inkişafının vacib şərtləri - diqqət və qayğı...


Ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən diqqət, qayğı göstərir ki, bilik və bacarıqların əldə olunması, daim təkmilləşdirilməsi dövlət üçün nə qədər əhəmiyyətlidir. Son illər Azərbaycanda təhsil sistemində aparılan islahatların davamlı xarakter daşıması, həmin sahədə maddi-texniki bazanın müasirləşdirilməsi bunun bariz nümunəsidir.

Faktlara nəzər salaq: respublikamızın bütün regionlarında 3500-dən çox məktəb yenidən inşa edilib, yaxud əsaslı təmir olunub. Azərbaycanda ali məktəblərin əksəriyyəti müasir standartlara uğunlaşdırılıb. Yeni binalar, korpuslar tikilib, ali təhsil ocaqları yaradılıb.

Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərdə yalnız tədrisin keyfiyyətinin yüksəldilməsi deyil, həm də müəllimlərin hazırlıq səviyyəsinin yaxşılaşdırılması nəzərdə tutulub. Çünki Təhsil naziri Emin Əmrullayevin bildirdiyi kimi: "... hər bir müəllim daim hazırlıqlı olmalıdır. Müəllimin hazırlıqlı və müasir tələblərə cavab verməsi təhsilalanın öyrənməsinə təsir edən amildir”. Bu gün Azərbaycan təhsil sistemində həyata keçirilən sertifikasiyanın, həmçinin müəllimlərin işə qəbulu imtahanının əsas mahiyyəti bundan ibarətdir.


Pandemiya dövründə təhsil


2020-ci il təkcə Azərbaycan deyil, ümumilikdə dünya dövlətləri təhsil sahəsində böyük sınaqla üzləşib. COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər dövründə məsafədən təhsil vacib və aktual məsələyə çevrilib. Karantin dövründə Azərbaycanda da onlayn təhsil metodlarından geniş istifadə olunur. Nəticədə təhsil prosesində böyük fasilələr yaranmasının qarşısı alınıb. Görülən işlər deməyə əsas verir ki, pandemiyanın təhsil sahəsində yaratdığı çətinliklər dövlətimizin həyata keçirdiyi operativ tədbirlər nəticəsində aradan qaldırılıb. COVID-19 dünyanı cənginə aldığı ilk vaxtlardan Azərbaycanda məktəblər, müəllimlər sürətlə yeni şəraitə uyğunlaşaraq tədris prosesini məsafədən təşkil etməyə başlayıblar. Bu məsələdə kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyaların imkanlarından da istifadə olunur.

Artıq belə görünür ki, dünya ölkələri COVID-19 pandemiyası ilə vidalaşdıqdan sonra da distant təhsildən istifadəni məhdudlaşdırmaq niyyətində deyil. Belə ki, proqnozlara əsasən, bir çox ölkələr normal həyata dönəndə də onlayn təhsil təcrübəsindən geniş faydalanacaq. Bu mənada, karantin dövründə məsafədən tədris metodlarından istifadə Azərbaycan təhsili üçün faydalı təcrübə olaraq dəyərləndirilir.

Təqdirəlayiqdir ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər 2020-2021-ci tədris ilinə hazırlıq prosesini də ləngidə bilmədi. Plan üzrə əvvəlcədən müəyyən edilmiş lazımi dərsliklər çap olunub. Bütün vacib tədbirlər, eləcə də tədris müəssisələrinə qəbul prosesləri uğurla həyata keçirilib. Karantinin hələ tam aradan qalxmadığı nəzərə alınaraq məktəblərdə tədrisin mərhələli şəkildə başlanmasına müvafiq qaydalar müəyyənləşdirilib. Həmin qaydalara uyğun olaraq tədricən təhsil müəssisələri öz fəaliyyətini bərpa edir.


Müəllim nüfuzu


Müəllim adının nüfuzdan düşməsi yalnız bu peşənin sahibləri üçün deyil, bütövlükdə cəmiyyət üçün təəssüf doğuran, olduqca ağrılı məqamdır. Sevindirici haldır ki, ölkəmizdə təhsilə dövlət qayğısı, müəllim əməyinin dəyərləndirilməsi cəmiyyətdə bu şərəfli peşə sahiblərinin nüfuzunu yüksəldir. Son illər təhsil işçilərinin peşəkarlığının artması üçün həyata keçirilən tədbirlər, tətbiq edilən proqramlar bəhrəsini verir. Diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Belə tədbirlər bu peşəyə marağın daha da güclənməsinə təkan verir. Müxtəlif məktəblərdə müəllim vəzifəsinə qəbul üçün cari ildə əvvəlki illərlə müqayisədə 3 dəfə çox, 46 minə yaxın şəxs müraciət edib.

Cəmiyyətimizdə müəllimin nüfuzunun yüksəldiyini göstərən məqamlar çoxdur. Bunlardan biri də ali məktəblərə qəbul imtahanları zamanı kifayət qədər yüksək bal toplamış gənclərimizin bu peşəni seçmələridir. Halbuki illər öncə gənclər daha yaxşı dolanışıq, maddi imkanlar vəd edən digər ixtisaslara üstünlük verirdilər. Odur ki, müəllim olmaq istəyənlərin sayı indiki ilə müqayisədə xeyli az idi.

Ancaq ali məktəblərdə təhsil almaq, mövcud qaydalarla imtahanlardan uğurla keçərək müəllim adını qazanmaq hələ işin başlanğıcıdır. Böyüməkdə olan nəslin təlim-tərbiyəsində, gələcəyinin formalaşmasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün zamanla uyğunlaşmaq lazım gəlir. Dövrün tələbləri tədris işçilərinin üzərinə əlavə məsuliyyət qoyur. Hər bir pedaqoq yaxşı bilməlidir ki, bu günün şagirdi, tələbəsi dünənkilərlə müqayisə oluna bilməz. Bu vacib məqamı nəzərə alan Təhsil naziri Emin Əmrullayev deyib: "Biz şagirdlərimizi keçmişi düşünərək hazırlamamalıyıq. Bir çox hallarda biz məzmun barədə, məktəb haqqında danışanda valideynlər, mən məktəbə gedəndə belə deyildi, deyirlər, yəni, keçmişə baxıb bu günü müqayisə edirlər. Amma bu uşaqlar 30 yaşları olanda əmək bazarı necə olacaq, bu, çox vacib məsələdir”.


Müasir təhsil sistemi və Azərbaycan gəncləri


Bu günün şagirdləri və tələbələri müstəqillik dövründə doğulub formalaşmış nəslin nümayəndələridir. Elə təhsil işçiləri arasında da həmin nəsli təmsil edənlər üstünlük qazanmağa başlayıblar. Çağdaş texnologiyalara bələd, geniş dünyagörüşünə, müvafiq bilik və bacarıqlara malik olan bu təhsil işçilərinin əksəriyyəti təcrübəli həmkarları ilə yanaşı, öz vəzifələrini uğurla yerinə yetirməyə səy göstərirlər.

Azərbaycan dünyanın bir hissəsidir. Beynəlxalq təhsil təcrübəsi ölkəmizdə geniş yayılır, yüksək təhsil standartları müəyyənləşir. Belə şəraitdə şagirdlərimiz və tələbələrimiz daha keyfiyyətli təhsil, qazandıqları müasir bilik və bacarıqlarla qlobal əmək bazarına maneəsiz qoşulmaq imkanı əldə edirlər.

Bu gün dünya sürətlə dəyişir. Elə dəyişir ki, XXI yüzilliyi texniki tərəqqi əsri adlandıranları haqlı çıxarır. Təhsilin rolu, əhəmiyyəti də ötən zamanla birlikdə gedərək artır. Bəşəriyyət daha yaxşı anlayır ki, həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın ilkin şərti elmdən, tərəqqidən keçir. Bunun üçün ibtidai siniflərdən başlayaraq keyfiyyətli təhsilin verilməsi zəruridir.

Ancaq bu dəyişikliklərin və inkişafın sürəti ilə ayaqlaşmaq cəhdləri fonunda bir sıra məqamların unudulmaması da vacibdir. Yaddan çıxarmaq olmaz ki, milləti millət edən onun özünəməxsus və tarixin sınaqlarından keçmiş milli-mənəvi dəyərləridir. Bu dəyərlərin qoruyub yaşadılmasında isə gənclərin müstəsna rolu var. O gəncləri yetişdirən, formalaşdıran isə müəllimlərdir.

Təhsil ocaqlarında yalnız yazıb-oxumaq, elm öyrədilmir. Vətənə, dövlətə, millətə layiqli vətəndaşların yetişdirilib tərbiyə olunmasında ailə və cəmiyyətlə bərabər məktəblərin də mühüm rolu var. Bu gün Vətən müharibəsində iştirak etmək üçün könüllü cəbhəyə yollanan, düşmənin silahlı hücumlarının qarşısını mərdliklə alan, torpaqlarımızı işğaldan azad edən qürur duyduğumuz gənclərimiz sübut edirlər ki, həm Azərbaycan ailəsi, həm Azərbaycan cəmiyyəti, həm də Azərbaycan təhsil sistemi öz vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video