28 Yanvar 2012 12:01
398
İQTİSADİYYAT
A- A+

bp Azərbaycan idmançılarına dəstək verir

 

bp Azərbaycan şirkəti ölkəmizin 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan milli komandalarına və bir qrup seçilmiş idmançısına dəstək verəcək. Bu münasibətlə şirkət Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə tərəfdaşlıq müqavilələri imzalayıb.

"Hilton" mehmanxanasında keçirilən imzalama mərasimində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir çıxış edərək dedi: "Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələrinə, həmçinin oyunlara gedəcək bir qrup idmançıya dəstək vermək imkanı əldə etdiyimizdən məmnunluq duyuruq. Bu, ölkə üçün həyəcan dolu bir dövr olacaq. bp hər kəsi əmin etmək istəyir ki, Azərbaycan idmançılarının oyunlarda yarışmağını izləyərkən onların keçirdikləri həyəcanı, həmçinin onlar vətənə Olimpiya medalları ilə qayıdarkən duyduqları fərəhi bölüşəcək".

O, həmçinin xatırlatdı ki, bp London oyunlarının əsas tərəfdaşlarından biridir: "Biz bu oyunların baş tutmasına kömək edirik. bp həm də həmin oyunlara xidmət göstərəcək təxminən 5 min nəqliyyat vasitəsini yanacaq və sürtkü yağları ilə təmin edəcək. Yəni bp bu oyunların "yanacaq mənbəyi"dir".

R.Cavanşir eləcə də bp-nin "London-2012 Oyunları" üçün öz xüsusi nümayəndələri kimi seçdiyi yeddi Azərbaycan idmançısının adlarını açıqladı. Şirkət üç Olimpiya və dörd Paralimpiya idmançısından ibarət bu qrupun həm "London-2012 Oyunları"na hazırlığını, həm də orada iştirakını dəstəkləyəcək. Həmin idmançılar bunlardır: Cəbrayıl Həsənov (sərbəst güləş), Fəridə Əzizova (taekvondo), Rövşən Bayramov (yunan-Roma güləşi - klassik güləş), İlham Zəkiyev və Afaq Sultanova (cüdo), Oloxan Musayev və Oleq Panyutin (atletika).

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da çıxış etdi. O, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin "İdman ili" elan olunmasından danışdı. bp-nin idmançılara dəstək verməsinin təqdirəlayiq hal olduğunu vurğuladı.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dedi: "Bu strateji tərəfdaşlıq bp şirkətinin ölkəmiz və xalqımız qarşısında götürdüyü öhdəliyə sadiq olduğunu nümayiş etdirir. Azərbaycanda aparıcı operator kimi gördüyümüz bu şirkətin ölkəmizin Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə tərəfdaş olmaq qərarını verməsindən çox məmnunuq. Ümid edirik ki, bu tərəfdaşlıq da bp-nin əvvəllər Azərbaycanda həyata keçirdiyi digər təşəbbüsləri kimi uğurlu olacaq".

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə dedi ki, Zənnimizcə, bu tərəfdaşlıq idmanın cəmiyyətdə hər kəsə fayda verə biləcəyi barədə məlumatlılığını artırmağa kömək edir. Biz inanırıq ki, bp-nin xüsusilə bizim komitə ilə tərəfdaşlığı "London-2012 Paralimpiya Oyunları"nda iştirak etmək kimi çətin öhdəliyi qəbul etmiş idmançılarımıza qarşı hər birimizin hörmət və heyranlıq hisslərini bir daha vurğulayır.

Mərasimdə bp-nin dəstək göstərdiyi idmançıların nümayəndələri də çıxış edərək şirkətə öz minnətdarlıqlarını bildirdilər.

Xatırladaq ki, bu il bp-nin ölkəmizdə fəaliyyət göstərməsinin 20 illiyi qeyd olunacaq. İdmançılara dəstək barədə müqavilələrin imzalanmasının da bu xoş tarixə təsadüf etməsi yerinə düşür. Həmin müqavilələrə əsasən şirkət Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələrinin "London-2012 Oyunları"nda rəsmi tərəfdaşı olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video