10 Aprel 2012 04:04
278
SİYASƏT
A- A+

BUNLAR HAÇANDAN DEMOKRAT OLUBLAR

 

BAŞ REDAKTORDAN

 

Həyatda müəyyən titullar, adlar, rütbələr var. Onların bir qismi anadangəlmədir, başqaları isə sonradan müxtəlif formada qazanılır. Məsələn, bəy ailəsində doğulanlar bəy, qraf, knyaz ailəsində doğulanlar isə müvafiq olaraq qraf, knyaz çağırılıb. Həkim, müəllim adını qazanmaqdan ötrü müvafiq təhsili aldıqdan sonra praktika ilə məşğul olmalısan. Hərbi rütbələr isə müəyyən sahədə çalışanlara verilir və zaman-zaman artırılır.

Bütün ad, rütbə və titulların qazanılmasının müəyyən  yolları, fəaliyyətlə bağlı üsul və prosedur qaydaları, hətta tələbləri olur. Müvafiq təhsil aldıqdan sonra elmi işlə məşğul olmasan, mövzu götürərək dissertasiya hazırlayıb müdafiə etməsən, məqalə və kitablar yazıb çapına nail olmasan heç kim səni  alim hesab etməz! Ola bilər ki, sən özün özünü nəsə sayasan, yaxud hansısa adın, titulun iddiasında olasan! Amma mənasızdır! Çünki cəmiyyət tərəfindən qəbul edilməyincə, heç kəs səni arzuladığın adın, titulun sahibi saymayacaq  və qəbul etməyəcək! İstəyirsən aləmə car çək, boğazını cır, gecə-gündüz qışqır! Faydasızdır!

Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazandıqdan sonra cəmiyyət həyatında da keyfiyyət dəyişikliyi baş verdi. Onun bir qismi haqqında söhbət açdığımız məsələlərlə  bağlı oldu. Tutaq ki, "yoldaş" sözü sıradan çıxaraq  yerini "cənab"a verdi. Bundan istifadə edən bir  qisim insan "bəy" tituluna yiyələnmək istədi. Hətta yuxuda da bir-birilərini "bəy" deyə çağırdılar. Amma həqiqi bəylikləri olmadığından  heç nə çıxmadı. Əvəzində isə hörmətli "bəy" sözünü hörmətdən saldılar!

Belə adlardan biri də demokratdır. Amma bu demokrat ki var, çox qəribə şeydir. Onu nə oxuyub almaq, nə işləyib qazanmaq, nə də dissertasiya  müdafiəsi yolu ilə əldə etmək mümkün deyil! Qəlizlik bir də ondadır ki, əgər sən özünü demokrat sayaraq aləmə car çəkirsənsə, amma əməlindən demokratlıq qoxusu belə gəlmirsə, yenə demokratlığın yalançı sayılacaq!

Azərbaycanda özlərinin demokrat olduqlarını zorla xalqa qəbul etdirmək istəyənlər var. Bunlar AXCP, Müsavat partiyasının, bəzi hüquq müdafiə və jurnalist təşkilatlarının başçıları və digərləridir. Sovet dövründə Azərbaycanda demokrat hazırlanmırdı. Nə Əli Kərimli, nə də İsa Qənbər dissident deyildilər ki, deyək ki, fərdi qaydada yetişiblər. Meydan hərəkatı başlayanda hamı Azadlıq meydanına gedib yumruğunu  havaya qaldırırdı. İndi heç onların 99 faizi bu iddiada deyil! Sonra milli azadlıq hərəkatı başladı və "meydan qəhrəmanları" hakimiyyətə gəlmək  eşqinə düşdülər. Əvvəlcə parlamentə yol tapdılar, AXC-dən qoparaq təzə partiyalar yaratmağa, xalqa şirin vədlər verməyə başladılar.

Ötən əsrin 90-cı illərinin əvvəlləri xalqımız və müstəqilliyini yenicə bəyan etmiş dövlətimiz üçün çox ağır dövr idi.

Keçmiş iqtisadi əlaqələr qırıldığından, sənaye müəssisələrinin anbarlarındakı mal-məhsul, kolxoz və sovxozların mal-qarası, əmlakı satılıb sovulduğundan ölkəni işsizlik, yoxsulluq və dərin iqtisadi böhran bürümüşdü.

Xaos, anarxiya, özbaşınalıq baş alıb getdiyindən, dövlət idarələri iflic olduğundan, insanlar kimə müraciət edəcəklərini kəsdirə bilmədiklərindən ümidsiz vəziyyətə düşmüşdülər.

Müharibədə uğursuzluqlar bir-birini əvəz edir, kənd və qəsəbələr dalbadal itirilir, yeni məcburi köçkünlər ordusu yaranırdı...

Belə bir şəraitdə çıxış yolunu görməyən xalq o zaman siyasət meydanında olanların hər sözünə, vədinə inanır, vəziyyətin dəyişəcəyini gözləyirdi. Suda boğulan saman çöpündən yapışar - demişlər. Verilən vədlər isə populist, yerinə yetirilməz idi! Amma insanlar fərqinə varmır, inanmaq istəyirdilər! İndi demokrat cildinə girən "bəylər"in o zamankı vədlərindən bir neçəsini xatırladırıq:

"6 ayda neftin hesabına ölkəni Küveytə çevirəcəyik";

"Müharibəni qısa vaxtda başa çatdıracağıq. Buna nə var ki, düşmənin yolunu sağdan kəs, soldan kəs, göydə uçan vertolyotunu da vur sal".

"Çinə, Yakutiyaya bayrağımızı sancacağıq"

"Azərbaycanda atom bombası var, lazım gəlsə istifadə edəcəyik" və s. və i.

Özlərini demokrat hesab edənlər qeyri-demokratik yolla, parlament çevrilişi yolu ilə iqtidara gəldilər. Amma başları çapıb-talama işlərinə elə qarışdı ki, vədlərini tamam unutdular. Heç unutmasaydılar da onları yerinə yetirmək mümkün olmazdı! Dövləti idarə etməyə qabiliyyət və səriştələri çatmırdı, hələ təcrübəsizlikləri bir yana qalsın! "Demokratlar" iqtidarda olduqları illərdə nə ilə yadda qaldılar?

Əvvəla, hərbi senzura adı ilə  mətbuata senzura nəzarətini daha da gücləndirdilər.

İkincisi, jurnalistləri döydülər, tənqid  yazdıqları qəzeti məqalə müəllifinə yedizdirməyə cəhd etdilər, minik maşınlarının yük yerinə basdılar.

Üçüncüsü, nəinki iqtisadi-hüquqi, heç siyasi-demokratik islahatlar belə keçirmədilər.

Ən nəhayəti, iqtidarda olduqları müddəti bütün demokratik təsisatların fəaliyyətini qadağan edən fövqəladə vəziyyət rejimində başa vurdular.

Xalqın etimad kreditini cəmi on bir ayda xərcləyib qurtaran, Azərbaycanın dünyanın bütün dövlətləri ilə münasibətlərini korlayan, ölkəni xaos və anarxiya burulğanında boğaraq məhvolma həddinə çatdıran AXC-Müsavat cütlüyü Surət Hüseynovun dar ağacından qorxaraq iqtidardan qaçıb getdi. Qısa müddətdə yüksək post tutanlar uzun müddət xalqdan gizləndi, gözə görünmədi!

İndi Azərbaycanın sabit və firavan günləridir, demokratik cəmiyyət quruculuğunda böyük uğurlara imza atılıb. Bütün siyasi partiyalar, KİV-lər sərbəst fəaliyyət göstərirlər.

Aqressiv müxalifətin uğursuzluqları da, indiki  iqtidarın nailiyyətləri də 20 illik zaman kəsiyində baş verib!

Heç kəs heç nəyi unutmayıb!

Daha  insanları boş vədlərlə yoldan çıxarmaq, aldatmaq mümkün deyil!

İtirilən etibar və etimad bir daha qaytarıla bilməz!

Artıq Azərbaycan vətəndaşı kimin kim olduğunu gözəl bilir!

Əbədi müxalifətçiliyə məhkum olunanların demokratiyadan dəm vurmaları başadüşüləndir. Çünki beynəlxalq təşkilatlardan qrant almaq üçün özünü demokrat kimi göstərməlisən. Amma...

Niyə xalqın və dövlətin maraqlarını həmin qranta satırsan?!

Niyə erməni əsilli milyarderlər tərəfindən maliyyələşdirilən beynəlxalq qurumlarla əməkdaşlıq etməklə əslində antiazərbaycançı şəbəkənin sifarişlərinin icraçısına çevrilirsən?!

Niyə elə hesab edirsiz ki, xalqımız və dövlətimiz üçün nə qədər pis olursa, sizə o qədər yaxşı olacaq?!

İndi, möhtərəm oxucu siz deyin, demokratlar belə olurmu?!

Müxalifətdə olduqları zaman aqressivlik və zorakılıq göstərənləri, iqtidarda fərsizlik və bacarıqsızlıq nümayiş etdirənləri, hər şey əldən çıxdıqdan sonra düşmən dəyirmanına su tökənləri necə adlandırmaq olar! Bəlkə siz deyəsiniz?!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video