28 Sentyabr 2011 12:09
444
İQTİSADİYYAT
A- A+

Biləsuvarda pambıqçılıq yenidən dirçəlir

 

Biləsuvar Muğan rayonudur. Bərəkətli, bol məhsullu Şəhriyar düzü də buradadır. Biləsuvarlılar əsasən əkinçiliklə, heyvandarlıqla məşğul olurlar. Qazancları ilə ailələrini dolandırır, xeyir-şərlərini yola verir, özlərinə gün-güzəran qururlar. Torpaq deyir: "Öldür məni, dirildim səni". Yəni zəhmət çək, tər tök, şumla, ək, becər. Bu halda isə ana torpaq heç vaxt əkinçini əliboş qoymur.

Bunu yaxşı bilən biləsuvarlılar Sovetlər birliyi dağılandan, kolxoz və sovxozlar ləğv olunandan sonra çaşbaş qalmadılar. Əvvəlki qayda ilə yenə torpaqdan bərk-bərk yapışdılar. Həyata keçirilən torpaq islahatı isə onlara daha geniş şəkildə qol-qanad açmağa imkan yaratdı. İstədikləri kənd təsərrüfatı məhsullarını yetişdirdilər. Rayonda pambıqçılıq sahəsində yaranmış ənənə davam etdirildi. Təkcə 2003-cü ildə 35 min ton məhsul istehsal olundu. Lakin sonralar ilbəil istehsal xərclərinin artması, maya dəyərinin yüksəlməsi torpaq mülkiyyətçilərini pambıqçılıqdan xeyli uzaqlaşdırdı. Onlar günəbaxan, qarğıdalı və digər bitkilər əkməyə başladılar.

Təcrübəli adamlar bol məhsul götürmək üçün növbəli əkinin vacibliyini, pambığın isə digər bitkilər üçün sələf olduğunu yaxşı bilirlər. Uzun illər pambıqçılıqla məşğul olan Lətif Cəfərov deyir: "Pambıq böyük zəhmət tələb edən bitkidir. Körpə uşaq kimi gərək nazını çəkəsən, qayğısına qalasan. Eyni zamanda növbəliyə əməl etmək lazımdır. Belə olduqda sənin də üzünü özününkü kimi ağ edir. Pambıq əkdiyim üçün heç vaxt peşmançılıq çəkməmişəm. Ailə üzvlərimlə sahələrə nümunəvi qulluq edərək yüksək məhsul götürürəm. Qazancımız da pis olmur. Allahın köməyi ilə geninə-boluna dolanırıq". Amma hamı L.Cəfərov kimi pambıqçılığa sadiq qalmayıb. Çoxları onun yaxşı gəlir vermədiyini görüb başqa bitkilərə üstünlük veriblər.

Bununla belə, ölkə başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və sürtkü materialları üçün subsidiyaların verilməsi, habelə mineral gübrələrin güzəştli şərtlərlə satılmasına dair sərəncamları aqrar sahədə, o cümlədən pambıqçılıqda canlanmaya səbəb oldu. Respublikada pambıq istehsalı, tədarükü, emalı ilə məşğul olan MKT şirkətinə alternativ olaraq "CTS-Aqro" MMC və onun rayonlarda filialları yaradıldı. Rəqabətsə inkişaf deməkdir. Xam pambığın alış qiymətində müəyyən artım xeyli irəliləyişə səbəb oldu. Milli Məclisin pambıqçılığın inkişafı ilə bağlı qəbul etdiyi qanun da fermerlərin, torpaq mülkiyyətçilərinin ümidlərini xeyli artırdı.

Bütün bunları Biləsuvarın timsalında da aydın görmək olar. Cari ildə rayon üzrə 10 min 600 hektarda pambıq əkilmişdir ki, bu da keçənildəkindən 4 min 300 hektar çoxdur. Artım əsasən "CTS-Aqro" MMC-nin hesabına olmuşdur. MKT şirkətinin "Biləsuvar-Pambıq" Səhmdar Cəmiyyəti də keçən ilə nisbətən əkin sahələrini xeyli genişləndirmişdir. Bundan başqa, "Leqno-İmişli" adlı müəssisə Biləsuvarda pambıq əkməyə başlamışdır.

Lakin rayonda ən böyük məhsul istehsalçısı "CTS-Aqro"dur. Bu da müəssisə ilə fermer və torpaq mülkiyyətçiləri arasında yaradılan iş birliyi, qarşılıqlı anlaşma nəticəsində mümkün olmuşdur. Cari mövsüm müqavilə bağlanmış 839 nəfər mülkiyyətçiyə pambığın əkilib-becərilməsi üçün 1 milyon 362 min manat həcmində avans verilib. Müəssisənin Biləsuvar filialına təkcə bu il 10 şum, 31 becərmə traktoru, 24 ağır, 128 ziqzaq mala, 8 çiyidsəpən aqreqat, 21 kultivator, 8 pambıqyığan, ziyanvericilərə qarşı mübarizə aparmaq üçün 7 çiləyici aparat, 4 yükləyici, 2 texniki xidmət maşını, işçiləri daşımaq üçün 2 avtobus, 44 qoşqulu lafet, sahə mütəxəssisləri üçün 5 ədəd "Niva" markalı minik maşını və s. texnika verilib. Bunlar isə sahələrdə aqrotexniki tədbirləri optimal müddətdə və keyfiyyətlə aparmağa şərait yaradır. Qiymətlər də mülkiyyətçiləri razı salır. Digərləri 1 hektarda kultivasiyanı 12 manata apardıqları halda, müəssisə bunu öz icarədarları üçün 5,5 manata görür. Şum, mala, səpin işi də bu nisbətlə həyata keçirilir.

Hazırda pambıqçılıqda mühüm dövrdür. Aylardan bəri ağır zəhmətlə yetişdirilən məhsul yığılır. Düzdür, havalar şıltaqlıq edir, amma əkinçilər ruhdan düşmürlər. Əlverişli keçən hər saatdan, gündən səmərəli istifadə etməyə çalışırlar. Artıq pambıq toplanışında texnikanın öz sözünü demək vaxtı çatmışdır. İşçi qüvvəsinin azlığı, vaxtdan səmərəli istifadə, qiymət baxımından (əllə yığım baha başa gəlir) pambıqçılar məhsulu maşınlarla yığmağa təşəbbüs göstərirlər. "CTS-Aqro" MMC Biləsuvar filialının 10 pambıqyığan maşını var. Mütəxəssislərin dediyinə görə, bir maşınla hər gün 8-10 ton məhsul yığmaq olur. Bu isə çox sərfəlidir. Belə ki, 1 hektar sahənin məhsulunu əl ilə yığmaq 360-370, maşınla isə 65 manat tutur. Göründüyü kimi, fərq böyükdür. Ona görə də "CTS-Aqro" üzrə bu il 3 min hektarın pambığını maşınlarla yığmaq nəzərdə tutulub.

Bəli, Biləsuvarda pambıqçılığa meyil artır. Mülkiyyətçilərdən Əli Abıyev 69, Pöhrüz Quliyev 50, Sakit İsgəndərov 43 hektarda pambıq becəriblər. Böyükağa Ağayev, Əbülfət Əliyev, Bəyalı Xankişiyev də keçən illə müqayisədə xeyli artıq pambıq əkmişlər. Hazırda "CTS-Aqro" MMC üzrə hər gün 80-90 ton məhsul yığılır. Toplanılan məhsul lafetlərlə rayondakı tədarük müəssisəsinə daşınır. Nəmliyi, keyfiyyəti müəyyənləşdirildikdən sonra müvafiq tayalara vurulur. Tədarük müəssisəsində 114 nəfər işçi çalışır. Ümumiyyətlə, MMC-də 5 min 700 hektarı becərmək üçün 1700 nəfərdən çox adam mövsümi işlə təmin edilmişdir. Tədarük olunan məhsul hələlik Şirvan şəhərindəki emal müəssisəsinə göndərilir. Növbəti mövsümə qədər isə rayonun Aşağı Cürəli kəndində pambıq emalı zavodunun tikilməsi planlaşdırılıb.

Artıq payız gəlib. Günlər get-gedə qısalmağa başlayıb. Pambıq isə yağışlı hava ilə heç cür "saziş bağlamır". Yağmurlu günlərdə pambıq itkiyə gedir, keyfiyyəti aşağı düşür. Odur ki, adamlar məhsulu yığmaq üçün dan yeri söküləndən qaranlıq düşənə kimi sahələrdən çıxmırlar.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video