11 Dekabr 2019 01:21
1267
İQTİSADİYYAT
A- A+

BTC bütün regiona xeyir-bərəkət gətirir


İllər keçdikcə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri daha böyük əhəmiyyət kəsb edir, region ölkələrinə gətirdiyi gəlirlər getdikcə artır. BTC-nin təcrübəsinə əsaslanan yeni-yeni qlobal layihələr gerçəkləşir və onlar daha böyük dividendlər gətirəcək.

Bu ilin əvvəlindən də BTC ahəngdar və təhlükəsiz işləyib. İlin ilk 9 ayı ərzində kəmərlə 24 milyon tona yaxın, yəni 177 milyon bareldən çox xam neft ixrac edilib.

BTC Azərbaycanın neft strategiyasının ayrılmaz hissəsidir. Bu boru xətti ilə qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açılıb. Beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxışı təmin edən bu marşrut haqlı olaraq regionun enerji ixracının başlıca arteriyası sayılır.

Hazırda "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neftin böyük hissəsi dünya bazarlarına BTC ilə çatdırılır. Kəmərə həmçinin "Şahdəniz” yatağından hasil olunan kondensat da vurulur. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

2006-cı ilin ortalarında tam sistem kimi istifadəyə veriləndən bu il oktyabrın əvvəlinədək BTC ilə ümumilikdə 3,3 milyard barel (440 milyon tona yaxın) xam neft ixrac edilib. Bu neft Ceyhanda 4307 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Bu günə qədər isə boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql olunub. Bu həcmin böyük hissəsini - 400 milyon tondan çoxunu təbii ki, Azərbaycan nefti təşkil edir. Kəmər eləcə də 27 milyon ton Türkmənistan, 12 milyon ton Qazaxıstan və 7 milyon ton Rusiya nefti daşıyıb.

Hazırda Azərbaycanda, Gürcüstanda və Türkiyədə BTC-nin keçdiyi ərazilərdə şaxta hökm sürür və onların çox hissəsi qarla, buzla örtülüb. Buna baxmayaraq, kəmərin bütün yerüstü obyektləri maneəsiz işləyir. BTC-nin boruları torpağın altında basdırıldığından və möhkəm izolyasiya olunduğundan onların da qışdan qorxusu yoxdur.

Xatırladaq ki, üç tranzit ölkə boyu BTC-nin 8 nasos stansiyası (2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü Türkiyədədir) və 98 siyirtmə məntəqəsi var. Boru xətti Ceyhanda dəniz səviyyəsinə enməzdən əvvəl dağlarda 2830 metrlik ən yüksək nöqtəsinə qalxır. Kəmər öz marşrutu boyu bir neçə dağ silsiləsindən keçir, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətləri ilə, yüzlərlə su hövzəsi ilə kəsişir.

Uzunluğu 1768 kilometr olan BTC-nin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Kəmərin boruları əsasən 42 düymdür. Coğrafi vəziyyətdən asılı olaraq xəttin bəzi hissələri 46 və 34 düymlük borularla çəkilib.

BTC həm də Azərbaycanın enerji ixracı marşrutlarının dünyaya şaxələnən yollarının başlanğıcında dayanan layihədir. İstər 13 il əvvəl fəaliyyətə başlayan Bakı-Tbilisi-Ərzurum qaz kəməri, istərsə də gələn il çəkilişi tam başa çatacaq "Cənub qaz dəhlizi” məhz BTC-də toplanmış təcrübəyə əsaslanır.

Prezident İlham Əliyev bütün bunları dəfələrlə vurğulayıb. Bu yaxınlarda TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) Avropa ilə birləşən hissəsinin açılış mərasimində dövlət başçısı BTC-nin əhəmiyyətini bir daha qeyd edib: "2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur və 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik... Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir”.

BTC fəaliyyət göstərdiyi 13 ildən çox müddət ərzində bilavasitə gətirdiyi gəlirlərlə və tikintisinə başlandığı vaxtdan indiyədək dolayısı ilə, yəni keçdiyi ərazilərdə yönəldilən sosial sərmayələrlə bütün regiona xeyir-bərəkət bəxş edir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video