26 Avqust 2021 01:49
1274
SİYASƏT
A- A+

Bəşəri ömür

 

Ömür tək yaşanılan illər deyil. Ömür xalq, millət üçün, dövlət, dövlətçilik üçün yaşanılan illərdi. Belə ömür dəyərli ömür olur. Ömür məfhumunun fəlsəfəsi ilə işıq ifadəsinin fəlsəfəsi arasında ilahi bir doğmalıq var.

Dəyərli ömürlər, xəlqi ömürlər də bu səbəbdən nur kimi, ziya kimi bəşəri ehtiramlarla əhatələnir. İşıqlı düşüncələr işıqlı fəaliyyətdi, işıqlı fəaliyyət isə bəşəriliyə xidmətdi; ictimaiyyət min illərdir dəyərli ömürlərdən, xəlqi ömürlərdən bəhrələnir, xoş ovqatda olur.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da Vətənini, xalqını, dövlətini, dövlətçiliyini bənzərsiz sevgi ilə sevən, praqmatik təfəkkürlü, islahatçı xanım lider kimi tanınır. Onun hər fikri dürüstlüyün, həyati gerçəkliklərin ifadəsi kimi qəbul edilir.

Mehriban xanım Əliyeva insanları, insanlığı sevir. O, mədəni irsin cəfakeşidi. Bu, Vətənə, azərbaycançılığa sevgidir. Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına sevgidir. Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda müxtəlif istiqamətlərdə, müxtəlif miqyaslarda əhəmiyyətli layihələr həyata keçirilib. Belə layihələrin bir hissəsi səhiyyəni əhatələyib. Yeni xəstəxanaların, klinikaların yaradılmasına, diabet və talassemiya xəstələrinin müalicəsinə xüsusi diqqət yetirən Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi ictimai əhəmiyyətli layihələrin mahiyyəti vətəndaşlara qayğı olmaqla yanaşı, bilavasitə dövlətçiliyin möhkəmləndirilməsinə yönəldilirdi.

Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşatmaq, irsini öyrənmək, təbliğ etmək Azərbaycan dövlətçiliyinə sədaqətin təzahürüdür. Heydər Əliyev Fondu ölkədə bu istiqamətdə müxtəlif layihələri gerçəkləşdirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi əsasında ölkəmizdə 40-a qədər uşaq evi və internat məktəbi ən müasir standartlar səviyyəsində təmir edilib. 2014-cü ildən “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın həyata keçirilməsinə başlanılıb. Bu layihənin dövlət üçün gərəkliyi barədə Mehriban Əliyeva deyirdi: “Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”. Bu fikirlər ömrünü xalqa xidmətə sərf edən Mehriban xanım Əliyevanın insan amilinə necə yüksək səviyyədə dəyər verdiyinin təsdiqidir.

Təvazökarlıq insanın ən ali mənəvi xarakterlərindəndir. Ailəni həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyi bilən Mehriban xanım Əliyeva olduqca təvazökar xanımdır. “Trend” İnformasiya Agentliyinə müsahibəsində birinci xanım deyib: “...Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa - bu, mənim üçün ən yüksək mükafatdır...”. Bu kəlmələr Vətən üçün, dövlətçilik üçün yaşayan böyük ürəkli, praqmatik təfəkkürlü bir insanın həyat, ömür fəlsəfəsinin tərkib hissələrindəndir, onun yaşam manifestidir. Belə bir manifest müstəqil Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində kifayət qədər əhəmiyyətli olmuşdur.

“Türkiye” qəzetinin jurnalisti Yücel Koç “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı” məqaləsində yazır ki, Mehriban xanım “...son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə, öz xalqının dəstəyindən, inamından və sevgisindən”. Jurnalistin qənaəti gerçəkliyə əsaslanır. Mehriban xanım xalqını sevir. Xalq Prezident cənab İlham Əliyevə inandığı kimi, Birinci vitse-prezidentə də inanır. Xalq dövlət başçısını, Birinci vitse-prezidenti dəstəkləyir. Türkiyəli jurnalist bu qənaətdə də haqlıdır: “Mehriban xanımın başlıca missiyası hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır”.

Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi Mehriban xanım Əliyevanı həm vətəndaş kimi, həm də xoşməramlı səfir kimi daim narahat edirdi. İşğal olunmuş rayonlarımız onun könül dünyasından kənarda deyildi: xalqını, millətini, dövlətini, dövlətçiliyini sevən, bu sevgini ömrünün yaşam düsturu bilən Mehriban xanım Əliyeva ruhən həmişə ordunun, onun şəxsi heyətinin yanında olub. 2016-cı ilin Aprelində də, 2020-ci ilin iyulunda da, 2020-ci ilin sentyabrında da onun hərbçilərimizin qayğısı ilə yaşadığının şahidiyik. 2016-cı ilin Aprel döyüşlərindən sonra yaralananların müalicəsində, döyüşçülərin yüksək texnologiyalı protezlərlə təmin olunmasında Heydər Əliyev Fondu kifayət qədər yaxından iştirak etmiş, yüzlərlə yaralı döyüşçünün problemlərinin həllini təmin etmişdir.

Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Müharibədə yaralananlar da olur, şəhid olanlar da. Mehriban xanım Əliyeva yaralı döyüşçülərin istər Azərbaycanda, istərsə də xarici dövlətlərdə, o cümlədən Türkiyədə müalicəsinə yaxından kömək göstərdi. Zəfərdən sonra Heydər Əliyev Fonduna, Birinci vitse-prezidentə müraciət edənlərin hamısının sağlamlığının bərpasına ciddi və təxirəsalınmaz yardım göstərdi.

Unudulmaz tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamını Mehriban xanım Əliyeva müdrikliklə, həm də müdrikə sədaqət kimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, torpağa, dövlətçiliyə qədərsiz məhəbbət duyğularının vəhdətində bu səviyyədə formalaşıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ömrü bəşəri ömür olduğu üçün nəinki Azərbaycanın, dünya gənclərinə də örnəkdir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video