09:59 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Biologiya elmində inteqrativ yanaşmada Cəlal Əliyev fenomeni
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:10 19.10.2013

 

2013-cü il avqustun 5-7-də ABŞ-ın Las Veqas şəhərində "İntegrativ Biologiya Sammiti" adlı beynəlxalq konfrans keçirilmişdir. AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev konfransın təşkilat komitəsinin rəhbəri, professor Jozef Hoperdən bu mötəbər elmi məclisdə iştirak etmək üçün xüsusi dəvət məktubu almışdır. Azərbaycanın da nümayəndəsi təmsil olunmaqla 100-ə yaxın tədqiqatçının iştirak etdiyi beynəlxalq konfransın əsas mövzusu bioloji tədqiqatlarda kompyuter yanaşmalarının sürətləndirilməsi və müxtəlif elm sahələrində olan biliklərdən, analiz metodlarından və texnologiyalardan istifadə etməklə, bioloji problemlərin həllinə sistemli yanaşma olmuşdur. Biologiya elmində son 20 ildə əldə olunan uğurlar və bu sahədə tətbiq olunan yanaşmalar, hazırlanan yüksək ixtisaslı mütəxəssislər akademik Cəlal Əliyevin böyük uzaqgörənliyini və onun 40 il əvvəl riyazi biologiya və kompyuter biologiyası ilə bağlı verdiyi ideyanın gerçəkləşməsi istiqamətində gərgin əməyinin və inadkar çalışmalarının dərin əhəmiyyətini sübut edir.

Bu gün qloballaşan dünyada elmi-texniki tərəqqinin sürətləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə davamlı əməkdaşlıq əlaqələrinin qurulması, bəşəriyyətin rifahına xidmət edən qlobal layihələrın həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Əldə olunan nailiyyətlərin cəmiyyətə çatdırılması, eləcə də mövcud problemlərdən birgə çıxış yollarının axtarılması məqsədlərinə xidmət edən elmi konfrans və seminarlar keçirilir, müxtəlif səpkili görüşlər, sərgilər təşkil edilir.

Elm vahiddir. Elmlərin bir-birinə bağlılığı mütləqdir. Elmin müxtəlif sahələri sıx surətdə əlaqələndirilməlidir. Məhz ən böyük ideyalar müxtəlif elm sahələrinin inteqrasiyasında meydana çıxır, ən böyük kəşflər belə inteqrasiyanın nəticəsi olaraq reallaşır.

XXI əsr haqlı olaraq biologiya əsri adlandırılır. Bu  anlam bəşəriyyətin gələcəyi və dinamik inkişafı üçün global əhəmiyyət daşıyan biologiya elmində, ilk növbədə  onun aparıcı sahələri olan molekulyar biologiya, molekulyar genetika, bioinformatika, kompyuter biologiyası, sistem biologiya, biotexnologiya, sintetik biologiya sahələrində əldə olunan çox böyük kəşflərlə bağlıdır. Həyat haqqında elmlərin sürətli inkişafı XX əsrin ikinci  yarısında biologiya sahəsində  çoxsaylı əsrarəngiz kəşflərlə nəticələnmişdir: genetik kod açılmış, zülal sintezinin əsas mərhələləri müəyyənləşdirilmiş, canlı hüceyrədə gedən bir çox metabolik proseslərin molekulyar mexanizmlərinə aydınlıq gətirilmiş, bir çox orqanizmlərin, o cümlədən, insanın genomu oxunmuş, ayrı-ayrı orqanların və bütöv orqanizmlərin klonlaşdırılmasında və digər istiqamətlərdə önəmli nəticələr qazanılmışdır. Müasir biologiya öz klassik çərçıvəsindən çıxaraq digər elm sahələrinin - kimya, fizika, riyaziyyat və kompyuter elmlərinin dərinliklərinə nüfuz etmiş, yeni elm sahələrinin və inteqrativ yanaşmaların əsası qoyulmuşdur. Bu gun və gələcəkdə təbabətin, kənd təsərrüfatının və əczaçılıq sənayesinin inkişafı  artıq bioinformatika və kompyuter biologiyası olmadan qeyri-mümkündür.

2013-cü il avqustun 5-7-də ABŞ-ın Las Veqas şəhərində keçirilən "İntegrativ Biologiya Sammiti" adlı beynəlxalq konfransda ABŞ, Birləşmiş Krallıq, Fransa, Kanada, Yaponiya, Avstraliya, İsveçrə, İspaniya, Çin, Hindistan, Polşa, İsrail, Kolumbiya, Nigeriya, Tunis, Sinqapur, Tayvan, Əlcəzair və Azərbaycandan 100-ə yaxın tədqiqatçı iştirak edirdi. Bu konfransın əsas mövzusu bioloji tədqiqatlarda kompyuter yanaşmalarının sürətləndirilməsi və müxtəlif elm sahələrindən olan biliklərdən, analiz metodlarından və texnologiyalardan istifadə etməklə bioloji problemlərin həllinə sistemli (inteqrativ) yanaşma olmuşdur. Konfransda  inteqrativ biologiya sahəsində son nailiyyətlər, o cümlədən DNT ardıcıllıqlarının oxunması və analizi üzrə yeni nəsil texnologiyaların tətbiqi, bioinformatika, bioloji məlumat bazalarının quruluşu və idarə olunması, sistem modelləşdirilməsində alqoritm və texnikalar, kompyuter və təkamül biologiyası, bio-sistem mühəndisliyi, bioloji şəbəkələrin yaradılmasının mövcud durumu, genomiks və molekulyar sistem biologiyası üzrə şifahi məruzələr, stend təqdimatları və müzakirələr olmuşdur.

AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev konfransda iştirak etmək üçün xüsusi dəvət məktubu almışdır. Konfransda Azərbaycanı AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin Bioinformatika laboratoriyasının müdiri, biologiya elmləri doktoru İlham Şahmuradov təmsil etmişdir. Akademik Cəlal Əliyev və İlham Şahmuradov tərəfindən "Xloroplast, mitoxondri və nüvə arasında DNT transferi" mövzusunda təqdim olunan məruzə böyük maraqla qarşılanmışdır. Ümumiyyətlə, bitki hüceyrəsində mövcud olan 3 genomun - nüvə, mitoxondri və xloroplast genomlarının təkamülün gedişində formalaşması və razılaşdırılmış surətdə ekspressiya olunması istiqamətlərində 2000-ci illərin əvvəllərindən başlayararaq tədqiqat aparan dünya alimləri arasında Cəlal Əliyev və onun yetirmələri, problemin həllinə integrativ yanaşma ilə fərqlənməklə birincilər sırasındadırlar. Təsadüfi deyil ki, bu sahədə ilk kompleks tədqiqatın nəticələri üzrə 2003-cü ildə mötəbər Plant Molecular Biology beynəlxalq jurnalındakı elmi məqaləyə (Shahmuradov I.A, Akbarova Y.Yu,  Solovyev V.V, Aliyev J.A. Abundance of plastid DNA insertions in nuclear genomes rice and Arabidopsis.  Plant Molecular Biology, 2003, 52, 923-934) həmin problem üzrə yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda çap olunan məqalələrdə müntəzəm surətdə istinad olunur.  

Las Veqas konfransının həsr olunduğu əsas problem və mövzu dairəsi ilə bağlı Azərbaycanda biologiya elminin müasir sahələrinin yaxın inkişaf tarixinə və mövcud durumuna nəzər salmaq fikrimizcə yerinə düşərdi. Belə ki, biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri və birincisi akademik Cəlal Əliyev olmuşdur. Keçən əsrin 70-ci illərindən başlayaraq Cəlal Əliyev tərəfindən bioloji problemlərin həllinə biologiya ilə yanaşı kimya, fizika, riyaziyyat və kompyuter elmləri sahələrindən mütəxəssislərin cəlb edilməsinə başlanılmış, Azərbaycanda riyazi biologiya və bioinformatikanın bünovrəsi qoyulmuş və əsaslı surətdə inkişaf etdirilmişdir. Baxmayaraq ki, həmin dövrdə Azərbaycanda bir çox alimlər bu yanaşmanın perspektivlərini görməyərək ona qarşı çıxırdılar. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. 40 il əvvəl bu nadir hadisə idi - hətta Qərbdə və ABŞ-da belə biologiyada kompyuter texnologiyalarının və metodlarının tətbiqi geniş vüsət almamışdı. Lakin biologiya elminin son 20 ildəki nailiyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar, o cümlədən Las Veqas konfransı Cəlal Əliyevin uzaqgörənliyini və onun 40 ilə yaxın bu ideyanın gerçəkləşməsi istiqamətində inadkar çalışmalarının böyük əhəmiyyətini əks etdirir və onun bəhrələri indi göz qabağındadır.   

Bu gün biz qürur hissi ilə deyə bilərik ki, keçmiş sovet məkanında 15 respublikadan, bioinformatika və kompyuter biologiyasının ən çox inkişaf  etdiyi respublika Rusiyadan sonra məhz Azərbaycandır. Akademik Cəlal Əliyev milli kadrların yetişdirilməsi məsələlərinə böyük önəm vermiş və vaxtilə keçmiş SSRİ EA-nın Kristalloqrafiya İnstitutunda, SSRİ EA Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda və Novosibirsk Dövlət Universitetində hazırlanmış azərbaycanlı alimlər hazırda ölkəmizdə və onun hüdudlarından çox-çox kənarlarda (Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s.) böyük uğurla çalışır, yüksək nəticələr əldə edirlər. Bu sahədə çalışan bir neçə azərbaycanlı alim haqqında məlumat vermək yerinə düşərdi.

Qərib Mürşüdov 1985-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini  fərqlənmə diplomu ilə bitirmiş və təyinatla akademik Cəlal Əlievin rəhbərlik etdiyi şöbəyə gəlmişdir. 1987-ci ildə təcrübə keçmək üçün SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutuna göndərilmişdir. 1989-cu ildə Kristalloqrafiya Institutunda Kristalloqrafiya və Kristallofizika ixtisası üzrə aspiranturaya daxil olmuş və 1993-cu ildə "Micrococcus Lysodeicticus katalazasının 1.5A fəza quruluşu" mövzusunda dissertasiya müdafiə etmişdir. Uzun illər Birləşmiş Krallığın York Universitetində çalışmışdır. Professor Q.Mürşüdov hazırda Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Mərkəzinin Molekulyar Biologiya İnstitutunun Kompyuter kristalloqrafiyası qrupunun rəhbəridir. Tibbi Tədqiqatlar Mərkəzi dünyada çox nüfuzlu elm ocağı hesab olunur. Bu mərkəzdə çalışan alimlərdən 14 nəfəri Nobel mükafına layiq görülmüşdür. Q.Mürşüdovun belə bir nüfuzlu mərkəzdə qrup rəhbəri olması özlüyündə çox şey deyir və Cəlal Əliyevin bir alim kimi nə qədər uzaqgörən olmasını sübüt edir.

Q.Mürşüdovun  əsas elmi fəaliyyəti riyaziyyat, statistika və müasir hesablama üsullarının struktur biologiya eksperimentlərinə tətbiqi və bu eksperimentlərdən alınan faktlar əsasında statistik cəhətdən etibarlı elmi məlumatların əldə olunmasıdır. O, statistik üsulları və əsasən Bayes Statistikasını bio-makromolekulyar rentgen quruluş analizinə tədbiqi ilə məşğul olur. Onun rəhbərlik etdiyi qrup müasir üsulları inkişaf etdirir və bu üsulları kompyuter proramlarında reallaşdırır. Həmin proqramlar dünya struktur biologiya cəmiyyəti və bu sahədə çalışan tədqiqatçılar tərəfindən geniş istifadə olunur. Bu məlumatı Tompson "web of science" - http://wok.mimas.ac.uk/ - xidməti yaxşı göstərir. Q.Mürşüdov 60-dan çox elmi məqalənin, bir neçə kitabın, toplunun müəllifi və ya həmmüəllıfıdir. Bütovlükdə, Q.Mürşüdovun elmi əsərlərinə və kompyuter proqramlarına olan istinadların sayı 20000-dən çoxdur və bu, çox yüksək göstəricidir. Xaricdə çalışan azərbaycanlı alimlər arasında ən çox istinad məhz onun işlərinədir. Qərib Mürşüdov eyni zamanda struktur biologiyası və struktur bioinformatikanın əsaslarının dünyanın müxtəlif ölkələrində gənc tədqiqatçılara tədrisi ilə də fəal məşğul olur. Məsələn, Yaponiya, Hindistan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər ölkələrdə onun tərəfindən müxtəlif kurslar və seminarlar təşkil olunmuşdur.

Azərbaycan elminin, xüsusən də, molekulyar və riyazi biologiyanın inkişafını daha da sürətləndirmək, bu sahədə aparıcı elmi mutəxəssislərin hazırlanması məqsədilə AMEA-nın Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində kompyuter struktur biologiyası laboratoriyası açılmış və bu laboratoryanın rəhbəri vəzifəsinə Q.Mürşüdov təyin edilmişdir. Bununla da Azərbaycanda yeni bir ənənənin əsası qoyulmuşdur.

İlham Şahmuradov 1979-cü ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini bitirmişdir. 1979-1981-ci illərdə akademik Cəlal Əliyevin rəhbərlik etdiyi fiziki-kimyəvi biologiya sektorunda işləmiş və SSRİ EA Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçmişdir. 1982-1985-ci illərdə bu institutda məqsədli aspiranturada təhsilini davam etdirmişdir. 1987-ci ildə böyük uğurla namizədlik, 2005-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dünyanın nüfuzlu jurnallarında və nəşrlərində çap olunan 45-dən artıq elmi işin müəllifidir. 1999-cu ildə Birləşmiş Krallığın Senger Mərkəzində, 2000-2001-ci illərdə Yaponiyanın Heliks Tədqiqat İnstitutunda, 2001-2005-ci illərdə London Universitetinin Royal Hollevey Kollecində, 2007-2010-cu illərdə Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunda elmi tədqiqatlar aparmışdır. 1989-2000-ci illərdə Botanika İnstitutunda Riyazi modelləşdirmə qrupunun rəhbəri olmuşdur. Azərbaycanda ilk və yeganə Bioinformatika laboratoriyası 2000-ci ildə AMEA-nın Botanika İnstitutunda Cəlal Əliyevin rəhbərlik etdiyi şöbədə riyazi modelləşdirmə qrupunun əsasında yaradılmış və İ.Şahmuradov onun rəhbəri təyin edilmişdir. 30 il ərzində, o cümlədən Riyazi modelləşdirmə qrupuna və Bioinformatika laboratoriyasına rəhbərlik etdiyi son 20 ildə İ.Şahmuradov Azərbaycan, Rusiya, ABŞ, Birləşmiş Krallıq, Pakistan və Türkiyədən olan həmkarları ilə əməkdaşlıq etməklə eukariot genlərinin transkripsiyasının tənzimlənməsi xüsusiyyətlərinin analizi üzrə kompyuter metodlarının yaradılması, eukariotların ayrı-ayrı genlərinin və gen qruplarının ekspressiyasının tənzimlənməsi mexanizmlərinin, bütöv genomların təşkil-funksional və təkamül qanunauyğunluqlarının kompyuter analizi üzrə çoxşaxəli elmi tədqiqatlar aparmışdır və hazırda da bu işləri davam etdirir. Həmin tədqiqatlarda fundamental və praktiki əhəmiyyət kəsb edən bir sıra önəmli elmi nəticələr alınmışdır. Məsələn, 1980-ci illərdə dünyada ilk dəfə olaraq kompyuter analizi yolu ilə insan, heyvan və bitki mənşəli təkrarlanan və mobil DNT ardıcıllıqlarının bir sıra quruluş-funksional və təkamül xüsusiyyətləri aşkar edilmiş və onların əsasında belə bir fərziyyə irəli sürülmüşdür ki, eukariot genomlarının böyük hissəsini təşkil edən bu tip elementlər onların qonşuluğunda yerləşən genlərin transkripsiyasını tənzimləmək potensialına malikdirlər. Bu fərziyyə sonralar çoxsaylı təcrübələrdə öz təsdiqini tapmişdır. İ.Şahmuradov insan, heyvan və bitki genlərinin sonuclarının müəyyənləşdirilməsi üzrə bir sıra kompyuter proqramlarının həmmüəllifidir; həmin kompyuter proqramları bu qəbildən olan bioinformatik analiz vasitələri arasında ən yüksək dəqiqliyə malik olanlar sırasındadır.

2007-2010-cu illərdə Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunda əcnəbi professor kimi çalışarkən Pakistanda ilk bioinformatik tədqiqat qrupunu yaratmışdır və həmin qrup hazırda da uğurla fəaliyyət göstərir. 

ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun Enerji şöbəsinin əməkdaşı Asəf Salamov 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-kimyəvi biologiya sektorunun biotexnologiya qrupuna gəlmişdir. Müəyyən müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın Sibir bölməsinin Sitologiya və Genetika İnstitutuna göndərilmişdir. 1987-1990-cı illərdə bu institutun aspirantı olmuşdur. 1991-ci ildə  "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, biologiya elmləri namizədi elmi adını almışdır. 1991-1993-cü illərdə AMEA Botanika İnsitutunda riyazi modelləşdirmə qrupunda çalışmışdır. 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində, 1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Birləşmiş Krallığın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində biotexnologiya kompaniyasında işləmişdır. 2002-ci ildən bu günə qədər ABŞ-ın Birləşmiş Genom İnstitutunda tədqiqatlar aparır. Asəf  Salamov 65-dən çox elmi məqalənin  müəllifidir. Onun məqalələri çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunmuşdur. O, həmçinin "İnsan genomu" üzrə beynəlxalq layihənin iştirakçısı olmuş yeganə azərbaycanlı alimdir.

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin məzunu Yaqut Əkbərova 10 ilə yaxın Botanika İnstitutunda elmi tədqiqatlar aparmış, 2005-ci ildə "Genetika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra bir müddət Oman Sultanlığında işləmiş, hazırda isə Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetinin Tibbi genetika şöbəsində dosent vəzifəsində çalışır. Onun tədqiqatları xərçəng xəstəliyinin genetik əsaslarının öyrənilməsi və diaqnostikasına həsr olunmuşdur.

Bu siyahını çox davam etdirmək olar. Sevindirici haldır ki, akademik Cəlal Əliyev tərəfindən hələ keçən əsrin 70-ci illərində əsası qoyulmuş ideya uğurla davam etdirilir və yaradılmış bünövrə daha da möhkəmlənir. Hazırlanmış mütəxəssislər və gənc kadrlar böyük həvəslə bu sahədə tədqiqatlar aparırlar. 

Bu gün Cəlal Əliyev və onun yetirmələri digər ölkələrdən olan tədqiqatçılarla müxtəlif istiqamətlərdə əməkdaşlıq edirlər. Məsələn, Cəlal Əliyev və İlham Şahmuradov Pakistan Ali Təhsil Komissiyasının "Bitki genlərinin promotor arxitekturası və ekspressiya statusunun müqayisəli kompyuter analizi" beynəxlaq - Pakistan, Azərbaycan və Birləşmiş Krallıq - qrant layihəsinin (2008-2010) həmrəhbərləri olmuşlar. Həmin layihə Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunun professoru Rahil Qamar və Birləşmiş Krallığın London Universitetinin Royal Hollovey Kollecinin professoru Viktor Solovyov ilə birgə həyata keçirilmişdir. 

Akademik Cəlal Əliyev və onun yetirmələri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun bir sıra elmi qrantlarına layiq görülmüşlər. O cümlədən: 2010-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qalibi olmuş akademik Cəlal Əliyevin rəhbəri olduğu "Zülalların Verilənlər Bankının statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi" adlı beynəlxalq layihənin Q.Mürşüdov həmrəhbəri, A.Salamov isə icraçılardan biri olmuşdir;

İ.Şahmuradov "İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli kompyuter analizi" qrant layihəsinin rəhbəri olmuşdur.

 Biologiyanın müasir sahələri, o cümlədən molekulyar biologiya və struktur biologiya, genetika, biokimya, bioinformatika və digər aparıcı sahələri üzrə dünyanın bir çox məşhur alimlərinin iştirakı ilə son 5 ildə Azərbaycanda 3 mötəbər beynəlxalq elmi toplantı keçirilmişdir. 2008-ci ildə Bakı şəhərində keçirilən "Bioinformatika: mövcud durumu və praktikada tətbiqi" mövzusunda beynəlxalq konfrans və seminar Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuşdu və dünyada inteqrativ biologiyanin yaranması və inkişafı baxımından rəmzi məna daşıyırdı. Bir həftə davam edən həmin tədbirdə, bu sahədə müxtəlif ölkələrdən gəlmiş alimlərin elmi məruzələri dinlənilməklə yanaşı, Pakistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Azərbaycandan olan gənc tədqiqatçılar üçün bioinformatika üzrə elmi-praktiki seminar keçirilmişdir. 2013-cü il iyunun 5-9-da Bakı şəhərində Beynəlxalq Fotosintez Cəmiyyətinin (İSPR) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" beynəlxalq konfransı akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuşdu və fotosintez prosesinin tədqiqinin bütün aspektlərini, o cümlədən bioinformatika və kompyuter biologiyasını da əhatə edirdi. Konfransda Q.Mürşüdov, İ.Şahmuradov və A.Salamov müxtəlif mövzularda məruzələr etmişlər. Onların çıxışları konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılanmışdır.

Bu gün Cəlal Əliyevin rəhbərliyi ilə müasir biologiyanın bir sıra aparıcı sahələrində, o cümlədən ali bitkilərin ayri-ayrı gen qruplarının və bütöv təşkili, ekspressiyası və təkamülü, bioinformatika üzrə yeni analiz vasitələrinin yaradılması, makromolekulların rentgen kristal strukturunun müəyyənləşdirilməsi və digər istiqamətlərdə fundamental və tətbiqi yönümlü bioloji problemlərin həllinə inteqrativ yanaşma prinsipi əsasında kompleks tədqiqatlar uğurla  davam etidirlir.

Beləliklə, biologiya elminin son 30 ildəki nailiyyətləri və bu sahədə tətbiq olunan yanaşmalar, eyni zamanda yuxarıda haqqında söhbət gedən Las Veqas konfransı, bioinformatika və kompyuter biologiyası sahəsində yetişmiş və bu gün beynəlxalq aləmdə yüksək səviyyədə qəbul olunan azərbaycanlı alimlər akademik Cəlal Əliyevin böyük uzaqgörənliyini və onun 40 ildən artıq bir müddətdə bu ideyanın gerçəkləşməsi istiqamətində gərgin əməyinin və inadkar çalışmalarının mühüm əhəmiyyətini bir daha sübut edir. 

 

İradə HÜSEYNOVA,

Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Botanika İnstitutu Bioadaptasiya laboratoriyasının müdiri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM