18 Fevral 2012 12:02
354
İQTİSADİYYAT
A- A+

BTC-yə qovuşan ilkin neft

 

7 il əvvəl "Mərkəzi Azəri" platformasından hasilata başlanmışdır

 

7 il əvvəl Xəzərdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən "Mərkəzi Azəri" platformasından neft hasilatına başlandı. Ölkə Prezidenti İlham Əliyev bu münasibətlə 2005-ci il fevralın 18-də platformada keçirilən təntənəli mərasimdə iştirak etdi.

"Mərkəzi Azəri"dən hasil olunan neft bütövlükdə "Azəri" yatağının ilk nefti idi. "Azəri"nin işlənməsi "Əsrin müqaviləsi" adını almış "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin mühüm bir mərhələsini təşkil edir. Odur ki, buradan ilk neftin alınması böyük əhəmiyyət daşıyırdı. Doğrudur, "Əsrin müqaviləsi"nin birinci mərhələsi sayılan İlkin Neft Layihəsi çərçivəsində "Çıraq"dan artıq 8 il idi neft çıxarılırdı. "Azəri"nin neft verməsi isə bu müqavilənin öz kulminasiya nöqtəsinə çatması demək idi. Çünki "Azəri" AÇG layihəsi daxilində işlənən ən böyük yataqdır.

AÇG-dəki digər yataqlarda olduğu kimi, "Azəri"də də ARDNŞ ilə bp (Böyük Britaniya), "Şevron" (ABŞ), "İnpeks" (Yaponiya), "Statoyl" (Norveç), "EksonMobil" (ABŞ), TPAO (Türkiyə), "İtoçu" (Yaponiya), "Hess" (ABŞ) şirkətləri tərəfdaşlıq edirlər. Əməliyyatçı olan bp-nin mütəxəssislərinin sözlərinə görə, "Azəri" həmçinin dünyada istismar edilməkdə olan ən böyük yataqlardan biridir. Bu sözləri deməyə həm yatağa məxsus karbohidrogen ehtiyatlarının həcmi, həm onun ölkəyə gətirməkdə olduğu gəlirlər, həm də vaxtilə tikinti zamanı layihəyə cəlb edilmiş işçi qüvvəsinin sayı əsas verir.

Əslində, "Azəri" öz hüdudlarında üç böyük yatağı birləşdirib. Belə ki, o, mərkəzi, qərb və şərq hissələrindən ibarətdir. "Azəri"nin ilk nefti onun mərkəzi hissəsində quraşdırılmış Hasilat, Qazma və Yaşayış Platformasından alındı. Daha sonra, 2005-2006-cı illərin qovuşuğunda "Qərbi Azəri" platforması neft verdi. 2006-cı ilin payızında isə "Şərqi Azəri"dən də hasilata başlandı.

Neft hasilatına başlanmazdan əvvəl layihə çərçivəsində geniş inşaat işləri aparılmışdı. Onların miqyasını tikintinin bir neçə il müxtəlif obyektlərdə, özü də həm dənizdə, həm də quruda aparılması da göstərdi. Bu da təsadüfi deyil. Çünki  bütövlükdə "Azəri" yatağı dörd platformanın istismar olunduğu bir dəniz məkanıdır. Onlardan ikisi mərkəzi hissədə quraşdırılıb. Belə ki, "Mərkəzi Azəri" qonşuluğundakı Kompressor və Suvurma Platformasına (KvəSP) körpü vasitəsilə birləşdirilib. Lakin burada yerləşməsinə baxmayaraq, KvəSP yatağın digər hissələrinə də qaz və suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.

Qeyd edək ki, AÇG-nin bütün platformaları ölkə daxilində quraşdırılıb. "Azəri" yatağındakı hasilat platformaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. KvəSP-nin göyərtəsi isə Bakının Bibiheybət ərazisində, ATA (AMEK - Tekfen-Azfen) alyansının tikinti-quraşdırma sahəsində inşa edilib. Bu işlər həyata keçirilməzdən əvvəl həmin obyektlər tamamilə təzədən qurulub.

"Azəri"nin neftini və səmt qazını Xəzərdən Səngəçala çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı borular çəkilib. Səngəçal terminalında bu karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün isə böyük bir infrastruktur yaradılıb. Həmin qurğuların tikilib araya-ərsəyə çatdırılması da daha bir nəhəng layihənin tamamlanması demək idi. 

Bütün bunlar 2005-ci ilin əvvəlində, məhz nəzərdə tutulduğu vaxtda yataqdan ilk neftin alınması ilə nəticələndi. Ölkə Prezidenti İlham Əliyev bu məqamı vurğulayaraq "Mərkəzi Azəri"dəki tədbirdə demişdir: "Bu gün "Azəri" yatağında ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır".

O zaman Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi başa çatmaqda idi və bu boru xəttinə məhz "Azəri" yatağından alınan neft vurulmalı idi. "Mərkəzi Azəri"dən hasilata başlanması bu məqsədi reallaşdırmağa imkan verdiyi üçün mühüm əhəmiyyət kəsb edirdi.

"Mərkəzi Azəri"də hasilat əvvəlcədən qazılmış 10 öncəqazma quyusunun birincisindən başlanmışdı. Bu quyular hələ platforma quraşdırılmazdan əvvəl dayaq tavasından qazılmış və onların ağzı müvəqqəti olaraq bağlanmışdı. Müvafiq Platforma quraşdırılandan sonra bu cür quyuların ağzının dərhal açılması hasilatı tezləşdirmək məqsədini daşıyır. Bu əməliyyat "Mərkəzi Azəri"də də uğurla aparıldı. 2005-ci il martın əvvəlində buradan Səngəçal terminalına neftin nəql olunmasına başlandı. Bütün işlər qrafikə uyğun, nəzərdə tutulduğu kimi gedirdi. Beləliklə, həmin il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə Səngəçal terminalından ilk neft vuruldu. Bu da böyük bir təntənəyə çevrildi. Tədbirlərdə Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın dövlət başçıları, bir çox ölkələrdən gəlmiş qonaqlar iştirak etdilər.

Xatırladaq ki, AÇG-dən 30 illik Hasilatın Pay Bölgüsü Sazişi dövründə 5 milyard bareldən çox neft çıxarılması nəzərdə tutulub. Bu həcmin 3 milyard bareldən çoxu "Azəri"nin payına düşür.

Bu gün "Azəri" yatağında bütövlükdə 55 quyu istismar olunur. Onların 40-ı hasilat, qalanları suvurma və qazvurma quyularıdır. Keçən il orta hesabla gündə "Mərkəzi Azəri"dən 210 min barelə yaxın, "Qərbi Azəri"dən 214 min barel, "Şərqi Azəri"dən isə 134 min bareldən çox neft çıxarılıb. Bu o deməkdir ki,  BTC kəmərinə vurulan neftin xeyli hissəsini "Azəri" yatağı verir.

 

Flora SADIQLI,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video