05:04 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır”

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:29 03.08.2021

 

Ana dilinə münasibət, onun qorunması hər dövrdə qabaqcıl, millətsevər ziyalıları düşündürüb. Onlar bu məsələyə böyük həssaslıqla yanaşıb, diqqət mərkəzində saxlayıblar. Ana dili xalqın milli varlığıdır.

Əsrlərboyu Azərbaycanın əraziləri dönə-dönə döyüş meydanlarına çevrilib. Vətən torpaqlarımız müxtəlif dövrlərdə ərəb, fars və rus işğalına məruz qalıb. Xalq ən çətin, ən məşəqqətli günlərində də öz milli-mənəvi dəyərlərinə sahib çıxıb. Ana dilimiz də zaman-zaman ağır sınaqlardan keçməli olub. Onu qorumaq, yaşatmaq üçün mübarizə aparanlarımız bu yolda hər cəfaya dözüblər.

 

“Ana dili millətin mənəvi birliyidir”

 

Azərbaycanın tanınmış qələm adamlarının fəaliyyətində ana dili məsələsi hər zaman əhəmiyyətli yer tutub. Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov və başqaları ana dilinə münasibətdə böyük təəssübkeşlik nümayiş etdiriblər.

Mirzə Fətəli Axundzadə milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə “Əkinçi” qəzetinin nəşrə başlaması ərəfəsində göndərdiyi məktubda yazmışdı: “Sizin qəzetinizin məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi, aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır, çünki  qəzetiniz  başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən  təmizləməyə  çalışmalı,  bu  dildə yazan bütün adamlar  üçün nümunə olmalıdır”. Mirzə Fətəli Axundzadə qeyd edirdi ki, bütün müəlliflər “adət edilmiş qəliz kəlmələri işlətməkdən çəkinməlidirlər”.

Elə Həsən bəy Zərdabi də həm özünün, həm də əməkdaşlıq etdiyi müəlliflərin məqalələrində dil və üslub səlisliyinə çox diqqət yetirib, qəliz ifadələri mətindən çıxarıb, əcnəbi kəlmələrin və oxucuların müəyyən qisminə qaranlıq qala bilən sözlərin izahını verib.

Bütün yaradıcılığı boyu ana dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparan, doğma dilinə xor baxan, bu dildə danışmağı şəninə sığışdırmayan  insanları kəskin tənqid hədəfinə çevirən Cəlil Məmmədquluzadə “Anamın kitabı” pyesində bu problemi bütün dərinliyi ilə əks etdirə bilib. Ədib XX əsrin əvvəllərində bəzi ziyalıların ana dilinə biganə münasibətini bu əsərdə üç qardaş - rus dilinə meyilli Rüstəm bəy, fars dilinə meyilli Mirzə Məhəmmədəli, türk dilinə meyilli Səməd Vahid obrazları vasitəsilə təsvir edib. Müəllif sadə xalq danışıq dilinə olan məhəbbətini “Anamın kitabı”nda Zəhrabəyimin, Gülbaharın və çobanların dilindən ifadə edib.

Azərbaycan dilinin saflığı uğrunda mübarizədə dahi Üzeyir bəy Hacıbəyli də misilsiz xidmətlər göstərib. O, 1906-cı ildə qələmə aldığı “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik?” silsilə məqaləsində əcnəbi sözlərin yersiz işlədilməsinə qarşı çıxıb. Üzeyir bəy Azərbaycan dilində qarşılığı olan sözlərə üstünlük verilməsi tələbini irəli sürərək “danışıq əsnasında fikrimizin əcnəbi kəlmələrdən təmiz olaraq öz türk sözlərimiz vasitəsilə ifadəsinə səy göstərməliyik” deyə bildirib.

XX əsrin əvvəllərində ana dilinin mövqeyini qoruyub saxlamaq uğrunda aparılan mübarizədə görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin də xüsusi rolu olub. O, “Ana dili haqqında” adlı məqaləsində yazıb: “Hər millətin özünəməxsus dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi birliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir.

Bu, Allah-Taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur.

Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz. Bu doğrunu sair millətlərin həqiqi ədibləri və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və verməkdədirlər...”

Şair Bəxtiyar Vahabzadə ana dilimizi ulularımızdan bizə qalan ən dəyərli  əmanət hesab edirdi:

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir... onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

 

Əlifba islahatı uğrunda mübarizə…

 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dilində nəşr olunan qəzet və jurnallar mətbuat dilinin ədəbi dilimizin norma və tələblərinə uyğun formalaşması üçün xeyli işlər gördülər. Azərbaycanın görkəmli dilçi alimləri qəzet dilinin nəzəri və praktik məsələlərinin öyrənilməsi sahəsində ciddi tədqiqatlar apardılar.

Həmin dövrdə də qarşıda duran mühüm məsələlərdən biri əlifba məsələsi idi. Əsrlərdən bəri Azərbaycanda istifadə olunan ərəb əlifbası bir sıra problemlərin ortaya çıxmasına səbəb olmuşdu. Əsas problemlərdən biri ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi idi. Hələ XIX əsrdə Mirzə Fətəli Axundzadə və digər maarifpərvər ziyalılarımız əlifba islahatı aparılmasına səy göstərsələr də, əlifba islahatı ideyasını həyata keçirə bilməmişdilər.

İlk dəfə ölkəmizdə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra latın əlifbasına keçildi. 1920-ci ildə Aprel işğalı cümhuriyyət hökumətinin bu sahədə planlarını yarımçıq qoydu. Ancaq bütün xeyirli əməllər kimi Azərbaycanın qabaqcıl ziyalılarının əlifba islahatını həyata keçirilməsi uğrunda cəhdləri səmərəsiz qalmadı. Bu, ideya unudulmadı.

Azərbaycan hökumətinin qərarı ilə 1922-ci ildə Yeni Əlifba Komitəsi yaradıldı. Həmin komitəyə tapşırıldı ki, Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etsin. Bu, yeni əlifbaya keçilməsi yolunda ilk ciddi addım oldu. 1923-cü ildən latın qrafikalı əlifbaya keçmə prosesi  sürətləndirildi. 1926-cı ildə keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq olundu.

Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizə aparıldığı illərdə yeni əlifbanın tətbiqi bu mühüm, məqsədyönlü işlərin həyata keçirilməsinə təkan oldu. Həmin dövrdə Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçildi. Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənəcəyindən təşvişə düşən sovet hökuməti yeni qərar qəbul etdi. Azərbaycanda əlifba yenidən dəyişdirildi.

İkinci Dünya müharibəsi dövründə - 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar verildi. Ancaq ana dilimizin özünəməxsusluğu bu əlifbada da müəyyən dəyişikliklər aparılması zərurətini meydana çıxardı. Kiril qrafikasının dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün sonralar Azərbaycan kiril qrafikasında bir sıra dəyişiklik edildi.

Azərbaycanda  kiril qrafikasından yarım əsrdən çox istifadə olundu. Bu əlifba vasitəsilə orta məktəblərdə şagirdlərimiz yazıb-oxumağı öyrəndilər. Kiril əlifbası ilə kitablar, qəzetlər, jurnallar işıq üzü gördü. Elmi, bədii əsərlər bu əlifba ilə qələmə alındı.

Ancaq XX əsrin sonlarına doğru zamanın gərdişi yenə dəyişdi. Azərbaycan xalqı çoxdan arzusunda olduğu müstəqilliyinə qovuşdu. Bundan sonra ana dilimizin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycanda tədricən latın qrafikalı əlifbanın tətbiqinə başlanıldı.

İllərlə aparılan mübarizə gözlənilən nəticəni verdi. Azərbaycan Respublikası ərazisində bütün idarə və müəssisələrdə, dövlət və qeyri-dövlət qurumlarında yazışmalar latın qrafikalı əlifba ilə aparıldı. Bu tarixi proses Heydər Əliyevin 2001-ci ilin 18 iyununda imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”  fərmandan sonra reallaşdı. Həmin ilin avqustunadək ölkəmizdə latın əlifbasına keçid bütünlüklə təmin edildi. Əlifba dəyişikliyi ilə ölkəmizdə bir sıra işlərin həyata keçirilməsi zərurəti yarandı. Ulu Öndər ana dilimizlə bağlı çıxışlarından birində deyib: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var”.

Milli Məclis 30 sentyabr 2002-ci ildə Heydər Əliyevin tövsiyəsi ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul etdi.

Sənəddə qeyd olunub ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Müxtəlif vaxtlarda Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına təkan verdi. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemlərin həllində mühüm addım oldu. Kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin edildi. Dövlət başçısının sonrakı sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Prezident İlham Əliyev deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM