03 May 2021 13:37
1131
İQTİSADİYYAT
A- A+

Buzovna qəsəbəsi yenidən qurulacaq


“Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqə proqramının ikinci mərhələsi başlayır

 

 

Azərbaycanın qədim yaşayış məskənlərindən olan, şərqlə qərb arasında bir körpü rolunu oynayan Abşeron yarımadası, yaşayışın mövcud olduğu zamandan misilsiz mədəniyyət nümunələri, tarixi abidələri ilə daim zəngin olub və bu gün də bu məkanda müxtəlif mədəniyyət və sivilizasiyaların izləri hələ də yaşamaqdadır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb və son illər ölkəmizin bütün ərazisində olduğu kimi, burada da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur. Abşeronun milli incəsənət ruhunu yaşatmaq, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları ilə yeni nəfəs vermək məqsədilə komitə tərəfindən “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsi keçirilib.

Müsabiqə proqramının ilk mərhələsi Ramana, Pirşağı və Əmircan qəsəbələrini əhatə edib və iştirakçılarının təklifləri əsasında aprelin 16-da Pirşağı qəsəbəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma tədbirlərinə başlanılıb. Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq.

Görülən işlərə təkan vermək, Abşeronun öz tarixini, qədimliyini və memarlığını qoruyaraq yenidən canlandırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan memarlıq planlaşdırma həlləri üzrə “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin ikinci mərhələsinə başlayır.

Müsabiqə proqramı bu dəfə Abşeronun şimal şərqində yerləşən və qədim yaşayış məntəqələrindən biri olan Buzovna qəsəbəsini əhatə edəcək. Ümumi mükafat fondu 20 min manat olan müsabiqəyə təqdim olan layihələrdə Buzovna qəsəbəsində estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il mayın 31-dək qeydiyyatdan keçməli, layihələr isə 2021-ci il iyunun 28-i saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.

Bununla yanaşı, iştirakçılar tərəfindən cari ilin iyulun 5-dən gec olmadan təqdim olunan layihəni izah edən videotəqdimat da [email protected] elektron ünvanına göndərilməlidir. Layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. Layihələr tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.

Cari ilin iyulun 22-də elan olunacaq nəticələrə əsasən, münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq.

Birinci yerin sahibinə 10 min manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. 3-cü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi də prosesə cəlb olunacaq.

Layihədə maraqlı şəxslər qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırlanmış “Abşeron qəsəbələrinin memarlıq siması” internet səhifəsini (www.absheronsimasi.az) ziyarət etməyə dəvət olunur.

Abşeron yarımadasının özünəməxsusluğunu yaşatmaq və tarixi-memarlıq ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər qəsəbələri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video