23 Noyabr 2018 00:43
1149
CƏMİYYƏT
A- A+

Cəbhə bölgəsinə xüsusi dəstək var


Prezident İlham Əliyev cəbhə bölgələrinə diqqətin dövlət üçün prioritet olduğunu dəfələrlə konkret əməllə sübut etmişdir. Bu diqqətdən Tərtərə və tərtərlilərə də yetərincə pay düşmüşdür. Dövlət başçısının bölgəyə vaxtaşırı səfərləri artıq ənənəyə çevrilmişdir.

Bu səfərlər rayonun dinamik sosial-iqtisadi inkişafına güclü təkan vermiş, rayon əhalisinin sosial müdafiəsinin güclənməsinə səbəb olmuşdur. Yeni yollar, körpülər, qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, müxtəlif sosial obyektlər - həmin səfərlərin yaddaqalan ünvanlarıdır.

Artıq 2018-ci il başa çatmaq üzrədir. Uğurlu illər sırasına daha biri də əlavə olunur. Dövlət başçısının sərəncamına uyğun olaraq, bu il Tərtər şəhərində çoxmənzilli 20 yaşayış binası təmir olunmuş, 21,5 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması başa çatdırılmışdır. Tərtər-Hindarx yolunun Tərtər rayonu ərazisindən keçən 21 kilometrlik hissəsində əsaslı təmir, eləcə də Olimpiya İdman Kompleksinin, Xalça istehsalı emalatxanasının, Bayraq muzeyinin və şəhərdəki 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi isə davam edir. Şəhər 6 saylı tam orta, Qazyan kənd ümumi orta məkəblərin binaları, Seydimli kənd tam orta məktəbin bir korpusu da əsaslı təmir olunmuş, Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər istifadəyə verilmişdir.

Tikinti, abadlıq-quruculuq işləri ilə yanaşı, cəbhə bölgəsi kimi rayon ərazisinin təhlükəsizliyinin təmin edilməsinə də böyük önəm verilir. Təkcə cari ildə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən aparılmış əməliyyatlar nəticəsində 641939 kvadratmetr ərazidə 397 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

Rayonda ekoloji tarazlığın qorunması, yeni yaşıllıqların salınması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Bərdə, Ağdam və Gəncə istiqamətlərində yol kənarlarında, meşə zolaqlarında 26,5 mindən çox müxtəlif növ ağac, 4 min gül kolu və 500 min həmişəyaşıl kol əkilmişdir.

Kənd təsərrüfatı rayonu olan Tərtərdə cari ilin ötən dövründə məhsul istehsalı sahəsində böyük artım qeydə alınmışdır. Keçən il ölkənin pambıqçılıq rayonları arasında ən yüksək məhsuldarlığa nail olan Tərtər fermerləri bu il də ön mövqedədirlər.

Cari mövsümdə 3300 hektar sahədə pambıq əkmiş tərtərlilər noyabrın ortalarınadək 7.500 ton məhsul tədarük etmişlər. Amma bu, son hədd deyil, yığım davam edir. Kümçülər isə cari il 10.228 kiloqram barama tədarük etmişlər. Bu, keçən ildəkindən 2,2 dəfə çoxdur. Lakin sahəni inkişaf etdirmək üçün rayonda böyük potensial var. Təsərrüfatlarda yeni çəkilliklər salınmaqla baramaçılığın inkişafı üçün etibarlı zəmin, möhkəm yem bazası yaradılmışdır.

Bu il taxılçıların qazandığı nəticə də fərəhlidir. Rayon üzrə cari mövsümdə 44.175 ton taxıl istehsal olunaraq hər hektarda orta məhsuldarlıq 41,1 sentnerə çatdırılmışdır ki, bu da keçən ildəkindən 2,8 sentner çoxdur. Rayon təsərrüfatında şəkər çuğunduru, günəbaxan, qarğıdalı, kartof, meyvə-tərəvəz, heyvandarlıq məhsulları istehsalında da kifayət qədər artım var.

Ölkədə sahibkarlığın inkişafına ildən-ilə güclənən dövlət dəstəyi rayonda böyük razılıq doğurur. Rayon icra hakimiyyətində sahibkarlarla vaxtaşırı görüşlər keçirilir. Bu görüşlər zamanı sahibkarları narahat edən problemlər öyrənilir, onları aradan qaldırmaq üçün zəruri və operativ tədbirlər görülür. Bunun nəticəsidir ki, cari ilin doqquz ayı ərzində 261 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçmişdir.

İki il əvvəl Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi tikilib istifadəyə verilmişdir. Bu layihənin davamı olaraq dövlət başçısının sərəncamına əsasən, 18.440 nəfərin yaşadığı 11 kənddə içməli su xətləri çəkilmişdir. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamına uyğun olaraq daha bir neçə kənddə əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulan tədbirlər də başa çatmaq üzrədir.

Bunlardan əlavə, rayonun bütün yaşayış məntəqələri tam qazlaşdırılmışdır. Əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur, səhiyyə, təhsil, mədəniyyət sahəsində xeyli müsbət yeniliklər var, rabitə və poçt xidmətləri yüksək səviyyədədir. Bir sözlə, cəbhə rayonu, digər bölgələr kimi, gündəlik həyat qayğılarını rahat və problemsiz yaşayır.


Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video