02:18 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bir əsrə dayanan qələbə yolu

ANA SƏHİFƏ / SİYASƏT
01:11 09.05.2021

 

Elə hadisələr var ki, tarixə qızıl hərflərlə yazılır. Minilliklər keçsə belə bu tarix dəyişilməz olaraq qalır. Belə hadisələr əsasən qələbə ilə bağlı olur. Biz də fəxr edirik ki, keçmiş və indiki tariximizdə belə hadisələr çoxluq təşkil edir. Bizim üçün Azərbaycan xalqı zəfər simvoludur, çünki xalqımızın qələbə əzmi tarixin dərin qatlarında kök salmış və qəhrəmanlıqlarını hər zaman dünyaya sübut etmişdir.

 

Dünya pəncərəsindən faşizm üzərində qələbəyə baxış

 

Tarixdə itkisiz müharibəyə rast gəlinməmişdir. Müharibənin dəhşətini göstərən isə itkilərin sayıdır. İkinci Dünya müharibəsi isə 50 milyonluq itki ilə qanlı səhifənin ilk sıralarında dayanır.  XX əsrin ən dəhşətli səhifəsi olan İkinci dünya müharibəsi bizim üçün çoxlu qurbanlar hesabına başa çatdı. Eyni zamanda bu müharibə dünyada misli görünməmiş qələbə ilə yaddaşlarda qaldı. Alman faşizminə qarşı müharibəyə qalxmış xalqlar 1945-ci ildə tarixi bir qələbə qazandı. Bu tarix Rusiya ilə yanaşı, bir çox ölkə üçün də önəmlidir. Belə ki, 9 May Qələbə Gününü qeyd edən ölkələr sırasında Azərbaycanla yanaşı, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan Serbiya və digər ölkələr də var.

Zaman keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi əhəmiyyəti daha da aydın olur və bütün dünya üçün yeni bir baxış yaranır. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir.

 

1941-1945-ci il müharibəsində Azərbaycanın elm və mədəniyyət sahəsində uğurları

 

1945-ci ilin mart ayında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Bu hadisə Azərbaycan elminin inkişafına əsaslı bir təkan verdi. Bu dövr ərzində müharibənin törətdiyi insani fəlakət və qlobal təhlükələrə baxmayaraq Azərbaycan elmi və mədəniyyəti inkişafdan qalmamışdır. Həmin dövrdə Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Mustafa Topçubaşov yeni hərbi cərrahiyyə metodları tətbiq etdi. Cərrah M.Topçubaşov mütəmadi ağır cərrahiyyə əməliyyatları apararaq yüzlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas etmiş, onları yenidən həyata qaytarmışdır.

Bu dövrdə elmlə bərabər mədəniyyət sahəsi də inkişafdan geri qalmamışıdr.  Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev və Cövdət Hacıyev “Vətən” operasını bəstələmişlər. Bu operanın ərsəyə gəlməsində faşizm üzərində qələbənin böyük rolu olmuşdur.

 

Faşizm üzərində qələbədə Azərbaycan xalqının rolu

 

İkinci Dünya müharibəsi bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun sarsılmaz cəbhəxanası müxtəlif istiqamətlərdə məğrurcasına əks-həmlələr həyata keçirmişdir. Bu çətin və ağrılı günlərdə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə əsl qəhrəmanlıq və igidlik nümayiş etdirmişdir. Eyni zamanda İkinci Dünya müharibəsi dövründə Azərbaycandan orduya yeddi yüz minə qədər adam səfərbər edilmiş,  onlardan 11 mindən çoxu qadın olmuşdu.

Böyük çətinliklərə baxmayaraq, Azərbaycan neftçiləri əzmlə çalışaraq sənayemizi və ən əsası cəbhəni yanacaqla təmin etmişlər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə keyfiyyətli aviasiya benzini almaq üçün yeni texnologiya yaradılmışdır. Müharibə ərzində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin istehsal edib vermişdilər. Bu, keçmiş SSRİ üzrə hasil edilən neftin 3/4-nə, benzinin 90 faizinə bərabər idi. Ümumiyyətlə, müharibə illərində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qətiyyətlə və qürur hissi ilə deyə bilərik ki, faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti əsas amillərdən biri olmuşdur. Bir sözlə, İkinci Dünya müharibəsində əldə edilən qələbə Azərbaycan xalqının fədakar, qəhrəman və cəsarətli olmasını bir daha bütün dünyaya sübut etmişdir. SSRİ-nin keçmiş neft sənaye naziri N.Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir”.

 

İkinci Dünya və Böyük Vətən müharibələri iştirakçılarına diqqət

 

Ölkəmizdə Böyük Vətən müharibəsi iştirakçılarının göstərdikləri qəhrəmanlıq, şücaət və arxa cəbhədəki fədakarlıqlarına layiqli qiymət məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Belə ki, Ümummilli Lider tərəfindən imzalanan sərəncamla 9 May - Qələbə Günü ölkəmizdə bayramlar sırasına daxil edilmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1994-cü il tarixli “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müharibə, əmək, silahlı qüvvələr, daxili işlər və milli təhlükəsizlik orqanları veteranlarının statusu müəyyənləşdirilmişdir. Qanunun qüvvəyə minməsi ilə bağlı Heydər Əliyev demişdir: “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.

 

Şanlı zəfər tariximiz və “Dəmir yumruq” əməliyyatı

 

Azərbaycan xalqı daim öz tarixi və mədəniyyəti ilə öyünmüşdür. Tarixi yaradan isə şəxsiyyətlərdir. O şəxsiyyətlər ki onlar hər an Vətən uğrunda canlarından keçməyə hazır olmuşlar. Bu gün də vətənin belə oğullarının sayı-hesabı yoxdur. İkinci Vətən müharibəsi də bunu sübut etdi. Azərbaycanın yarasını sağaldıb, 30 illik nisgilə son qoyub xalqımıza sevincin ən böyüyünü yaşadan gənc Azərbaycan igidləridir. Qəhrəmanlar canını Vətən yolunda qurban verib bu həsrətə son qoydu. Başqa sözlə ifadə etsək, əsl Vətən fədailəri heç nədən qorxmadan ölümün gözünə dik baxdılar. Bütün şəhidlər bizim qürur mənbəyimizdir.

Qəhrəmanlıq bizə tarixin dərin qatlarından gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai və s. şəxsiyyətlərin sayı-hesabı yoxdur. Azərbaycan xalqı qəhrəman xalqdır. Qəhrəmanlığın əsasını qoyan amil isə vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Elə buna görə də tarix boyu igid oğullarımız vətənin bir qarış torpağı üçün canlarından keçməyə hazır olmuşlar.

27 sentyabr 2020-ci il tarixdə başlayan “Dəmir yumruq” əməliyyatı məhz Ali Baş Komandan İlham Əliyevin öz ordusuna, silahlı qüvvələrinə verdiyi tarixi qiymətin və dəyərin haqlı olduğunu tam təsdiq etdi. Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə başlanan xilaskarlıq missiyası 44 gün davam edərək, erməni faşizminin otuz ildən çox əsarətdə saxladığı əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi.

Dünya hərb tarixi elminə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı və ya Vətən müharibəsi milli tariximizin ən şərəfli və unudulmaz səhifələrindəndir.

 

Üzeyir HƏBİBBƏYLİ ,

“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi, filologiya üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM